Frans Kafkanın “Məhkəmə” romanı haqqında
Bu romanı dilimizə orijinaldan çevirmiş böyük Vilayət Hacıyevin əziz xatirəsinə
Otuz yaşının tamam olduğu gün səhər tezdən bank işçisi Yozef K.-nın yataq otağına qara paltarlı bir cüt naməlum şəxs dürtülüb ona həbsinə qərar verildiyini elan eləyir. K. əvvəlcə bunu iş yoldaşlarının onun doğum günü münasibətilə qurduğu tamaşa, oyun sanır. Ancaq söhbət uzandıqca məsələnin ciddi olduğunu sezir. Gələnlərdən biri onun səhər yeməyini iştahayla həzmi-rabedən keçirir, bununla da qəhrəmanın alışdığı yaşayış rejiminin pozulması prosesi başlanır.
Yozef K. iri bir bankın aparıcı əməkdaşlarındandır. O, çox işgüzar adamdır, bütün gücünü, diqqətini karyerasına yönəldib, şəxsi həyata olduqca az vaxt ayırır. Subaydır, elə bir dost-aşnası da yoxdur, ancaq kolleqaları, tabeliyindəki işçilər ona böyük hörmətlə yanaşırlar. Yeganə əyləncəsi pivə içmək, bir də ofisiant işləyən rəfiqəsiylə həftədə bir dəfə görüşməkdir.
Çağırılmamış qonaqlar deyirlər ki, yaxın zamanda ona istintaqın gedişiylə bağlı ətraflı məlumat veriləcək. Yozef çaşqın vəziyyətdədir, nədə suçlandığını anlaya bilmir. Məhkəmə elçiləri ona sayğı göstərsələr də, suallarına aydın cavab vermirlər. Müfəttiş deyir ki, həbsi onun gündəlik həyatına təsir göstərməyəcək, o yenə əvvəlki kimi işinə-gücünə gedib gələ bilər. Tutduğu mənzilin sahibəsi Yozefə təskinlik verir, onun zənnincə, K.-nın həbsi nəsə dərin məna, yaxud da hansısa elmi məzmun daşıyır.
Aradan bir neçə gün keçsə də, Yozefin həyatında dəyişiklik baş vermir, o, həbsdə olduğunu yavaş-yavaş unutmağa başlayır. Elə bu vaxt ona zəng vurub istintaq işinə dair dinləmənin qarşıdakı bazar günü keçiriləcəyini deyirlər. Yoxsul məhəllədəki bir binanın çardağı məhkəmə salonu yerinə istifadə olunur. Zal eyni geyimli, eyni görkəmli qaraqabaq adamlarla doludur. Yozef K. söz alıb özünə bəraət qazandırmağa çalışır, ancaq kütlə ona qulaq asmaq istəmir.
Müttəhim bütün ağırlığı öz çiyninə götürüb dolaşıq kələfi açmağa, işin mahiyyətinə varmağa, müdafiəsini təşkil eləməyə çalışır. Yozefə deyirlər ki, onun işinə adi məhkəmə yox, ali məhkəmə baxacaq, di gəl, bunun nə demək olduğunu kimsə anlatmır. Müttəhim ona qarşı irəli sürülən ittihamın məntiqini heç cür tuta bilmir, bu da getdikcə onu ruhdan salır.
Yozefin başına gələni eşidən əmisi onu yaşlı, təcrübəli, həm də xəstə vəkilin yanına aparır. Vəkil işi uzun-uzadı araşdırıb material toplasa da, proses heç cür irəliləmir. Bir tanışı Yozefə məhkəmə rəssamına üz tutmağı məsləhət görür, deyilənə görə, onun qanun keşikçilərinə təsir göstərmək imkanı var. Rəssam onu başa salır ki, Yozefin ittihamdan yayınmaq, tam azadlığa çıxmaq şansı yoxdur, ancaq məhkəmə prosesini təxirə saldırmaq, yaxud uzatmaq olar.
Proses uzandıqca Yozef K.-nın xarakterində qəribə əlamətlər üzə çıxmağa başlayır. O, çəkingən, qaraqabaq adama çevrilir, iş yoldaşlarından gen dolanır, müştərilərdən qorxur, bu səbəbdən işləri əməlli-başlı axsayır. Türmə keşişi ilə təsadüfi görüşü zamanı bəlli olur ki, ruhani işdən tam halıdır. Keşiş Yozefin vəziyyətinin ağır, çıxılmaz olduğunu ondan gizlətmir, onu baş verənlərin labüdlüyünü qəbul eləməyə çağırır.
