Qararmudu - Qorxmaz Şıxalıoğlu

Qararmudu   - Qorxmaz Şıxalıoğlu

01 Fevral 2024 15:04 429


Qararmudu ağacı və yaxud yarımçıq yuxu

Qorxmaz Şıxalıoğlu

esse

Qar yağır. Kəndimizi və anamı düşünürəm.

Kənddə qışın qayğıları içində böyüsəm də, nədənsə uşaqlıqdan qarın sirli bəyazlığını çox sevmişəm. Səhər oyanıb budaqları qar altında əyilən qoca, qara tut ağacını görəndə qəribə, işıqlı hisslər keçirmişəm...

Hərdən gözlərimi yumanda, uzaqda dağlara yağan qarı görürəm...

Yenə Bakıya qar yağacaq, yenə həmişəki kimi tez geyinib həyətə, parka düşəcəyəm və yenə Allaha yalvaracağam ki, qar tez kəsməsin...

Təzə il qabağıdı. Kəndə- anama zəng edirəm. “ A bala, bayaqdan qar başlayıb. Piltə- piltə tökülür göydən”- anam deyir. Narahat olmuram. Bilirəm ki, evdə qaz sobası yanır. Gözümün qabağına pilləkənin altında dəstəçinlənmiş odun qalağı gəlir. Lap bədəbəddə işıq sönsə də, anamın çox böyük səliqəylə qoruyub saxladığı, şüşəsi tor örtüklü qoşa neft lampası əmrə hazır əsgər kimi pəncərə qabağında gözləyir. Bu lampaları anam 65- il əvvəl, gəlin gələndə gətirib. Daha sonra isti tövlədə xımır- xımır ot yeyən quzular və çəpişlər kölgə kimi canlanır gözümdə. Sonra həyətimizdəki qarağac, akasiya, gilas, alça ağaclarını düşünürəm. Yox, onların da işi yaxşıdır- uzun qış gecələri çöldə şaxta olsa da, hər halda, bir yerdədilər, bir birinə həyan olurlar, pəncərədən düşən işığın, hərdən eyvana çıxan anamın hənirtisinə, səsinin istisinə qızınırlar...

***

Kəndimizlə üzbəüz dikdirin sol qurtaracağında “Quzeydibi” deyilən yerdən bir az yuxarıda tənha bir qararmudu ağacı var. Qar yağanda, bir də o ağacı xatırlayıram. Gövdəsi çat- çat olan bu qoca ağacın meyvəsi təxminən noyabrın əvvəllərində yetişir. Onun həndəvəri, qəribədir ki, gürzə yuvası ilə dolu olur. Ona görə də qulançar, turşəng, yemlik yığmağa gedəndə biz uşaqlara böyüklər bərk- bərk tapşırardı: “Qararmudu tərəfə getməyin haa”. Ay- hay! Onda biz kənd uşaqları daha kənd uşaqları olmazdıq ki! Oğurluq- doğurluq, oktyabrın əvvəlləri, qararmudu yetişməmiş özümüzü ona çatdırardıq. Həmişə də bir sual mənə rahatlıq vermirdi: görən bu qararmudu ağacının ətrafında niyə bu qədər çox ilan var? İlğım kimi xatırlayıram: o vaxtlar, deyəsən, Ağdaş tərəfdən ovsunçu gələrdi bizim kəndə. Bəlkə də onda dörd- beş yaşım olardı. Kimin tövləsində, çəpərində ilan vardısa, gəlib onu tutardı. Əlindəki torbanı tövlənin açıq qapısı ağzında yerə qoyan ovsunçu, başa düşmədiyimiz hansısa sözləri söyləyərdi. İki- üç dəfə bu sözləri təkrarlayandan sonra tövlədən güllə kimi çıxan ilan onun ayaqlarının yanında gəlib dayanardı. O da ilanı sakitcə torbaya salardı. Ovsunçudan çox qorxardıq. Qararmudu ağacının böyür- başında ilanın çox olması və bunun səbəbinin mənə qaranlıq qalması, sanki bu ağaca bir sehr qatırdı. Sehr də adamı özünə çəkir axı.

İndi niyə bütün bunları yazıram? Düşünürəm ki, bu qış düşüncələrini qələmə almağa məni məcbur edən də, həmişə təsəvvürümdə qar altında qalan o, tənha “qararmudu” ağacıdır...

