Qismət özünün ən çox sevdiyi 5 şeiri seçdi - Mətnlər

Qismət özünün ən çox sevdiyi 5 şeiri seçdi  - Mətnlər

10 May 2022 11:07 1075


YeniYaz.Az “Seçilmiş əsərlər” layihəsindən Qismətin şeirlərini təqdim edir. Xatırladaq ki, layihədə istedadlı Azərbaycan şairləri özləri öz yaradıcılıqlarından 5 ən yaxşı şeiri seçirlər.

Doğum

Ultrasondakı görüntülərə baxanda
çaşıb qalmışdıq ananla,
izaholunmaz bir sevinc bürümüşdü bizi.
Bu səndin, qızım,
zülmətin içində işaran
çeçelə barmaq boyda bir işıq gilizi…
Günü-gündən böyüyən,
ürəyi döyünən bir işıq!

Sən doğulan gün
bumeranq kimi öz üstümə qayıtdım,
duaların ətəyindən yapışdım,
və üzündəki ilahi cizgilərə baxıb
növbədənkənar göz yaşları axıtdım.

Qızım, indi elə əl-qol atırsan ki,
elə bil, üzməyi öyrənirsən.
Havanı təpikləyirsən,
sanki dünyada özünə yer eləyirsən…

Amma sən doğulan gün mən də böyüdüm,
o qədər böyüdüm ki,
indi sənin təsbeh dənəsi gözlərindəki
əksim boydayam.

2016, oktyabr

Tanış küçələrin birində...

Axşamüstü saat beş radələrində,
sənədsevər dövlət idarələrində
içindəki şeiri qanunsuz silah kimi
hamıdan gizlədən bir adam
tez-tez saatına baxmağa başlayır,
(bir pişik miyoldayır divardakı kölgəsinə)
qalstukunu boşaldır,
dünəndənqalma bir ümid tapıb başını qatır...

Öz adı başqa olan qadınlar küçəsindən keçib düşünür:
çoxdandır yorğun təbəssümlər ayıdır,
ödənişli səadətlər həftəsi.

İndi onun fikrincə,
dostların yarısı xərçəngdən gedib,
yarısı təkəbbürdən...

İndi o bilir ki,
mövsümlərin dəyişməsini çiçək dükanları,
yolların uzunluğunu siqaret qullabları ilə ölçdüyü adam
meşələrin birində ağaclara qonşudur.

Axşamüstü saat beş radələrində,
bir adam mövsümləri masasındakı
təqvim yarpaqlarından cırıb atmağa başlayır.
Bir azdan tanış küçələrdən birində,
əlləri ciblərinin,
gözləri eynəyinin dərinliyində çırpınarkən,
başını qaldırıb buludlara baxacaq
və gülümsəyəcək.

2016

Yenidən

Adam getdiyi yerə özünü də aparırsa,
demək, getmək qeyri-mümkündü əslində;
gerçək olan yalnız yerdəyişmədi –
A nöqtəsindən B nöqtəsinə.

Adam nə qədər təklənir təklənsin həyatda,
özünə deməyə bir-iki kəlməsi varsa, bir-iki həqiqəti,
yəni ürəyiylə danışa bilirsə, vəssalam,
kim nə deyir-desin, boş verməli...

Adam yolları bağlananda, topuğu qanayanda,
toxtaq ola bilirsə, keçmirsə qürurundan,
bir başı kəsiləndə, min baş çıxara bilirsə Ximera kimi,
min qılınc parıldasın, min xəncər itilənsin, vız gələr.

Adam sərin bir yaz gecəsi küçəyə baxanda,
düşünəndə ötənləri, damağında sonuncu siqaret,
xatırlayanda ölülər izdihamına qarışan dostları,
birdən çox adi şeyləri yenidən başa düşür...

2015

Şərt

Qoca şəhər yatıbsa, saat üçü keçibsə,
Darıxanlar ordusu səni başçı seçibsə,
Baş götürüb qaçıbsa gözlərinin yuxusu,
İçini yandırırsa kimsəsizlik duyğusu,
Yenə küləklər kimi sərsərisənsə əgər,
Kədər satan gecəyə müştərisənsə əgər,
Bir fotonun önündə yüz fikrə getmisənsə,
Dözməyin köynəyini min tikə etmisənsə,

Asta yağış yağırsa, it hürürsə küçədə,
Küləklər daha əsmir, sənə köks ötürürsə -
Sən yığan nömrələri bu qəribə gecədə,
Eləcə təkrar-təkrar Səssizlik götürürsə -

Gözlərin sulanırsa təkliyin zülmətində,
Ürəyin sıxılırsa, dözürsənsə birtəhər –
Bu çarəsiz gecədə külqabı dövlətində,
Siqaret soyqırımı törədirsənsə əgər –

Buludların eşqinə, küləklərin xətrinə,
İşığı tükənməyən ürəklərin xətrinə,
Yaxın otur, qulas as:

Bir it hürür küçədə, səsi düşür gecəyə,
Elə bil ki, darıxır, kömək istəyir, kömək.
İstəyirəm boylanım pəncərədən küçəyə,
Bir ağız da mən hürüm, darıxmasın o köpək...

2015

Taksist demişdi ki...

Otur, otur, siftədir, nə verərsən-verərsən.
Qardaşoğlu, on ildir bu yollarda sürürəm,
on ildir bu yolların baş-ayağı düzəlmir.
Bu zalım uşaqları hər tərəfi qazırlar,
biz tərəfdə Zirədə (mən özüm Zirədənəm)
qəşəng bir zarafat var: yolu qazırsız qazın,
cibimizi qazmayın. Uşaqlardan eşitdim,
yarım saat gülmüşəm. Amma yaxşı söhbətdir.
Allah hamıya versin, iki balam var mənim.
Qızımın 10 yaşı var, şeytan yaman şirindir,
oğlumun 14 yaşı. Oğlanı 10 yaşından
karateyə qoymuşam. Bilirsən, qardaşoğlu,
zəmanə yaman pisdir, səhər yıxılıb ölsəm,
deyirəm qoy sözünü deyə bilən olsun da.
Həm də indi idmana dövlət qayğı göstərir,
naxışdır, bir də gördün çempion-filan oldu.
Düz demirəm, qardeşim, əgər çempion olsa,
biz də bir gün görərik. Onda işdir-qismətdir,
səhər yıxılıb ölsəm, gözüm arxada qalmaz.
Eşitmişəm deyirlər, pul-parası bir yana,
çempion olanlara qəşəng ev də verirlər,
bahalı bir maşın da. Nə isə, qardaşoğlu,
başağrısı olmasın, başqa şey deyəcəkdim,
fikrim yenə qarışdı. Nəsə yadımdan çıxdı...
Kəsəsi, qardaşoğlu, vəziyyət uruscadır,
amma buna da şükür, birtəhər dolanırıq.
Sən harda düşməliydin? Burda saxlasam olar?
Siftəmdir, qardaşoğlu, yeddi versən bəsimdir,
ciblərin dolu olsun. Bu kimin heykəlidir?
Hə, tanıdım, Cavidin, çox böyük adam olub,
məktəb vaxtı keçmişdik, hikmətli sözləri var,
biri yadımda qalıb: iblis elə bizik də...

2014