“Qızlarımızı Türkiyədə satan erməni sonradan Bakıya qayıdıb gözəllik salonu açdı” - Doktor-yazarla müsahibə

“Qızlarımızı Türkiyədə satan erməni sonradan Bakıya qayıdıb gözəllik salonu açdı”    - Doktor-yazarla müsahibə

02 Sentyabr 2022 14:12 1569


YeniYaz.Az yazar Nazlı Çələbi ilə müsahibəni təqdim edir.

-Sənətdə belə bir şey var: Ciddi mətni olanlar və sənətə iddiası olan adamlar. Maraqlıdır, sizin sənətdə hansısa bir iddianız varmı?

-Yox, mənim heç bir iddiam yoxdur. Məndə olan fitri istedaddır, sonradan qazanılmayıb, hansısa bir müəllimi yoxdur. Deyim ki, mən buna pul xərcləmişəm, dərslərə getmişəm və bu sənəti öyrənmişəm. Əlbəttə ki, bu sahədə uğur qazanmaq istəyirəm, məncə, normal istəkdir. Lakin ən əsas məqsədim Azərbaycan ədəbiyyatına xidmət etməkdir, qurtardı getdi.

-“Həzz” adında kitabınız var. Narkomaniya ilə əlaqədar yazılıb. Bu mövzuda kitab yazmağa sizi cəmiyyətdə vətəndaş gözü ilə gördüyünüz hadisələr cəlb edib, yoxsa həkim kimi daha professional bucaqdan gördüyünuz hadisələr?

-Birincisi, həkim kimi daha peşəkar olaraq bu hadisələrə baxışım var. Əlbəttə, istəyərdim ki, son zamanlar daha geniş vüsət almış narkotiklərə həvəsin verəcəyi, daha doğrusu, həzzin verəcəyi fəsadları insanlara göstərim. Kimsə hələ bu yolda deyilsə və yaxud kimsə ona bunu tərif edirsə, qorxma, belə bir şey yoxdur, bu belə deyil deyərək cəlb edirsə, həmin adamlar bu kitabı oxuyandan sonra başa düşəcəklər ki, onları nələr gözləyir. Bundan da əlavə mənim bütün obrazlarım real obrazlardır, hamısı ilə görüşüb söhbət etmişəm, danışmışam. Narkomanın ailəsi, anası ilə danışmışam. Orda digər obrazlar da var. Kitabda tək narkomaniya yox, həmçinin qadın alverindən də söhbət gedir. Orda Anaid adlı erməni obrazı var, bizim qızları 1992-ci ildə buradan evlənmək adı ilə aparıb Türkiyədə seksual əsirliyə satan adam, sonradan Bakıya qayıdıb gəlib. Gözəllik salonu açıb, altdan-altdan yenə də qadın alveri ilə məşğul olurdu.

-Tibb Universitetinə qəbul olmuş və orda təhsil almış biri cəmiyyətin gözündə sanki daim dərsləri ilə məşğul olan bir şagird və tələbə tipi kimidir. Necə oldu ki, siz bu qədər dərsdən bu qədər vaxt aparan bir ikinci sənət üçün vaxt tapdınız?

-İnsanın bir şeyə ki, böyük həvəsi var, ondan yoğrulub, ondan yaranıb, onun üçün mütləq vaxt tapacaq. Həm də mən çox sürətli yazıram. Mənə onun üçün illərlə vaxt lazım deyil ki, hansısa kitabı yazım. Böyük danışmaq kimi çıxmasın, mən bir aya bir kitabı tam yazıb qurtararam, əgər tənbəllik etməsəm. Yorulmasam, daha tez yazıb bitirə bilərəm. Hətta tək onu yox, bir gündə bir neçə işlə məşğul ola bilirəm. Mənim ona enerjim çatır. İşdə o qədər də yorulmuram.

-Eşitdiyimə görə, beş roman yazmısınız. Beşini də deyilənə görə vatsapda yazmısınız.

