Qoxu yaddaşı - Əsəddən yeni hekayə

Qoxu yaddaşı   - Əsəddən yeni hekayə

29 May 2024 12:51 657


Əsəd Qaraqaplan

Orada dəqiq xatırladığım Qələbəy kişinin əlindəki iti baltayla stadionun qırağında xiyar soymasıdır. Bu da qoxusuna görə yadımda qalıb.

Nubar xiyarın təbiət bərabəri qoxusu burnuma vurmuş, bütün qoxu yaddaşımı alt-üst etmiş, eləcə yadımda qalmışdı. O anı qoxlamışdım. Elə indi anladım, ən güclü yaddaşım tərəfim qoxu yaddaşımdır.

Biz futbol oynarkən Qələbəy kişi irişə-irişə baltanın ucuyla xiyar soyur, uşaqları daha yaxşı oynamağa haylarkən arabir xiyardan dişləyib yeyir, öz pozitiv duruşuna ara vermirdi. Mənsə bir anlıq oyundan əl çəkib ona baxaraq istər-istəməz bu anı yaddaşıma həkk eləmişdim. Meydançanın tam ortasında birdən-birə donub qaldığımı Qələbəy kişi tərəfdən gələn qoxuyla fokusladığımı dəqiq xatırlayıram. Ətrafımda uşaqlar oyuna davam edir, mənsə bir az da meydanın sağına – qoxuya tərəf irəliləyir, daha aydın şəkildə hər şeyi görə bilirəm.

May ayının ortaları, otlar təzə biçilib, bizim meşədəki futbol sahəmiz açılıb. Oyun sezonu başlayıb və biz ağır ot biçinindən sonrakı asudəliyin ilk nübarını dadırıq. Heç nə başa düşmədiyimiz, ancaq çox şeyi hiss elədiyimiz vaxtlardır.

Ortada sadəcə bir qoxu var, başqa heç nə yoxdur. Qələbəy kişinin əlindəki soyulmuş və yavaş-yavaş yeyilməkdə olan xiyarın qoxusu. Hətta artıq təzə biçilmiş ot qoxusu da yoxdur; nə ağacların, nə ağaclardakı tər yarpaqların, nə də daha 20-30 metr aralıdan axan dərədəki yarpızın qoxusu. Sadəcə bir qoxu var, başqa heç nə. Daha çox aclıq qoxusu – iştah açan...

Qarşımda sol əlində iti balta, sağ əlində tər xiyar tutmuş, soya-soya yeyən Qələbəy kişi dayanıb. Mən də dayanıb-durmuşam. Həyat ətrafımda qaynayır. Yaşıdlarım topun ətrafında aşağı-yuxarı qaçışırlar, mənsə heykəl kimi durub qoxunu izləyirəm – yaddaşıma zərbələr endirən qoxunu. Hərəkət edə bilmirəm – ayaqlarım qaçır, topu alıb bir-iki nəfəri azdırıb rəqib qapıya doğru irəliləyirəm, qol vurub sevinirəm hətta, ancaq yenə hərəkətsizəm – qoxuya ilişib qalmışam. Doxsanıncı illərin aclığına. Ən son nə vaxt yemək yediyimi, nə yediyimi də xatırlamıram. Haradayam, necəyəm, hətta neçə yaşım var, indi dəqiq bilmirəm. Bircə o qoxu məni o ana kilidləyib.

Qələbəy kişinin ilk övladının son övladı olan Rahidlə rəqibik indi. Həmişə belə edirik – ikimiz durur, başqa uşaqlar iki-iki gedib ad qoyub gəlirlər, biri doğru tapan tərəfə keçir, digəri də qarşı tərəfə. Eyni tərəfdə - komandada olmaq ədalətsiz olar, düşünürük Rahidlə. Ədalətsizlikdənsə rəqib olmaq daha yaxşıdır. Dünyanın mizanını qurmağa çalışırıq öz uşaq ağlımızla.

Artıq hesab neçə-neçədir, dəqiq xatırlaya bilmirəm. Rahid udur, yoxsa mən, indi elə də maraqlı deyil. Onsuz da ya o udur, ya da mən. Bu döngü davam edir. İndi sadəcə Qələbəy kişini görürəm, Rahidin şux babasını - əlində iti baltayla xiyar soyub yeyərkən. Dünya, əslində, indi nübar xiyar qoxusundan ibarətdir.

