Puç ömrün aqibəti - Fəxri Uğurlu

Puç ömrün aqibəti   - Fəxri Uğurlu

08 Aprelel 2024 11:53 476


Lev Nikolayeviç Tolstoyun “İvan İliçin ölümü” povesti haqqında

1869-cu ildə Lev Tolstoy yeni mülk almaq üçün Penza quberniyasına səfərə çıxdı. Axşamların birində yolunun üstündəki Arzamas adlı əyalət şəhərinin mehmanxanasına düşən yazıçı gecə qaldığı otaqda bərk sarsıntı, dərin nevroz keçirdi. Ölüm qiyafəsində ona görsənən İblis yazıçını dibigörünməz ümidsizlik girdabına vurub saldı. Bu zərbənin zəxmini Tolstoy ömrü boyu canında gəzdirdi.

Onda onun qırx bir yaşı vardı, yer üzündəki fiziki həyatının tam yarısını geridə qoymuşdu. Üstəlik, altı ildən bəri üstündə fasiləsiz işlədiyi “Hərb və sülh” epopeyasını yenicə başa vurmuşdu, knyaz Andrey Bolkonskinin haqq dərgahına, baqi aləmə möhtəşəm gedişini misilsiz bir ustalıqla qələmə almışdı. Ölümü fani dünyadan əbədiyyət dünyasına keçid prosesi kimi təsvir eləmişdi. Bəs onda haqq dərgahına, ruha, əbədiyyətə bunca inamla dolub-daşan bir vücuda ölüm qorxusu necə, haradan yol tapmışdı?..

Üstündən dörd il də ötəndən sonra Tolstoy “Anna Karenina” üzərində işə başlayacaqdı. Əlli yaşına çatmamış bu romanı da tamamlayıb yaradıcı həyatının ən ağır, ən sanballı, həm də işıqlı, nikbin mərhələsini geridə qoyacaqdı. Bundan sonra onun yer planetində yaşanası hələ otuz üç ili - bir peyğəmbər ömrü qədər möhləti qalırdı. Bu möhlət əvvəlki ideallarını şübhə altına alıb keçmişiylə amansız polemikaya girmək üçün ona gen-bol yetəcəkdi. Arzamasdan baş götürən qorxu seli illər sonra bulanıq sularında qəzəb, nifrət, kin daşları gətirəcəkdi, Tolstoy o daşlardan özünə qala qurub arvadıyla, uşaqlarıyla, cəmiyyətlə, pravoslav kilsəsiylə, dövlətlə, dövlətin zirvəsiylə cəngə başlayacaqdı.

***

“Hərb və sülh”ün, “Anna Karenina”nın müəllifi əlli yaşından sonra həqiqət sorağına çıxdı. Qəribədir, bu möhtəşəm əsərləri yaratmaqla öz ruhunun zirvəsinə yetişmiş, üstəlik, Adəmdən Xatəmə yer üzünə gəlib-getmiş cəmi idealistlər nəslinin ön sırasında ən hörmətli yerlərdən birinə yiyələnmiş Lev Nikolayeviç hansı həqiqəti axtarırdı?

Mən demirəm bundan yüksək, bundan uca, bundan yuxarı həqiqət yoxdur, hətta möhkəm inanıram ki, var, mütləq var! Fəqət onun bu mərhələdə ideal cəmiyyət, ideal ailə, ideal dostluq modellərindən, sərt desək, imtinasını, yumşaq desək, bu ideallara inamının azalmasını, məncə, irəliyə atılmış addım, yuxarıya doğru sıçrayış kimi yox, yana atılmış addım, ya da geriyə atılmış yarımaddım kimi dəyərləndirmək olar. Sevginin yuvasına ölüm xofu yol tapıbsa, hökmən insanın qanadlarını yolacaq, ayağından sallaşıb onu yerə - maddiyyat aləminə, reallıqlar dünyasına, qorxu, nifrət səltənətinə çidarlayacaq.