***

Artıq yuxarı siniflərə keçdiyim vaxtlar idi. Adətə görə, biz oğlanlar Təzə ilə on gün, bir həftə qalmış, kəndin yaxınlığındakı “ İrəmə”yə gedər, yarğanların, qayaların yaxasına dırmaşıb, hərəyə bir arçan ağacı kəsərdik. İlin on iki ayı yaşıl olan bu ağac, bizim yolkamız olardı. Yadımdadır, atam o ağacın gövdəsini aşağı tərəfdən çox böyük həvəslə kəsib, ona taxta dördayaq vurardı ki, ağac ayaqüstə dursun. O vaxtlar yolka üçün işıq lampaları, indiki bər- bəzəkli kağızlar yox idi.

Arçanı daha çox pambıqla bəzəyərdik. Bir də ki, budaqlarından sapla konfetlər asardıq. Bəzən də balaca bacı- qardaşlarım o konfetlərdən oğurlayıb yeyər, sonra da boş kağıza palçıq büküb yenidən budaqdan asardılar. Heç vaxt da “oğru”nu tuta bilməzdik. Sözü bir- birinin boğazından keçməyən bacı- qardaşlarımı o yolka ağacı, elə bil, ovsunlayırdı, hamını doğmalaşdırırdı. Buna ən çox sevinən isə anam olardı, çünki bu bayram sehrində uşaqlar çox qəribə şəkildə üzüyola olurdular.

Elə bil 40 ilin qarı ilə örtülməyib yaddaşımdakı o gün. O Təzə il gecəsi 14- 15 yaşım olardı, dəqiq yadımda deyil. Çöldə güclü qar yağırdı, içəridə odun peçi yanırdı. Evi aşın qoxusu bürümüşdü. Hamımız sevinc içində üzürdük. Hər gün “çörəyi nəynən yeyim?” deyib dava salan uşaqlar, bu axşam çox xoşbəxt görünürdülər. Onu da deyim ki, bizim kimi 9- 10 uşaqlı ailələrdə belə işıqlı günlər çox az- az olurdu. Ancaq o tək- tək günlərin sevinci bir igidin ömrünə bəs eləyirdi. Düzü, bizim ən gözəl bayramımız Novruz olsa da, mən Təzə ili çox sevmişəm. Bəlkə də, bir vaxtlar Novruza qadağa qoyulduğundan, yaxud gözümüzü açandan gördüyümüz ən təmtəraqlı bayramın Təzə il gecəsi olduğundan, nə bilim. Hər halda, indinin özündə də Təzə il yaxınlaşanda ürəyim atlanır. O qarlı Təzə il gecəsi hardansa bu tənha qararmudu ağacı gəlib düşdü yadıma. Düşünürdüm ki, biz burada – isti evdə kefdəyik, bəs o yazıq ağac bu qarlı- şaxtalı gecədə tək neynir görən? Yenə ətrafında bir- iki ağac olsaydı, dərd yarıydı. İlk dəfə idi ki, belə qəribə hisslər keçirirdim. Yəni, adamın ağaca da yazığı gələr? Ağac insan deyil ki, ona soyuq dəysin, ya da qaranlıqdan qorxsun? Bu cür özümə təskinlik verməyə başladım. Qararmudu ağacını yaddan çıxarmağa çalışdım ancaq mümkün olmadı. O gecə bu düşüncələr məndən əl çəkmədi. Ertəsi gün düşündüklərimi dostlarıma danışmaq istədim. Tez də fikrimdən vaz keçdim. Qorxdum ki, uşaqlar məni məsxərəyə qoyarlar. O gecədən sonra o ağac, elə bil, “ Quzeydibi”ndən mənim ürəyimə köçdü. Bu elə bir dövr idi ki, bədii kitablara həvəsim birə -beş artmışdı. Ən çox da Əli Kərimi sevirdim. İndi də, elə bilirəm ki, ürəyimdən o ağaca sarı gedən cığırı Əli Kərim açmışdı. Ancaq başqa bir cığır da var. O da yuxumdan keçib- gedən cığırdı. Hərdən mənə elə gəlir ki, o yuxunu yenə görəcəyəm. Yenə o yuxuda Malkə xala məni səsləyəcək...

