YeniYaz.az yazıçı Şərif Ağayarın yeni yazdığı “Dilək ağacı” hekayə-pritçasını təqdim edir.
Zəminin bir ortasında qabağını kəsib, əlini kəmərinə atıb, deyib, özümü sənə nəzir demişəm...
Kim olsa çaşıb qalardı!
Cəmilə özü danışırdı, deyirdi, əlimdən çıxıb zəminin içinə qaçdı, mən də dalınca...
Onda bu yerlərdə günəş də gur idi, yağış da, torpaq bir nəfəs alıb-verdimi daş da cana gələrdi. Zəmi adam boyu qalxmışdı. Dərinliklərə çəkilib səsini qıssan səni heç kim görməzdi.
Ələ salırdılar Kövnünü, deyirdilər, əgər ürəyindən keçməsə, zəmiyə qaçmazdı, yolla geri qayıdardı, zəminin içinə qaçıbsa, demək, torbada pişik var!
Ortaboy, cansız adamıydı. Cəmilə zəminin içi ilə qovalayıb tutmuşdu onu. Deyilənə görə, ayağı dolaşıb, yıxılıb, Cəmilə qaraquş kimi şöngüyüb sinəsinə. Kəmərini açmaq istəyəndə Kövnü gözü dönmüş qadının əllərindən yapışıb, başlayıb yalvarmağa. Deyib, belə eləmə, aclıq illəri sənin atan mənə bütöv bir çörək vermişdi, o çörəkdən keçə bilmərəm.
Başını bulayıb Cəmilə, deyib, niyyət eləmişdim, demişdim, ərim müharibədən qayıtsa, pirdə qurban kəsəcəm, qayıtmasa, Kövnüylə yatacam. Qayıtmadı. Mən də verdiyim sözü tuturam. Nəzirimi qəbul elə!
Bunları deyə-deyə koftasını boynundan sıyırıb sünbüllərin üstünə tolazlayıb.
İşi belə görən Kövnü gözlərini yumub:
“Mən savadlı bir axunddan eşitmişəm, niyyəti dəyişmək olur, bəlkə sən də nəzirini iki kilo yağla əvəz eləyəsən?”
O vaxt gəncliyinin ahıl çağlarını yaşayan, amma hələ də uşaq kimi saf, təmiz qalan Kövnüylə o mübarək işi görmək doğrudanmı Cəmilənin ürəyindən keçirdi, yoxsa acığamı düşmüşdü?
Bəlkə saflığını görüb onu ələ salırdı?
Bəlkə nadinc tay-tuşları Kövnünü sınamaq üçün oyun qurmuşdular?
Bəzi adamların bu əhvalatı lətifə kimi danışması işin qeyri-ciddiliyindən xəbər verirdi, amma çox da zarafata oxşamırdı.
Belə bir söhbət də gəzirdi, guya günəş zəminin arxasında ehtiyatla – sünbülləri incitmədən batdığı bir axşam Kövnü etiraf eləmişdi: “Zəmini murdarlasam, çörək qəhətə çəkilərdi!”
Gülmüşdülər xeyli. Bir fəndgiri qayıtmışdı ki, nə çoxdu torpaq, bu tərəfdə əkmə, o tərəfdə ək! Adam Cəmilə kimi arvaddan keçər? Özü də dul-təbərrük! Yəqin bacarmamısan. Hahaha!
İllər keçdikcə əhvalatın təsiri azalır, arxasından Kövnünün sadədil halallığı boy göstərirdi. Onu hamı sevirdi. Hara gedirdi adamların kefi açılır, üzü gülür, ən gərgin söhbət və mübahisələr şirin zarafatların, xoş atmacaların qılığında əriyib gedirdi. Yolda-izdə maşını saxlayıb hal-xatirini sorur, getdiyi yerə aparır, cibinə pul qoyurdular. Adına Tanrıdan nə istəyirdilər, yetirirdi. Dəfələrlə uzaq-uzaq yerlərə xəstə üstünə aparmışdılar.
Əli hər yerdən üzülən Kövnüyə pənah gətirirdi.
