YeniYaz.Az “Gənclik kürsüsü” layihəsindən gənc yazar Orxan Saffari ilə müsahibəni təqdim edir.
- Orxan, hərbi xidmətin necə keçdi?
- Hərbi xidmətin olduqca çətin, ağrılı, əzablı və bir o qədər də şərəfli keçib. Şərəfli ona görə deyirəm ki, ön cəbhədə olmuşam, düşmənlə üzbəüz ən yaxın postda, 15 metr məsafədə xidmət aparmışam. O cümlədən başqa postlar, əzab-əziyyətlər. Üstəlik yayın ortasında qar, dolu, 30 dərəcəyədək şaxta. Ümumiyyətlə, əsgərin nə kimi çətinliyi ola bilərsə, ən yüksək səviyyədə yaşamışam. Nəinki mənə, bütün əsgər, “maxe”, gizir-zabit heyətinə də olduqca çətin idi. Ancaq hər şeyə rəğmən indi bitirdik, gəldik, yenidən sevdiklərimizin, dostlarımızın yanındayıq.
- Hərbi xidmət yazmaq üçün sənə hansı mövzuları qazandırdı?
- Çox mövzular. Deyim, ancaq hərbi həyatı, yox. Oradan çoxlu yazılar yazmışam onsuz da xidmətim var. Nədən yaza bilirdimsə, ondan. Amma hərbi mövzular da əlavə olunurdu təbii. Yəqin hələ uzun müddət, bəlkə ömür vəfa eləsə, 50 il sonra yazacağım bir yazıda da əsgərlikdən detal olacaq. Bu baxımdan əsgərlik həyatı bir yaradıcı adam üçün xüsusi mərhələdir. Xırda bir hadisə danışım. Laçının Hoçaz kəndinə xidmətə getmişdik. Rəhmətlik Rövşən Cavadovun evi də ordadır. Təbii ki, uçuq formada. Bir dəfə orta təhsilli uşaqlara Rövşən Cavadovum xidmətlərindən danışdım, hərəyə bir siqaret çıxardıb yandırdıq. Sonra mən hərdən gedib o evdə oturub yazı yazırdım. Romantik mühit qurmuşdum özüm üçün. Döyüşçü bir yazıçı, əfsanəvi döyüşçünün işğalda olan evində 30 il sonra bu formada oturub yazı yazır. Mənim üçün əvəzsiz xatirə, maraqlı andır.
- Hansısa hekayə tipli bir xatirən necə, qalıbmı?
- Hələ ki, bir hekayəm var, onu da yayımlamamışam. Esselərim, köşələrim daha çoxdur. Hekayə detalları isə beynimdə hələ də xidmət aparır. O detal isə postla bağlıdır. Yarı gerçək, yarı xəyal bir hekayəm var. Yəqin, kitablarımdan birində dərc etdirəcəyəm.
- Hərbi xidmət sənə nələri qazandırdı, nələri itirdin?
- Hərbi xidmət elə bir ab-havadır ki, əvvəllər kimsə danışanda istehza ilə qarşılayırdım - bir il, il yarım müddətində nə dəyişir ki? Səni fərqləndirən əynindəki yaşıl formadır... Amma yox, gedəndən sonra bir çox düşüncələrim dəyişdi. Mənim burada çox dostlarım, əzizlərim var, hətta bir insan var idi, düşünürdüm ki, həyatda mənə ən yaxın adamdır. Ancaq gedəndən sonra gördüm ki, heç nə dəyişməsə də, o mənə düşündüyüm qədər yaxın deyilmiş. Halbuki heç nə baş verməmişdi, əsgər nədən inciyə bilər? Axtarılmamaq, soruşulmamaq, görüşməmək, ehtiyacı olanda yanında olmamaq... Amma heç bunlar da deyil, sadəcə şəraitin o qədər sərhədli olur ki, düzdür, bir azadlığın da olur və o azadlıq və o sərhədlə birlikdə qalırsan bir çərçivənin ortasında. Bu qəribə situasiyada düşünməyə o qədər xeyli vaxtın olur, çox şeyin mənasız olduğunun fərqinə varırsan. Ən xırda bir şeyin həsrətində olduğun üçün o şeyin həm böyüklüyü, həm də mənasızlığı gəlib gözünün önündə durur. Qazandırdığı çoxlu dostlar məktəb dostlarından, universitet dostlarından çox fərqli olur. Çünki birlikdə çox əziyyət çəkirsən və çox xatirən olur. İtirdiyim isə vaxt... Düzdür, bu bir az kobud səslənir, ancaq gənclikdə bu qədər qısa görünən vaxt da dəyərli olur. Dostlar itirdim, yaxınlar itirdim, hər halda itirdiyim şeylər də çox oldu. Təəssüf və nə yaxşı ki.