***

Bəstəboylu və suyuşirin Malkə xala kənd klubunda xadimə işləyirdi. Çox təmizkar olduğundan, klub gül qoxusu verərdi. Məni həmişə xoş dillə dindirən Malkə xala heç vaxt adımı deməz, məni “Şıxalının balası” deyib çağırardı. Söz – söhbətindən başa düşürdüm ki, sakit təbiətli, müəllim atamın xətrini çox istəyir. Elə, məni belə şirin çağırması da atama görə idi. Hər dəfə rastlaşanda da ( Klubdakı özfəaliyyət dərnəyinin üzvü olduğum üçün onu tez- tez görürdüm) mütləq bu sözləri təkrar edərdi: “ Yadında saxla, dünyada düz adam yoxdur. Düz, bircə Allah babadır. Ondan başqa heç kimə inanma”. Hamı ona “ tək Malkə xala” deyirdi ( əsl adı Malikə idi. Kənd əksər adlara belə “düzəliş” verir). Çünki kənddə bu adda iki qadın vardı. Malkə xalanın torpaq eyvanı, yerdən bir qol hündürlüyündə olan tək otaqlı evi Ortabulağın üst tərəfində idi. Bu kasıb evdə o, tək yaşayırdı. Anam danışırdı ki, müharibə vaxtı ( 1941- 45- ci illər) kəndimizdə də möhkəm aclıq olub, çörək qəhətə çıxıbmış. O vaxtlar hökumətin qərarı ilə lap imkansız ailələrin uşaqlarını yığıb internata aparırmışlar (zorla yox, valideynlərinin razılığı ilə). Çörək olmadığından bir çox valideynlər uşaqlarını saxlaya bilmirmiş. Bəzən qonşudan səs gəlməyəndə, gedib qapını açanda evdəkilərin çoxdan öldüyünü görərmişlər. Adamlar çəyirtkə kimi qırılırmış. Malkə xala da o dəhşətli illərdə iki qızını saxlayıb, iki oğlunu -Muradla Sahabı internata, o vaxtın dili ilə desək, “yetimxana”ya verir. Qardaşlar, hardasa 8-9 yaşlarında olurlar. Kəndimizdə Malkə xalagildən başqa 5- 6 ailə də “detdom”a uşaq verir- hamısı da oğlan uşağı. Təbii ki, qızları, necə də olsa, “detdom”a verməzdilər. Nəhayət, dörd il çəkən müharibə başa çatır, o ağır aclıq illəri ötüb keçir. Əri Abduləlini hələ müharibədən əvvəl itirən Malkə xalanın qızları böyüyür, ona əl yetirir, kömək olurlar. Müharibədən sonra tədricən vəziyyət düzəlir. İnsanlar doyunca çörək yeyə bilirlər. Çörəyin bolluğu, gün- güzəranın yaxşılaşması ilə Malkə xalanın qara günləri başlayır. Süfrəsindəki çörəyi zəhərə dönür. Bir loxma çörəyə görə uşaqlarını “detdom”a verdiyi üçün yanıb- yaxılır, nəfəsi yeri- göyü yandırır. Və Malkə xala iki oğlunu nə qədər axtarsa da, onlardan heç bir xəbər çıxmır. Sonra qızlarının biri kəndin aşağı başına, o birisi də qonşu rayona gəlin köçür. İkinci qızının həyatı faciə ilə başa çatır. Anamın dili ilə desəm, qızının zülümlü ölümü ürəyinə soğan doğrayır, fələk ona dağ üstündən dağ çəkir. O, tək qalır. “Tək Malkə xala” adını da kənd ona elə o vaxtdan verir. Və Malkə xala dərddən havalanır. “ Havalanıb” deyəndə ki, dilindən acı söz çıxmazdı, pis bir hərəkət etməzdi. Sadəcə, küçədə gedəndə hərdən öz- özünə danışırdı. Ona görə də biz uşaqlar ondan qorxardıq. Kolxoz sədri hörmət edib, onu kluba, kənd dili ilə desək, xadiməlilk işinə qoymuşdu.

