Qədim Tiflisin ədəbi boheması və Azərbaycan irsləri

Qədim Tiflisin ədəbi boheması və   Azərbaycan irsləri

09 Yanvar 2025 15:58 133


İosif Qrişaşvilinin “Qədim Tiflisin Ədəbi Boheması” kitabını axır ki, oxuyub bitirdim. Kitab Qanun nəşriyyatı tərəfindən, lap bu yaxınlarda 2023-cü ildə nəşr olunub. Buna baxmayaraq satışdan kitabı tapmaq bir az vaxt aparır. Kitab qədim Tiflisin azərbaycanlı irsi ilə bağlı çox maraqlı tarixi faktlar daşıması ilə azərbaycan ictimaiyyəti üçün önəmlidir. Bizim bildiyimiz qədim müsəlman azərbaycanlı şəhərlərindəkindən fərqli olaraq xristian gürcü bir şəhərin azərbaycanlı irsi daha fərqli və daha dinamikdir.

Mənim kitabla tanış olmağım qəribə təsadüflər nəticəsində baş vermişdi. Bundan düz bir il əvvəl, keçən ilin sonlarında Tiflisə getmişdim və orda, Tiflisdə yaşayan yazıçı, tərcüməçi, tanınmış Borçalı ziyalısı Mirzə Məmmədoğlu Maşovun Yuxarı Poniçaladakı evində qonaq oldum. Yazıçının evində olarkən böyük kitabxanası, Azərbaycandan gəlmiş adamların ona verdiyi çoxsaylı hədiyyələr, tərcümə etdiyi kitabları, gürcü ədəbiyyatında yazılmış Azərbaycanla bağlı bədii yazıların toplandığı arxivi ilə tanış oldum. Bundan əvvəl yazıçının Alatoran nəşriyyatından çıxan “Gürcü hekayələri antologiyası”nın redaktoru olmuşdum. Yazıçı kitablarından, evindəki dəyərli suvenirlərdən mənə bir dəstə hədiyyə etdi. Bu zaman öyrəndim ki, yazıçının yaxın illərdə tərcümə etdiyi İosif Qrişaşvilinin “Qədim Tiflisin Ədəbi Boheması” kitabı axır ki, çapdan çıxıb.
Mirzə Maşovla söhbət zamanı öyrəndim ki, yazıçının həyatının böyük hissəsi də elə kitabın müəllifi İosif Qrişaşvili kimi qədim Tiflisin ədəbi irsini araşdırmaqla keçib. 2009-cu ildə yazıçının “Qədim Tiflis” adlı araşdırma kitabı çapdan çıxıb.

Mirzə Maşov kitabın ön sözündə yazır ki: “Bəli, İosif Qrişaşvilinin bu kitabı, mən deyərdim ki, qədim Tiflis, onun koloriti, ədəbi boheması barədə hər şeyin olduğu kitabdır. Müəllifin yaxınlarının dediyinə görə, o, bohemik həyat yaşamayıb, amma belə bir həyatı sevib, bu cür həyat tərzi yaşamış xeyli qələm əhli ilə dostluq edib – bunu qələmə aldığı kitab da təsdiqləyir”.

Bu kitabın Azərbaycan oxucuları üçün əsas önəmi qədim Tiflisdə azərbaycanlı və türk irsinin öyrənilməsidir. Düşünürəm ki, bu kitabın tərcüməsi Gürcüstanın və Tiflisin nə zamansa azərbaycanlılar tərəfindən idarə edilməsi gerçəyini təsdiqləmək, Tiflisdəki azərbaycanlı izlərinin tədqiqi baxımınından mühümdür. Məsəlçün, müəllif kitabda Tiflisin yüksək yerlərindən birində yerləşən tarixi abidə - Narınqala haqda öz dövrünün gürcü müəllifinə istinadən yazır:

“Narınqala son vaxtlar, güman ki, müəyyən bir fars (kitabda hər yerdə azərbaycanlılar yerinə farslar sözü işlədilir) xanınının (Narının) şərəfinə adlanıb. Qədim zamanlarda isə yalnız “Qala” adlanıb. Qala hündür qayanın üstündə inşa olunan qəsrdir və Salalak dərəsi boyu Kürədək hasar çəkilmişdir” (Vaxtuşinin coğrafiyası, 1904, səh 70)

Və ya başqa yerdə müəllif Tiflisin mərkəzində azərbaycanlıların məskunlaşdığı ərazi haqda yazır:

“Bizim diqqətimiz Tiflisin simasını müəyyən edən hissəyə yönəlib. Həmin ərazi Tatar meydanı, Kldisubani (Qaya məhəlləsi), Abanaant dərəsi, Əncirlər dərəsi (Nəbatat bağı), İsani boğazı, kiçik və böyük sərraxcana həndəvərləri, Metexinin hər iki körpüsünün hüdudları – Kürün qıjovundan baqqalxanayadək olan qismi və hamamların həndəvərləri, Seyidabad, Ortaçala, Xarpux və onun hüdudu – Gəncə qapısıdır”.

