“Ramana” - oxucu ilə nərd oyunu, yaxud zəfər carçısı
Aydın Talıbzadənin iki romanı haqqında
II yazı
Mirmehdi Ağaoğlu
Yazının birinci hissəsi belə başlamalı idi ki, Azərbaycanda (çox güman dünyada da) hər hansı sahədə ad çıxarmağa məəttəlsən, sonra başqa məcralara yönəlsən də heç kəs qəbul etmək istəməyəcək: aktyorsansa elə aktyor kimi qalacaqsan, daha deməyəcəklər neçə ildir rejissorluqla məşğuldur, nə qədər film çəkib. Şairsənsə nəsrini görməzdən gələcəklər.
Bəlkə də Aydın Talıbzadənin romanları ona görə ədəbi mühitdə kifayət qədər rezonans doğurmayıb ki, o, hamı tərəfindən daha çox teatrşünas, kulturoloq kimi qəbul edilib deyə heç kəs yazıçı Aydın Talıbzadəni görmək istəmir...
Sonra bu fikirdən daşındım. Düşündüm ki, “Əbuhübb”ün nəşrindən səkkiz ildən çox vaxt keçib. Yəqin mən ədəbi mühiti – mətbuatı diqqətlə izləməmişəm deyə “Əbuhübb” haqqında yazılar nəzərimdən qaçıb. Lakin ötən il “Ramana”nın çapından sonra da bənzər susqunluğu görəndə düşündüm ki, hardasa fikrimdə haqlıyam. Çünki ötən bir ildə “Ramana” haqqında bir yazı görmədim, rastıma çıxmadı.
Halbuki “Ramana” ötən ilin ən yaxşı romanı kimi ədəbiyyat hadisəsi sayıla bilər.
Nədən bu fikirdəyəm? Bu yazıda izah etməyə calışacam.
Hər şeydən əvvəl onu deyim ki, “Ramana” Vətən müharibəsində niyə qalib gəlməyimizin Aydın Talıbzadə yozumunda izahıdır. Zəfərin sirləri bəzi mistik kodlarla məhz “Ramana”da gizlənib. Ən əvvəl ona görə ki, romanda hadisələr general Polad Həşimovun öldürülməsindən bir müddət sonra, COVID-19 pandemiyası dövründə baş verir. Bu baxımdan “Ramana”nı həm də Azərbaycanın ilk pandemiya romanı da adlandırmaq olar.
“Ramana”da hadisələrin baş verməsi zaman baxımından həssas və uğurlu seçilib, dedik: ölkədə pandemiyadır, sərhəddə generalımız şəhid edilib, xalq gərginlik içindədir, sərkərdə itkisi ilə barışa bilmir və belə məqamda göydən Azərbaycan ərazisinə bir meyit düşür...
O meyit kim idi, adı niyə Söhrab Rüstəmzal idi, necə, hansı naməlum şəraitdə, Azərbaycanın hava məkanını analiz edən heç bir cihaz tərəfindən müəyyən edilmədən Bakı ərazisinə düşüb, bunlar barədə bir qədər sonra danışarıq. Sadəcə Aydın Talıbzadə bu mistik hadisə üçün niyə məhz bu dövrü seçib, maraqlıdır. Axı sonra 27 sentyabr, Vətən müharibəsi, zəfər gəlir. Orası da maraqlıdır ki, “Ramana”da Vətən müharibəsinə birbaşa eyham, ya da işarə yoxdur. Sadəcə müharibəqabağı Bakını bürüyən mistik ab-hava var ki, onu da yalnız yuxarılar, xüsusi xidmət orqanlarının əməkdaşları duyur.
