Qadında həmişə tuz-kozurdur!

Qadında həmişə tuz-kozurdur!

13 İyun 2022 09:52 747



Mehman Qaraxanoğlu

Esse

Tərcümə sənəti yabançı qonaqları qarşılamaq kimi bir şeydir. Burada hər kəsi status və təyinatına görə nəzakətlə öz yerində oturtmaq çox vacibdir. Əgər qonaqların gəldiyi şəhər və ya əyalətin coğrafiyası, etnopsixoloji xüsusiyyətləri, mühiti, bir sözlə, ümumi kontekst tərcüməçiyə bəlli deyilsə, məsələ xeyli qəlizləşəcək...

Yəqin ki, “İqor polku haqqında dastan”da Svyatoslavın yuxusu yadınızdadır. O yuxunun yozumu bir yana, onun çağdaş rus dilinə tərcüməsi də daima mübahisə predmeti olub, nəhayət, Oljas Süleymanov “Az-Ya”da o mətnə aydınlıq gətirir. Sən demə, ümumən, dastanda və konkret olaraq “Yuxu”dakı türkizmlərin bolluğu bəzi bədxah rus tədqiqatçılarının yuxusunu qaçırmış, onlar bilərəkdən, ya bilməyərəkdən həmin leksemləri istənilən səmtə yozurlarmış. “Çölçülərin arıq və dul arvadları sinəmə göz yaşları tökür (mirvari – göz yaşı), məni əzizləyirlər”. (Oljas Süleymanov. “Az-Ya”. Səh: 55) Cümlənin əvvəlki variantına baxın: “Kafir yadellilər içi boş sadaqdan sinəmə iri-iri mirvari səpir, məni əzizləyirlər”. Gülünc mənzərə göz qabağındadır. Qənaətimiz qətidir: Tərcümə sənətində təkcə dili bilmək azdır, çox hallarda sözlərin etimoloji-semantik kökünə də gedib çıxmağı bacarmaq lazımdır.

Bugün bizdə diskursun qaynar quyusuna enən, quyu başında duran qardaşlarına: - Alov qarsalasa da, məni yuxarı dartmayın - deyən xeyli sayda istedadlı tədqiqatçı-tərcüməçilər yetişməkdədir. Mən məntiqi vurğunu məhz “tədqiqatçı” sözünün üzərinə salmaqla, tərcüməçinin universal biliyi və erudisiyasını qabartmaq istəyirəm. Elvin Abbasbəyli məhz belə geniş diapazona malik olan istedadlı tərcüməçilərdəndir. Monqol dilindən – orijinaldan ana dilimizə ədəbi nümunələr çevirən ilk müəllif kimi tarixə düşən Elvin bəy bu yaxınlarda Batnasan Qanhuunun pritça ruhunda olan “Yeni başlanğıc” hekayəsini də çevirib oxucuların ixtiyarına vermişdir. Səhv eləmirimsə, bu, Elvin bəyin orijinaldan çevirdiyi dördüncü hekayədir. Bundan əvvəl Davaadorj Enxboldbaatarın “Dekabr qızı”, Maqvan Erdenebatın “Portret”, Bayanmönx Çoojçuluunçeçeqin (Баянмөнх Чоожчулуунцэцэг) “Güzgü effekti” hekayələrini də yüksək professionallıqla dilimizə çevirmişdir.

Kiçik bir haşiyəyə ehtiyac duyuram; ədəbiyyatın kollektiv bir sənət olmadığı hamıya bəllidir. Amma bu da bir həqiqətdir ki, başlanğıcda kollektiv sənət kimi yaranan incəsənətin əksər növləri, o cümlədən, ədəbiyyat sonralar öz təyinatını dəyişmiş, xəlvətiliyə - fərdiliyə meyillənmişdir. Tutaq ki, biz konkret deyə bilmərik ki, hər hansı mifoloji mətnə fərqli zaman sürələrində kimlərin nəfəsi dəyib, kimlər diskursa hansı sözlərü əlavə edib, hansılarını pozub? Uşaq kimi düşünürəm ki, əgər “Dədə Qorqud” eposu günümüzəcən yazıya alınmasaydı, onun 12 deyil, bəlkə də 112 boyu yaranar və əsrarəngiz bir tablo bərq vurardı; bütün zaman sürələri eposda əl-ələ verib rəqs edərdilər. Sanki öz əlimizlə eposdakı sonsuzluğun - qeyri-səlis məntiqin qarşısını almışıq... Mənim Elvin bəylə ədəbi əməkdaşlığımda da həmin təmənnasız ilkinlik faktoru dayanır, sanki biz qədim əcdadlarımızın bizə miras qoyub getdikləri o kollektivçilik ruhunu ikilikdə davam etdirmək istəyirik. Özümü çox xoşbəxt sayıram ki, həmin ruh qabağıma düşüb məni digər istedadlı sənətçilərlə da əməkdaşlığa aparıb çıxarıb...

