YeniYaz.Az Etqar Keretin “Qravitasiya” hekayəsini təqdim edir.
Yeni mənzillərinə köçəndən üç gün sonra onlardan yuxarıda, səkkizinci mərtəbədə yaşayan qadın özünü pəncərədən atdı. Üst qonşuları səkiyə çırpılanda Romi əlində iki latte ilə qəhvə dükanından qayıdırdı. Romi stəkanları əlindən saldı, üst-başı qəhvəyə bulaşdı. O, gözlərini idman şalvarının üstündəki ləkələrdən çəkmirdi, beləcə başqa heç nə görməyəcəkdi. Qaçan, təngnəfəs qalan və qışqıran adamların səsini eşidirdi. Saniyələr içində camaat yığıldı, bayaqdan girişi təmizləyən, tər içində qalmış xidmətçi oğlan təcili yardıma zəng etmişdi. Kimsə qadının adının Rinat, ya da Ronit olduğunu, başqa birisi isə bir neçə gün əvvəl qadını liftdə ağlayarkən gördüyünü dedi. “Hamısı kovidə görədir”, dedi girişi təmizləyən oğlan. “Bu günlərdə hamı intihar edir. Elə indicə bu barədə xəbərlərdə danışırdılar”.
Uzaqdan gələn siren səsləri Rominin mobil telefonunun vibrasiyasına qarışdı. Daniel idi, amma baş verənləri ona telefonda danışmaq istəmədi. Romi ağlamadığından əmin olmaq üçün yanaqlarına toxundu, dərindən nəfəs aldı və binaya girdi. “Ey!” arxadan xidmətçi oğlanın səsi eşidildi, üzünü çevirəndə oğlan bir də qışqırdı: “Leydi, hara gedirsiniz belə? Axı siz şahidsiniz”. “Şahid? Nəyin şahidi?” soruşdu Romi. “Mən heç nə görmədim”. Amma xidmətçi geri addım atmadı. “Ona ən yaxın siz idiniz!” qışqırdı. “Baxın, qanı paltarlarınıza sıçrayıb!” “Bu qan deyil. Qəhvədir. Qəhvəmi əlimdən saldım”, dedi Romi. “Mənə elə gəlir ki, qandır”, dedi xidmətçi. “Polis özü buna baxmalıdır”. Romi bir anlıq dondu, amma telefonu yenidən vibrasiya verəndə yoluna davam etdi. “Ey!” xidmətçi yenə qışqırdı, bu an başqa bir kişi səsi eşidildi, “Yazıq qız. Onu rahat burax”.
Daniel əsəblə qapını açdı. “Niyə zənglərimə cavab vermirsən?” soruşdu, amma Romi izah etməyə macal tapmamış paltarındakı ləkələri görüb dedi: “Nə olub? Yaxşısan?” Romi ona özünü pəncərədən atan qonşudan, üzlü xidmətçidən və yəqin ki, ləkələrin paltardan çıxmayacağından danışmaq istəsə də, qəribə zarıltıdan başqa heç bir səs çıxara bilmədi. Daniel onu yüngülcə qucaqladı, demək olar ki, sıxmadı: “Gəl, əzizim, de görüm, nə baş verib?”
Romi hər şeyi danışdı. O, qonşularına görə təəssüf hissi keçirmək, bunun necə dəhşətli bir şey olduğunu, qadının həqiqətən çox böyük əzab çəkdiyini düşünmək istəyirdi, lakin yalnız qəzəb hiss edə bilirdi. Onlar bu mənzilə 3.4 milyon şekel pul xərcləmişdilər. Bunun təxminən milyon yarımını Danielin anasından almışdılar, qalanını ödəmək üçün isə iyirmi üç illik ipoteka götürmüşdülər. İyirmi üç il! Deməli, əgər elə indi post-travmatik sekslə məşğul olsalar, Daniel onu hamilə qoysa, uşaq doğulacaq, böyüyəcək, məktəbi bitirəcək, hərbi xidmətə gedəcək, müharibədə döyüşəcək və təxris olacaq – amma onlar hələ də bu mənzilə görə ödəniş edəcəklər. Üstəlik uşaq – hələ heç mövcud olmayan uşaq – hər dəfə bağçadan və ya universitetdən qayıdanda, ordudan təxris olub evə gələndə, Rinat və ya Ronit adlı qadının bədəninin sərələndiyi nöqtədən addımlayıb keçməli olacaq.
Mənzili aldıqları binanın reklam mətnində deyilirdi ki, bura “daima hərəkətdə olan gənc işgüzar ailələr üçün”dür. Burada ev alan insanlar həyatlarını yaxşılaşdırmaq istəyirdilər, onlar borc batağında idilər, hər gün qan, tər və göz yaşı içində çalışırdılar. Nə üçün? Hansısa Rinat, ya da Ronit özünü pəncərədən atıb onların da həyatını məhv etsin deyə? Qadın depresiyada olsa belə, ən azından başa düşməli idi ki, bu dünyadakı tək adam özü deyil. Zəhmət çəkib özünü yataq otağında və ya hamamda öldürə bilərdi. Özünü pəncərədən atacaqdısa, niyə bunu qonşusunun başı üstündən eləmək əvəzinə bir hotelə getməmişdi? “Mən bunu istəmirəm”, Romi Danielə dedi. “Daha burada yaşamaq istəmirəm. İnsanların özünü atdığı binada qala bilmərəm”. “Sakitləş, əzizim”, Daniel onun kürəyinə sığal çəkərək dedi. “Binanın burada nə günahı? Sadəcə bir qadın özünü atıb. Yazıq. Bunun bizə heç bir dəxli yoxdur”. “O yazıq zad deyil”, Romi əsəbləşdi. “Yazıq mənəm! Mən, sən və sənin anan. Anan təqaüdünü elə buna görə qurban vermişdi? Adını belə bilmədiyimiz hansısa qonşu başımızın üstündən özünü atsın deyə?”