Başqa bir yerdə müəllif təsdiqləyir ki, Tiflisin qədim hissəsi olan Tiflis qalasının daxilində tarixən azərbaycanlılar yaşayıb. Müəllif Tiflisin qədim hissəsində, Qala daxilində azərbaycanca danışıldığını göstərir:

“Nəhayət, eləcə də, Vaxtuşi coğrafiyaya dair əsərində Tiflis əhalisi barədə görək nə yazır: “... Tiflisin sakinləri, Qala və Seyidabad farsları (yenə azərbaycanlılar fars kimi göstərilir), müsəlmanlardır, Qaladan kənarda yaşayanlar isə daha çox ermənilər və qismən gürcülərdir, əxlaq və davranışlarına görə gürcüdürlər”” (“Gürcüstan coğrafiyası” 1904, səh.73)

Daha sonra İosif Qrişaşvili qədim Tiflisin iki maraqlı kişi obrazı, kinto və ğaracoxelinin (bu – azərbaycan dilindəki qaraçuxalı sözündən götürülüb) izahı haqda maraqlı bir dildə yazır:

“Kinto və ğaraçoxeli müxtəlif məzhəblərə məxsusdurlar.

Kinto – son zamanın adamıdır, əhli-kef, maymaq, əclaf, bir sözlə, simasını itirmiş ğaraçoxeli nəslidir.

Ğaraçoxeli – vüqarlı, fərasətli, qəlbi təmiz, halal, cəngavər xasiyyətlidir.

Ğaraçoxeli – qara çuxalı deməkdir. Qara şal parçadan tikilmiş uzun ətəkli, qısa büzməli və iki vəznəli çuxa geyinir.

Kinto – başında və çiynində taxta tabaq daşıyan deməkdir. Kvinto – gürcü mifologiyasındakı quyruqlu varlıqların adıdır. Kintolar çitdən tikilmiş, sol tərəfindən bağlanan, qızılgül rəngli xırda güllü, hündür yaxalıqlı köynək geyinir. Yaxalığında dörd düymə tikilib, lakin yaxası həmişə açıqdır.”


Gürcü ğaraçoxeliləri

Qrişaşvili qaraçuxalıların – yəni ğaraçoxelinin Tiflisin qədim nəsilləri olmasından əlavə həm də İran-gürcü əlaqələrindən sonra yaranmış, Şərq xalqlarının gürcü həyatına gəlişindən sonra ortaya çıxmış bir kişi tipi olduğunu izah edir.

Müəllif qədim Tiflisin azərbaycan irsi kimi hamamlarından da bəhs edir:

Qadınların ümumi hamamı yalnız Qala hamamı adlananan hamam hesab olunurdu, ordakı nizamsızlıq, darısqallıq və çirklilik heç yerdə yox idi. Buna görə də bir yerdə dava-dalaş və çığır-bağır düşəndə deyirlər: “Xocanın hamamıdır?!” (Söhbət Ağa Məhəmməd Şah Qacardan gedir, ona Xacə Ağa da deyirdilər).
Bundan başqa qədim Tiflisdə Mirzəoğlu hamamı, Eynalı hamamı, Mehtər hamamı da vardı.

Kitabın mənə görə ən maraqlı hissəsi qədim Tiflisdə eynən Azərbaycandakı, Anadoludakı və İrandakı kimi aşıqların olması, onların dastanlar söyləməsi, bədahətən mahnılar oxuması, deyişməsidir. Bu sənətin Gürcüstana Azərbaycan və Anadoludan gəlməsi şübhəsizdir. Tiflisin qədim aşıqları da elə Anadolu aşığı stilindəydilər və müsəlman adları daşıyırdılar. Onlar Tiflis bohemiyasının əsas təmsilçiləri idilər. Onların arasında Yetim Gürcü, Beçara (Biçarə), Hazıra, Satay-Nova, Skandarnova, Alvan-oğlan, Budaq-oğlan, Kiçiknova və s. var idi. Bu aşıqların danışdıqları dastanlar da özünəməxsus səyyar teatrlar formasında qurulur, Nağli – yəni nağıl adlandırılırdı. Aşıqlar əsasən İncil mövzusunda bir hədis seçir, onu nəzmə çəkir, sonra isə başqa-başqa səslər, ləhcələrlə onu səsləndirirdilər. Tez-tez aşıqlar arasında bilik yarışması şəklində deyişmə-bağlamalar, dialoqlar da deyilirdi. Müəllif, onlardan birini belə təqdim edir:

- O nədir ki, diri olanda arpa və saman, öləndə ət yeyir və qan içir.
- O eşşəyin çənəsidir, Samson onunla min nəfəri vurub öldürürdü.
- O hansı ağacdır ki, öncə budağı və yarpaqları yox idi, sonra ətə qana gəldi?
- O Musa peyğəmbərin əsası idi, ağac olanadək qol-budağı yox idi.
- O kimdir ki, on beş il hökmranlıq etdi, on altıncı ilində xəstə oldu, otuz ili tamam olanda öldü və yenə dirildi?
- O ay idi.