Batnasan Qanhuunun “Yeni başlanğıc” hekayəsində göstərilir ki, baş verə biləcək bütün faciəvi gözlənilməzlikləri göz altına alıb, özünü kanatla körpünün sürahisinə bağlayıb havadan asılı vəziyyətdə qalan personaj (sənətkar!) sütunların birində nəhəng bir qrafit çəkməlidir. Ən qəribəsi odur ki, rəssamlıq alətləri ilə dolu çantanı özü ilə daşıyan rəssam həm də bütün bunları kaskasına bərkidilmiş zəif fənər işığında eləməliydi. Sənətkarın üzləşdiyi çətinliklər göz qabağındadır. Amma o təhlükələrdən çəkinib eləmədən öz işini görür. Bir tərəfdən də, insanlar onun çəkdiklərini silirlər. Maraqlıdır ki, o usanmır, sözügedən sənətin şəhərdə populyarlıq qazanmasında misilsiz rol oynayır. Lakin insanların ona etdiyi bütün pisliklərə rəğmən sənətkarın dilindən verilən aşağıdakı cümlə adamı lap heyrətləndirir: “Ümumilikdə insanlar tənbəldir. Onlar üçün vacib yerlərdə olmadıqca mənim qrafitlərimi silmirdilər”. Heyrətlənirəm, böyük zəhmət və çətinliklər bahasına ərsəyə gələn sənət əsərlərinin insanlar tərəfindən yeri gəldi, gəlmədi sildiklərinə rəssamın münasibəti məni heyrətləndirir. Tez Elvin bəyə yazıram: “- Rica edirəm, orjionala yenə baxın, belə insanlar haqqında müəllif yalnız tənbəl deməklə kifayətlənir? – Hə. – Bəlkə, nəsə qəddar bir şey? – Yox, sənətkar incə ruhlu olduğundan öz həmcinsləri haqda başqa sözlər işlətməz”. Elvin bəyin məsələyə bu cür – monqol çöllərinin genişliyindən yanaşması məni heyran edir...

Hekayə qəhrəmanı insanlar haqqında yalnız yaxşı şeylər düşünür. “Silinənlərdən daha çox qalanları saymaq daha yaxşı olardı”. Hətta bəzi qrafitlərinin çəkilidiyi gündə silinməsi də onu sevdiyi işindən usandırmır. Sübh çağı yeni işini tamamlayan rəssam kanatı boşaldıb rəsminə verdiyi: “Hər kəsin kainatı yoxdur” ad-cümləsində “i”-nin yazılmadığını görür və “i”ni yazmaqla onun körpü altından gur axan çaya yıxılmağı bir olur. Təbiətlə iki günlük mücadilə nəticəsində sağ qalan sənətkar, əslində, kanatı aldığı satıcı qızdan da son “pisliyi” görür, çünki qız onu inandırmışdı ki, kanat kifayət qədər möhkəmdir. İnsanlardan gördüyü bütün bu pisliklərə rəğmən sənətkar yalnız bircə dəfə öz-özünü qınayır: “Buna həqiqətən də ehtiyac var idi?” Bu o qədər ani bir hiss olur ki, uzaqdakı dağların seyri ona hər şeyi unutdurur.



Hekayə sanki dünya şöhrətli linqvistik Ferdinant de Sössürün aşağıdakı fikrini təsdiq edir: “Dil yalnız özünün xüsusi nizamına tabe olan sistemdir”. Bəli, məhz öz nizamına. Tərcümə olunan hər bir əsər də bizi həmin fərqli nizam və sistemlərə aparıb çıxarır. Hekayənin adı da bu qrafik işarələr və ya simvollar sisteminin bir parçasıdır: “Yeni başlanğıc”. Əsl həqiqətdə, burada “yeni” heç nə yoxdu, minillərin paradoksları özünəməxsus ritm və intellektual-psixoloji suallar şəklində zühur edir:

1. Toplum içərisində sənət və sənətkara şüualtı nifrətin genezisi nədir?
2. Cəmiyyətdən gələn disharmonik həmlələrə sənətkarın reaksiyası necə olmalıdır?
3. Sənətkardan fədakarlıq tələb eləmək nə dərəcədə doğudur?
4.Ümumən, sənət fədakarlığa dəyərmi?