Qadının adı Sarit imiş. Səhəri gün Daniel israrla dəfndə iştirak etməli olduqlarını dedi. Onun fikrincə, bu mövzunu birdəfəlik bağlamalı idilər və bunun iki yolu var idi: ya dəfndə iştirak etməli idilər, ya da cütlük terapiyasına getməli idilər. Rominin dəfnə getməyə heç həvəsi yox idi, amma terapiya bundan da pis fikir idi. Palçıq güləşi ilə boşanma arasında bir şey… Daniel qəbiristanlığın ünvanını “Waze”də tapdı, yolboyu demək olar ki, danışmadılar. Ora çatanda Daniel qara vedrələrdə, yarımcan buketlər satan dindar bir oğlandan gül almaqda israr etdi. Dəfndə uzağı on nəfər var idi və Romi yalnız onlardan birini, girişi təmizləyən xidmətçi oğlanı tanıdı. Oğlan hələ də dünən polis gəlməmişdən əvvəl getməyinin qəbuledilməz olduğunu deyirdi. Daniel isə Rominin tərəfini tutmaq və xidmətçini yanından uzaqlaşdırmaq əvəzinə başını tərpədib “Haqlısınız, haqlısınız”, deyirdi. Xidmətçi gedib bir dəqiqə sonra yanında gözləri ağlamaqdan şişmiş cütlüklə qayıtdı. “Görürsünüz?” dedi Romini göstərib. “Bu, sizə dediyim qonşudur. Qızınızın düşdüyünü görüb”. Qoca kişi başı ilə salamlaşıb əlini uzatdı, Romi də, Daniel də sosial məsafəni qorumağa ciddi yanaşsalar da, hər ikisi onun əlini sıxdı. “Adım Ayzekdir”, dedi kişi, “Bu isə Şoşanadır”. Bir qədər sonra, bəlkə də heç kim heç nə demədiyi üçün “Biz Saritin valideynləriyik”, deyə əlavə etdi. O, bunu deyən kimi Şoşana ağlamağa başladı. “Yerə düşəndə”, Ayzek Romidən soruşdu, “onu görə bildiniz? Üzünü gördünüz?” Romi cavab vermədi. O, nə deyəcəyini bilmirdi və ümid edirdi ki, kifayət qədər uzun sakitlik çöksə, Daniel onu xilas etmək üçün nəsə deyər. Lakin Daniel də sakit idi, hamı sükut içində dayanmışdı. Bircə ana ağlamağa davam edirdi.
Həmin gecə Daniel başını qoyan kimi yatıb xoruldamağa başladı. Romi düz bir saata yaxın yerində qıvrandı, sonra qalxıb ot bükdü və eyvana çıxdı. Onu Danielin dostundan almışdılar; peçenye ətirli və həqiqətən güclü idi. Romi məhəccərdən aşağı sallandı və Saritin yerə çırpıldığı nöqtəni tapmağa çalışdı. Dəfndə xidmətçi oğlan boz səkinin bir anda qırmızıya boyandığından danışmışdı. Amma indi yeddinci mərtəbədən hər yer tərtəmiz, təptəzə görünürdü və aşağıda gənc cütlük öpüşürdü.
Romi özünü öldürməyə qərar verdiyi üçün qadına əsəbi olduğunu demişdi, Daniel isə onu eqosentrik olmaqda ittiham etmişdi və demişdi ki, artıq bu dünyada hər şeyin onunla əlaqəli olmadığını anlamaq vaxtıdır. Ancaq indi binanın önündə, səliqə ilə biçilmiş çəpərin dibində az qala sevişməyə başlayan cütlüyü izləyən Romi bu məsələnin məhz onunla əlaqəli olduğunu düşünürdü. Bəlkə də Sarit divarlardan gələn yeni boya qoxusu və girişin parlaq, bəyaz mərmərləri sayəsində həyata yenidən başlayacağını düşünürmüş. Sonra pəncərədən baxanda idman paltarında qəhvə dükanından qayıdan Romini görmüşdü və yuxarıdan ona elə gəlmişdi ki, Romi xoşbəxtdir, mükəmməl evliliyi var, Daniel ilə bir-birilərinə əlində daşıdığı iki qəhvə fincanı qədər yaxındırlar. Bəlkə Sarit elə buna dözə bilməmişdi və sırf Rominin həyatını məhv etmək üçün özünü pəncərədən atmışdı. Çünki bu dəqiqə Romi də aşağıda inildəyən aşiqlərin üstünə düşüb şəhvətlərini dindirməyi ürəkdən arzulayırdı.
İngiliscədən tərcümə: İlahə Əkbər
Sim-sim.az