Üstündən bir il keçir, qara paltarlı kişilər yenə Yozefin ardınca gəlib onu şəhər kənarındakı xarabalığa aparırlar. Adamlardan biri qoltuğundan uzun bir bıçaq çıxarıb onu Yozef K.-nın ürəyinə sancır. Ölüm ayağında Yozef düşünür ki, yəqin özünü yaxşı müdafiə eləyə bilməyib, hansısa boşluqlara yer qoyub. Bununla belə müttəhim nədə ittiham olunduğunu, onu hansı məhkəmənin suçladığını, edamına kimin hökm verdiyini yenə anlamır, canını tapşırmamışdan öz aqibəti haqqında yalnız bu ifadəni beynindən keçirməyə macal tapır: “İti öldürən kimi”.
***
Kafka dünyanın ən müəmmalı, ən qapalı yazıçılarından biri, bəlkə də birincisidir. Onun bütün yaradıcılığı – romanları, novellaları, pritçaları, məktubları, söhbətləri bir amansız konsepsiyanın başına fırlanır: dünya fani, fələk zalım, vəziyyət çıxılmaz, insan çarəsizdir. Bunca qədim həqiqəti yeni söz, yeni fikir kimi dilə gətirmək yazıçıdan çox böyük hünər, böyük istedad istəyir.
Modernist yazıçıların çoxundan fərqli olaraq Kafka ateist deyil. Onun allahı var, ancaq bu allah, məsələn, Kafkanın çox sevdiyi, hamıdan uca tutduğu Hötenin tanrısı kimi xilaskar allah deyil, əzici, qəddar, yaratdıqlarının başından basıb canına vəlvələ salan, müttəhim bəşəriyyətə ölüm hökmü kəsən hakim allahdır. Kafkanın allahı insanı daim suç duyğusunun basqısı altında saxlayır, hər kəsi günahına izlədib ölümünə vurdurur. Ona görə də mən bu fövqəlbəşər gücün tanrı yox, Şərq-müsəlman poeziyasının təbiriylə fələk adlandırılmasının tərəfdarıyam.
Fələk elə əzazil bir qüvvədir ki, onun administrasiyası bir yarpağı, bir qarışqanı, bir quşu belə hökmündən qıraqda qoymur. Onun çarxı qarşısına çıxan hər şeyi rəhimsizcə əzib keçir, bütün verdiyi canları qocalda-qocalda, çürüdə-çürüdə, qova-qova mənzil başına çatdırıb yenidən geri alır. Onun öhdəsindən yalnız Tanrı gələ bilər, ancaq Kafka belə bir tanrının varlığına inanmır. Kafkanın allahı şeytandan əsla seçilmir.
***
Yüz ildir ədəbiyyat xiridarları arasında aparılan bir mübahisə hələ də çözümünü tapmayıb: Frans Kafkanın “Qəsr”də, “Məhkəmə”də təsvir elədiyi bədheybət, qorxunc qüvvə yerüstü hakimiyyətinmi alleqorik obrazıdır, ya səmavi administrasiyanınmı?
Əlbəttə, kimsə bu mübhəm mexanizmin hər an insanın başına enən ağır çəkicini milyonların taleyinə saraylardan, qəsrlərdən sərəncam verən kralların, imperatorların yumruğu kimi, başımızın üstündə, çardağımızın altında gecə-gündüz ömrümüzə hökm oxuyan məhkəmələrin işini iki dünya müharibəsinin dəhşətlərini qabaqcadan görən bir qərib yəhudinin ictimai-siyasi öncəgörməsi kimi qələmə versə, onu qətiyyən qınamaq olmaz. Bununla belə mən əminəm ki, Kafkanın qəsri də, məhkəməsi də kainatdakı bütün zərrələri dayanmadan qabağına qatıb qovan, planetləri, ulduzları, qalaktikaları mütləq qaranlıqda gecə-gündüz çoban kimi otaran, lazım gələndə qurban verən amansız kosmik gücün rəmzidir.
***
Frans Kafka ona gələcək günlər adından təsəlli verməyə çalışan dostuna əlini vərəmli sinəsinə qoyub belə demişdi: “Gələcək bax burdadır”. Dostu ondan elə düşündüyü halda nədən müalicə almağa getdiyini soruşanda yazıçı cavab vermişdi: “Edama məhkum olunmuş hər bir məhbus çalışır ki, hökmün icrasını mümkün qədər yubatsın”.
Kafkanın alter-eqosu olan Yozef K. da öləcəyinə inandığı andan edam hökmünün altına girmiş sayılır. Ona deyirlər ki, həbsinə qərar verildiyinə baxmayaraq hələlik həmişəki kimi sərbəst yaşaya, hökmün icrasına qədər gündəlik işləriylə məşğul ola bilər. Müəllifin nəyə işarə vurduğu aşkardır: hər bir insan öləcəyini bilə-bilə heç vaxt ölməyəcəkmiş kimi ömür sürür, həyatdan qənimət götürməyə, dünyadan kam almağa çalışır.