Tolstoyun həyat eşqi, saf, məsum duyğuları bu mərhələdə bir xeyli sozalmış kimi, inamı şübhəsinə, sevgisi qorxusuna, mərhəməti nifrətinə yenilmiş kimi görünür. Təkcə elə “Kreyser sonatası”nı gözdən keçirmək bu qənaətə gəlmək üçün yetərlidir: Pyer-Nataşa, Levin-Kiti cütlüklərinin çatdığı ocağı sevə-sevə qalayan bir müəllif necə oldu ki, qadınla kişinin birgəliyini qanuniləşdirən, müqəddəsləşdirən ailə institutuna bunca nifrət bəsləməyə, ikrah duymağa başladı? Yazıçı bu dönəmdə təbliğ elədiyi mənəvi dəyərləri, keşiyində durduğu əxlaqi imperativləri əsasən neqativ tərəfdən, astar üzündən nəzərdən keçirir, yəni, məsələn, daha çox “insan sevəndə, inananda belə olur” mənzərəsini yox, “insan sevməyəndə, inanmayanda belə olur” mənzərəsini göz önündə canlandırır. Bu tendensiya onun yazı tərzində, ədəbi-bədii dəst-xəttində də özünü aşkar büruzə verir.

Dostoyevskinin yer üzüylə əlaqəsinin kəsildiyi bu illərdə Tolstoy yaradıcılığında bir növ dostoyevskiləşmə gedir. Həmin mərhələnin zirvəsi sayılan “Dirilmə” romanı, heç şübhəsiz, “Cinayət və cəza” mövzusuna qayıdışdır. Bu mərhələdə eynən “Karamazov qardaşları”nda olduğu kimi Tolstoyun əsərlərində də didaktik ton güclənir, əvvəllər knyaz Andreyin mundirinə, Pyer Bezuxovun kostyumuna, mülkədar Levinin çuxasına bürünən dini-mistik duyğular bu dönəmdə Sergi atanın əbasına, Nexlyudovun zünnarına bükülür.

***

“İvan İliçin ölümü” povesti həm ümumən Tolstoy yaradıcılığının, həm də onun sonrakı dönəmdə yazdıqlarının zirvələrindən biridir. Povest 1886-cı ildə qələmə alınıb. Qəhrəmanın prototipi dünya şöhrətli rus alimi, fiziologiya üzrə Nobel mükafatı laureatı İlya Meçnikovun böyük qardaşı, Tula vilayət məhkəməsinin prokuroru vəzifəsində çalışmış, 1881-ci ildə qırx beş yaşında dünyadan köçmüş İvan İliç Meçnikovdur. Əsərin qəhrəmanı da öz prototipi kimi məhkəmə müstəntiqi vəzifəsində çalışır, o da ağır mərəzə qırx beş yaşında mübtəla olur. Hərçənd İvan İliç Qolovini İvan İliç Meçnikovla eyniləşdirmək olmaz, onların həm bioqrafiyaları, həm yaşayış məskənləri, həm də xəstəlikləri arasında ciddi fərqlər var.

Povest İvan İliçin iş yoldaşlarının onun ölüm xəbərini alması səhnəsiylə başlayır. Tolstoy onların bu xəbərə verdikləri reaksiyanı incə detallarla oxucuya çatdırır. Artıq bir vəzifə kürsüsü boşalıb, kimi gözünü həmin kürsüyə, kimi də həmin kürsünü tutası məmurun boşaldacağı yerə dikib.

Ən başlıcası isə budur: “Bu ölüm hər birinin beynində iş yerlərində baş verəcək dəyişikliklərlə bağlı mülahizələr oyatmaqla yanaşı, həm də sevindirdi onları; həmişə hər yerdə olduğu kimi indi də yaxın, tanış adamın ölməsi faktının özü bu xəbəri eşidənlərin hamısının qəlbində şad bir duyğu oyatdı ki, nə yaxşı ölən mən deyiləm, odur”.

İnsan eqoizminin təməl daşlarından olan bu mülahizənin əcdadı antik dövrün Epikür məktəbinə məxsus belə bir tezisdir: “Suda boğulan adama baxan hər kəsin ürəyindən keçən ilk duyğu bu olur ki, nə yaxşı boğulan mən deyiləm, odur”.

***

Ardınca İvan İliçin həyat hekayəti nağıl olunur. Onun ömrü orta ranqlı məmurların həyatından elə də seçilmir. Müəllif bunu belə bir cümləylə xarakterizə eləyir: “İvan İliçin başa çatmış həyat tarixçəsi çox sadə, çox adi, çox da dəhşətli idi”.

Məmur atasının üç oğlundan ortancılı olan İvan İliç hüquq məktəbini bitirəndən sonra özünə karyera qurmağa başlayır. Əyalətdən-əyalətə köçə-köçə vəzifə pillələrində addım-addım yüksəlir, vaxtı çatanda cəmiyyətin gözündə normal reputasiyası olan bir ailənin qızıyla evlənir, ancaq sevib-seçdiyinə görə yox, məhz cəmiyyətin məqbul sayacağı mülahizəsiylə.