Maraqlıdır ki, diskursda bu suallardan heç birinə cavab yoxdur. Həm də “vardır”. Birincisindən başlayaq; Rəsmə verilən: “Hər kəsin kainatı yoxdur” simvolik adın iziylə getsək, sözügedən genezisə çıxarıq. Kainatı olmayanların bir-birinə və toplum halında sənətkara nifrəti başadüşüləndir, çünki məhz sənətkar yüksək qabiliyyət və intuisiyası hesabına hər bir fərdin nəyə qadir olduğunu ayırd edə, onun çoxluq içərisində yerini göstərə bilir. Bu da müəyyən qıcığa səbəb olur.

İkinci suala gəldikdə, sənətkar öz simasında bizə qeyri-adi nümunə təqdim edir; toplumdan gələn həmlələri sevgi ilə qəbul edib, işindən bir an belə usanmamaq nümunəsini. Adamlar rəssamın çəkduiklərini pozur, o isə onlar haqqında çox pozmadıqlarına görə yalnız “tənbəl” sözünü işlədir.

Sənətkardan fədakarlıq tələb etmək hakimiyyətdən gələn məkrli mesajın kütlə içərisinə ustacasına taransferindən başqa bir şey deyildir. Kütlənin nə işinə, gedib sənətkardan fədarkarlıq tələb etsin? Mənsur Həllacları, Nəsimiləri edam ağacının dibinə gətirənlər də onların çox sevdikləri xalqın özü olub həmişə... Hekayə məlum tezisin üstündən sükutla keçir...

Baxaq görək, ümumən, sənət naminə fədakarlıq etməyə dəyərmi? Diskursun yalnız bir yerində rəssamın beynində şimşək kimi yanıb sönən: - “Buna həqiqətən də ehtiyac var idi?” sual-şübhədən başqa biz yuxarıdakı fikri rədd edən heç bir işarətə rast gəlmirik. Həqiqətən, sənət naminə fədakarlıq eləməyə dəyər. Mətnin sonluğu da bu fikri təsdiqləyir.

Son nöqtəni qoyandan sonra Batnasan Qanhuun haqqında əlavə məlumat almaq məqsədilə yenə Elvin bəy Abbasbəyliyə sual ünvanlayıram. Müsahibimin cavabı çox simvolik olur: “Deyilənə görə, həmvətənləri yazıçını başa düşmədiklərinə görə yazmır daha”. İstədim deyəm ki, Elvin bəy, biz onu başa düşməyə cəhdlər etdik. Çatdırın ona. Amma demədim...

Bayanmönx Çoojçuluunçeçeqin (Баянмөнх Чоожчулуунцэцэг) “Güzgü effekti” hekayəsi “emosiyasız” bir cümlə ilə başlayır: “Hər şey bu cür başladı.” İndi son cümləyə diqqət edək: “Bunun eşitdiyim ən son cümlə olduğunu çox yaxşı başa düşürdüm.” İstər-istəməz “bu cür” ifadəsinin arxasınca düşüb gedən oxucu Şərq mədəniyyətinin mistik, sürreal və paranormal qatında oturuşmuş və saysız-hesabsız sirli işarələri özündə ehtiva edən güzgü simvolikasına gedib çıxır. Bizi hekayəni “güzgü üsulu” ilə təhlil etməyə təhrik edən də məhz “bu cür”dür. Kart oynayan insanların hay-küyündən uzaqlaşmaq istəyən hekayə qəhrəmanının heç ağlına da gəlməzdi ki, bu “absurd” qaçış onu daha dəhşətli bir bəlaya salacaq. Qaranlıq otaqda bardaş qurub oturan (Şərq oturuşu!) qız ona: - “Elə şeylər var, insan onları qətiyyən görməməlidir və görməyi də heç istəməməlidir.” - desə də, yenə israr edir, əl çəkmir və sonda qızın bu amansız hökmü ilə üz-üzə dayanır: “Yaxşı. Oldu. İstədiyiniz üçün bu andan etibarən hər şeyi görə biləcəksiniz. Lakin…” İnsanların gözlərinə baxıb orada əks olunanları “oxumaq” istedadına bir andaca yetmək zahirən nə qədər cazibədar görünsə də, sonunun fəlakətlə bitəcəyini ağlının ucundan belə keçirməyən ailəli gəncin sonrakı taleyi, həqiqətən, güzgü effekti yaradır. Ona “dəli” statusunu qazandıran yeni qabiliyyəti hesabına ilk gördüyü həyat yoldaşının gözlərindəki tuz-kozır olur. Ümumiyytələ, kardakı təsvirlər kimi hekayənin içərisindən sürətlə keçən qumar oyunu diskurs stixiyasına qəribə bir ab-hava yansıdır; sanki hamımız əzabları həzzindən çox-çox böyük olan nəhəng və qəddar bir qumar maşınındayıq. Burada əsas işarəni – tuz-kozuru gözləmək mənasızlıqdan başqa bir şey deyildir. Əslində, qadınının gözlərindəki tuz-kozur həm də gənc ərin dəhşətli məğlubiyyətidir. Çünki az sonra həmin təsvirin arxasından evə gec qayıdan qadınının gözlərində yad bir kişi ilə sevişmə səhnələri görünəcəkdi.