-Yox, əslində, on kitabım var. Bu il üçün hələlik “Möhtəşəm hiylə” adlı kitabımdır. Ola bilsin ki, il qurtarmamış daha bir kitab yazım. Artıq çapa verilib. Maraqlı, daha doğrusu, super bir kitabdır. Bəli, beş kitabı isə telefonda yazmışam, hələ lap köhnə telefonda. Vatsapda yazmışam. Əslində, uşaqlıqdan yazıram. Deyirlər, ədəbiyyata gec gəlmisən. Rəsmi olaraq gec gəlmişəm. Hətta uşaq vaxtı təmsillər yazırdım. Sadəcə bir dəfə içimdən gəldi ki, yazdıqlarımı kitab halına salım. Amma bilmirdim hara yazım, bilmirdim vörd nədir, proqram nədir? Başladım birbaşa feysbuk səhifəmə yazmağa. Almaniyada təhsil alan bir həkim xanım vardı, tez-tez onunla psixologiyaya aid söhbətlər edirdik. Bir dəfə məndən soruşdu ki, doktor, neynirsən? Dedim ki, kitab yazıram. Dedi, ora niyə yazırsan, yaz vatsapa at mənə. Sonra onu kitab edərik. Bu mənə stimul verdi, başladım yazıb ona atmağa ki, hardasa qalsın. Sonradan nəşriyyat axtarmağa başladım, harda, nə etmək olar. Sağ olsunlar, o qədər mənə səhv məlumat verdilər, o qədər incitdilər. Hətta ilk kitabımı nəşr edən bir mətbəə (nəşriyyat belə deyildi) telefonda necə yazılmışdısa, səhvləri, ara məsafəsi, şrifti ilə eləcə də çap edib o kitabı mənə vermişdilər. Açıb baxanda dəhşətə gəlmişdim ki, bunu kitab deyib kimə vermək olar? Cavabında dedilər ki, sən necə vermisən, elə də çap etmişik. Halbuki, bu mətbəə illərdir kitab çapı ilə məşğuldur. Gözəl bilirlər ki, harda nə səhvdir. Kitabın üz qapağına vurulan rəng belə bir həftə keçməmiş başladı solmağa. Sonradan yazdığım kitablar redaktə olundu deyə çapa verildi, məlum oldu ki, nə korrektə olunub, nə redaktə. Belə işlər başıma gələ-gələ axır ki, yolunu tapdım. Necə ki, siz klinikaya müraciət edəndə bilmirsiniz hansı həkimə yaxınlaşasınız, hansı daha yaxşıdır, peşəkardır? Siz də qapıları döyə-döyə, vicdansız həkimlərə rast gələ-gələ nifrət edəcəksiniz. Mən də eləcə, tanış olmadığım bir sistemdə kimə müraciət edəcəyimi bilmirdim. Hər dəfə, hər yerdə bunu deyirəm. Görün bu vicdansızlığı hansı həkimə ediblər, o həkimə ki, ömrünün 30 ilini xalqa xidmət edib. Düzdür, tibb xidmət yox, yardım sferasındadır, amma xidmət kimi qəbul edilir və mən də xidmət etmişəm. O həkimə ki, gələn hər xəstəyə vicdanla yanaşıb, dürüst olub, kimsəni aldatmayıb, pulunu almayıb, məhz bu həkimə inanılmaz vicdansız davranılıb. Məhz ədəbi cameədə. Hər dəfə deyirəm, sonra da siz həkimlərdən şəfqət gözləyirsiniz, digər sənət sahiblərindən vicdan gözləyirsiniz. Hanı bəs sizin vicdanınız? İş orasındadır, çox adam mənim kitabımı mənim ağzımı yummaq üçün alıb ki, bu çox danışır, yüksəkdən danışır. “Dostluq”la gəlir, kitabımı alır ki, hardasa çıxış edib məni tənqid etsin, məni batırsın. Desin ki, o nə yazıçıdır, bu nə kitabdır? Amma oxuyub, ağzı bir dəfəlik bağlanıb, çıxıb gedib.

-Tanımadığınız çevrədə özünüzü necə təqdim edirsiniz: yazıçısı kimi, həkim kimi?

-Tanınmadığım çevrədə, adətən, özümü təqdim etmirəm (gülür). Buna ehtiyac duymuram. Bilirsiniz, insan dolu olanda dikbaşlıq etməyə ehtiyacı olmur, özünü gözə soxmur. Mən bilirəm ki, mənim yanımda oturub mənimlə bir az söhbət edən adam o qədər şey götürüb gedəcək, o qədər içi təzələnəcək, fərahlanacaq ki. Ona görə bu şeylərdə çox rahatam.



