Rusiya-Ukrayna hadisələrinin bütün əsəblərimizi tarıma çəkdiyi bu günlərdə fikrimi bir az dağıtmaq üçün kitablara baş vurdum. Qarşıma elə bu hadisələrlə qəribə şəkildə səsləşən bir Çin əfsanəsi çıxdı. Qısa məzmunu belədir.
Müqəddəs Daş dağının ətəyində yerləşən kəndin sakinləri bir səhər yuxudan qalxıb günəşin yoxa çıxdığını görürlər. Ətraf qaranlığa qərq olub, hər yanda qorxulu əcinnələr dolaşır. Bitkilərin rəngi saralıb, əkin-biçin məhv olub.
Aclıqdan və soyuqdan qırılacağını düşünən insanlar təşviş içində 180 yaşlı müdrikin yanına qaçırlar. Müdrik deyir, Şərq dənizinin dibində yaşayan Pislik Kralı günəşi oğurlayıb!
Kəndin igid oğullarından biri irəli çıxıb günəşi xilas etməyə gedir. Anası boynuna sarılaraq övladına halallıq verir, bəlalardan qorunmaq üçün saçlarından hördüyü köynəyi onun əyninə geyindirir.
Yola düşər-düşməz səmadan Qızıl Səməndər quşu uçub gəlir, igidin çiyninə qonur, Günəşi xilas etmək yolunda ona bələdçilik edir.
Kənd sakinləri Müqəddəs Daş dağına qalxıb səfərə çıxanları izləməyə çalışırlar, amma qaranlıqda heç nə görə bilmirlər.
Pislik Kralının əcinnələrdən ibarət qoşunu gəncin yoluna sərt kol-koslar çıxarır. Anasının saçlarından hördüyü köynək nə qədər dözümlü olsa da, bir neçə yerdən sıyrılır.
İgid kol-kosu çətinliklə keçib bir kəndə çatır. Kənd sakinləri onu xoş qarşılayır. Niyyətini bilən kimi qadınlar yığışıb ağlı-qaralı saçlarından çəkərək köynəyin sıyrılan yerlərini təzədən toxuyurlar.
İkinci sınaq qan donduran soyuq nəhri keçməkdir. Qızıl Səməndər quşu soyuqdan donur. İgid oğlan anasının toxuduğu köynəyə daha möhkəm sarılır. O, imkan tapıb Qızıl Simurq quşunu da qucaqlayır, onu da ölümdən xilas edir.
İkinci kəndin kişiləri Günəşi azad etməyə gedən cavan oğlana bir ovuc torpaq bağışlayırlar. Deyirlər, qanımızla, göz yaşımızla və alın tərimizlə suladığımız bu torpaqdan dəyərli heç nəyimiz yoxdur.
Kəndi keçər-keçməz böyük bir dənizin sahilinə yetişirlər. Oğlan hansı tərəfə gedəcəklərini bilmir. Lap bilsin, dənizi üzüb keçmək asandırmı? O, heybəsindəki bir ovuc torpağı dənizə səpir, dəniz dalğalanır və hər torpaq zərrəsi bir adaya çevrilib suların ortasınacan uzanır. Adadan-adaya üzürlər. Sonuncuya çatanda ada dənizin dibinə batır.
Pislik Kralı burda yaşayırmış!
Dənizin altında onun mağarasını tapırlar və vuruşma başlayır. Vuruşa-vuruşa gah dənizin üzünə çıxır, gah dibinə yenirlər. Dənizdə görünməmiş fırtına qopur. Hər ikisi yorğun düşüb bir kənarda uzananda Qızıl Simurq quşu fürsəti itirməyib Pislik Kralının gözlərini dimdikləyir. Kor olmuş kral qalxıb hikkə ilə özünü ora-bura çırparaq öldürür.
Cavan oğlan dənizin dibindəki mağaranın ağzına qoyulmuş nəhəng daşı kənara çəkir, Günəşi mağaradan çıxarıb son gücünü sərf edərək onu suyun üzünə qaldırır. Lakin bu ağırlığa dözə bilmir, dalğaların üzərində canını tapşırır. Ölən kimi ulduza çevrilib səmaya çəkilir.
Bu vaxt Qızıl Səməndər quşu Günəşin altına girməyə imkan tapır və nəhəng qanadlarını çırparaq onu yuxarı qaldırır.
Müqəddəs Daş dağına toplaşan kənd sakinləri əvvəlcə səmada parlaq bir ulduz, ardınca Qızıl Simurq quşunun üfüqdə əvvəl bənövşəyi, sonra qırmızı, daha sonra sarı rəngə düşən qanadlarını görürlər. Ardınca günəş boy göstərir. Sudan aralanan kimi özü hərəkət etməyə başlayır. Hər yan işıqlanır, Pislik Kralının əcinnələri olduqları yerdəcə daşa dönürlər.
Müqəddəs Daş dağının başına toplaşan insanlar sevinc göz yaşlarını saxlaya bilmirlər.
O gündən səhərlər həmişə belə açılır: əvvəl şərqdə iri bir ulduz görünür, sonra üfüq al-əlvan rəngə boyanır, ən axırda qızılı günəş boy göstərir...
Çin əfsanəsi burda başa çatır...
...Ukrayna əfsanəsi başlayır.
Günəşi oğurlamayın!
Bunu onsuz da bacarmayacaqsınız. Günəşi oğurlamağa çalışanların özü əvvəl-axır qaranlığa gömülür. Əfsanələr yalan danışmır. Sadəcə elə böyük həqiqətlərdən söz açır ki, eşidəndə əvvəl-əvvəl adamın inanmağı gəlmir.
BakuPost