Mən Malkə xalagilin alçaq çəpərinin yanından keçəndə, çalışırdım ki, həyətlərinə tərəf baxmayım. Elə bilirdim ki, həyətdə, pilləkəndə onun iki oğlunun ayaqlarının izini görəcəyəm, ya da onlardan bir nişanə gözümə dəyəcək. Mənə elə gəlirdi ki, bu həyətdə onların nəfəsi qalıb. Və həmişə də o iki oğlana yazığım gəlirdi. Öz- özümə onların internata gəldiyi ilk günü təsəvvür edirdim. Görürdüm ki, 3-4 böyük oğlan onlara yaxınlaşır, nəsə soruşurlar. Sonra da onları döyməyə başlayırlar. Malkə xalanın uşaqları “ay ana!” deyib qışqırırlar. Düşünürdüm ki, “yetimxana”ya gəldikləri gün onlar ac qalıblar. Gecə anaları yadına düşüb, səhərə kimi ağlayıblar. Niyə belə fikirləşirdim, deyə bilmərəm. Bəlkə də, düşüncələrimə qara rəng qatan o “yetimxana” sözüydü, bilmirəm. Malkə xala əksər kənd qadınlarından fərqli olaraq, şux geyinərdi. Qışın palçığında belə, qaloşu tər- təmiz olardı. Həyət- bacasının səliqə- sahmanını pozulan görməzdin. Yazın gəlişi ilə evinin divarlarını şirələyər, həyətdə göy- göyərti əkərdi. Soğan, sarımsaq əkdiyi ləklərin düz sırasına baxanda, adamın gözü dincəlirdi. Onun bu işgüzarlığı, həyat eşqi, görünür, nə vaxtsa, iki oğlunun qayıdacağına bəslədiyi ümidlə bağlı idi. Kəndin qış gecələri çox uzun olur. Belə gecələrdə hərdən ürəyimi bir fikir sıxırdı: görən Malkə xala tək- tənha darıxmır evdə? Sonra da düşünürdüm ki, bəlkə də belə uzun qış gecələri o, xəyalında iki oğlu ilə danışır, elə uşaqları ilə danışa- danışa da yuxuya gedir. Beləcə, qış təkcə qar- şaxta yox, həm də ürəyimə Malkə xalanın tənhalıq dərdini gətirirdi.

Hərdən Uralda qar altındakı damları çiyinləri əyilmiş qocanı xatırladan, balaca Kunqur şəhəri gəlir gözümün qabağına.

Dörd aydır ki, orada hərbi xidmətdəyəm. Yüz iyirmi nəfərlik rota sıraya düzülüb. Şəxsi heyətin, qaydaya görə, gündəlik yoxlaması gedir. Qar yağır. Paqon və pilotkalarımıza qar oturub. Sentyabrın iyirmi ikisidir. Bu, əsgərlikdə gördüyüm ilk qardır. Fikirləşirəm ki, bizdə hələ üzüm yığımı qurtarmayıb. Axşamüstü qar güclənir. Kazarmaya bitişik şam meşəsi ağappaq libasa bürünür. Gecə yata bilmirəm. Kənd-kəsək bir yanda qalıb, fikrim qararmudu ağacının yanındadır. Sentmentallığıma görə özümü qınayıram. Yatmaq lazımdır, axı səhər saat altıda qalxmalıyıq. Yerimdə sağa- sola çevrilirəm. Yox, olmur. Ürəyə necə hökm edəsən? Durub geyinirəm. Növbətçi Zelenindən icazə alıb kazarmadan çölə çıxıram, siqaret yandırıram. Geri qayıdanda Zelenin “yəqin vətən yadına düşüb” deyir. Başımı tərpədirəm. Yenə də yerimə uzanıram . Hamı şirin- şirin yatır. İkiyaruslu dəmir krovatlar, elə bil, əsgərlərin şirin yuxusundan məst olub. Bir azdan hiss edirəm ki, yuxunun havası məni də vurur...

Qararmudu ağacının qar altında əyilən budaqlarından çoxlu lampalar asılmışdı, hərəsi bir rəngə çalırdı. Elə bil, ağac Moskva televiziyasından göstərilən böyük yolkaya oxşayırdı- işıq içində bərq vururdu, par- par yanırdı. Ağacın altında oturub cəhrədə yun əyirən Malkə xala məni görən kimi başını qaldırdı:

– A Şıxalının balası, xoş gəlmisən!

Onun üzü çox işıqlı idi. Əvvəlcə elə bildim ki, bu yolka lampalarının işığıdır. Ancaq bu, lampa işığına oxşamırdı. Malkə xalanın gözlərindən sevinc yağırdı. Onu heç vaxt belə xoş ovqatda görməmişdim, sanki indicə qanad açıb uçacaqdı. Ağacın altı evin içi kimi palazlarla döşənmişdi. Divar boyu yaşıl üzlü döşəkçələr düzülmüşdü. Cəhrənin iki addımlığında samovar buğlanırdı. Samovarın altına üç tərəfi düz, bir tərəfi isə ovalşəkilli və naxışları özündən olan gümüşü sini qoyulmuşdu. Samovarın odluğundakı kömürün qoxusu ilə peçin üstündəki mis qazandan yayılan aşın ləzzətli qoxusu bir- birinə qarışmışdı...

Malkə xala əlindəki sonuncu yun əlçimi əyirib ayağa qalxdı. Cəhrəni üsulluca götürüb evin küncünə apardı və üstünə yaşıl pərdə örtdü. Bütün bunlara gözucu baxırdım, əsas fikrim yolkada idi. İlk dəfə idi ki, yolkanın üstündəki işıq lampalarını belə yaxından görürdüm. Fikirləşdim ki, görən Malkə xalaya bu yolkanı kim gətirib, onu kim belə bəzəyib? O, sanki mənim düşündüklərimi göydə tutdu:

– Bəs bilmirsən Muradla Sahab gəlib?

