Futbol üzrə milli komandamız, səhv etmirəmsə, Fransa millisi ilə qarşılaşandan sonra stadionda səhv anlaşılan bir hadisə baş vermişdi: Fransa komandasının üzvü formasını çıxararaq “fair-play qaydalarına uyğun olaraq azərbaycanlı həmkarı ilə dəyişmək istəyib. Bizimki isə bundan imtina edib. Fransızlar əvvəlcə məsələni kobudluğa yozublar. Sonra bəlli olub ki, oyunçumuzun cəmi bir dəst paltarı var, onu da fransızın birinə versə, qalacaq belə...
Bu şərtlər altında uğur qazanmaq idman hadisəsi deyil, qeyrət məsələsidir.
Fikir verin, əksər futbolçular 11 metrlik cərimə zərbəsini vura bilməyəndə azacıq təəssüflənib heçnə olmamış kimi oyuna davam edirlər. Ancaq Toral Bayramov “Bayer Leverkuzen”ə penalti vurmağa hazırlaşarkən aldığı nəfəs və üz ifadələri onun çiynində nə qədər yük olduğunu açıq göstərirdi. Düzdü, zərbə qolla nəticələndi, ancaq qol olmasaydı...
Toral yaxşı hiss edirdi ki, top tora qovuşmasaydı, az əvvəl endirdiyi zərbə onun taleyinə dəymiş olacaqdı.
Çətin illərdə baş məşqçilərimizdən biri stadionda müsahibə verərkən “komandanızın hansı problemləri var?” sualına belə cavab vermişdi:
- Uşaqlar acdı.
Xeyli gülüb, ardınca hönkür-hönkür ağlayası vəziyyətdi.
İki ay qabaq paraatlet Lamiyə Vəliyeva dünya çempionu oldu. Hamımız sevindik, ancaq Lamiyənin finişə doğru qaçışını “slow-motion” izləyərkən onun arxasında qaçan paraatletləri görəndə gözüm yaşardı.
Onların qaçışlarına baxanda hiss olunurdu ki, əcnəbi idmançılar həqiqətən də idman cığırında olduğunu düşünürlər, bu dairənin bir idman arenasında dəqiqliklə cızılmış yumru xətlər olduğunun fərqindədirlər. Lamiyə üçün isə qaçdığı o zolağın o başında Azərbaycan var. Məni kövrəldən məqam isə Lamiyənin ardınca qaçanların hamısının ondan daha çox idmançı görünüşə sahib olmaları idi. Onlar hamısı idmançıya oxşayırdı, Lamiyə isə bizə oxşayırdı, özümüzə.
Yanıla bilərəm, ancaq görüntüdən aydın olur ki, Lamiyəni təqib edən idmançıların üzərində iş görülüb, onlara bir idman layihəsi kimi baxılıb, ailə vəziyyətindən, qidasından tutmuş bütün ehtiyacları idmançı müstəvisində yoluna qoyulub. Yenə deyirəm, Lamiyəyə göstərilən qayğının zəif olduğunu iddia etmirəm, yazımın mövzusu birbaşa bu deyil, mövzum bizim əsrlərdir məhrumiyyətlərin təqibində uğur qazana bilmə bacarığımızdır.
Biz özümüz də bu bacarığın layihəsiyik.
Məhz bu modeli dünya bizdən öyrənə bilər.
Xalq yazıçısı Mövlud Süleymanlının “Köç” romanının paralel xəttində bir elatdan danışılır; o elat at belindən düşmür, at belində ömrünü köçdə yaşayır. Onlar deyir ki, biz atdan düşən kimi öləcəyik, öləri olacağıq. Onlar ancaq Günəşi təqib edirlər və daim yaz fəslində yaşayırlar. Bu dünyada bahar qədər möhtəşəmlik varsa, “o gözəlliyin bir tikəsi də yerə düşməli deyil”, baharı son damlasına qədər qənaətlə yaşamaq lazımdı, onun bir gününü də boşa vermək olmaz. Çünki insanın bu dünyada yalnız bir dəfə yaşamaq haqqı var, iki dəfə, üç dəfə yox. Bahar ideyasını bayraq edən elat at belində yaşamağı öyrənir, bütün işlərini at belində görməyi bacarırlar.
Lamiyənin qalıb olduğu həmin videonun sürətini azaldıb baxanda, onun arxasınca qaçan hazırlıqlı rəqiblərinə, atlet gövdələrinə və onlardan qabaqda qaçan bizim qıza baxanda dəfələrlə ağlamışam. Hamısından gözəl, zərif Lamiyə bu zərifliyi fonunda onları ötməyi də bacarır. Son addımını isə sanki ürəyindən çıxarıb atır.
Bu, Lamiyənin iddiası idi.
Bu, Lamiyənin istisnası idi.
Azərbaycan Lamiyə kimi hüququndan keçən əsgərlərin alayıdır.
Bütün gözəl istisnaları bacaranların ölkəsi!
Qovmaqla yox, qaçmaqla qalib olanların ən gözəli!
Qaç, Lamiyə, qaç!
Qafqazinfo