YaniYaz.az tanınmış şair Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.
“Beni köyümün yağmurlarında yıkasınlar”
gecə saat on ikidir
maqnitofonun səsini qaldırıb
içkili evə qayıdan yandakı qonşu
“...eğer ölürsem buralarda
vasiyetimdir beni götürsünler doğduğum topraklara... ”- deyə
haray çəkir türk müğənni
kirayə qalır qonşum
təzə köçüblər kənddən şəhərə
arvadı deyir:
“bıçaq sümüyə dirənmişdi
kənddə dolanmaq çətin idi...
Allah köməyi olsun baldızımın ərinin
iş tapdı, ev tapdı, bizi çəkib gətirdi...”
qonşulardan ən acıqlısı və səbirsizi
hücum çəkib üstlərinə
“dağdan gələn vəhşilər,
gecə saat on ikidir
bura şəhərdir
bina evidir...”- deyə.
İki kişi yaxalaşıb qapının ağzında
uşaqlar analarının ətəyinin arxasında
gizlənmişlər
ürəklərini yemişlər
qadın dua edir ürəyində
müğənni bağırır hələ də:
“beni köyümün yağmurlarında yıkasınlar, yıkasınlar...”
***
yad məzarlıqda
məcburi köçkün nənəsinin məzarını axtarır gənc adam
yüzlərlə məzarın arasında
bu məzarlıqda yeganə doğması odur
bu şəhərdə yeganə doğması yenə odur
həm ölülər, həm dirilər arasında
iyirmi beş il ötür nənəsinin yoxluğundan
nənəsiylə bağlı ən xoş xatirələrini
danışa-danışa axtarır
üç nəfərdirlər
dostları da kömək edir axtarışa
yüzlərlə gözlə üz-üzə gəlir
gözlərini qaçırırlar
uşaqların gözlərinə baxmaqsa daha çətindir...
qəfil səslənir gənc adam:
“tapdım, tapdım nənəmi
burdadır nənəm!”
elə bil bağçada yaşıl budaqlar arasında
meyvə dərdiyi yerdə tapmış kimi sevinir
təndirə çörək yapdığı yerdə tapmış kimi sevinir
bilmirsən kim nişan verdi yerini
küləkmi, ağaclarmı, quşlarmı?
yoxsa doğma bir səsmi çağırdı
bilmirsən...
***
metroda oxuduğum kitab
adamların baxışlarından qaçmağa kömək eləyir
qınıma çəkilməyim üçün ən yaxşı yoldur bu
çevirdiyim səhifədə öpüşən cütlüyün şəkli çıxır qarşıma
hırıldayır başımın üstündəki iki yeniyetmə
mənə elə gəlir narahat olur
onlarla yanaşı duran
hicablı gənc xanım da
əlimlə gizləyirəm şəkli
guya təsadüfən
birnəfəsə oxuyub bitirməyə çalışıram
əlimdəki səhifəni
kimsələri narahat etmədən
***
vatsapda rəfiqəsinə
dərdini anladır dərdli qadın
gözüyaşlı baş şəkilləriylə bəzəyə-bəzəyə dərdlərini
durğu işarələrinə
nöqtəyə-vergülə
bütün dil qaydalarına dəqiqliklə
yerli-yerində əməl eləyən rəfiqəsisə
onun fonetik, qrammatik səhvlərini
hər şeydən əvvəl görür.
Qəmər
atdı özünü altıncı mərtəbədəki pəncərəsindən Qəmər
yastığının altındakı intihar məktubunu
tapıb gizlətdi anası
pəncərə silərkən
təmizlik uğrunda çalışarkən yıxıldı dedilər
gənc qızların intiharı da ayıbdı
“görən kimlə, nə qələt qayırdı
intihar elədi” – deyirlər
pəncərə təmizlərkən
yıxıldı dedilər
ona uşaqlıqdan
pəncərə təmizləməyi də
namus təmizləməyi də öyrətmişdilər.
***
getdiyi toydan kədərli qayıtdı gənc adam
yeni evlənən dostunun toyunda
“bəy-gəlin”lə çəkdirdiyi şəkli
qoydu köhnə albomunun arasına
dostunun daha əvvəlki toyunda
çəkilən şəkilin yanına
hər iki toyda
çox xoşbəxt görünürdü dostu
yanındakı gəlinlik donundakı qızlar da xoşbəxt idi
başına yığışan dostlar da...
qəribə hisslər keçirtdi adam
bir ömür boyu birlikdə olmalarını
diləmişdi cütlüyə
o toyda da
bu toyda da
baxdı ki,
heç dəyişməyib dostu
elə ondakı kimi gülür...
yəqin elə sevəndə də
əvvəlki kimi sevir...
***
kompüterlə arama qoydum
kaktusu
nəzər saldım qurbanıma kədərlə
rəhm hissi bıçaq kimi kəsib doğradı qəlbimi...
Sakura ağacıyla tanışlıq
şəhərimizə təzə köçən
sakura ağacının yanında
özümü mədəni aparmağa çalışıram
gülümsəyirəm
üzümdə qonaqpərvər ev sahibəsinin ifadəsi
budaqlarına ehtiyatla toxunub salamlaşıram
çiçəklərini heyranlıqla qoxlayıram
oxuduğum haykularda
Yapon şairlərinin ürəyinə toxunan ağacla
foto çəkdirirəm
yadigar qalsın
bu ağac mənim şəhərimdə də xoşbəxt olsun
deyirəm ürəyimdə...