Professorun ölümü - Şərif Ağayar

Professorun ölümü  - Şərif Ağayar

01 Martt 2024 17:33 280


Aydın Dadaşovun xatirəsinə

Səmimi deyim, kino cameəsində Aydın Dadaşov qədər maraqlı adam görmədim. Ölümü də çox maraqlı oldu. Adama xərçəng diaqnozu qoymuşdular, sonra məlum olub ki, yalandır və əslində, bu xəbərə sevinməli, çərşənbə bayramına qarışdırıb xoşbəxt olmalı ikən, ağlayıb. Özü də vəhşi bir hönkürtüylə və dayanmadan... O qədər ağlayıb ki, ürəyi partlayıb. Təcili yardım gələnəcən, qohumlarına ikicə kəlmə “Çox pisəm” - deyib və ...

Təsəvvür edirsiniz?

Bəlkə bu ağlayaraq ölmə kiməsə qəribə gələ bilər, amma mənə qəribə gəlmir. Aydın müəllimi başa düşürəm. Hətta “Sentimentallıq əyalət təfəkkürünün önə keçməsidir”- deyən bir intellektualın bu yüksək emosional durumu mənim üçün təbiidir.

O, nə qədər oxuyub-yazsa, çəkib-baxsa, öyrənib-öyrətsə də həyatı ürəyiylə yaşayırdı. Ağlı, zəkası, savadı, dünyagörüşü, təcrübəsi önə keçib bu aşırı hissiyyata mane ola bilmirdi.

Və əgər o ağıl, o zəka, o intellekt olmasaydı Aydın Dadaşov heç 65 il də yaşaya bilməyəcəkdi.

İri və sanki böyümüş, bərəlmiş gözləri yaşının ən ahıl çağında da heyrətini itirmədi.

Dünyaya...

Sənətə...

İnsanlara...

O gor-gobud bədənin içində ayaq altda qalıb qırılan çöp səsindən sınacaq zərif bir kəpənək bəsləyirdi və mən qanadları həmişə titrəyən o al-əlvan kəpənəyi dəqiqliklə görürdüm.

Aydın Dadaşovu insan kimi “Kino+” qəzetində işləyəndə tanıdım. Deyəsən, canlı olaraq da ilk dəfə orda gördüm. Bütün nömrələrimizi oxuyurdu, tez-tez redaksiyaya gəlib fikirlərini deyirdi və əsasən onun tələbələrindən formalaşan kollektivin balaca uğuruna da böyük ürəklə sevinirdi.

Amma bir yazını çap etdiyimə görə məni heç bağışlamadı. Həmişə də üzümə söylədi. Deyirdim, müəllim, mətbuata deyin, bir yerdə yazın, lap təsirli olsun, tənqiddən nəticə çıxaraq. Deyirdi, yox, özünə deyirəmsə bəsdir və məncə sən mənim haqlı olduğumu bilirsən!

Böyük mənada haqlı idi, təbii... Ancaq məndən asılı olmayan kiçik səbəblər də vardı.

O, heç vaxt başqasına danışmadığı üçün mən də o yazı haqqında heç nə demirəm. Sadəcə məqsədim Aydın Dadaşovun adamı həmişə tərifləmədiyini diqqətinizə çatdırmaqdır.

Onlarla kitabı çıxıb. Yazdıqları göz önündədir. Bunlar haqqında da heç nə demirəm.

Bircə bunu deyirəm ki, Aydın Dadaşovun yazdıqları danışdıqlarının yanında çox maraqsız görünür mənə. Söhbət edəndə adamın üstünə şəlalə kimi tökülürdü. Otağa elə girirdi, elə bilirdin bir dəstə adamla gəlib. Özü də söhbətə başlayıb, salamı bir ortada verir, ikinci-üçüncü abzasda hal-əhval tuturdu.

Onun yumor hissini yalnız Əmir Kustiritsa ilə müqayisə edərdim.

Redaksiyamız kinostudiyada yerləşirdi deyə, o zamankı direktor Xamis Muradov hardasa bizim də rəhbər sayılırdı. Mənsə, bilənlər-bilir, mümkün qədər azad redaktor idim. Aydın müəllim bunu bilir və nazirliklə, kinostudiya ilə münasibətlərimi həssaslıqla izləyirdi. Təxminən belə: “Görəsən, daha nə edə biləcək!”



Hətta bəzən özümü təcrübə siçanı kimi hiss edib narahat olurdum. Buna görə, bir dəfə iynəli cavab da verdim ona:

“Müəllim, siz də yazın də bu danışdıqlarınızı? Elə qəhrəmanlığı biz eləməliyik?”

“Siz eləməlisiniz!” – qaşlarını qaldırıb elə inamla söylədi ki, cavab verməyə söz tapmadım.

- Xamislə neyləyirsən? – bir dəfə müdhiş ironiyasını içinin dərinliklərində gizlədib soruşdu.