İvan İliç öz işindən, qulluğundan razıdır, vəzifəsini ləyaqətlə yerinə yetirməyə, həm dövlət qanunlarına, həm də ictimai qaydalara riayət eləməyə çalışır, ümumən götürəndə pis adam deyil, məhkumlarla da insafsız davranmır. Bunlarla belə, özünü imkanlı adamlara xas əyləncələrdən, məclislərdən də aralı tutmur. Uzun illər nümunəvi xidmət göstərdiyini nəzərə alan rəhbərlik öz xahişiylə onun işini paytaxta dəyişir, İvan İliçin maaşı da artır, şəraiti də yaxşılaşır.

Peterburqda köçəcəyi yeni mənzilin təmiriylə maraqlanıb hər bəzək-düzəyin xırdalığına varanda, ustalara həvəslə, fərəhlə göstərişlər verəndə o, nərdivandan yıxılıb sol böyründən ağır zədə alır. Beləliklə, kefinin ən kök çağında, karyerasının pik vaxtında, işlərinin yağ kimi getdiyi bir zamanda İvan İliç aldığı zədədən sağalmaz xəstəliyə mübtəla olur, hərçənd onun bədxasiyyət mərəzinin adını müəllif oxucuya dəqiq demir. Adicə bir təsadüf dağ boyda kişinin taleyinə sərəncam verir. Nə qədər miskin aqibət! Halbuki təsadüflər məkanından zərurət məqamına sığınanda, determinizm zindanından azadlıq səmasına pərvazlananda insanın belə bir aqibətə ürcah gəlmək, belə qismətə baş əymək ehtimalı da qat-qat azalır.

Həkimlər onun dərdindən baş aça bilmirlər. Ağrısının artması ucbatından özünə qapıldıqca dost-tanış da, ailəsi də yavaş-yavaş ondan qopur. Onlara qayğıya möhtac xəstə can yox, sağlam, gümrah, işə yarayan İvan İliç lazımdır. Ağrıyan İvan İliç onların şənliyinə, həyat sevinclərinə kölgə salır, onların iştahasını pozur. Hamısına elə gəlir əcəl yalnız İvan İliçin qismətidir, özləri dünya durduqca yaşayacaqlar. Onların bu dünyadakı möhlət hüququ hələlik qüvvədədir, fəqət İvan İliçin kef limiti artıq bitib, onun həyatdan aldığı həzz ağrıya, zövq əzaba çevrilib, canındakı ehtiras qorxuya transformasiya olunub. Ancaq necə deyərlər, qorxunun əcələ faydası yoxdur.

***

Əlbəttə, İvan İliç də ömrünü onlar kimi yaşayıb. Onun da həyatının orta dirəyi, mənəvi istinad nöqtəsi, Allaha, peyğəmbərə, dinə dəruni inamı olmayıb, o da öz maraqlarını hər şeydən, hər kəsdən üstün bilib, məhkumlara, məhbuslara divan tutmasa belə onların acılarını qəlbinə yaxın buraxmayıb, başqalarından üstün olduğunu duymaqdan, insanların taleyinə sərəncam verməkdən zövq alıb. Bu sayaq zövqün ağuşunda hətta kimisə ədalət məhkəməsinin caynağından almaq, zindandan buraxdırmaq belə iyrənc bir təşəxxüsdür, qatı bir eqoizmdir.

Nəticədə əcəl İvan İliçi hazırlıqsız yaxalayıb, o, yer üzündəki bütün dayaq nöqtələrindən - sağlam canından, vəzifəsindən, sərvətindən, dəbdəbəli mülkündən, dostlarından, həmkarlarından, hətta doğmalarından, ailəsindən gözgörəti məhrum olandan sonra söykənməyə bir istinadgah, bir həqiqət, döyməyə bir təsəlli qapısı tapmır. Allaha, dediyim kimi, inanmır, dini duyğudan, saf mərhəmətdən məhrumdur, hərçənd bunlar onun Tanrıdan gileylənməyinə, Allahdan onu bu dünyaya nədən ötrü çağırıb sonra da belə əzablara düçar elədiyini soruşmağına, bir sözlə, inanmadığı Allaha qarşı üsyana qalxmağına mane olmur. Özü də bilə-bilə ki, verdiyi asi suallara heç vaxt cavab almayacaq...

