Qarabağa necə gedək? - Sərdar Amin

Qarabağa necə gedək?   - Sərdar Amin

28 Avqust 2024 13:54 141


Söhbət nəvə sevgisindən düşəndə babaların ən gözəl cavabı göz yaşları olur. Deyirlər, oğul-qız sevgisi bunun yanında heç nədir. Məntiqli cavab tapa bilmirlər.

Bir də görürsən, illərlə arvadına, uşaqlarına zəhmiylə qan udduran nəhəng bir kişi günlərin birində dalında bezlə iməkləyən körpənin qabağında Xan çinarı kimi sərildi, oldu uşaqdan uşaq.

Nəvəsindən sonra qəmzəsi görünən kişilər tanıyıram. Sən demə, bu da gülə bilirmiş...

İllərin, vəzifələrin qıra bilmədiyi xarizmaları dırnaq boyda uşaqlar yerlə bir edir. Bircə dəfə övladının üzündən öpməyən kişilər nəvələrində hər gün öpmədiyi yer qoymurlar.

Bəlkə də zikr olunanda ilk Rəhmanir Rəhim adları ilə dilə gələn Allahın hələ də sunamilər, zəlzələlər, müharibələr fonunda qəzəbinin bitməməsinin səbəbi də buradan doğur; yaratdığı ilk insanın Adəmin oğlunun, Allahın ilk “nəvəsi” Habilin öldürülməsi!

Bir çoxu baba-nəvə sevgisinin irrasional olduğunu düşünsə də, bu sevdanın izaholunmaz olduğunu desə də, psixoloqlar baba-nəvə bağının əsl səbəblərini maraqlı amillə bağlayırlar.

Ataların başları cavanlıqda qayğılarla, gənclik sevdasıyla aylandığından övladlarının necə böyüdüyünü yaxşı görmürlər. İllər sonra baba olanda həyatlarına daxil olan bu un ətirli körpələr onlara bir zamanlar qaçırdıqları cənnəti qaytarır. Babaların da həm yetərincə zamanları, imkanları olduğundan, həm də cavanlıqda dəyər sayıb qovduqları bir çox şeyin bihudəliyini anladıqlarından nəvələrini səliqəylə, qənaətlə, doya-doya sevməyi bacarırlar.

Biz də müstəqillik qazananda həm qayğımız çox idi, həm də cavan idik. Bu üzdən bəzi sahələrdə yol verdyimiz boşluqlar uzun illər bizə problem yaratdı, bəzilərini hələ də aradan qaldıra bilmirik. Ancaq Qarabağı baba nəvəsini sevən kimi sevməyə imkan tapmışıq - səliqəylə, qənaətlə, doya-doya...

Qarabağı nəvəmiz kimi sevməliyik, ən müqəddəs, heç vaxt canına and içməyəcəyimiz and yerimiz kimi. Qarabağı nəvəmiz kimi sevməliyik, amma həm də xristianların barmaqlıq arxasından durub günahlarını etiraf etdiyi ata kimi görməliyik.

Qarabağa addım basanda Məcnun səhraya qədəm qoyanda başmaqlarını çıxardığı kimi küdurəti soyunub addım atmalıyıq.

Böyüyündən kiçiyinə, kişisindən qadınına, məmurundan vətəndaşına qədər hər kəs o yerlərə bəd əməllərdən, yalandan, haramdan, rüşvətdən – bütün çirkin düşüncələrdən arınaraq ayaq basmalıdır.

Bu qaydalar hər kəsin mənəvi dünyasının portalıdır. Bu portalda qeydiyyatdan keçmək daha çətindir, çünki burada icazəni özümüz özümüzə veririk. Dünyanın ən çətin işi isə adamın özünü aldatmağıdır.

Cıdır düzündə illərdir müqəddəs torpaqla yaşmanan nal səsləri yenidən eşidilir. Şuşada doğulan körpələrin qığıltısına qarışan bu qədim hənirti günümüzün simfoniyasıdır. Bu simfoniyanı öncə ölkə, sonra Qafqaz, sonra dünya himninə çevirmək isə biz - azərbaycanlıların borcudur. Bu borcu qaytarmağa romalı Yustisiya, yunan Femida, misirli Maat kimi getməliyik! Bir əlimizdə qüdsi Qarabağ torpağı, digərində vicdanımız...

Qalxın, məhkəmə gəlir!

“Qafqazinfo”