Az sonra Yozef məhbus, məhkum olduğunu unudur, özünü yenə əvvəlkitək azad sanır. Doğrudan da, insan əgər öləcəyini unutmasa, günü ah-vayla keçər. Fəqət tezliklə ona məhkəmə qarşısına çıxmalı olduğunu xatırladırlar. Həqiqətən də, hər bir doğma, tanış insanın ölümüylə fələk bizə aqibətimizi, sonumuzu dönə-dönə xatırladır. Qəbiristanlıqdan qayıdandan sonra isə yaddaşımız yenidən dumanlanır.
Yozef K. nədə ittiham olunduğunu, hansı cinayətə yol verdiyini öyrənmək istəsə də, heç kim ona aydın cavab, izahat vermir. Gerçəkdən də, insan oğlu işıqlı dünyaya nədən ötrü gəldiyini, doğulmağın, yaşamağın niyə günah sayıldığını (ən azı yəhudi-xristian dünyagörüşü baxımından), özünün olmayan günaha görə nə səbəbdən ölümlə cəzalandırıldığını min illərdir axtarsa da, bilmir ki, bilmir.
Məhkəmə rəssamı Yozefə hökmün icrasını dayandırmağın əldən gəlmədiyini, bu vəziyyətdə yalnız prosesi uzadıb edamı ləngitməyin mümkün olduğunu bildirir. Həqiqətən də, bu gün çağdaş təbabət bir çox halda insanın ömrünü uzada bilir. Dünya alimləri indi bəşər oğlunun vücudunu qocalma genlərindən arıtlayıb orta ömrü yüz əlli, iki yüz, bəlkə bundan da artıq illərə çatdırmağa çalışırlar. Mütəxəssislərin dediyinə görə, gerontologiya elmi bu məsələdə xeyli irəli gedib.
***
Təqribən otuz il bundan qabaq verdiyi bir müsahibədə Umberto Ekodan soruşmuşdular: “Sizcə, Kafkanın başlıca ideyası nədir?” Böyük alim, yazıçı suala belə cavab vermişdi: “Kafka deyir ki, dünya qapqaradır”.
Gerçəkdən də, Frans Kafkanın əsərlərini oxuyanda adama elə gəlir ki, bu adam heç vaxt gün işığına çıxmayıb, həmişə qaranlıqda yaşayıb. Onun soyuq, xəsis, bər-bəzəksiz dəftərxana üslubu da əsərlərindəki pessimist ovqatı ifadə eləmək üçün son dərəcə sərrast, əvəzsiz bədii vasitədir. Yeri gəlmişkən, Kafkanın həyatına həsr olunmuş məşhur filmdə hadisələrin qaranlıq fonda cərəyan eləməsi də rejissorun uğurlu tapıntısı sayılmalıdır.
Lal-kar-kor taleyin absurd, mənasız, qəddar mühakiməsinin işini Kafka qədər dərin təhlildən keçirən, onca amansızcasına ifşa eləyən qələm adamı barmaqla sayılar. Onun bütün əsərləri mahiyyətcə fəlsəfi pritça, metodu realizmlə fantastikanın üzvi calağıdır. Ancaq Kafkanın ustalığı tək bunda deyil. Onun yaradıcılığı dərin, amansız psixologizmi ilə də seçilir.
***
Kafkanın Ziqmund Freydi oxuyub-oxumadığını bilmirəm. Yanılmıramsa heç yerdə, hətta Yanouxla söhbətlərində belə soydaşı, dildaşı, çağdaşı, yurddaşı olan dahi psixoloqun adını çəkmir. Di gəl, onun bədii dillə qələmə aldığı psixoloji komplekslərin (əsasən ata kompleksinin) Freydin elmi üslubda təsvir elədiyi komplekslərə heyrətamiz dərəcədə bənzərliyi, qohumluğu var. Təkcə yazıçının bir gecəyə yazdığı “Hökm” novellasını oxumaq yetər ki, bu doğmalığın nə dərəcədə olduğunu görəsən. Adama elə gəlir bu novella Freydin nəzəriyyəsinə illüstrasiya kimi qələmə alınıb.
Hərçənd Kafka başqa modernist yazıçılardan fərqli olaraq dövrün populyar fəlsəfi, psixoloji nəzəriyyələrinə bədii yozum vermirdi (müasirlərinin şahidliyinə inansaq, heç bir partiyaya xüsusi rəğbətiylə seçilməyib, heç bir siyasi-fəlsəfi cərəyanın ardıcılı olmayıb, yalnız anarxizmə az-çox maraq göstərib, Ştirner, Prudon, Bakunin, Kropotkin kimi fikir adamlarının əsərlərini oxuyub). O, yaradıcılığında təpədən-dırnağa özüydü, öz ekzistensial varlığının diktəsiylə yazırdı, necə deyərlər, “təmiz ədəbiyyat” yaradırdı. Kafkanın atasına məktubları da yuxarıda dediyimə bariz örnəkdir.