Yadımdadır, mən yalnız üçüncü oxunuşda bu əsərin damarını tutmağa başladım. Bu, təxminən otuz il (bəlkə bir az da artıq) bundan əvvəl baş verib. Bilindiyi kimi, Tolstoy ahıl çağlarında yazdığı povestlərin əksərinə İncil ayələrindən epiqraflar gətirir. Bu əsərdə isə belə bir istinad yoxdur. Səbəbini özümə aydınlaşdırmaq üçün povesti üçüncü dəfə oxuyanda əsərin İncillə əlaqəsini tapdım.

Deyingən, zəhlətökən arvadı xəstələndiyinə görə də İvan İliçi günahkar bilir, evdəki dinc mühitə xələl gətirdiyi üçün onu qınayır (guya İvan İliç məhz arvadının dincliyini pozmaq üçün xəstələnib), bu səbəbdən onu zor-güc məşhur bir həkimin qəbuluna göndərir. Bax elə bu səhnədə əsərin dini mahiyyəti açılır.

Tolstoy yazır ki, İvan İliç müttəhimlərlə necə davranır, onları nə sayaq, hansı ədayla sorğu-suala çəkirdisə, həkim də onunla eynən elə davranır, onu ölümə məhkum zavallı bir məhbus kimi dindirirdi!

Bu, artıq ilahi məhkəmədir, həkimin timsalında onu Allah özü mühakimə eləyir!..

Həmin yerə çatanda İsa peyğəmbərin dağüstü moizəsindən bir ayə qulaqlarımda səsləndi: “Suçlamayın ki, suçlanmayasınız; başqasına hansı hökmü versəniz, özünüzə də həmin cəza kəsiləcək”.

Bu məqam, bu səhnə, zənnimcə, povestin açarıdır.

***

Ölüm səhnəsi Tolstoyun çox əsərində var, çünki ölümün mahiyyəti onu hər mövzudan artıq düşündürürdü. Əgər “Hərb və sülh” romanında ölüm knyaz Andreyin üzünə əbədiyyət aləminin qapılarını açır, onu həqiqətin dərkinə aparıb çıxarırsa, İvan İliçin tədrici ölümü onun dünyayla bağlarını bir-bir qırır, onu yalan üstündə qurulmuş daha bir oyuna salır. Xəstə məmur ona pul ağacı kimi baxan arvadına, atasının əzablarına görə təqsirkar olmadığını dilə gətirməklə vicdanını ovudub özünə bəraət qazandıran qızına belə nifrət bəsləyir. Knyaz Andreyin üzünə cənnət darvazalarını açan ölüm onun üzünə bütün qapıları bağlayır.

İvan İliç istəyir ki, adamların ona canı yansın, kimsə ona rəhm eləsin, mərhəmət göstərsin, kiminsə dizinə başını qoyub hönkürə bilsin. Fəqət düzgün yaşanmamış ömründə məhkəmə müstəntiqi belə bir kapital toplamayıb, buna görə də indi onun əcəllə alverə girməyə, ruhuna sərmayə qoymağa heç bir mənəvi sərvəti yoxdur. İndi o, canının sağ vaxtında bəlkə heç adam yerinə qoymadığı nökəri Gerasimin şəfqətinə möhtac qalıb. Ona yalan danışmayan, onu aldatmağa çalışmayan, eldən gələn bir səmimiyyətlə “gec-tez hamımız öləcəyik” deyib ağasına təsəlli verən tək adam Gerasimdir - “Hərb və sülh”dəki Platon Karatayevin varislərindən biri, “Mumu” qəhrəmanının adaşı. Tolstoy həmişə olduğu kimi burada da xalq ruhuna, el müdrikliyinə rəğbət bəsləyir, öz qəhrəmanına da ölüm ayağında məhz bu dərmanla, iksirlə azacıq dinclik, rahatlıq verir.

Müəllif göstərir ki, insanın ölümü onun yaşadığı həyatın məntiqi sonluğudur. Necə ömür sürmüsənsə, elə də öləcəksən.

***

İyirminci əsrin böyük filosofu, ekzistensializmin atalarından sayılan Martin Haydegger deyirdi ki, insanın gerçək mahiyyəti ölümüylə təkbətək qalıb göz-gözə gələndə açılır. Ölümün hüdudsuz üfüqləri, yoxluğun sonsuz boşluğu qarşısında fərd öz ekzistensiyasını həm ifadə, həm dərk eləyir.