- Yəqin ədəbi mühiti izləyirdin. Kimlərin yazıları xoşuna gəlirdi, kimlərin isə yox?
- Əvvəl kimlərin yazılarını bəyənib oxuyurdum, istedadına bələd idimsə, çox şükür, onlar öz keyfiyyətini itirməyiblər. Amma bəzi dostlarımla bağlı böyük xəyal qırıqlığı yaşadım. Onları çox dəyişkən, daha dəqiq, yaltaqlıq edərkən gördüm, hansı ki, məclislərdə oturub söhbət edəndə arxasınca danışdığı, “istedadsız” dediyi adamlara mədhiyyələr yazırlar. Düşünürdüm ki, bu bir ildə bu dostlar niyə belə dəyişiblər? Onları dəyişməyə nə vadar edib? Görəsən, həmin bir ildə burada olsa idim, necə? Elə bilirdim, mən bir ildir burada yoxam, proseslərdən müəyyən qədər fiziki mənada kənarda qalmışam, bəlkə də elə belə də olmalı idi. Amma yox. Təəssüf edirəm ki, yaltaqlığa meyllənən dostlarım oldu, bu hətta davam etdi. Sürətli şəkildə də irəliləməyə davam edirlər. Bəlkə də, bu yol onlar üçün, həqiqətən də doğru yoldur? Az sayda dostlar isə hələ də yerindədir. Ədəbi mühitdə hər cür adam var. Əvvəl yaltaqlananlardan bəziləri gördüm ki, bir balaca “kişiləşiblər”, haqq yoluna gəliblər.
- Bəs həmin yaltaqlananlara sözün nədir? Nə demək istərdin?
- Nə deyim, yaltaqlanmağa davam etsinlər. Uğurlarının davamı kəsilsin. Onlarla elə davranmaq lazımdır ki, görsünlər ,ədəbiyyatı çirkləndirirlər, ləyaqətlərini, tərəflərini satırlar, sözlərini satırlar. Bəs söz müqəddəs idi?! Ona görə üzülürəm ki, sözün müqəddəsliyini bilənlər belə davranırlar. Elələri var ki, onlara heç üzülmürəm, sadəcə bəzi dostlar... Onların hərəkətlərini ifadə etməyə istedadım belə çətinlik çəkir. Ancaq peşəsi yaltaqlıq olanı mərd hərəkət edən görəndə təəccüblənirəm. Sənin sənətin budur, get çörəyini qazan.
- Bundan əvvəl başqa bir müsahibəndə qeyd etmişdin ki, hazırda gənclər arasında ədəbiyyatda inkişafdan söhbət gedə bilməz. Fikrin dəyişib?
- Hələ də o fikirdəyəm. Xüsusi dəyişiklik görmürəm. Sadəcə kitablar çap olunub. Bunu isə dəyişiklik kimi dəyərləndirmək olmaz. Azərbaycan ədəbiyyatında olan gənclərin istedadlıları, əlbəttə, var. Mən öz ədəbiyyatını pisləyənlərə yaxşı baxmıram. Mənim sözüm münbit şəraitlə, ölkədəki durumla əlaqədar idi. İndi də ədəbiyyat çökmüş vəziyyətdədir, gənclərin də əlindən nələrisə dəyişmək gəlmir.
