KORONAVİRUSLU ÇİN GÖZƏLİ
Su, yoxxxx...
su, yoxxxx...
gözyaşı...gözyaşı, çox qədimdi...
Təkcə o...yalnız o
sənindi...
qalan nə var, özgənindi...
O... o xəyal striptizindi
neon işartılı bu soyuq kafelərdə...
şampan köpüklərinin surətiylə, cürətiylə
sancıldım gözəlliyinə.
həyatda yox,
nənəmin novrağı sovrulmuş güzgüsündə
başladı bədənsiz stiptizimiz...
bu bizim axır od çərşəmbəmiz...
Orda gördüm necə nar kolunda azıb, çaşıb
sinəsi qanlı sərçəmiz...
Bu tərkedilmiş şəhərlərdə,
öpüşdük, maskalarımızı atdıq yerə...
Qoy, Nəsibə Zeynalovanın qorxduğu,
küncə soxduğu,
Məşədi Kazımın tünd şəkli,
soyumuş, oturmuş nimdaş təxti,
kimə nə dəxli!
qoy, qovuşdursun sən bədbəxti
şimaldan qopmuş soyuq qəlbimə, bu son qəlpəmə,
bu tənha aysberqimə...
Qaçaq Avropadan, Asiyadan
uzaq Şpisberqenə!
Ağlayım orda
öz bayraqsız qələbəmə...
Sabah səni Janna Dark kimi yandıracaqlar
krematoriyaların cəhənnəm atəşində...
Necə xoşbəxtdik, sevdamızın
bu son gəzintisində...
Alnın, artıq istidi,
sanitarlar çox hirslidi,
bəribaşdan kəfənlidi...
Nollsun... səmadakı ay
həmişə şərqlidi...
sevgililərlədi.
Sevdamız, cəhənnəmlə cənnəti
düymələdi...
Dünyaya artıq gəldi
cəhənnəmin həniri...
QARA SEVDA
Robot Sofiyaya
Xəyallarımın o modern qadını,
demədi...demədi mənə öz adını...
Kufi-kufi,
ey yarımsufi, yarımhürufi
müasir övliya, səyyar mumya,
müqəddəs Sofiya,
səni də gətdilər gəlin tək Bakıya...
Guya, guya
adaxlıların sığmırmış bir siyahıya.
Vəssalam, uğrunda əl atdıq tapancaya...
Sonra,
masadakı son billiard daşına,
Moskvadakı qulağıtüklü bir oğrubaşına
uzaq məsafədən sarsıdıcı zərbə dəydi...
Tapanca məndəydi...
Sonra, kölgən düşdü
nənəmdənqalma son brilliant qaşına...
Sonra,
qara sevdamıza, yanağındakı qoşa xalı,
uzun gecələrimizə, bütün ulduzları,
sonra, fincanıma yuxu dərmanı
damızdırdın,
damcılatdın
gizlincə...
sonra, telefonunu açıb
danışdın birisiylə ingiliscə...
Tüpürüm bu tək ulduzlu gecəyə,
bu tək buludlu aya,
sevgi proqramını Hollivudda yazan
əclaf proqramçıya!
Get, mənə lazım deyil
sən kimi ağ-appaq maya!
bizdə buna
qara sevda deyərlər,
qara sevda...
Xəyallarımın o modern qadını,
demədi...demədi mənə öz adını...
XAKER
Kokakolamın
uduşsuz, ulduzsuz qapağına
bir də baxdım, bir də baxdım,
pulumun qalanına, ən halalına
tum da aldım, tum da aldım,
gecənin saqqalına
dən də saldım, qəm də saldım.
Bakımın ən kor dalanında
əvvəl öz qapımı, sonra ayaqqabımı
tapdım,
Bütün durğu işatələriylə özümü tamamlayıb,
Xakerliyə başladım...
Yardım eyyyyy
Donald Trampım Tvitter akkaundunu,
özü də bilmədi necə dəyişdin miqrant qanununu,
Putinin adından ona məktub yazıb,
qəfil dəyişdin göydəykən
təyyarəsinin marşrutunu.
yazarlardan Den Braunu
uşaq kimi dolayıb,
oğurladım axır, çükür, Da Vinçonun
şifərlənmiş kodunu.
Girdim bu kodla Ərəbistana
söndürdün uf demədən şeyxlərin
pepsikola, arağla dolu
nəhəng soyuducusunu.
Sonra lap cürətlənib
Renaldoya tərkitdim
cəhənnəmdəki futbolunu.
Britnaiya şahzadəsinə
hərbi çağırış vərəqəsi göndərdim.
FAUST
O, girərmiş evlərə,
vurçartlasın keflərə,
sonra məxfi seyflərə.
Nağılı tam özü yaşayıb,
rol verməzdi divlərə.