-Bu sualdan doğan bir sual da var. Həkim kimi təqdim etdikdə daha çox sual alırsınız, yoxsa yazıçı kimi təqdim etdikdə?

-Həkim kimi. Əslində, hazırda bu il başlayandan həkim kimi mükafatlar da almışam ki, bu mənim üçün çox xoşdur. Mənim üçün xoşbəxtlikdir. Bundan sonra da olacaq, inşallah. Amma mən yazıçı kimi hardasa iştirak edəndə, deyiləndə ki, bu xanım həm də həkimdir, bax onda suallar başlanır. Siz həkimsiniz, yoxsa yazıçısınız, yoxsa qiraət ustasısınız? Həkim hara, yazıçı hara? Bu suallar məni çox təəccübləndirir. İnsanlar sanki digərlərini robot, zombi kimi hansısa sənətlər ayırıblar: bu həkimdirsə, ancaq xəstələrə baxmalıdır, bu həkimdirsə, ancaq bahalı maşın sürməlidir, metro ilə gedə bilməz. Kitab yaza bilməz, mahnı oxuya bilməz. Bir az geniş düşünmürlər ki, bu, insandır. Və mən bu suala belə cavab verirəm, mən incəsənətdə doğulmuşam, həkimliyi isə oxumuşam, valideynlərimin xahişi və tələbi ilə.

-Mən sizin profilinizdə hərdən belə şeylərlə qarşılaşıram: kiminsə şeirini qiraət edirsiniz, amma başa düşmürəm, siz onu ciddi edirsiniz, ya sarkazmla yanaşırsınız?

-Mən, əslində, həyatda aqressiv insan deyiləm. Çox səbirli adamam, çox anlayışlı, ipək kimi bir adamam. Amma sözlərimin kəsəri elə iti olur ki, mən onları adi halımla sosial şəbəkədə yazıb paylaşanda insanlarda haqqımda qeyri-düzgün fikir oyadır. Düşünürlər ki, mən onu çox böyük qəzəb, aqressiya ilə yazmışam. Halbuki, mən onu adi halımla yazmışam, sadəcə sözlərim bu qədər itidir. Görürəm ki, bu yaxşı qarşılanmır, insanlar yorulur. Yazılarımda özlərini görür, məndən incik düşür, mütəmadi aqressiya göstərir, hətta bəzi vaxtlarda təhqirlər edirlər. Gözləyirlər ki, mən bir satirik, yumoristik rolik paylaşım, o dəqiqə orda mənim əxlaqıma yönəlik çox təhqiramiz sözlərdən istifadə edir, məni aşağılamağa çalışırlar. Əvvəllər çox ciddi reaksiya verirdimsə, indi artıq buna öyrəşirəm, kəskin reaksiya verməməyə çalışıram. Şeirlər də həmçinin. Mən əvvəllər çox lirik, hüzn dolu, poetik şeirlər səsləndirirdim və görürdüm ki, insanlara o qədər də maraqlı deyil. Hətta mənim atdığım addımdan digərləri də həvəsləndilər və feysbuk doldu qeyri-peşəkar səsləndirmələrlə. Mən artıq iyrəndim bundan, çəkilib durdum qıraqda. Ancaq onlar çox yaxşı biznes qura bildilər. Hətta şerləri təmənnasız səsləndirdiyim üçün məni qınayanlar da oldu...Yenə deyirəm, mən xalqım üçün, dövlətim üçün, ölkəmiz, millətimiz üçün, ədəbiyyat üçün işlərimi təmənnasız edirəm. Bu məsələdə "mən" yoxam, Azərbaycan ədəbiyyatı, incəsənəti var. Mənə çox xoşdur ki, əsasən, gənc yazarlar içərisində axtarıb-arayıb o inciləri tapım, onların şeirlərini səsləndirim. Bunu çox böyük məmnuniyyətlə edirəm, ancaq təəssüf ki, onun “qarşılığını” almıram. O qarşılıq pul deyil, sadəcə mənim onların yaradıcılığına verdiyim qiyməti, onlar mənim yaradıcılığıma vermirlər. Kitab təqdimatı edirəm, gələn yoxdur. O adam gəlir ki, onu mən israrla dəvət edirəm, ancaq mən bunu etməməliyəm. Mən dəfələrlə elan edirəm, şeirlərini səsləndirdiyim adamlar da onu görür, amma gəlmirlər. Heç kitablarımla maraqlanmırlar ki, görəsən, bu adam nə yazır?

