Seymur Baycan
Qara Qarayev mərifətli, təvazökar adamdır. Qara bəy haqqında heç vaxt pis söz eşitməmişəm. Həmkarlarım daima onu yaxşı, sadə, mərifətli bir adam kimi xarakterizə ediblər. Sifətinə baxanda Qara bəyin, həqiqətən, mərifət əhli olduğu hiss edilir. Amma bütün bu yaxşı cəhətlərin mövzumuza bir qram da dəxli yoxdur. Necə deyərlər, cin ayrı, şeytan ayrı. Başqa cür ifadə etsək, malı mala qatmamalıyıq.
Qara Qarayev türk kanallarının birinə ayaqüstü müsahibə verib və öz aləmində guya "türkcə" danışıb.
Nadir istisnaları nəzərə alsaq, onsuz da, futbolçular normal danışa bilmir. Bu, bütün dünyada belədir, amma Azərbaycanda daha çox belədir... Azərbaycanlı futbolçular (ümumiyyətlə, idmançılar) danışanda əzab çəkirlər. İdmançılar, futbolçular adi bir cümləni deyənə kimi gedib o dünyanı görüb gəlirlər. Çünki kitab oxumurlar. Söz ehtiyatları kasaddır. Elə idmançılar, elə futbolçular var ki, ömürlərində bir kitabı əvvəldən axıra kimi oxumayıb. Ömründə bir kitabı əvvəldən axıra kimi oxumayan, söz ehtiyatı olmayan adam necə normal danışa bilər? Əlbəttə, bu çox ritorik sualdır.
Futbolçuları, idmançıları hələlik qoyaq bir kənara. Baş məşqçilər də Azərbaycan dilində normal danışa bilmirlər. Azərbaycanda fikrini, hisslərini bir balaca normal qaydada ifadə edə bilən məşqçi görməmişəm. Qurban Qurbanov, Samir Abbasov, Ayxan Abbasov, Elmar Baxşıyev, Tərlan Əhmədov və bu qəbildən olan digər şəxslər adi bir cümləni deyənə kimi daş qayadan ayrılır. Qurban Qurbanovun cümləsinin əvvəli ilə axırı çox nadir hallarda bir-birini tamamlayır. Əksər hallarda cümlənin əvvəli aladağa, cümlənin axırı isə qaradağa baxır. Çünki o da kitab oxumayıb. Söz ehtiyatı yoxdur. Ət yeyən quş dimdiyindən tanınar. Kitab oxuyan, mütaliə edən adamı da danışığından, istifadə etdiyi sözlərdən, cümlə quruluşundan tanımaq olur. Yuxarıda adlarını sadaladığım adamlar hələ təhsilin azdan-çoxdan mövcud olduğu vaxtlarda məktəbə gediblər. Gələcəkdə, yəni bu gün oynayan futbolçular baş məşqçi olanda, vəziyyət daha da ağırlaşacaq. Heç bilmirəm, onda mətbuat konfransları necə keçiriləcək?
Azərbaycan dilində normal danışa bilməyən şəxslər "türkcə" danışmağa cəhdlər edəndə çox gülməli vəziyyət yaranır. Azərbaycan dilində normal danışa bilməyən futbolçular "türkcə" danışmağa cəhdlər edəndə könüllü surətdə öz karikaturalarını yaradırlar.
Bəs, görəsən, onlar niyə belə edir? Məsələn, yazının səbəbkarı, yazının "qəhrəmanı" Qara Qarayev "türkcə" danışmağa cəhdlər etməklə niyə könüllü surətdə öz karikaturasını yaradıb? Buna nə ehtiyac vardı? Bir insan niyə könüllü surətdə öz karikaturasını yaratmalıdır?
Burda istər-istəməz, əvvəlcə, Qara Qarayevin məcburi vəkili rolunda çıxış etməliyəm. Hörmətli Qara bəyin çox güman Akop Martayan adlı bir şəxsdən və onun fəaliyyətindən yerli-dibli xəbəri yoxdur. Qara bəyin Akop Martayan adlı şəxsdən və onun fəaliyyətindən xəbəri olsaydı, bəlkə də, Qara bəy "türkcə" danışmağa cəhdlər etməzdi. Hörmətli Qara Qarayev, çox güman, bu gün Türkiyədə istifadə olunan dilin süni, qondarma, saxta bir dil olduğunu, bu süni, saxta, qondarma dilin Akop Martayan adlı bir şəxs tərəfindən yaradıldığını bilmir. Söhbət burda qətiyyən Martayan soyadından getmir. Martayan olmasın, olsun lap Dartanyan. Söhbət burda həqiqətdən gedir.
İndi isə Qara Qarayevin məcburi vəkili rolundan kənara çəkilək və baxaq görək o "türkcə" danışmağa cəhdlər etməklə niyə könüllü surətdə öz karikaturasını yaradıb?
Diqqətli oxucular Qara Qarayevin "türkcə" danışmağının, könüllü surətdə öz karikaturasını yaratmağının əsas səbəbini artıq çoxdan bilirlər. Bu mövzuda ayrı-ayrı yazılarda geniş danışmışıq. Diqqətli oxucular artıq bilirlər ki, Qara Qarayev də əksər azərbaycanlılar kimi kiçik qardaş xəstəliyindən əziyyət çəkir. Kiçik qardaş xəstəliyindən əziyyət çəkən Qara Qarayev "türkcə" danışmaqla türklərə yaltaqlanır. Kiçik qardaşın mütləq böyük qardaşı olmalıdır. Bu sarsılmaz qanundur. Sovet vaxtı azərbaycanlıların böyük qardaşı ruslar idi. İndi azərbaycanlıların böyük qardaşı türklərdi. Leninə, Stalinə poema yazan adamların övladları indi Atatürkə şeirlər ithaf edirlər. "Çevrilmək" bu adamlar üçün su içmək qədər asandı. Olmasın Lenin, olmasın Stalin, olsun Atatürk. Yeri gəlmişkən, Atatürk adını Mustafa Kamala verən şəxs də Akop Martayan olubdur...
Allah bilir sabah azərbaycanlıların böyük qardaşı kimlər olacaq. Burda proqnoz vermək çətin məsələdir. Hər şey tarixin gedişatından asılıdır. Birdə gördün, sabah konqolular, buryatlar və yaxud monqollar azərbaycanlılar üçün böyük qardaşa çevrildi. Hər şey mümkündür. Özünə hörmət etməyi bacarmayan qövmün başına hər iş gələ bilər.
Məsələn, birdə görürsən, ağsaqqal bir kişi nəvəsi yaşda bir türkə “abi” deyərək müraciət edir. Birdə görürsən, ağbirçək bir arvad nəvəsi yaşda bir türkə “abla” deyərək müraciət edir. İnsanda ləyaqət yaxşı şeydir. Özü də bu ləyaqət deyilən şeyin çox olmasına ehtiyac yoxdur. Toyuğun başı boyda olsa, bəs edər...
P.S. Növbəti yazı Mahir Emrelinin "türkcə" danışmaqlığı haqqında olacaq.
yenisabah.az