Aydın Talıbzadə Azərbaycanın ən populyar stolüstü oyunu nərdi götürüb onun vasitəsilə xalqımızın başına gələn ən əhəmiyyətli tarixi hadisələrdən birinin - 44 günlük Vətən müharibəsinin əsas kodlarını açıb, onu mistikləşdirib, fələyi işimizə qatıb. İlk baxışda bəlkə bu cür realistik hadisəyə mistik qiyafə geyindirilməsi anlaşılmazlıq kimi görünə bilər (hər halda roman üçün fərqli zaman da biçilə bilərdi, biçilməyib). Çünki oğlanlar getdilər, vuruşdular, aldılar. Burda mistik nə ola bilər?! Amma bir qədər dərindən fikirləşəndə görürük ki, Vətən müharibəsi başlayan ərəfədə istər dünyanın siyasi səmasında, istərsə də vətən göylərində havaların bizim üçün xoş, mülayim keçməsi, dünyanın pandemiya ilə döyüşdüyü vaxtda bizim yeni cəbhə açıb vuruşmağımız və istər numerologiyada, istərsə də folklorumuzda müqəddəs hesab edilə biləcək bir müddətə (44) müharibəni bitirməyimiz işin içində mistikanın da olduğunu, bu işlərə əl-əlbət mücərrəd varlıqların yön verdiyini düşünməyə rəvac verir.
Görünür müharibə ərəfəsində Azərbaycanın məcazi nərdtaxtasında zərlərimiz qoşa (4*4) düşübmüş ki, bəxtimiz gətirib. Bunu müəllif də danmır, elə həmin ərəfədə Azərbaycanın başına həqiqətən göydən bir meyit düşür. Və xüsusi xidmət orqanlarının hardan gəldiyini sonacan araşdırıb-öyrənə bilmədikləri və mətbuata sızmaması üçün maksimum şəkildə gizli saxladıqları “göydəndüşmə meyit hadisəsi” axırda gedib elə bir adama bağlanır ki...
“Ramana” struktur, üslub baxımından da “Əbuhübb”dən daha mürəkkəbdir. Roman nərd oyunundan bəhs edir deyə gərək ondan yazanda bir az oyunbaz olasan, bir az qədeşlik eləyəsən, yazını zər kimi əlində qarışdırıb atasan, “hökmi-zər” deyib səni hara aparıb çıxaracağını müşahidə edəsən. Ona görə də “Ramana” texniki baxımdan Z nəslinin dili ilə desək, “hoqqa versə” də məna, dil, üslub baxımından eyni dərəcədə oxucunu heyrətləndirməyi bacarır.
Bəli, “Ramana”nın quruluşu mürəkkəbdir. Müəllif nərd, telefon və videokamera predmetlərindən istifadə edərək oxucunu aparıb ötən əsrin əvvəllərinə çıxarır, sonra aram-aram günümüzə gətirir, ilk baxışda əhəmiyyətsiz görünən, hətta öz atası və qaynı tərəfindən də tərk edilmiş bir “ünsür” gözümüzdə ucalmağa başlayır.
Romanda sonradan qovuşan bir neçə xətt var. Biri müəllif təhkiyəsidir, o bizə Bakının məşhur nərd oynayanı – qumarbazı Ağarzadan danışır. İkinci xətt şüur axınını xatırladan texnologiyada yazılmış telefon xəttidir. Burada Amerikan ordusunun muzdlu döyüşçüsü kimi Şərq ölkələrindən birində terroristlərlə savaşan Söhrab Rüstəmzal (ada diqqət!) operator qismində çıxış edərək telefonuna çəkdiyi videoları bölüşür. Şüur axını texnikası ilə yazılmış bu xəttin üzərində həm də Bakıya göydən düşmüş naməlum meyitin kimliyi xüsusi xidmət orqanlarının vasitəsilə araşdırılır. Üçüncü xətt isə alim Əlövsət Qüdsi Paşazadənin nərdin tarixi haqqında Turanə Həyyanın verilişində - sənədli filmində - danışdıqlarından ibarətdir. Aydın Talıbzadə romanda nərdin tarixindən elmi səviyyədə bəhs edə-edə ona paralel olaraq Ağarza ilə Söhrab Rüstəmzal xətlərini də gətirir, bu üç sapı bir-birinə toxuyur, onları hörüyə, bir xəttə çevirir.
Aydın Talıbzadə “Əbuhübb”də olduğu kimi “Ramana”da da serial estetikasından yararlanıb, Bakının məşhur qumarbazından, yeri gələndə kriminal ünsürlərindən birinin sevgi və macəra dolu həyatından bəhs edərək, hətta ona Söhrab Rüstəmzal və xüsusi xidmət orqanları timsalında bir qədər də aksion-detektiv ədviyyatı səpərək romana gərginlik qatır, oxucunu intizarda saxlayır ki, ona dörd yüz səhifəlik əsəri oxutsun.