- İkinci dəfə kitab çıxarmaq fikrin varmı?
- Var, əlbəttə, var. Hətta həvəsliyəm. Mən hərbi xidmətə getməmişdən əvvəl gedib-gəlmiş ədəbiyyatçı dostlarım deyirdilər ki, gələndə həvəsin öləcək. Bu təxminən, sevgi şeirləri yazan şairin evlənəndən sonra arvadının şeir yazmağa qoymamasına bənzəyir. Deyirdilər, gələndən sonra depressiya yaşayacaqsan, amma mən əksinə, daha enerjiliyəm. Hətta bir kitablıq materialları yığıb saxlamışam, ilk fürsətdə çap etdirəcəyəm. Əvvəl fikrim var idi ki, sırf əsgərliklə bağlı kitab hazırlayım. Sonra düşündüm ki, bu oxucuya o qədər də maraqlı olmaz, sadəcə mənim özümə maraqlıdır. Ancaq əsgərliklə bağlı şeirlər, mətn, köşə yazılarım olacaq. Şeir kitabı çap etdirəcəyəm, düşünürəm, bu, son olacaq. Çünki şeir yazmaq artıq mənim üçün bitib, özümü artıq şair hiss etmirəm. Bir az qeyri-təvazökar çıxsa da, hazırda bir çox şairdən daha yaxşı şairəm, amma ədəbiyyatda özümü nəsrə daha çox aid edirəm, burda özümü daha çox inkişaf etdirə bilərəm. Ancaq itib-batmasın deyə, xatirə kimi şeir kitabı da çap etdirəcəyəm. Esselərim, hekayələrim olacaq. Roman ilə bağlı isə fərqli düşünürəm, məncə roman yaş hadisəsidir. 30 yaşdan aşağı roman alınmır, mənim üçün yaşla bağlıdır ,gənclik romanı isə yazmaq istəmirəm. İstəmirəm, bir qədər uğursuz alınsın. Hekayələrim roman məşqlərimdir.
- Hərbi xidmət vaxtı saytda işlədiyin dostların sənin yazılarını yayımlamaq üçün hansısa maneə törətmirdilər ki?
- Yox, maneəni mən törədirdim. Elə yazılar vardı ki, yazmaq istəsəm də, hərbi xidmət vaxtı yaza bilmirdim. Çünki onlar hərbi sirr sayılırdı. Post haqqında söhbətlər, düşmənlə mübahisələr –elə şeylər var indi də yaza bilmərəm, çünki cinayət sayılır, belə yazılar üçün tutulmaq istəmirəm. Dostlarım nəinki mane olmaq, yazılarımı verəndə dəfələrlə soruşurdular ki, bu sənə problem yaratmaz ki?
- Son olaraq, gənc həmkarlarına nə arzulayırsan?
- Gənc həmkarlarımdan əsgərlikdə olmayanlara hərbi biletinin olmasını, əsgərlikdə olmağı arzu edirəm. Nə qədər “neqodnı" kimi fırlanmaq olar? (Gülür) Sağlam olduğu halda 3 min 500 verib özünü saxlatdıranlara mən 3 min 500 metr yüksəklikdən çoxlu salamlar göndərmişəm. Mümkünsə onlar da “vaxt itkisini”, o əziyyətləri yaşasınlar. Bu düşməncəsinə bir arzu deyil, bu həmin günləri görmüş bir adamın arzusudur. Onlar da dəyişəcəklər. Ədəbiyyat sahəsində də şablon olaraq uğurlar arzu edirəm. Halbuki bu sahədə uğur elə uğursuzluqdur. Bizim cəmiyyətdə ədəbiyyatda uğur qazanan həyatda çox şeyi itirir, çox şeydən məhrum olur. O məhrumiyyətləri onlara maksimum şəkildə az arzu edirəm.
Nizami Bayramlı