Qarabağın dirilik suyu: Bayatı

Qarabağın dirilik suyu:  Bayatı

12 May 2023 09:51 271


Şərif Ağayar

Dili daim axan nəhəng bir çaya bənzətmək olar, ədəbi janrlar isə bu çayın çalxanıb-bulanaraq ayrı-ayrı yerlərdə yaratdığı adacıqlardır. Burda qoşma, qəzəl, orda hekayə, roman... Məncə, Azərbaycan türkcəsinə bayatı qədər doğma şeir növü yoxdur. Bir janrın ahəngi bir dilin fitrətindəki enerjiylə nə qədər üst-üstə düşə bilərmiş!

Bayatı təkcə Azərbaycan dilinin yox, həm də Azərbaycan xalqının ürək kardioqramıdır. O, yalnız ədəbi-mədəni deyil, həm də sosial-siyasi hadisədir. Başqa sözlə, bizim taleyimizdir. Biz nəinki ədəbiyyatımızı, hətta bütövlükdə tariximizi bayatısız təsəvvür eləyə bilmərik.

Vətən əsrlər uzunu acılı-şirinli günlər yaşayan vahid bir orqanizmdirsə, bayatı onun nəbzidir. Bir xalq kimi nələrdən keçdiyimizi və nələr çəkdiyimizi anlamaq üçün bayatılarımızı oxumaq kifayətdir. Bu janr elə bir mənəvi səviyyəyə qalxıb ki, ən ucqar kəndin ən savadsız sakinindən tutmuş ən güclü dövlətin ən böyük rəhbərinə qədər hamının dilində əzbərə çevrilir. İki-üç misra ilə romanların çəkə bilmədiyi yükü çəkir. Yəqin qardaş ölkənin başçısı hörmətli Rəcəb Tayib Ərdoğanın söylədiyi bayatını unutmamısınız:

Arazı ayırdılar
Lil ilə doyurdular
Mən səndən ayrılmazdım
Zor ilə ayırdılar.

Bizi o qədər də sevməyən, əlinə imkan düşdükcə arxadan bıçaq saplayan məlum qonşu ölkə hörmətli Ərdoğanın 44 günlük müharibənin ən qızğın məqamında “Azərbaycana müdaxilə edən istənilən üçüncü ölkə qarşısında Türkiyəni görəcəkdir” bəyanatından bu bayatı qədər narahatlıq keçirməmişdi. Qorxmuşdu bu şeirdən. Çünki bu nəzm parçası yüz illərin dözülməz nisgili ilə yüklənən amansız bir həqiqəti hayqırırdı. Zülmkarların ən çox qorxduğu şey həqiqətdir.

Bayatı Azərbaycanla, bölgələrindən isə daha çox Qarabağla sıx bağlıdır. Bu təkcə ən nəhəng bayatı ustası Sarı Aşığın Qarabağ-Zəngəzir mahallarında doğulub-yaşaması ilə bağlı deyil. Bayatının adı da Qarabağda yaşayan bayat tayfasının adı ilə bağlıdır. Bildiyiniz kimi, Şuşa şəhərinin əsasını qoyan Pənahəli xan da bayat ellərindəndir və Qarabağın Aran bölgəsində – indiki Ağcabədi rayonu ərazisində Bayat adlı qala tikdirmişdi. İndi bu gün Qarabağda Bayat adlı böyük bir kənd də var. Tanınmış yazıçı, millət vəkili Aqil Abbas bu kənddə doğulub.

Müasir dövrümüzün ən gözəl şairlərindən biri, yaratdığı nümunələrdə Qarabağ bayatılarının çox güclü təsiri duyulan Vaqif Bayatlı Odərin təxəllüsündə də bu sözü görməkdəyik. Hətta o sanki bayatı janrının və bayat ellərinin qarşısında bir qarabağlı şair kimi öz mənəvi borcundan çıxmağa çalışaraq bu janra da müraciət etmiş, onu bir az da modernləşdirməyə çalışmışdır:

Tut dibi qarışqadı
Ölüm hər qarışdadı
Nə biləsən ki, anam
Bu dünyada ağlayanlar başqa, gülənlər başqadı...