“Ramana” həm nərdin tarixi haqqında yarıelmi vəsaitdir, həm də bir ailənin yüz illik tarixi.
Məşhur Bakı milyonçusu Hacı Səttarın oğlu Ağarza atasının yolunu getməkdənsə uşaq vaxtından nərdə-qumara qurşanıb. Baş qəhrəman hardasa Tağıyevin rus ruleti oyununda ölən oğlunu da xatırladır. Görünür obrazın yoğurulub-yaranmasında Tağıyevin oğlu ilə bağlı məqamlar da öz rolunu oynayıb.
Ağarzanın Azərbaycanda qabağına çıxan yoxdur, sorağı bütün Qafqaza, İrana yayılıb. Lakin ata oğlunun qumar sahəsində uğurunu qəbul etmədiyi üçün araları soyuqdur. Bir-birlərini görməyə gözləri yoxdur. İş o yerə çatır ki, Hacı Səttar oğlunu vərəsəlikdən məhrum edir, onun İrandan gətirdiyi Mələyi oğurladıb gürcü qumarbaz Tiftoniyə peşkəş edir. Bundan sonra aralarındakı nifaq dərinləşir və uşaq vaxtından daha çox anası Umxanım tərəfindən sevilib-əzizlənən Ağarza Edip əfsanəsini təkrarlayaraq ata qatilinə çevrilir.
Ağarza qumarbaz olsa da, tüfeyli həyat sürsə da bacarıqlıdır, istedadlıdır, o nərdlə-qumarbazlıqla yox, başqa sahə ilə məşğul olsaydı da mütləq uğur qazanardı. Necə ki, həbsdən qayıdandan sonra dondurma hazırlamaqla məşğul olur və reseptini bir oğrudan udduğu dondurmaları qısa zamanda Bakıda məşhurlaşır, beləcə Qumarbaz Ağarza dönüb olur Plombir Ağarza.
Qumar həvəsi Ağarzanı aparıb İsfahana çıxarır, orada nərdin məhv elədiyi başqa bir qumarbazla - Yassarla tanış edir. Ağarzadan da güclü qumarbaz olan Yassar elə bir fənd ilə fahişə bacısını Ağarzaya bənd edir ki, Ağarza özü də hiss etmədən Mələyə aşiq olur, məhəbbət gözlərini tutur, el tənəsinə baxmayaraq onunla yaşamağı da boynuna götürür. Amma Ağarza qumarbaz olsa da Yassar, ya da arvadını qumara qoyan gürcü Tiftoni kimi qeyrətsiz deyil. Bunu Hoppataran Məmədiseynin arvadı Suğrabəyimin çardağda iri döşlərini açıb onun qabağına qoyanda göstərdiyi münasibət də sübut edir, mauzerini çəkib cövlana gələn ehtirasına tuşlayır. Mələyin ölümündən sonra ikiyə qurşananda isə bacısının təkidi ilə tövbə edir, Qurana əl basır, bundan sonra bir daha dilinə o “zəhrimar”ı vurmur, hətta Lotu Kəbir tələ qurub onu ölümlə hədələyərək araq içməyə məcbur edəndə də içmir. Bu cür oğlandır Ağarza, qumarbaz da olsa əqidəsi, prinsipləri var.
Di gəl ki, məşhur deyimdə olduğu kimi qumarda gətirsə də həyatda bəxti gətirmir Ağarzanın. Nərdin zərlərini əlində qarışdırıb ürəyi istəyən xalları atmağı bacaran, zərin nə verdiyini onu görmədən də “oxuya” bilən Ağarza həyatda heç vaxt arzuladığı “zər”i tullaya bilmir, ömür kitabını oxumağı bacarmır, həmişə yanılır. Zərlər onun taleyi barədə heç vədə xoş əlamət göstərmirlər. Sevdiyi qadın iki dəfə əlindən çıxır, bir dəfə atası, ikinci dəfə də ölüm onu Ağarzadan ayırır...