Gürcü aşıqları

İosif Qrişaşvilinin haqqında bəhs etdiyi gürcü aşığı Yetim Gürcünün həyatı xüsusilə diqqətimi çəkdi. Yetim Gürcü özü 1875-ci ildə Tiflisdə doğulub. Amma atası İbrahim Dabğişvili İstanbulda doğulub. Deyilənə görə ulu babası osmanlılara əsir düşdükdən sonra İstanbula aparılıb, orda islamı qəbul edib. İstanbuldakı ətrafı ona Yetim Gürcü adını verib. Atası İbrahim isə İstanbulda dabbaqlıq etdiyi üçün özünə Dabğişvili soyadını götürür. Sonradan atası Tiflisə qayıdır və Yetim Gürcü burda xaç suyuna salınaraq Arutyun Ağacanov ad-soyadını götürür. Yetim Gürcü gürcü, azərbaycan, erməni dillərində şeirlər yazıb. Doyru (dəf), çianuri (gürcü üsullu çamança) və çonquridə (gürcü sazı) ifa etməyi öyrənib. Onun ilk şeirlər kitabı da “Anabacı poeması” (1909) adlanırdı. Bu kitabda baş qəhraman Anabacı azərbaycanlı qadındır və güclü pəhlavanları məğlub edir. Aşıq Anabacını belə təsvir edir:

“Boy-buxunlu, qara gözlü, qara qaşlı, alnına şahlıq yazılıb,
Üzü bədirlənmiş ay, çənəsində xalı vardır;
Saçının uzunluğu topuğuna qədər, həddən artıq gözəldir,
Ürəyi, sinəsi, biləkləri Rüstəmə bənzəyir.

Adi olaraq sol tərəfində xəncər asılıb,
At belində cilov çəkdiyini kim görüb;
Oyunçu, atoynadan, qılınc əlində hazırdır;
Güləş, yumruq vurmaq onun icad etdiyidir,

Bir zərbə ilə camışı yıxar, nə istəyirsən, dəli olub,
Heç kim salamat çıxa bilməz onun əlindən”.



Yetim Gürcü

Yetim Gürcü 1905-1907-ci illər arasında Bakıda neft sənayesində işləyib. O burda fəhlə mitinqlərində iştirak etdiyi üçün həbs olunub və Ukraynanın Dubno şəhərində həbsə göndərilib. Daha sonra 3 il də Keremeç qəsəbəsində əmək düşərgəsində işləyib. 1917-ci ildə Tiflisə qayıdan şair doğma şəhərini belə salamlayır:

Salam, mənim Tiflis şəhərim.
Sənin itkin düşmüş oğlun qayıtdı.
Ey, Gürcüstanın torpağı, daşı, yeri,
12 ilin əzabkeşi qayıtdı...

Ümumiyyətlə, İosif Qrişaşvilinin “Qədim Tiflisin Ədəbi Boheması” Azərbaycanlı Gürcüstan arasında qədimdə indikindən qat-qat çox əlaqələr olduğunu bizə göstərir. Qrişaşvilinin kitabı ilə Tiflisin iki simasını, doğma (o vaxtkı) və yad (indiki) simasını müqaisə edə bilirik. Tiflisin doğma siması sovet hakimiyyəti gələnə qədər və Tiflis ruslaşan bir gürcü şəhərinə çevrilənə qədər olan simasıdır. Tiflisin biz, müsəlmanlara doğma simasında aşıqlar var, çayxanalar var, qədim hamamlar var, bazar meydanları var və burda azərbaycan dili və milli kimliyi də də gürcü dili qədər işləkdir, mühümdür. Amma bizə yad Tiflisdə isə artıq şərq ənənələri silinməyə başlayır, rus provoslavlığı güclənir, aşıq musiqisi yoxa çıxır, çayxanalar tapmaq mümkün deyil, azərbaycan dili hər yerdə danışılmır, azərbaycanca adı olan hamamlara artıq rus, yaxud gürcü adları verilib. Doğma simalı Tiflisdə ikili yer adları var, həm azərbaycanca, həm gürcücə, bəzən də azərbaycanlıların məskunlaşdığı məhəllələrdə, meydanlarda yer adları ancaq azərbaycancadır, yad Tiflisdə isə sovetlər tərəfindən azərbaycan məhəllələri, qəbirsanlılqarı, məscidləri dağıdılıb, oralar gürcü, rus, ermənilər tərəfindən məskunlaşdırılıb.

Namiq Hüseynli