Təəccübləndiyimi görüb sözünə davam elədi:

– Bu axşam gəliblər.

Baxışları ilə üstü xırda sarı çiçəkli göy donunu göstərdi:

– Bu donu da onlar gətirib, yolkanı da. Bura- Şahların dükanına gediblər, keç otur, indi gələcəklər.

O dəqiqə sevindim ki, daha Malkə xala küçədə gedəndə öz- özünə danışmayacaq. Evin baş tərəfindəki rəfdə, sıra ilə düzülmüş, üstü qırmızı naxışlı ağ kasalar yolkanın işığında bərq vururdu. İki pənəcərə arasındakı divarda tikmə asılmışdı. Yerliyi ağ tikmənin üstündə göy sapla işlənmiş, üz- üzə dayanan iki göyərçin təsviri vardı. Bu iş, yəqin Malkə xalanın əlindən çıxmışdı.

– Keç otur, deyib Malkə xala canıyananlıqla dilləndi,- Sənə bir çay süzüm. Muradla Sahab da indi gələr.
Bildim ki, oğlanları gələn kimi Malkə xala məni onlara tərifləyəcək. Və bu fikirdən xeyli xoşhallandım, ürəyimə qəribə bir istilik axdı...

***

Zeleninin kobud qışqırığı eşidildi: “Rota, podyom! (Rota, qalx!). Gözlərimi açan kimi başa düşdüm ki, yuxu görürəm. Yatağın və yuxunun istisi bir anda kazarmanın soyuq nəfəsində əriyib yox oldu. Bu yuxunun kədərli ovqatı içində ildırım sürətilə geyindim. Bir anda Malkə xalanın o isti və işıqlı evindən uzaq Uralın soyuq bir küncünə düşdüm. Əlbəttə, o gün yuxumun yarımçıq qalmağına çox heyfsləndim- heç olmasa, yuxuda Malkə xalanın oğlanlarını görərdim...

***

Müharibə vaxtı bizim kənddən uşaqları Şəki internat məktəbinə aparıblar. Şəkinin yuxarı- köhnə tərəfində yerləşən bu qədim binada iki dəfə olmuşam. Onun bütün yatacaq otaqlarını, yeməkxanasını, əksər köməkçi binalarını, həyətini qarış- qarış gəzmişəm. Məktəbin darvazası qabağında durub, üzüyuxarı qalxan yola, ətrafdakı qədim binalara, daş döşənmiş küçələrə, yaxınlıqdakı, az qala adamın əli çatan dağlara dayanıb xeyli baxmışam. Hər yandan üzümə görmədiyim, anamın söhbətlərindən tanıdığım Muradla Sahabın kədərli baxışları zillənib. Ürəyimdən dumanlar qalxıb, gözlərimdə yaş gilələnib. Kəndimizdən aparılan o uşaqlar kimi.

Muradla Sahab da yağlı əppək olub göyə çəkilmişdilər. Şəkiyə, Bakıya göndərilən bütün sorğulara eyni cavablar gəlirdi: “... haqqında bizdə heç bir məlumat yoxdur”.

Yəqin ki, Şəkinin “detdom”u onların heç birini aclığın əlindən xilas edə bilməyib. Bəlkə də, onları ata- anasızlıq, kəndin, kənddəki doğmalarının xiffəti öldürüb...

***

İndi də Təzə il ərəfəsində yolda, küçədə əlində yolka aparan bir adam görəndə, yaxud qar yağanda o yarımçıq yuxu yadıma düşür. O tənha qararmudu ağacını, çoxdan dünyasını dəyişmiş “tək Malkə xala”nı xatırlayıram. Həmişə də düşünürəm ki, nə vaxtsa o yuxunu təzədən görəcəyəm. Öldüsü- qaldısı bilinməyən, şəkli belə qalmayan Muradla Sahab yuxuma təzədən gələcək. Bir də fikirləşirəm ki, əslində bizim ömrümüz də elə yarımçıq bir yuxudur. Bu yuxunu dünyada heç kim axıra kimi görməyib, mən də o cümlədən.

P.S. Bu günlərdə kəndə toya getmişdim. Əmioğlum Rasimdən sözarası o qararmudu ağacını soruşdum. Dedi ki, necə var, eləcə də qalıb.