Pinti, naşı, kələ-kötür... - Cavid Ramazanlı

Pinti, naşı, kələ-kötür...   - Cavid Ramazanlı

25 Martt 2024 08:48 411


Qısa təəssürat

Ondan başlayaq ki, nəşrin həcmi çox kiçikdir, cəmi 82 səhifə, göz açıb yumana qədər oxuyub bitirirsən.

Kitabçadakı hekayələrin demək olar, hamısında nəzərə çarpan ümumi bir cəhət var - müəllifin hövsələsizliyi. Bəzi hekayələr elə qəfildən bitir ki, damaqda dad buraxmağa belə fürsət yaranmır. Orxan tərifindən doymadığı hekayənin son cümləsində belə başısoyuqluq eləyib: "Bir də porno-videolara baxanda gözüm sünnətsiz adama sataşsa, Xələf yadına düşürdü, tez videonu dəyişirdim".

Ümumiyyətlə, kitabçada pinti, naşı, kələ-kötür cümlələrin sayı göz deşir: "Bağırgilin evi də, binası elə idi ki, adam burada yaşamaq bir yana, ölməyə də utanırdı", "Səlim müəllimə nə xəbər vermişdilərsə, heç arvadı Nəcibəyə də heç nə deməmişdi".

Səhvlər, səhvlər, səhvlər. Elə bil, Orxan heç məktəbdə inşa yazmayıb.

Amma bütün nöqsanlarına baxmayaraq, insafən demək lazımdı ki, topluda istedadla yazılmış parlaq hekayələr var, məsələn, "Maqsud", "Zəngəzur dağlarında", "Gilas mürəbbəsi". Bizim indi "mənəm" deyə sinəsini döyənlərin çoxu belə hekayələr ortaya qoya bilməyiblər.

Orxanın gözardı edilməyəsi iki keyfiyyəti var: həyatın içindən gəlməsi və müşahidə qabiliyyəti. Ola bilsin, həyatın içindən gəlməsi müşahidə qabiliyyətini itiləyib və indi o məhz bunun sayəsində "həyatın dibindəki insanları" üzə çıxarıb göstərməyi bacarır.

İti müşahidə qabiliyyəti bir qələm adamı üçün hava-su kimi vacib xüsusiyyətdir. Əsas odur, Orxanda bu xüsusiyyət var. Hövsələsizliyini yensə və əziyyət çəkib özünü inkişaf etdirsə, yaxşı yazıçı olacaq.

Uğurlar arzulayıram.