Dayanıb-durmuşam meydançanın sağ tərəfində - şux gülüşlü Qələbəy kişinin xiyar soyub yeməsinə tamaşa edə-edə. Və bu, çox güman, bir an çəkmişdi. Nil ağacının kölgəsində dayanıb bizi seyr edən, daha da ruhlandıran, iştahla yeyən Qələbəy kişinin duruşu. Uşaqlıqdan ən dəqiq xatırladığım bu qoxudur – bu mənzərə.

Özüm qaçıram, amma qoxu yaddaşım “yorulub” – ilişib qalıb o anda. Ətrafdakı hər şey dumanlı şəkil alıb. Bircə sağ böyürmdəki qoxudan başqa. Yamyaşıl bir qoxu. Baltanın iti tiyəsindən dalğa-dalğa qopan qoxu ətrafa yayılır və məni öz əsarətinə alır. Elə bil o baltanın tiyəsi iti olmasa, o qoxu bu qədər ucadan yayılmazdı. Baltanın ucu incə çizgilər açır xiyarın bədənində, sanasan, ona həbsxana libası geyindirib yeyilməyə - yox olmağa hazırlayır.

Uşaqların: həm oynayanların, həm də ətrafda dayanıb azarkeşlik edənlərin sanasan, səsi də batıb. Sadəcə ağızları və hərəkətləri görünür. Qoxu yeyib onların səslərini. Qələbəy kişinin səsi də eşidilmir. Sadəcə qoxusu gəlir elədiyi hərəkətin, yediyi xiyarın.

Az qala kənddəki hər kəs – bütün kişilər və oğlanlar stadionun içində və kənarındadır. Elə bil kənddə heç kim qalmayıb və hər kəsin indi tək əyləncəsi futboldur. Bir bütövlük yaranıb meydançanın içində və kənarında. Hər kəs bir yerdədir indi. Sadəcə qadınlar qalıb evlərində: kimi təndirə çörək yapır, kimi altına odun qoyduğu sacayağın üstündə yemək bişirir, kimi ev yığışdırır, kimi də yeri vedrəylə sulayıb həyət süpürür .

Mən bunların heç birini dəqiq xatırlaya bilmirəm, bircə o qoxudan başqa. O qədər aydındır o qoxu, məni tam o ana kökləyib. Əynimizdəki kirdən bozarmış ağ köynəyimin arxasına qələmlə 9 nömrə yazlıb, yuxarısına da xırda hərflərlə “Ronaldo” yazdığımı da xatırlayıram.

Ayağıma dəyən zərbələrdən başım gicəllənsə də, müvazinətimi itirməyib, birbaşa o qoxuya köklənmiş halda dayanıb-durmuşam. Qələbəy kişinin şən qoxulu duruşu bütün ətrafa hakim kəsilib. Nə yazdan yazlıq qalıb, nə təzə getmiş qışdan.

Ətrafda mal-qoyun otlayır, kimindir və necədir, heç fərqində deyiləm. Bizim mal-qoyunlarımız da haradadır, unutmuşam...

Baltanın iti ucu xiyarın gövdəsində zolaqlar açdıqca, hər qopan yerdən yayılan qoxu məni dəli eləyir. Ac ruhumda yeni yaddaş sahəsi açır və məni özümə kökləyir. Həyat dayanıb-durub, mənsə o qoxu ətrafında dünyanı dolaşıb-dururam.

Oyun bitir, uşaqlar dağılışıb gedir, hətta Qələbəy kişi də. Mənsə orada qalıram – o qoxunun yaddaşında. Qaranlıq üstümə çökür, mənsə bunu hiss etmirəm. Günəş doğur, səhər açılır, günorta olur, axşamüstü uşaqlar yenə buraya – futbol oynamağa gəlirlər, yenə ətraf dolub-daşır, yenə kənddəki evlərdə sadəcə qadınlar-qızlar qalır, mənsə yerimdən tərpənmir, oradaca dayanıb-durur, sadəcə o qoxunu hiss edirəm. Yaddaşım məni hər şeydən uzaqlaşdırıb bircə o qoxuya kökləyir. Qələbəy kişinin əlində - baltanın ucunda son qoxu can verənə kimi.