Yaşlandıqca saçı-saqqalı ağarıb onu nur topasına çevirmişdi. Gözləri uşaq təbəssümü ilə parıldadımı, ətrafa işıq saçırdı.
Hava yaxşı olanda zəminin içiylə sağa-sola burulub qəsəbəyəcən uzanan yolun kənarındakı pirə baş çəkirdi. Orda ona nəzir-niyaz verən çox olurdu. Pir dediyin nə idi? Yaşlı bir ağac, ətrafında on-on beş iri daş! Adamlar niyyət tutub ağaca al-əlvan iplər, əski parçaları bağlayırdılar.
Kövnü pirdəki daşların birinin üstündə oturur, gəlib-gedənlərin salamını alır, onlara xeyir-dua verir, yol azanlara yol göstərirdi.
“İşə gedirsən?” – kimsə hələ günəş çırtlamamış zəmiyə tərəf yol aldığını görüb söz atırdı. Qımışırdı Kövnü. Addımlarını daha da yeyinlədirdi.
Sonuncu dəfə adətinin xilaf çıxıb ayaq saxladı, “Yox, qəsəbəyə xəstə üstünə gedirəm” - dedi. Bu sözə bəndmiş kimi yaşlı bir qadın onu haraylayıb gözləməsini xahiş etdi. Axsaya-axsaya yaxınlaşıb əlindəki qırmızı ipi Kövnünün orta barmağına bağladı. Dedi, bacıma deyərsən, sabahda-biri gündə bizə gəlsin, xeyir iş var.
Başqa bir əliuşaqlı qadın təngnəfəs özünü yetirib onun çeçələ barmağına yaşıl ip sarıdı, dedi, vaxt edib gedə bilmədim, bu ipi pirdəki ağaca bağla, denən, oğlumu qorusun, əsgərlikdədir.
Evlərin ağzı açıldı, hərə bir niyyət tutub öz ipini Kövnünün barmaqlarında düyün vurdu.
Kövnü, ərim məni döyür...
Kövnü, arvadım boşanmaq istəyir...
Kövnü, qardaşım ata mülkündən mənə heç nə vermir...
Kövnü, oğlum suçiçəyi çıxardıb...
Kövnü, ailəmi dolandıra bilmirəm...
Kövnü, sevdiyim qızı mənə vermirlər...
Kövnü, sağalmaz xəstəliyə tutulmuşam...
Kövnü, özümə ev tikirəm...
Kövnü...
Kövnü...
Kövnü...
Uşaqlar da fürsəti əldən verməyib evlərə qaçdılar, əllərində ip-sıyrıq qayıdıb biri velosiped, biri maşın, biri futbol topu arzusu ilə Kövnünün harasına nə gəldi bağladılar.
Gün xeyli qalxmışdı, di gəl, camaat onu buraxmırdı. Kövnü sağa-sola burulub taxıl zəmisinin ortası ilə irəliləyən maşın yoluna çıxanda gün-günorta olmuşdu. Pirin yanında gözlənilmədən Cəmilə ilə qabaqlaşdı. Artıq saçları ağarmağa, üz-gözü kölgələnməyə başlayan qadın Kövnünü görər-görməz təəccüblə qımışdı. Ağacdan çox onun üstündə iplər, parçalar vardı. Təkcə əlinə-qoluna yox, boynuna-boğazına, saçının ucuna, papağının yan-yörəsinə, düyməsinə, düyməsinin yerinə, toqqasına, şalvarının ilgəyinə, paltarının cırığına rəngli iplər, parçalar bağlamışdılar. Deyəsən, kiminsə niyyəti padşah olmaq idi: mavi parça sıyrığını kəmər kimi kişinin ortasına dolamışdı! Gilənar rəngli iplərin birini isə şalvarının qabağındakı zəncirbəndin halqasına keçirmişdilər.
Cəmilə bütün bunları görcək əlini ağzına tutub şaqqanaq çəkdi:
“Bu nədi, ay Kövnü, səni dilək ağacına döndəriblər!”
Kövnü həmişəki uşaq məsumluğu ilə gülümsündü, üz-gözündən fışqıran işıq üst-başındakı iplərin, parça sıyrıqlarının rəngini bir-birinə qarışdırdı.
Son