Viran vücuddan qaçış
Fəxri Uğurlu
Akutaqava Rünoskenin həyatıyla sənətinin qovuşağında
Akutaqavanın meydana çıxmasıyla yapon ədəbiyyatı Qərb ədəbiyyatına möhkəm tellərlə calandı, yapon nəsri dünya ədəbi prosesinin tamhüquqlu üzvünə, danılmaz faktına çevrildi. Onun yaradıcılığı milli köklərdən şirə çəksə də, qol-budağını Avropaya, siyasi-ictimai fikir sarıdan bir o qədər olmasa da, sənət düşüncəsi baxımından Avropanın bir parçasına çevrilmiş Rusiyaya qədər uzatmışdı. Başqa sözlə, Akutaqava yapon zəminində boy atmış avropalıydı. Buna onun aldığı təhsil, başda ingilis dili olmaqla aparıcı Avropa dillərinə yiyələnməsi də münbit şərait yaratmışdı. Məhz bunların sayəsində Akutaqavanın adı modernizm əsrinin öncülləri sırasında çəkilir. Şekspir, Höte, Dikkens, Po, Qoqol, Dostoyevski, Tolstoy, Turgenev, İbsen, Strindberq, Bodler, Flober, Mopassan, Çexov, Frans, Şou, Hauptman, Nitsşe, Verlen... onun adını böyük ehtiramla zikr elədiyi ustadlarıdır.
Sənət tanrısı onun yeganə bütü, incəsənət onun dini-imanı, sarsılmaz əqidəsiydi. Rus-Avropa ədəbiyyatından əxz elədiyi bəzi mövzuları yapon həyatı kontekstinə oturtmaqla Akutaqava bir yandan milli ədəbiyyatın öz sərhədlərini aşıb dünya ədəbiyyatına inteqrasiya olunmasına, o biri yandan ümumbəşəri mövzuların milli zəmində kök atmasına töhfəsini verirdi. Cəmi otuz beş il yaşamasına baxmayaraq yapon nəsrinin ümumdünya ədəbi prosesinə qoşulmasında, Yasunari Kavabata, Kobo Abe, Kendzi Maruyama, Kendzaburo Oe kimi ədəbiyyat generallarının hesabına o prosesdə söz yiyələrindən birinə çevrilməsində Akutaqavanın payı da, rolu da misilsizdir. Bu baxımdan onu modern yapon ədəbiyyatının atası saymaq olar. 1935-ci ildə təsis olunmuş Akutaqava mükafatı bu gün də Yaponiyada ən yüksək ədəbi mükafat sayılır.
***
Akutaqava Rünoske (yaponlarda soyad addan əvvəl yazılır) təkcə yapon nəsrinin yox, cəmi dünya ədəbiyyatının ən böyük novella ustalarından biridir. Əsərlərinin təməlində duran nəzəri-fəlsəfi düşüncə baxımından əvvəl-əvvəl naturalizmə meyl göstərirdi, hesab eləyirdi ki, insanın taleyini üç başlıca faktor - irsiyyət, mühit, bir də təsadüflər müəyyənləşdirir. Ancaq naturalizmin təsvirçiliyi, gerçəkliyin üzünü köçürmə prinsipi onu qane eləmirdi. Akutaqavanın bədii-estetik metodu təsvirə yox, təhlilə əsaslanırdı, o düşünürdü ki, əsl sənətkar reallığı doğru-düzgün əks elətdirməklə işini bitmiş saymamalı, obrazların psixoloji dərinliyinə enməli, personajları müxtəlif situasiyalara salmaqla onlar üzərində tədqiqat, eksperiment aparmalı, insan təbiətinin gizli qatlarına baş vurmalıdır. İnsan-cəmiyyət qarşıdurması, sosial kataklizmlər, solçu fəhlə hərəkatları, sağçı faşist ayaqlanmaları onu az maraqlandırırdı, toplumun qayğılarına o, yad-yabançı, biganəydi. Personajlarının prototipləri də tək-tək halda şəxsən tanıdığı, bir zamanda, bir diyarda yaşadığı insanlar olardı; yazıçı qəhrəmanlarını öz zəmanəsinə, yaradıcılıq laboratoriyasına çox vaxt tarixi salnamələrdən, qədim fəlsəfi-didaktik hekayətlərdən, əfsanələrdən, lətifələrdən çağırar, onlara etik-estetik mövqeyinə uyğun yeni həyat verər, onların başına yeni macəralar, oyunlar gətirərdi.