- Ağsaqqal adamdır. Sanballı adamdır. Yola gedirik - əslində düz deyirdim.

İri, yumru gözlərini yanpörtü tutaraq dediklərimdə istehza olub-olmadığını yoxladı. Ciddiliyimə əmin olunca özü keçdi zarafata:

- Yaxşı adamdı, hə. Bircə qüsuru var ki, nənəsindən çox sitat gətirir – güldü – camaat Hegeldən, Şopenhauerdən sitat gətirir, bu nənəsindən.

İnanmayacaqsınız, Aydın müəllimlə sağollaşıb aralanan kimi Xamis müəllim məni çağırdı, getdim, otaqlarımızın elektrik təhlükəsizliyi ilə bağlı nəsə vacib bir tapşırıq verirdi. Söhbətin ən ciddi məqamındı: “Rəhmətlik nənəm həmişə deyərdi ki...” – deyəndə içimdən vulkan kimi püskürən gülüş dalğasını boğmaq üçün dilimi-dodağımı çeynəməli oldum. Və o qədər özümü itirdim ki, Xamis müəllimin nənəsinin nə dediyini axıracan eşidə bilmədim. Bir anlıq elə bildim, real həyatda yox, filmin içindəyəm... Təbii ki, quruluşu Aydın müəllimə aid olan filmin...


Onun adamları, çox ciddi danışa-danışa doladığını bilirdim, ancaq bunu bildiyimi ona bildirmirdim. O mənada məndən qayğılı getdi. Dəqiq müəyyən edə bilmədi ki, hansı tipdənəm. Cahiləm, yoxsa aqil, hal əhliyəm, yoxsa filfilo...

Aydın müəllimdən hamıya istehzayla yanaşmasının heyfini bu cür çıxdım. Ruhu bağışlasın məni.

Hekayə kitabımı oxuyub mənə evə zəng eləmişdi. Zəng eləməyinin özü artıq hardasa ciddiyə almaq idi. Ancaq Aydın müəllimin zənginə çox da etibar eləməz olmazdı, Allah bilir içindən nələr keçirdi. Xeyli danışdı, kitabdan bir kəlmə də demədi, ümumiyyətlə, uzun-uzun Azərbaycan ədəbiyyatını, mədəniyyətini yıxıb-sürüdü. Sağollaşanda dedim, Aydın müəllim, sizi başa düşdüm, mən yazmamalıyam! Güldü xəttin o başında, dildə etiraz eləsə də qəlbən mənimlə razılaşdığını hiss etdim.

Amma bir yazıma görə, “Domsovet”in üçüncü mərtəbəsinə qalxıb məni qucaqlayaraq öpdüyü də olub! Şahidlərim var. Adam əməlli-başlı mütəəssir olmuşdu...

Məni ciddi-cəhdlə yazıçı Səfər Alışarlı ilə o tanış edib. Kinostudiyanın girişində... Deyib, bu adamı tanımalısan. Səbəb? “Zəng” hekayəsi. Və hekayənin qısa məzmununu kinostudiyanın girəcəyindəcə elə danışıb, az qala mətnin özündən gözəl...

O zamankı mədəniyyət naziri Polad Bülbüloğlu ilə münasibətlərindən nə Polad müəllim baş açırdı, nə kənardakılar, nə də Aydın müəllim özü. Haqqında danışanda sərt tənqidlə başlanan bütün çıxışları belə bitirdi: “Qardaşımdır! Böyük adamdır! Mən də şuşalıyam!”

Testlə Mədəniyyət və İncəsənət Universitetin kinossenari fakültəsinə qəbul olunan tələbələrin auditoriyasına ilk dəfə daxil olanda hər kəsə belə bir sualla müraciət edir: “Ən böyük arzunuz nədir?”

Standart cavablar verən uşaqları bir-bir keçərək iki qız üzərində dayanır.

Onun biri “Ən böyük arzum Qarabağın alınmasıdır!” – deyibmiş.

Aydın müəllim qeyzlənir: “Qızım, sənin 17-18 yaşın var, indidən niyə belə saxtalığa öyrədirsən özünü? Axı sən yaradıcılıqla məşğul olacaqsan! Qarabağ Səfər Əbiyevin problemidir. İncimə, səndən heç nə çıxmayacaq!”

İkinci qızın cavabı onu qane edir: “Sevdiyim var, valideynlərimsə məni zorla əmim oğluna vermək istəyir. Ən böyük arzum, sevdiyimlə ailə qurmaqdır.”

“Səndən nəsə çıxacaq!” – cavabı belə olur.

Sonralar həmin qızın ssenarisi Berlində hansısa müsabiqədə birinci yerə layiq bilinmişdi.

Sıradan adam deyildi...

Sıradan alim deyildi...

Sıradan professor da deyildi...

Sıradan olmayan adamlar azaldıqca cəmiyyətin bozluğu artır və biz daha çox kütləyə çevrilirik.

2017