Payız ayrılığı çökür sinəmə - “Ölüm nəğmələri” silsiləsi

Payız ayrılığı çökür sinəmə   - “Ölüm nəğmələri” silsiləsi

03 Oktyabr 2023 11:15 366

Payız ayrılığı çökür sinəmə - “Ölüm nəğmələri” silsiləsi

YerniYaz.Az yazıçı-şair Səxavət Sahilin “Ölüm nəğmələri” şeir silsiləsini təqdim edir.

Nar bağından ölüm keçir...

Birinci nəğmə

I
Bədheybət bir ağ at
durub qapıda
sonuncu səfərə səsləyir məni,
bəlkə, o dünyada
dinclik taparam –
əbədi səadət gözləyir məni.

II
Tutub qara buludlar
tutub göy üzünü,
qara yelin karvanı çataçatdadır,
nar bağına çökən duman da
kəfən kimi bürüyür
yaşıl yarpaqları.

III
Ölümün hənirtisi
lap yaxındadır,
sonuncu görüşə
yoxdur gümanım,
uğultu başlayır qulaqlarımda
vahimə tərindən soyuyur canım.

IV
Diksinir budaqlar
yelin səsindən
bəlkə, İsrafilin suru çalınır?!
Yamyaşıl yarpaqlar
ölüm nəfəsindən
itirib rəngini birdən saralır.

V
Payız ayrılığı çökür sinəmə
bədənim uyuşur
daşa dönürəm
baxma ki cavanam, bahar çağımdı,
solur ömür gülüm –
qışa dönürəm.

VI
Buludlar örtəndə
Ayın üzünü
vahiməyə bürünür ağaclar
gecənin zülməti altında qalan
yaşıl yarpaqlar
bələnir ölümün qara rənginə.

VII
Boğuluram
ürək ritimdən düşür –
gah azalır,
gah artır döyüntüsü,
qaralan gözümdə rənglər eynidir –
dəyişir dünyanın sön görüntüsü.

VIII
Bozaran budaqda
qurumuş narın
insan kəlləsinə bənzəyir biri,
asılıb ağacdan ölüm tablosu –
gizlənib çürüyən narın içində
gizlənib, ölümün açılmaz sirri.

IX
Qırpıram gözlərimi sonuncu dəfə –
həyatda hər nə var
qoyub gedirəm,
yanımda doğmadan, əzizdən
bir kimsə yoxdur
tənhalıq içində ölüb gedirəm.

X
Sonuncu rəqsiylə vidalaşırlar
küləyin hirsindən
qopan yarpaqlar,
nar ağacının başına dolanırlar
ölümü havada
tapan yarpaqlar.

XI
Açıb əllərini gəlir üstümə
ölüm də ana kimi sıxır köksünə məni
nəvaziş göstərir, mehrini salır...
Yaddaşım silinir, gözüm qaralır,
əlvida, ey dünya,
ürək dayanır.

XII
...Nar bağında bahar olsa da
ölüm nəğmələri
oxuyur külək,
məzarlıq içindən duman gətirib
ağappaq bir kəfən
toxuyur külək.


İkinci nəğmə

I
Ölüm layla çalır
aparır yuxu məni.

II
Ağ yarpaqlı nar bağında
ağ dumana bürünürəm.

III
Əynimdəki ağ libas
yupyumşaq qu tüküdür.

IV
Ağ narın ağ dənəsi
ağ şərab dadındadır.

V
Gəzirəm buludlar üstdə
əllərim göyə çatır.

VI
Ölüm acı deyilmiş
narşərab dadındadır.

VII
Ölümün ağ karvanı
keçir ağ nar bağından.

VIII
Qoşuluram karvana,
qoşularaq gedirəm.

IX
Ölüm ağrılı deyil
ölüm şirin yuxudur.

X
Ölümü dadmayanlar
ölümdən yaman qorxur.

XI
Mən ölümə vuruldum
ölüm apardı məni.


Üçüncü nəğmə

I
Ölüm yaşında vuruldum,
ölümlə kəsdin yolumu,
ölüm yaşında sevdim –
ölümünə sevdim səni.