-Kimlər gəlmir, məsələn?

-Ad çəksəm, qırğın düşəcək (gülür). Misal üçün bir çağırışımla gələn Qəşəm Nəcəfzadə olub. Amma Baba Vəziroğlu gəlmədi. Baxmayaraq ki, digər şairlərin məclislərində iştirak etdiyinə mən şəxsən şahid olmuşam. Bu haqda özünə də demişəm, arxasınca demirəm. Demişəm ki, siz mənim yaradıcılığımı qiymətləndirmirsiniz, mən sizdən incimişəm. Daha sonra gənc şairlər var, adlarını çəkmək istəmirəm, reklam olar, onlar bunu haqq etmirlər. Xanımlardan da var, hansı ki şeirlərini səsləndirmişəm. Boyunlarına minnət qoymuram, mən özüm səsləndirmişəm, amma xahiş edənləri çox olub. Mən yenə də ədalətli yanaşmışam, seçmişəm. Məsələn, Abil İslam. Tanınan nəğməkar şairdir, çox gözəl şeirləri var. Bir-iki şeirini də mən səsləndirmişəm, amma bu adam mənim bir kitab təqdimatımda iştirak etməyib, halbuki, məni şəxsən tanıyır. "Şeytanın toy gecəsi" kitabımın qəhrəmanı, həm də cinayət işini məharətlə açan vəkil Osman Kazımov, adı keçdiyi kitabın təqdimatına gəlmədi. Niyəsini bilmirəm. Bu dəqiqə hamısını xatırlamıram, amma məni şəxsən tanıyıb təqdimatıma gəlməyən çox adam var. Dəvət etmişəm, söz verib ki, gələcək, gəlməyib, ya da deyib ki, dəvətin üçün çox sağ ol. Qurtardı getdi.

-Siz hamısına gedirsinizmi?

Əgər xəbərim olursa, dəvət edilirəmsə, mütləq gedirəm. Hətta mən bir şair xanımın adını çəkəcəyəm, Aysel Xanlarqızı. Mən ona məxsusi hörmət edirəm, çünki onu heç tanımırdım. Lakin bütün kitablarımın təqdimatında o xanım dəvətsiz gəlib iştirak edib. Dəvətsiz iştirak edənlərdən Rəfiqə Abbasovadır, həkimdir, bizim görkəmli həkimimizdir. Mən o adamın qızı yerindəyəm, amma elanımı görüb özü gəlib iştirak edib. Bu mənim üçün böyük sevincdir. Mən məni tərif edin, yazılarımı oxuyun demirəm. Amma azdan-çoxdan mənim feysbuk səhifəmi izləyirsinizsə, haqqımda sizdə az da olsa, fikir formalaşacaq ki, mən nə qədər məsələləri qabardıb ortaya çıxarıram. Adətən, yazırlar ki, çox adamın ürək edib yaza bilmədiyini, sən yazırsan. Niyə ürək edə bilmirlər? Çünki qorxurlar, nədən qorxurlar? Qorxurlar ki, birdən bu cameə onların əleyhinə durar. Çünki həmin o obrazlar, hansı ki, onların adını çəkirəm, üstünü açıram, onların haqqında psixoanalitik açıqlama verirəm, bu da insandan cəsarət istəyir. Onlar real obrazlardır.

-Bilmək istəyirəm ki, otuz-qırx il sonra, kobud çıxsa da, Nazlı Çələbi ölüb-gedəndən yüz il sonra ədəbiyyatda necə bir sima kimi qalacaq? Ümumiyyətlə, qalacaqmı?

-Məncə, qalacaq. Heç nə qalmasa da, səsim qalacaq. Çünki çox gözəl şeirlər səsləndirmişəm, o qiraət qalacaq. Ən azından, o şairlər onu saxlayacaq öz şeirlərini göstərmək üçün. Amma mən düşünürəm ki,mənim kitablarım gözəl, qaydasında reklam olunarsa, əlbəttə, kitablarım da qalacaq. Qalmasın deyə çalışırlar. Onu da sual kimi digər müsahibəyə qoyarsan ki, kimlər çalışır?

Nizami Bayramlı