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli də bayat ellərindəndir. Bəzən ehtimal kimi qiymətləndirilən bu tarixi fakta şübhə ilə yanaşmaq olmaz. Çünki Füzulinin yaradıcılığı, xüsusən lirik şeirləri təkcə bayatı dilində deyil, həm də bayatı ruhunda yazılıb. İraqın məşhur Kərkük ellərində çox yayılan xoyratlar də Qarabağ bayatılarının ruh qardaşıdır və hər ikisi Füzulu yaradıcılığını bəsləyən qoşa bulaqdır. Kim deyirsə, Füzulinin dili qəlizdir, onun ədəbiyyatdan xəbəri yoxdur. Onun şeirlərinin dil strukturu bayatı qədər təmiz və səlistdir. Sadəcə öz dövrünün divan ədəbiyyatına xas, indiki zamanımızda çox da işlənməyən söz və izafətlərdən istifadə etdiyi üçün bizə çətin gəlir.

Fikrini Füzuli qədər yığcam və aydın ifadə edən şair tapmaq çətindir. Əksini iddia edənlər onun dediklərini daha sadə ifadə etməyə çalışsalar, nə dediyimi anlayacaqlar.

Ədəbiyyatımızın əbədi ağsaqqalı, elm və ürfan əhli Molla Vəli Vidadi necə də gözəl demişdi:

Küllü Qarabağın abi-həyatı
Nərmənazik bayatıdır, bayatı...

Abi-həyat, bildiyiniz kimi, dirilik suyu deməkdir. İnancımıza görə o su Cənnətdə axır. Dahi Nizami yer üzünü fəth edən qəhrəmanı İsgəndəri ölümsüzlük qazanmaq arzusu ilə abi-həyat dalınca göndərir. İsgəndər bulaqları səhv salaraq əbədi həyatdan məhrum olur və ölümdən yayına bilmir.

Bayatı öz bədii ecazı ilə sənətin abi-həyatını içərək əbədiyyət qazana bildi və öz ruhunda Qarabağı da əbədi vətənə çevirdi.

Vidadi də Qarabağın əbədi həyatını bayatı ilə bağlayır. Möhtəşəm bənzətmədir. Tarixin digər qanlı səhifələrini bir yana qoyub, yalnız son otuz ili götürsək, şairin necə haqlı olduğunu görərik.

Otuz il öncə arxalı düşmənin gücü bizə çatdı, Qarabağın əsas hissəsini öz doğma övladlarından ayrı saldı. Lakin şər imperiyası bayatının qarşısında aciz qaldı. Bu otuz ildə:

Mən aşiqəm Qarabağ
Qara salxım, qara bağ
Aləm cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ...

misralarını hər gün eşitdik. İbadət zamanı sözləri dəfələrlə zikr eləmək ənənəsi var. İnsan bir sözü dəfələrlə təkrar etdikcə onu özünə təlqin edir, həyat və fəaliyyətini istər-istəməz ona doğru yönəldir. Elmi ehtimallara görə, bu vəziyyətdə beyin öz-özünə ətraf gerçəkliyi həmin düşüncəyə uyğun qurmağa başlayır. Görünür, xalq arasında işlənən “Niyyətin hara, mənzilin ora”, “Ağıla gələn başa gələr” ifadələri elə-belə işlənməyib. Bu mənada Qarabağ qələbəsində yuxarıda qeyd etdiyim bayatının rolu danılmazdır.

Aləm cənnətə döndü doğrudan da – pul da qazandıq, karyera da, şöhrət də, lakin yenə nəyinsə çatmadığını hiss elədik, xoşbəxt ola bilmədik. Çatmayan qələbə idi, Qarabağ idi, onu unuda bilmədik, dönüb-dolanıb yenə öz ağrımıza qayıtdıq, öz dərdimizi qucaqladıq. Çünki mahiyyətimiz bu idi. İnsan özündən heç vaxt qaça bilmir. Bu bir bəndlik bayatı isə o dərdi, o ağrını, o mahiyyəti son dərəcə səmimiyyətlə ifadə etdiyi üçün son otuz ildə bircə dəfə də dilimizdən düşmədi. Hər dedikcə, hər oxuduqca, hər dinlədikcə Qarabağa bir addım yaxınlaşdıq. Düz Şuşaya bayraq taxana, Laçında keçid məntəqəsi yaradana qədər.

Bayatı Qarabağın, Qarabağ Azərbaycanın alın yazısıdır.

Dövlət himnimizdə bir bayatı parçasının da təmsil olunması bu böyük həqiqəti bir daha təsdiqləyir:

Səni olasan gülüstan
Sənə hər an can qurban
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan

Gördüyünüz kimi bayatı təkcə dərdimizi və sevincimizi ifadə etmir, o həm də ağzımızın duasıdır. Azərbaycan dilinin səmavi kitabı bayatı ilə yazılır. Bu janrda nə diləsən qəbul olunur. Qarabağ da yaddan çıxmır, işğaldan azad olunmuş vətənin xarabalıqları da getdikcə gülüstana çevrilir.

“Vətən Səsi”