II
Nar bağına dolu düşdü;
yerdə qalan yarpağa döndüm
qara torpaq oldu qismətim –
ölümünə sevdim səni.

III
Dolandı başımda qara yel
özümə qənim kəsildim,
intihar kimi düşdün beynimə –
ölümünə sevdim səni.

IV
Qəfil qırdın kəndir bəxtimi
Əzrail kimi gözlədim səni
əcəl təki çatdın mənə –
ölümünə sevdim səni.

V
Şaxta vuran nar oldum;
qaraltdın taleyimi
ölümü gözə aldım –
ölümünə sevdim səni.

VI
Kərəm tilsimindəyəm
alnımda lənət izi
cadulandım ölümə –
ölümünə sevdim səni.

VII
Ömrümün bahasına
başa gəldi bu sevgi
ölüm girdi araya –
ölümünə sevdim səni.

VIII
Ağlım başımda sevdim
sevim ağılsız qaldım
əcəl yaşında sevdim –
ölümünə sevdim səni.

IX
Günah öləndə olur
kimsə bilməz bu cinayəti
mənim ölümümdə sənin əlin var –
ölümünə sevdim səni.

X
Gözəldir səni sevmək
peşman deyiləm qəti,
ölümdür səni sevmək –
ölümünə sevdim səni.


Dördüncü nəğmə

I
Ölüm keçir nar bağından
addımından diksinir ağaclar;
ölüm gəlir,
gəlir mənə sarı.

II
Solmuş yarpaqların
örtdüyü cığırla;
ölüm gəlir,
gəlir mənə sarı.

III
Kölgəsiz nar kollarının
içindən keçib;
ölüm gəlir,
gəlir mənə sarı.

IV
Boyun bükür,
yas tutur budaqlar;
ölüm gəlir,
gəlir mənə sarı.

V
Ölüm keçəndə yanından
qaralır qırmızı nar;
ölüm gəlir,
gəlir mənə sarı.

VI
Udur qırmızısını,
qaralır qorxusundan;
ölüm gəlir,
gəlir mənə sarı.

VII
Ölüm keçir –
ağlar qalır ağaclar;
ölüm gəlir,
gəlir mənə sarı.

VIII
Zəhmindən çatlayır
qan axır yanağından;
ölüm gəlir,
gəlir mənə sarı.

IX
Ölüm keçir nar bağından –
köhnə məzarlıq kimi;
ölüm gəlir,
gəlir mənə sarı.


Beşinci nəğmə

I
Geyinib qiyafətini
gəlir yanıma
toxunur sənin hərarətinlə –
(meh əsir nar bağından)
aldadıb aparır məni Əzrail.

II
Darıxmışdım əllərin üçün;
tutur əllərimdən
sənin əllərinlə –
(nar budağı əllərin)
aldadıb aparır məni Əzrail.

III
Eşidirəm...
Gülür, danışır
sənin səsinlə, nəfəsinlə –
(pıçıldaşır nar yarpaqları)
aldadıb aparır məni Əzrail.

IV
Sevinirəm, artır həyəcanım;
baxır sənin gözünlə,
sənin baxışınla –
(gözlərin nar tumurcuğu)
aldadıb aparır məni Əzrail.

V
Atır addımlarını
yeriyir sənin kimi,
dayanır sənin kimi –
(küləkdən yellənir nar ağacı)
aldadıb aparır məni Əzrail.

VI
Qoyur çiynimə başın
Sənin barmaqlarınla
Oxşayır saçlarımı –
(nür şüvülü barmaqların)
aldadıb aparır məni Əzrayıl.

VII
Qəfil dolur içimə
ovsunlayır məni
sənin ətirinlə –
(burnumda nar qoxusu)
aldadıb aparır məni Əzrail.

VIII
Sənin dodaqlarınla
öpür dodaqlarımdan
xumarlanır gözlərim –
(damağımda nar dadı)
aldadıb aparır məni Əzrail.


Altıncı nəğmə

I
Udacaq səsimi
qonacaq yanağıma –
ölüm də qadın kimi
öpüb gedəcək məni.