***
Kafkaya çox bənzətdiyim bir filosof da var – yeni dövr fəlsəfəsində ekzistensializm cərəyanının banisi sayılan danimarkalı filosof Sören Kyerkeqor (1813-1855). Kafkanın onu da oxuyub-oxumadığından xəbərsizəm, ancaq hər iki böyük zəka sahibinin həm yaracılığında, həm taleyində qohumluq, doğmalıq var.
Kyerkeqor da allahlı filosofdur, fəqət onun da allahı dünyaya, yaratdığı varlıqlara “qorxu və əsməcə” (bu adda traktatı var) saçan vahiməli, müdhiş, qəzəbli tanrıdır, üstəlik, tənhaların tanrısıdır. Kafkanın allahı haqqında deyilənləri onun da tanrısı barədə demək olar. Kyerkeqor kimi Kafka da “Əhdi-ətiq” rəvayətlərinə, “Tövrat” hekayətlərinə çox bağlıydı. Kyerkeqor da tacir ailəsində dünyaya gəlib, Kafka kimi o da (daha doğrusu, Kafka onun kimi) qırx yaşını yenicə adlamış vərəmdən ölüb. Hər iki mütəfəkkir öz gəncliyində sevdiyi qızla nişanlansa da, evlənməyə cəsarət eləmədiyinə görə nişanı qaytarıb.
Ayrı-ayrı ölkələrdə, ayrı-ayrı zamanlarda yaşayan, ayrı-ayrı millətlərə, irqlərə mənsub olan insanlar arasında bu cür oxşarlıqları nəylə izah eləmək olar? Yəqin ki, xarakter bənzərliyi, xasiyyət doğmalığıyla. Havayı yerə deməyiblər ki, xarakter insanın taleyidir.
Kafka filosofların ideyalarından bəhrələnib əsər yazan yazıçı olmasa da, zənnimcə, Sören Kyerkeqoru onun fikir əcdadlarından biri saymaq olar. Danimarkalı müdrikin teoloji konsepsiyası Kafkanın bir çox əsərinin, ələlxüsus yuxarıda adını çəkdiyim iki məşhur romanının elə bil boyuna biçilib. Kafka yaradıcılığına işıq tutan minlərlə araşdırmaçı arasında onun əsərlərinə məhz bu yöndən yanaşanlar az deyil.
***
Alber Kamünün “Sizif haqqında mif” essesinin sonunda kitaba əlavə kimi yazılmış “Kafkanın yaradıcılığında ümid və absurd” adlı çox maraqlı bir məqalə yer alıb. Kamünün heç bir ümidə yer qoymayan davakar, üsyankar, güzəştsiz qəhrəmanından fərqli olaraq Kafkanın qəhrəmanı müti, yazıq, yesirdir. O, qaranlıq tunelin sonunda bir iynə ulduzu boyda işıq görür, hərçənd onun qurtuluş olduğuna bilmərrə əmin deyil. Bəlkə o bir damla işığın saçdığı ümidə arxayın olmaq istədiyindəndir ki, Kafkanın qəhrəmanı üsyana qalxmır, fələyin şərinə könüllü təslim olur. Yozef K. gerçək bir stoik kimi özünü taleyinə təhvil verir, əmrdən çıxmağa can atmır.
Kamünün qəhrəmanı isə, tam əksinə, nəyəsə ümid eləməyi özünə təhqir bilir, əsl epikürçü kimi əcəlin gözünə dik baxır. “Yabançı”nın ölümə məhkum Mersosu türmə keşişini qapıdan qovur, onun mərhəmətini qaytarıb başına çırpır. “Məhkəmə”nin ölümə məhkum Yozefi isə türmə keşişinin danışdığı ibrətamiz nağılı səbirlə dinləyir, onun labüd, qaçılmaz qisməti könüllü qəbul eləməklə bağlı tövsiyəsinə qulaq asıb əcəlini zahidanə itaətlə qarşılayır.
Kafka ilə Kamünün yaradıcılığı arasında müqayisə, zənnimcə, ilk növbədə bu kontekstdə aparılmalıdır. Qədim müdriklərin fikirləri itib-batmır, unudulmur, hər dövrdə bir yeni donda, yeni adla üzə çıxır. Elə fikir savaşları da.
“Yeni Azərbaycan” qəzeti