Ağarzanın bədbəxtliyi uşaqlarına da sirayət edir, Mahmud nəşəyə qurşanır, Həmid oğurluq üstündə uşaq koloniyasına düşür, hətta bu bədbəxtlikdən nəvəsi Söhrab Rüstəmzal da nəsibini alır. Ağarza atasını öldürdüyü kimi övladlarının da bəxtsiz olmasına baiskardır. Onların taleyini, ömrünü əlindən alır, oğul, nəvə qatilinə çevrilir, Rüstəmzal olub oğlu Söhrabı öldürür. Dayısı Ağarzanın ətrafa bədbəxtlik saçdığını Əl-İmran da bilir, onun üçün oğlu Əlövsəti ondan uzaq tutmağa çalışır. Uşaqlığı bu qorxu ilə keçən Əlövsət Ağarzadan, nərddən uzaq düşsə də bu “qadağa” axırda onu oyunun tarixinin mahir bilicisinə çevirir.
Ağarzanı müəyyən mənada lənətlənmiş insan da adlandırmaq olar. Deyirlər ananın qarğışı tutmur, südü qoymaz, atanın qarğışı isə... Görünür Ağarzanı da atasının qarğışı tutur ki, ömrü onun həyatı ilə kəsişənlərin çoxu xoşbəxtlik tapa bilmirlər: anası dəlixanada can verir, Mələk Tiftoninin gülləsindən ölür, bacısı onların evinə köçəndən qısa müddət sonra bu dünya ilə vidalaşır, oğlanları pis yola düşürlər, nəvəsi rifah dalıyca Amerikaya, oradan ərəb səhralarına qədər gedib çıxır, bacısı nəvəsi Əlövsət Qüdsi isə ömür boyu nə evlənir, nə də övlad sahibi olur.
Bütün bu hadisələrlə paralel isə Əlövsət Qüdsü çəkiləcək sənədli filmlə əlaqədar tez-tez Turanə Həyya ilə görüşür, ona nərdin tarixindən, mənasından, Azərbaycanla əlaqəsindən danışır. Əlövsət Qüdsi nərdi Azərbaycanlaşdırır. Bu məqamda isə Ağarzanın nəvəsi Söhrab səhrada cəbr əl məhfuz tayfasına qurban gedir. Rəvayətə görə cəbr əl məhfuz tayfası yox olandan sonra hər dəfə küləklərə qoşulub geri qayıdır, adamları öldürürlər. Söhrab da səhrada belə bir küləyə tuş gəlir və o külək onun ölüsünü gətirib düz Bakıya çıxarır və hava limanının ərazisində göydən yerə atır.
Xüsusi xidmət orqanlarını da maraqlandıran budur ki, cibindən bircə çəkdiyi videoların yer aldığı telefonu çıxan Söhrabın heç bir sərhəd, gömrük keçmədən hava limanının ərazisinə düşməsi necə baş verib?! Düzü, romanda da bu məsələ gizli qalır, axıra qədər açılmır. Heç bir izah tapa bilməyən təhlükəsizlik orqanı isə hadisəni bağlamaq qərarına gəlir.
Nərdin möhrələrində olduğu kimi roman da iki rəngli, iki tərəflidir. Bir tərəf – qaralar - xüsusi xidmət orqanlarıdır ki, meyitin göydən düşməsini gizləyirlər, digər tərəf isə ağlardır ki, onlar da meyitin kimliyini açmağa çalışırlar. Bir tərəf meyitin göydən düşmə səbəbini öyrənir, digər tərəf (Əlövsət və Turanə) göyə çıxma səbəbini araşdırır. Bu oyunu həm də dövlətlə sənətin, dövlətlə fərdin oyunu adlandırmaq mümkün.
Romanda sona qədər Söhrab Rüstəmzal xətti açılmır. Onun meyitinin ərəb səhralarından Bakıya necə gəlib çıxmasını xüsusi xidmət orqanları çözə bilmirlər və Əlövsət Qüdsi ilə Turanə Həyyanı dindirmə zamanı da bir nəticə hasil etməyəndə isə işi bağlayırlar və sadə Bakı sakinləri xəbər tutmasalar da xüsusi xidmət orqanlarının əməkdaşları dəhşətli bir müəmma ilə qarşı-qarşıya qalırlar.