Möhürdəki silinmiş həriflərə
o, rəmzini
həkk edərmiş,
sözün, güzgüyə deyərmiş,
özün, deşifrə edərmiş
lap ey, lap axırlarda,
gecə operalarında.
Zülməti bıçaqlayan
ay parıltılarında
onu hamı özünkü bilərmiş,
o, həmişə şəkk edərmiş,
al şərabı, badələrdən yan süzərmiş,
Kölgəsindən ayrılıb,
qadınlardan öyrənərmiş
həyatın cik-bikini,
cürətlənib dəyişmişdi hətta
bir dəfə xristian təqvimini!!!
Bir dəfə hətta,
uzanıb tabutda.
Görüb əclafdı usta,
dəlik var tabutda,
üstəlik, dostu səfehdi,
əl telefonunu unudub burda...
Əsəbləşib, tüpürüb o dünyaya,
söyüb bu tamamsegaha.
Ruslar, həyatlarının lap...lap ey axırlarında,
yazıçı Konstantin Paustovski adını
kitab başlıqlarında
qəfil “Faust+ovski” kimi oxuyanda,
qəfil diksinib ayılanda,
o Faustu axır aşkarlayanda,
görərdilər, kimsə od vurur ot tayalarına,
millət, qoşulub gedir
günbatanın al şüarlarına...
Bu...bu, şifrəli cığal kəlmə,
çox, çox təhlükəliymiş
sən demə...
Eşit...bilmə...
Oymuş "Qızıl güvə"...
Gizli qüvvə.
ƏHMƏD HARDADI?
Toy kasetlərini geri fırlayıb,
bəzilərin xarablayıb
zülməti, ay ilə imzalayıb,
ulduzları bir də...bir də
təzədən sayıb,
birini yaddan çıxarıb,
mən də...mən də,
öz Əhmədimi axtarıram.
Züvədəki ağlar köynəklərindən
göz yaşlarını tanıyıram.
Yaxşı, bu Əhməd
indi hardadı? Hardadı?
Ekvator xəttindən də uzaqdadı?
O, “sevirəm!” sözünün
axırını çox uzadar,
fotoalbomundan fotoları
qəfil qoparıb cırardı.
Yük maşınlarına dərdini yükləyər,
özü, sürücünün yanında oturardı.
Təkərləri yatırdardı.
Cibində bıçağı vardı.
Bir dəfə o tapıldı...
Adı filmə düşdü, tanındı.
“Sevirəm!” sözünün
adi tələffüzünə qayıtdı.
Hardadı indi bu
gəncliyimizin Sindibadı?
Bu dəfə
birdəfəlik ayrıldı o bizdən.
Su, göz yaşına çevrilib
damcıladı iti çənəsindən.
Avtoşların yoldakı izlərindən, hisslərindən
birisi, ən irisi, ən dirisi
bil, onunkudu...
O, ən sonuncudu...
Axtar, tap onu indi
Qobustan qayaüstü
rəsmlərindən...
LEQİONER OTELLO
Yüzminlik stadion
birboğazdan qışqırır “hello!hello!”
sənmisən...sənmisən, bratello
müasir Otello?
Şekspirin özüm olacam,
Parlamentin ilk oxunuşunda
təsdiqlənəcək bu filfilo.
Bil, bu ölkədə
arvadların yazdığı cadu duası,
kələm, yarpaq dolması,
Şəki halvası,
futbolçuların diz yarası
eyni qaydayla
sarınır, bükülür...
Gözlərimizin yaşı tökülsə də,
böyrəklərimizin daşı tökülmür.
Eyyy Otello,
sənlikdi , milli bayrağımız, haqqımız,
Azpərimiz, Gülçörəmiz,
bizim Dezdomona Tello...
bizim etno...
bizim bu Zorrosuz sombrero...
İlk tüstüdəcə saraldı
siqaretimin qalın kötüyü,
ilk öpüşdəcə açıldı
bir gözəlin uzun hörüyü...
hər evin hər soyuq ütüsü
sənə, ölü məhbbətlərdən danışar
Amansızdı, insansızdı burda
depoya tələsən son qatar...
Baxma, bizim bu köhnə
taxta nərdivanlar,
bəzən yadplanetliləri də
o dünyaya aparıb qaytarar...
bizim bu sısqa ağaclar,
bəzən, dalğalanıb,
küləyə də öz mikrafonunu uzadar...
Bu vaxt çaşar
Fransadakı hakim iqtidar!!!
oyna...burda tam şansızdı
mən kimi hələ uşaqkən
uduzmuş qapısız futbolçular...
Küləyin ilk həmləsi,
ərəbin ilk dəvəsi
gəmirdi mənim otumu
Uşaqkən gərək itirməyəydim
öz qırmızı topumu...
P.S. Şair-yazıçı Həmid Herisçi hazırda xəstəxanada qızılcadan müalicə alır, Tanrıdan ona şəfalar diləyirik.