“Qonşu ölkələrə baxıb sadəcə utana bilərsən” - Rəvan Cavidlə söhbət

“Qonşu ölkələrə baxıb sadəcə utana bilərsən”   - Rəvan Cavidlə söhbət

16 Avqust 2022 11:13 544


YeniYaz.Az gənc yazar Rəvan Cavidlə müsahibəni təqdim edir.

- Son vaxtlar ən çox hansı mövzuda mətnləri oxuyursan?

- Son vaxtlar Bakı haqqında tarixi romanlar, esselər, hekayələr oxuyuram. Bakının keçmişini bədii müstəvidə tanımaq istəyirəm. Həmişə Pamukun İstanbul haqqında qeydlərini oxuyanda düşünürdüm ki, niyə bizdə də Bakı haqqında bədii roman, esse, hekayə yoxdur. Yaxın günlərdə Cavid Ramazanovun “Amanabənd” romanını oxudum. Yazı yazmaq istəyirəm o roman haqqında. Çünki Bakı haqqında istədiyim mətn idi. Hazırda özüm də Bakı haqqında böyük esse üzərində işləyirəm.

- Gənc dostlarının yazılarında nələri görmək istəyirsən?

- Elə özlərini. Kiməsə bənzəmək cəhdi onlar üçün yaxşı yol olmaz, məncə.

- Kimlərin mətnlərində qeyri-ciddilik görürsən? Bir də qeyri-ciddilik deyəndə nələri nəzərdə tutursan?

- Dostlarım hərdən ironiyanın duzunu bir az çox eləyir. Mətn məzhəkədən başqa bir şey olmur. Ümid edirəm, yumorun səviyyəsini saxlayarlar.

- Hazırda ədəbiyyatın bir mərhələ yaşamasına köməkliyi dəyən gənclərdən kimlərin adını çəkə bilərsən?

- Mənə elə gəlir ki, ən koloritli ədəbi nəsil bizim nəsildi. Qarşımızda maneələr var, bizdən öncəki ədəbi nəsillərin nüfuzu hərdən onlarda qəribə bir eqoizm yaradır. Amma nə yaxşı ki, bizə dəstək olan, kömək edən, yeri gələndə yol göstərən abilərimiz də var. Biz qeyri-ciddi nəsə yazmaq istəmirik. Ona görə də, əminliklə deyə bilərəm ki, bizim ədəbi nəsil keyfiyyətli mətnlər yaratmaq istəyir, yaradır və yaradacaq.

- Hazırki mətnlərdə sovet təsirinin olduğunu hiss edirsənmi?

- Hiss olunur. Bundan qaçmaq da bir az çətin məsələdir. Çünki ədəbiyyatımızın ən yaxşı nümunələri sovet dövründə və sovet ideologiyasının təsirində yaranıb. İndi bu cür təsirlər məndə təəssüf hissi doğurur. Bəziləri hələ də elə bilir ki, mətndə seks səhnəsi qursalar, onları KQB çağıracaq (gülür).

- Hansında daha çox məsuliyyət hiss esirsən? Nəzm, yoxsa nəsr?

- Yaxşı yazmaq istəyirsənsə, bütün mətnlərin ağırlığı və məsuliyyəti var.

- Ümumilikdə ədəbiyyatda etalon kimi qəbul elədiyin mətnlər sırasında kimlərin mətnlərinin adını çəkə bilərsən?

- Etalon kimi qəbul etdiyim müəlliflər yoxdur. Təsirləndiyim, özümə yaxın, ədəbi əcdad bildiyim müəlliflər və mətnlər var. Həmin əsərləri ad-ad yazsam uzun olar. Bir şeyi dəqiq deyə bilərəm ki, motivasiyadan düşəndə və ya bir şey haqqında çox fikirləşəndə mifləri oxuyuram. Mifologiya məni həmişə heyrətləndirir.

- Rəvan, ədəbi-mühitdə olan boşluqların səbəbi nədir?

- Ədəbiyyatın və onun kimi digər sənətlərin dövlət qurumları tərəfindən gözardı edilməsi, hakimiyyətin ədəbiyyata dırnaqarası münasibəti. Qonşu ölkələrdəki vəziyyətə baxıb sadəcə utana bilərsən. Kitab industriyası yaradılmır. Nəşriyyatlar sərbəst fəaliyyət göstərə bilmir. Tərcümə prosesindən də danışmaq digər problemlərin yanında görünməz hala düşür.

- Günümüzün tələbatı necə ədəbiyyat yaratmaqdır?

- Bu sual ayrıca bir yazı istəyir (gülür). Günümüzün tələbatı deyəndə ki, mövzulara və hadisələrin qarşılıqlı əlaqəsinə fikir versək, onlarda olan əjdahadan bizdə də olar.

- Açıq şəkildə tənqid eləmək istədiyin adamlar kimdir?

- Tənqid etdiyim adamların hamısını açıq şəkildə tənqid eləmişəm (gülür). Hazırda heç kimi tənqid etmək istəmirəm. Ümumiyyətlə, indi heç nəyə həvəsim yoxdur. İstilər adamı yorur. Yaydan zəhləm gedir.

- Yaradıcı birliklərin ciddi ədəbiyyatda rolu varmı?

- AYB var, Yaradıcılıq fakültəsi var. Başqa yadıma düşmür indi. Sadaladıqlarımın da hərəsinin öz rolu var. Mən istədiyim səviyyədə isə ədəbi birlik, qurum yoxdur.

- Son olaraq, hərbi xidmətdən gəldikdən sonra sənə münasibət dəyişib?

– Mənim adamlara münasibətim dəyişib. Yəqin ki, onların da mənə...