II
Qurumuş nar koluyam
Yel sayacaq yarpağımı –
ölüm də qadın kimi
öpüb gedəcək məni.

III
Ağaracaq bənizim
qan qaçacaq üzümdən –
ölüm də qadın kimi
öpüb gedəcək məni.

IV
Kəsiləcək taqətim
qollarımdan, dizimdən –
ölüm də qadın kimi
öpüb gedəcək məni.

V
Tərpənə bilməyəcəm,
dilim söz tutmayacaq –
ölüm də qadın kimi
öpüb gedəcək məni.

VI
Qapanacaq gözlərim
kəsiləcək nəfəsim –
ölüm də qadın kimi
öpüb gedəcək məni.

VII
Deşib narın qabığın
yeyib gedir sərçələr –
ölüm də qadın kimi
öpüb gedəcək məni.


Yeddinci nəğmə

I
Gecənin bu vədəsində
qapı döyülür qəfildən.
(Nar bağına yel dolur,
yel dolur nar bağına.)

II
Kim gəlib gecə vaxtı
döyər mənim qapımı?
(Pıçıldaşır ağaclar:
Nədən belə yel əsir?)

III
Bəlkə, o qadın gəlib
gəlib ki bağışlasın.
(Bəlkə, bu yel qovacaq
payızı nar bağından.)

IV
Bəlkə, dostum gəlib,
gəlib şərab içməyə.
(Bəlkə yel əsir budaqları
soyuğa öyrətməyə.)

V
– Kimdir qapımı döyən?
– Kimdir orda gözləyən?
(Budaqlar da səslənir:
Yel niyə gecə gəlib.)

VI
– Ölümdür qapı döyən!
– Əcəlindir gözləyən!
(Qara yeləm gəlmişəm,
qara qış gətirmişəm.)


Səkkizinci nəğmə

I
Qoca Xaronun
qara qayığında
səmt küləyi aparır məni,
yarılır ölümün qara suları.

II
O dünyanın yolu
uzun gəlirdi mənə –
sən demə ölüm
lap yaxındaymış.

III
Yellədir dalğalar qayığı,
beşikdəki körpə tək
məst oluram
ölüm laylasından.

IV
Qara yel aparır
qara yelkəni,
səpələnib sulara
saralmış nar yarpağı.

V
Açır qapısını
ölüm səltənəti,
qaralmış nara bənzər
qara Ay çıxır başımın üstə.


Doqquzuncu nəğmə

I
Ölən ana bətnində
qalan körpətək
açmadan qaralır
nar tumurcuğu.

II
Gözümdəki arzuyla
gedirəm mən də
gedirəm o soyuq
qəbir evinə.

III
Mən ölsəm də,
qarışsam da torpağa
içimdəki o sevgi
yenə diri qalacaq.

IV
Çevrilib nar koluna
məzarımda bitəcək
boylanacaq günəşə,
gözlərini açacaq.


Onuncu nəğmə

I
Ölüm, ölüm, ay ölüm...

Tanrıdan savayı hər kəs
məğlub oldu qarşında,
lənətlər oxudular adına ölüm.

II
Ölüm, ölüm, ay ölüm...

İndi mənə çatıbsan
sonuncu şam yeməyitək
baxacam sənin dadına ölüm.

III
Ölüm, ölüm, ay ölüm...

Turş nar kimisən, tamın acıtəhərdir
qara qanlar axır dodaqlarından –
sən də bənzəyirsən qadına ölüm.


On birinci nəğmə

I
Üzülürəm ağrıların əlində,
üzülürəm
köməyə ölüm çatır,
boynuma sarılan qolların yoxdur,
indi onun yerinə
kəndirə əlim çatır.

II
Qopduqca yarpağı budaqlarından
ağrıdan göynəyir
qıvrılır nar ağacı,
əli yox, dili yox – quruyub qalır
içindən alışır
qovurulur nar ağacı.


On ikinci nəğmə

I
Nar bağında məzar daşı
ayın şəfəqlərində
parlayır gecə vaxtı,
ağacların bətnində
gizlənən qorxu
pozur sakitliyi
kor yapalağın səsiylə.

May-sentyabr 2023

"Ədəbiyyat qəzeti"