YeniYaz.Az gənc yazar Yusif Yusifzadənin “Öz yolunda olan Rəvan Cavid adlı şairə cavab” yazısını təqdim edir.
Şairin öz həyatı poema deyilsə o şair deyil
Marina Svetayeva
Giriş
Bu yazını çoxdan yazmaq istəyirdim sadacə, uyğun bir vaxt, əlverişli bir an gözləyirdim. Nəhayət o an yetişdi.
Sağ ol, şair, bundan sonra ancaq sənin şeirlərini oxuyacam!
Bir ədəbi nəsil yetişib, zorla, parnik şəraitində. Kamal Abdullaya qibtə edən, Qismət Rüstəmovun fanatı olan, Əjdər Ola şair deyib, Aqşin Yenisyi filosofa çevirən. Elə hesab edirlər ki, onların bu çabaları onları əvvəl-axır haqlı çıxaracaq, qalib edəcək. Əslində, ola bilər. Bu gün meydan onlarındı.
Yuxarıda adı sadalanan sənətkarların bir vaxtlar mən də fanatı olmuşam, amma allah üzümə baxıb, tez ayılmışam, özümü biabır eləməmişəm.
Özümü tərifləmək istəmirəm amma bu nəslin ( eyni dövrdənik deyə məcburən nəsildaş sayılırıq) təbii şəraitdə yetişən adamlarından biri mənəm; görürəm, müşahidə aparıram, nəticə çıxarıram. Heç bir kənar təsir olmadan. Hər şey təbii baş verir.
Bilirəm ki, yazıçı və onun bioqrafiyası ayrılmaz bir bütündür. Nəsildaşlarım isə, qələmlərini dirəyib ki, bioqrafiyanın yaradıcılığa aidiyyatı yoxdu. Əsas odu onun şeirlərini yuxarıdakı adamlar yüksək qiymətləndirir.
Ən əsası, Kamal Abdullaya qibtə edən, Qismət Rüstəmovun fanatı olan, Aqşin Yeniseyi filosofa çevirib, Əjdər Ola şair deyənlər niyə belə edir? Çünki onların da yolu həmin adamlarınkına oxşayacaq, onlar da istəyir ki, həftə içi dövlət qurumlarında işləyib pul qazansınlar, həftə sonları bağ evlərində kitab yazsınlar. Tamam başqa mövzudan, tamam başqa ölkədən, tamam başqa insanlardan. Onlar da guya ki, yazıçı-şair olmaq istəyirlər. Beləcə, özlərini sığortalayırlar, ürəkləri istəyəni edəcəklər, sonra deyəcəklər ki, yazıçı kimliyimin buna aidiyyəti yoxdur, mən abırlı şairəm, yazıçıyam.
İndi daha ətraflı
Gələcəyin guya ki, yazıçı-şairlərindən biri, o gün ölkədəki əxlaqsızlıqlardan boğaza yığılıb könüllü mühacirətə üz tutan, yazdığı kimi yaşayan Seymur Baycana tənqidvari nəsə yazıb. Mən yazını oxudum, hərçənd ona ad qoya bilmədim, məcburən ona ad quraşdırmalıyam. Odu ki, sözü gedən yazını tənqidvarı yazı adlandıracağam.
Həmin şairin Seymuru hədəfə alması elə yuxarıdakı səbəblərdən qaynaqlanır. O və onun kimi gənc şairlər, yazıçılar gələcəklərini görə bilirlər deyə, onları gözləyən labüd sondan xəbərdardırlar. Özləri labüd son ilə barışıblar. Belə olan halda da ayıblarını örtməyə girişirlər. Onları nəyə inandırıblar?
Yazıçı Kamal Abdulla kimi olar, şair Əjdər Ol kimi olar, tənqidçi Qismət Rüstəmov kimi olar, filosof Aqşin Yenisey kimi olar.
Daha Seymur Baycan kimi yazıçı yox!
Seymuru və onun azad həyatını qəbul edə bilmirlər, ona baxanda öz rüsvayçı məğlubiyyətlərini görürlər. Bəli, onu qısqanırlar. Onun kimi azad ola bilmədiklərinə (ola bilməyəcəklərinə) görə içdə xəcalət çəkirlər, üzdə isə tənqidvari nəsə yazırlar. Yenə də deyirlər:
- Seymur tükənib, eyni şeyləri yazır. Gündəmə gəlmək üçün Orhan Pamuku söyür, Salman Rüşdinin kitabını zibil qabına atır və s.
Onlar o qədər əsirdilər ki, uzaq İngiltərədəki bir az nüfuzu olan adamdan belə çəkinirlər. Salman Rüşdinin kitabını bəlkə də oxumadan, bəyənirlər. Həqiqi fikirlərini deməyə qorxurlar. Onların deməyə qorxduğu sözləri də kimsə deyəndə qıcıqlanırlar.
Sonda, bu yazı həm də ona görə yazılıb ki, Kamal Abdullaya qibtə edən, Qismət Rüstəmovun fanatı olan, Aqşin Yeniseyi filosofa çevirib, Əjdər Ola şair deyən bu “pokaleniya” elə bilməsin ki, yol təkcə onların getdiyidir.
Yox, əzizlərim, başqa bir yol da var.
Hamıya öz yolunda uğurlar.
Bu qədər.