Ömrü boyu saxta, yalan gerçəkliklər arasında baş girləmiş, insanları suçlamaqla eqosunu bəsləmiş məhkəmə məmurunun indi bir qarışqanın taleyinə hökm verəcək qədər gücü, səlahiyyəti qalmayıb. İndi onun özünə ölüm hökmü kəsilib. Əcəlin müdaxiləsiylə həqiqət zühur eləyib, maya örtüyü İvan İliçin üzündən götürülüb.

Ölüm onun varlığını yalanlardan soyundurub İvan İliçi çılpaq mahiyyətiylə üz-üzə qoyub. Məlum olur ki, onun nə dostu var, nə də doğması. Əslində, hamı onun tezliklə ölüb qurtarmağını gözləyir, hərçənd üzdə təskinlik verib sağalacağını deyirlər. Həmkarları onun xatirinə adicə kart oyununu, qumar məclisini belə təxirə salmırlar. Arvadını isə narahat eləyən tək bircə məsələ var: görəsən, ərinin çəkdiyi əzabların hesabına onun təqaüdü az da olsa artırıla bilərmi?

Qəribədir ki, İvan İliçin başına gələn qəza məhz ən sevincli günündə, gücünün, qüdrətinin, rifahının zirvəyə çatmaqda olduğu bir məqamda onu tapır. Bu, nəyə işarədir - həyatın bizə şərbətlə zəhəri, nəşəylə ələmi bir qabda verdiyinəmi, yoxsa maddi nemətlərin, dünya malının etibarsızlığınamı?..

***

Əgər Tolstoy pessimist bir mütəfəkkir olsaydı, Allaha, ruha, əbədiyyətə inanmasaydı, bu povesti ən bədbin bir əsər kimi, tutalım, Kafkanın soyuq, qaranlıq fəzasında sönük ulduzlar sayağı dövr eləyən əsərlərdən biri kimi yozardıq: insan ölümə məhkumdur, kainatdan heç bir çıxış yolu yoxdur, həyatın sonu faciədir, yaxşı, ya pis yaşamağın aqibəti eynidir. Fəqət Tolstoyun povesti nə qədər ağır, nə qədər bədbin, nə qədər depressiv olsa da, süjet arxasından müəllifin amansız hökmü aydın eşidilir: imanla, inancla yaşanmayan ömrün sonu beləcə puçdur, insan bütün həyatını ölümün məşqi kimi yaşamalıdır.

İvan İliç ömrünü doğru-düzgün yaşadığına özünü inandırmağa çalışsa da, alınmır, son nəfəsində yanlış həyat sürdüyü ilə barışmağa məcbur olur. Gimnazist oğlu huşa getmiş yarımcan atasının əlini öpüb göz yaşı tökəndə İvan İliçin qəlbində ona dərindən dərin, müdhiş bir mərhəmət, şəfqət baş qaldırır. Bəlkə də o, həyatı boyu heç kimə belə acımayıb. Bu mərhəmət onun əzablarını yüngülləşdirir, əcəl qarşısında tərksilah olunmuş yaralı canını tənhalıq cəhənnəmindən az da olsa qurtarır.

Oğlunun göz yaşları onun can verməsi üçün bəlkə də sonuncu şərt, son təkan olur. Övladının göz yaşında islanıb yuyunan ata, ola bilsin, bu dünyadan arınıb gedir...

***

Sonda İvan İliç ağrısını, əzabını unudur, daha doğrusu, ölüm ağrı mərhələsini keçir, ölümcül xəstə cismani həyatla ruhani həyat arasındakı neytral zolağa girir. Burada artıq nə ağrı var, nə əzab, nə ölüm var, nə də ölüm qorxusu. Vahimə saçan “Arzamas xofu” burada müdhiş qüdrətini, zəhərli təsirini itirib gücdən düşür.

Əvəzində ölənin gözünə işıq tutan nur topası var. Başının üstünü kəsdirənlər üçün canvermə prosesi hələ iki saat da çəkir, ancaq İvan İliçdən ötrü ölüm artıq geridə qalıb. Kimsə “Qurtardı” deyəndə İvan İliç ürəyində onu təkrar söyləyir: “Bəli, ölüm qurtardı, daha ölüm yoxdur”.

...Qədim stoiklər də deyirdilər ki, ölüm insana həyatla birgə verilir, həyat tükənəndə ölüm də bitir. Eynən İvan İliçin ölümü kimi.

“Yeni Azərbaycan” qəzeti