Çağdaşları bu cəhətinə görə onu tez-tez qınayar, müasirlərinin dərdlərinə, qayğılarına biganə yanaşmaqda suçlayardılar. Çoxu belə düşünürdü ki, ölüb getmiş zamanlarda eşələnməyin bir faydası yoxdur, yazıçı zəmanəsinin aktual problemlərini qabartmalı, çiyin-çiyinə yaşadığı adamların xarakterik cizgilərini yaratmalı, məhz onların problemlərindən bəhs eləməlidir. Akutaqava isə öz qəhrəmanlarını qeyri-adi situasiyalara salmağın, həmin situasiyalarda onları sınaqdan keçirməyin ustasıydı; qeyri-adi, nağılvari, fantasmaqorik səhnələrsə müasir həyatın fonunda təsvir olunanda çox vaxt qeyri-təbii, saxta, süni alınır, inandırıcı görünmür, bəzən də gülməli çıxır. Belə stilistik fəsadlar yaranmasın deyə gərək personajı nağılların, əfsanələrin qoşulub-qondarıldığı qədim dövrlərə, başqa sözlə, ya tarixi, ya da mifoloji zamana aparıb çıxarasan. Hansısa möcüzəvi situasiyanın yüz illər, yaxud min illər bundan qabaq baş verdiyinə oxucunu inandırmaq daha asandır.
O ki qaldı aktuallığa, insan mövzusu, insanın psixoloji çevrilmələri, dondan-dona, haldan-hala düşməsi həmişə aktualdır, qədim insanla indiki insanın fizioloji, psixoloji, antropoloji özəllikləri arasında elə mühüm fərq yoxdur. Akutaqava öz tənqidçilərinə bunları başa salmaqda, onları yaşanan günün reallıqları kontekstindən çıxarmaqda çətinlik çəkirdi. Dahilərə ağıl öyrətmək istəyən həmişə çox olub, bu cəhətdən o da istisna deyildi.
***
Uzun sürməyən yaradıcı ömründə - vur-tut on ildən bir az artıq müddətdə Akutaqava təqribən yüz əlli novella qələmə almışdı. İlk mətbu əsərlərindən olan “Rasömon darvazası” (1915) işıq üzü görəndən sonra novellanın gənc müəllifi kiçik hekayələr ustası kimi ad çıxarmışdı, yapon ədəbiyyatının canlı klassikləri onun ilk qələm təcrübələri haqqında xoş sözlər demişdilər. Bilindiyi kimi, sonralar dünya şöhrətli yapon rejissoru Akira Kurosava bu əsərlə eyni adda film də çəkmişdi, hərçənd filmin süjeti əsasən Akutaqavanın “Cəngəllikdə” (1922) adlı ən məşhur novellasının motivləri üzərində qurulmuşdu - həmin novella haqqında əvvəllər ayrıca danışdığımızdan bu yazıda onun üstündə durmuruq.
Əhvalat orta əsrlərdə Kioto şəhərində baş verir. Təbii fəlakətlər, epidemiyalar ucbatından şəhərin firavanlığından əsər-əlamət qalmayıb, aclıq, yoxsulluq, xəstəlik camaatı əldən salıb. Vəziyyət nəzarətdən çıxıb, paytaxt boşalmağa başlayıb, oğru-quldur küçələrdə at oynadır. Qarətçilər hətta müqəddəs heykəllərə, dini əşyalara da əl aparırlar. Epidemiyadan qırılanların cəsədinə yiyə duran yoxdur, o dünyanın qapısı sayılan məşhur Rasömon darvazası da baxımsız qalıb, darvazanın qülləsi meyitxanaya çevrilib. Leş yeyən quşlar, yırtıcılar bura dadanıblar.
Günün birində ağasının işdən qovduğu bir nökər yağışa-tufana düşdüyündən darvazanın tağı altında leysandan daldalanır. Onun getməyə yeri, yeməyə çörəyi yoxdur, ya acından ölməli, ya da oğurluğa qurşanmalıdır. Az sonra nökər darvazanın qülləsində işıq yandığını görüb pilləkənlə oraya qalxır, düşünür ki, gecəni orada keçirə bilər.
Qüllə cəsədlə doludur. Burada diri olan bəndə yalnız günü keçmiş bir qarıdır, o da bir qadın cəsədinin başındakı saçları çəkib toplamaqla məşğuldur. Nökər qəzəblə qarının üstünə atılıb ondan nə məqsədlə meyitdən tük çəkdiyini soruşur. Qarı qorxa-qorxa bu saçların ona parik düzəltmək üçün lazım olduğunu, yaşamaq üçün ayrı yolu qalmadığını bildirir. Qadın pis əməl törətdiyini düşünmür, axı bu saçlar o cəsədə daha lazım olmayacaq. Üstəlik, bu ölü qadın özü də sağlığında fırıldaqla məşğul olurmuş, ilan ətini zolaq-zolaq doğrayıb qurudub müştərilərə quru balıq adıyla satırmış. Ancaq qarı buna görə o, mərhumu da qınamır, axı onun da acından ölməmək üçün başqa çarəsi olmayıb.
Buna qədər tərəddüdlər əlində avara qalan nökər qarını dinləyəndən sonra qəti qərara gəlir ki, dolanışıq naminə oğurluq eləyə bilər. Siftəsini də elə oğru qadının üzərində sınaqdan keçirir, qarının kimonosunu əynindən çıxarıb qoltuğuna vurur, qüllədən aşağı enib qeybə çəkilir. O gündən sonra bir daha onu gördüm deyən olmur. Müəllif səbəbini yazmasa da, aydındır ki, nökər ya şəhərdən köçür, ya xəstələnib ölür, ya da haradasa qaranlıq iş başında ələ keçir.
"Yeni Azərbaycan"