Ayaq saxlayın və heç zaman unutmayın: Qadında həmişə tuz-kozurdur!!!

Qədim kitab və kitabələrin bəşəriyyətə ötürdüyü başlıca mesajlardan biri də budur ki, insan hər şeyi görməyə borclu deyildir və buna cəhdlər də olunmamlıdır. Əgər buna can atsaq, dəhşətli spontan (qəfil) konseptlərlə üz-üzə dayanarıq. Necə ki, hekayə qəhrəmanı dayanır: “Bu dünyada hər şey yalan və fanidir… Hamı ikiüzlüdür və əsl xislətlərini saxta təbəssümlərin arxasında gizlədirlər.” Bəs nə etməli? Çıxış nədədir? Çıxış 16-cı mərtəbənin damı ola bilər. Məhz o ucalıqdan uçmaqla hər şeyi sonlamaq olar. Xatırlayırsınızsa, gənc və çox istedadlı yazıçımız Mövlud da on yeddinci mərtəbəni seçmişdi. Onun xatirəsinə həsr olunmuş “Epiloq” hekayəsi (Kamal Abdulla) bizə israrla pıçıldayır: Biz elə bir zaman küpündə və ya küpsüzlüyündəyik ki, burada incan xarakterlərini təftiş eləməyə, sadəcə, vaxtımız yoxdur. Bu tip mətnlərdə konkret ideya axtarmağın özü də ideyasızlıqdır. İdeya istəyirsən, buyur, bu da sənin on yeddinci mərtəbən, bu da sənin ideyan: Mövlud! İdeyasızlıq dünyalarına uçub gedən ideya – Mövlud!

Hər iki çoxsəsli hekayə qəhrəmanı məhz ideyasızlıq vakuumunda görüşə bilər. Və əminəm ki, onlar görüşürlər də. Qaranlıq otaqdakı həmin pijamalı qız da son anda onların üstünə əyilərək pıçıltı ilə deyir: “Sizə dedim axı, hər şeyi bilmək heç nəyə yaramır.”

Nöqtə mətnin qarşısına çıxıb zəif, cılız bədəniylə onu durdurmaq istəyir. Amma mətn nöqtənin üstünə yeriyir. Hiss edirəm ki, Elvin bəydən nəsə soruşmalıyam. Bir neçə dəqiqəlik yazışmadan sonra ikimizin gəldiyi ümumi qənaətlər bunlardır: Monqol mədəniyyəti ilə bizi birləşdirən ortaq genetik cəhətlər lap çoxdur. Dörd hekayənin hər birində - “Dekabr qızı”, “Portret”, “Yeni başlanğıc” və “Güzgü effekti”ndə mifoloji mətnlərimiz və nağıllarımıza xas olan qəribə bir enerjiyə malik simvollaşdırılmış bir dil, bir dil psixologiyası və fəlsəfəsini gördük və “Dilin bütün əsası iliyinə qədər psixidir” – deyən böyük linqvistik İvan Aleksandroviç Boduuen de Kurtenenin ruhuna dualar göndərdik. Və tərcümənin miqyasları qloballaşdıran və semiotik sistemləri “geri çağıran” universial bir sənət olduğuna qəlbən inandıq...