Söhrabla Şuşanın görüş səhnəsi mənə əvvəlcə bir qədər banal görünsə də, azərbaycanlılarla erməni qadınların xaricdə rastlaşmalarından bəhs edən anekdot və “cinsi qisas” əhvalatlarını xatırlatsa da sonradan Söhrabın Şuşana qarşı böyüklük göstərməsi, öz iradəsinin ixtiyarına buraxması onu bir millət nəfəri kimi böyüdür, qalib edir. Beləcə Azərbaycan öz comərdliyi ilə Ermənistanı əvvəlcə “Ramana”da udur ki, sonra döyüş meydanında qalib gəlsin. Bu baxımdan göylərdən nagəhani düşən meyit əslində Azərbaycanın müharibəqabağı bəxtini sınamaq, falına baxmaq üçün atılmış rəml, zərdir.
Yazının əvvəlində dediyimiz kimi “Ramana” nərdtaxta oyunu üzərində qurulduğu üçün yozumların heç birini axıracan tam açmaq mümkün olmur. Bu roman müəllifin oxucu ilə nərd oynamağıdır, onu aldatması, çaşdırması-yanıltması, qalib gəlməyə çalışması, ona mars vermə cəhdidir. Onun üçün də yozumların heç biri sonacan açılmır, xətlər finişə çatmır: Söhrabın meyitinin ərəb səhrasından Bakıya necə gəlməsi qaranlıq qaldığı kimi Turanənin Əlövsətin məhəbbətinə qarşılıq verib-verməməsi də aydınlaşdırılmır.
Aydın müəllimin romanlarının dili nə qədər qəliz olsa da, intellektuallıqla yüklənsə də, söhbətlər adətən bəlli “planka” üzərində getsə də, bənzətmələr mürəkkəb olsa da yan xətlər bu ağır oxu prosesini asanlaşdırır. Bayaq yuxarıda bu məqamları qeyd etmişdik, bunlara birini də əlavə etmək olar: Əlövsət Qüdsünün Turanə Həyyaya sevgisi. Turanə bu yaşlı insanın sevgisini ciddi qəbul etməsə də qəlbini qırmır, onunla rəftarına davam edir.
“Əbuhübb”də olduğu kimi “Ramana”da romanın təhkiyəsi hədsiz bədii təsvirlərlə yüklənib, üstəlik toxunduğu mövzu ilə (nərd, qumarbazın macəraları, ərəb səhralarında terrorçularla döyüş) əhatə elədiyi dərin qatlarla oxumaq üçün səbir və müəyyən hazırlıq tələb edir.
Bir məqam isə dialoqlarla bağlıdır. “Əbuhübb”də bariz olmasa da “Ramana”da dialoqlar bir qədər qurudur, sanki arabir obrazın yerinə müəllif özü danışır. Bu da bəzən obrazları onlara biçilmiş xarakterdən kənarlaşdırır. Əsərdə olur ki, obrazın xarakteri dialoqlarda da açıla bilir. Odur ki, müəllif dialoqları yazanda ona özündən nəsə qatmamalı, obrazların danışığını trafaretləşdirməkdən, onları bəzən təhkiyəçi kimi danışmağa vadar etməkdən çəkinib təbii axara buraxmalıdır, yoxsa obrazlar eyniləşir, fərqlilikləri yox olur. Kənardan baxanda dialoq yazmaq asan görünür, halbuki dialoq yazmaq bəlkə də əsərin ən çətin yeridir. Azacıq büdrədinmi, şifahi nitqin qaydalarından çıxdınmı sünilik, pafos qrunt suyu kimi üzə qalxır.
Yekun olaraq Aydın Talıbzadənin bədii yaradıcılığı haqqında nə söyləmək olar: Aydın Talıbzadənin romanlarını (elə özünü də) dünya ədəbiyyatından, hardasa bizim də müasirimiz olmuş italyan yazıçı Umberto Eko ilə müqayisə etmək mümkün. Bu romanlar intellektual dərinliyi, kulturoloji genişliyi, intertekstual əhatəliliyi və əlbəttə ki, mürəkkəb dil-texnika fəndləri ilə seçilir, fərqlənir. Təkcə dil, struktur, dramaturgiya baxımından səni təəccübləndirmirlər, həm də zəka baxımından müəyyən oyun qurur, tapmaca yaradır, oxucunu labirintə salırlar ki, yekunda oradan çıxmaq oxucunun öz fərasətinə qalır. Romanı oxuyursan, bitir, lakin cavabsız sirli məqamlar “Niyə?”, “Niyə?”, “Niyə?” sualına dönüb, “adboy” getmiş telefon “qudok”u – fiti kimi dayanmadan beynini döyəcləyir.
SON