Ramil Əhmədin itirdiyi şəhər - Cavanşir Yusifli

Ramil Əhmədin itirdiyi şəhər   - Cavanşir Yusifli

02 İyun 2022 11:01 405


Hər bir imza məni bir məqamda çəkər, anidən və baş verdimi, niyə çəkdiyini də unudaram. Əsas məsələ başqadır. Ramil Əhmədin şeirlərini oxuduğum yol burulduğu anda bir şey gördüm: digər şairlərdən fərqli olaraq Ramilin metaforası, yəni onun mətnini şeir eləyən nəsnə... özünə sıxılmış, bərkimiş, oxucuya yalnız çərçivə daxilində informasiya verən (həm də yanıb dərhal sönən...) kateqoriya, bədii vasitə deyil, başqa bir şeydir. Elə bir şey ki, sənə duyurduğu yaşantını yaddaşı itmiş kimi unudar və mətnin hansısa "sükut məqamında" bunu yada salıb həmin yaşantının ömrünü uzatmaq istər. Beləcə, gənc ədəbi nəslin, onun içində Ramil Əhmədin şeiri artıq özünə məxsusdur, hər bir nöqtə, vergülüylə, danışması və susmasıyla.

Onun metaforası səslənən, oxunan kimi sən bir təmas hiss edərsən, nəsə nəyəsə toxunar, sonra bu ani hiss unudular, oxunun davamında misraların açdığı üfüq genişlənər. Onun bütün şeirlərini oxusam da, diqqətimi "Humay" üzərində cəmlədim. Bu şeir ayrıca bir "qitə" olmaqdan yana, həm də Səməd Vurğun və Yusif Səmədoğlunun obrazlarını yaratdığı üçün də dəyərlidir, məncə. Həm də belə: şair bu iki görkəmli şəxsin, ata-oğulun, həm də artıq ədəbi obrazın nəfəslərini mətnə diktə etməklə digər tərəfdən ondan ayrılıb-arınmaq istəyir, bu iki hiss arasındakı zolaq bədii mətnin bizə ilk baxışdan aşılanan xassədən fərqli nüanslar bəxş edir. Bu şeiri ard-arda bir neçə dəfə oxuyursan, Səməd Vurğunun mətnləri həm də bir başqa biçimdə görünür, eyni zamanda belə: həyatı olmadığı kimi təsvir edib olduğu halının təsəvvürünü yaratmaq... Bu təkcə "Komsomol" poemasından məşhur bir parçanın mətnə epiqraf seçilməsiylə və bu parçanın Ramilin şeiri ilə təmasının nəticəsi deyil, Səməd Vurğun taleyinin öz sirridir. Şeir, bədii mətn canlı varlıq, nəfəs alan, nəfəslə yaranan nəsnə olduğu üçün bəzi məqamlarda bizə tanış hadisələrin məhz onun, yəni atayla oğulun dilindən səslənməsini hiss edirik. Sual oluna bilər ki, adi bir şeir mətni üçün bu fantaziya "fantastik" sayılmazmı? Bədii mətn daxilində poetik məntiq gözlənilərsə, həm də oxucunun gözləntisinin əksinə qurularsa olmaz, təbii ki.

Bu şeirlərdə hər şey - bütün əşyalar dirilik suyunun içindən keçər, həm də canlıyla cansız olanı ayıran incə bir şırım bu mətnlərdə poetik sistemin özülünü bəlləyən işarələrdən hörülür. Hansıdır o işarələr? Diqqət edin:

Bərq vurur ulduzlar nəhrdə,
Göy üzü təbəssümtək qonur Kürün üzünə
Gülür göy qübbə də.
Çayın gözləri önündə
qısılmaq olar sevgiliyə.

Səməd Vurğunun məlum mətnindən başda epiqraf yerinə verilən sitatın içi o qədər tutumlu və doludur ki, burada sən həm o şeirin, o misraların yaratdığı görüntüləri izləyirsən, həm də sanki o məlum mətn yoxmuş kimi, heç dünyaya gəlməmiş kimi bu gənc şairin yaratdığı obrazlar kimi qarşına çıxır. Səməd Vurğun şeirindəki bədahətənlik əzbərləmə stixiyası ilə bağlı deyildir və ola da bilməz, şairin təxəyyülündə yaranmış tarixçənin mahiyyətini ifadə edən kadrla ilk növbədə "üzə çıxır", bu isə şairin dedikləri ilə həmin tarixçənin mifik, metafizik qatı arasında gizli və sirli bağ yaradır; "Humay" mətnində isə epiqraf məhz həmin stixiyanın əleyhinə gediləcəyi anlamını daşıyır, ilk baxışdan bu dediyimiz bilinmir, ancaq dərindən dinlədikdə mətni yaradan səs spektrləri bu gizlini faş edir. Belə ki, Ramil, mənim mətndən hiss etdiyim qədərində tam başqa bir mətn yaratmaq istərkən əslində məşhur poemanın motivləri əsasında Yusif Səmədoğlunun yaratdığı obraz və görüntülərin üstüylə gedib tam orijinal bir dünya yaradır. Burada "üstüylə getmək" məhz təkrardan qaçmaq üçündür. Filmdə Cəlalla Humayın bir qaya döşündə, çay kənarında oturduqları səhnə var, yuxarıdakı sitat həm o səhnənin davamıdır, yaxud özüdür; göy üzünün təbəssümtək Kürün üzünə qonması, sürət hissini vermək üçün "atların ayaqları yolların əzbərini qanatdı..." kimi ifadələr həmin görüntünün üzərinə pərdə kimi salınır, ancaq söz məhz şeirdən, poeziyadan getdiyi üçün bu qalın pərdə də şəffafdan şəffaf bir tülə dönür, hər şey duru su damcısından baxdığın kimi görünər.

Ramilin Şuşayla bağlı bir essesi də var. "Səni anamın xatirələri, atamın fotoşəkilləri və videolentlərin yaddaşında qaldığın qədəriylə tanıdım. Sənli görüntülərdən bir şəhər saldım zehnimin xəyali xəritəsində. Hər şey yerli yerindədir. Ağacların həmişəyaşıl, məscidinin səmaya uzanan minarələri əzəmətini qoruyur, yollarından keçən maşınlar dəyişmir, atamın gülüşü, anamın önündə şəkil çəkdirdiyi bina, hər şey eynidir, bircə təqvimlər dəyişir... Lentlərdə düşməyən, şəkillərdə olmayan, xatirələrdə danışılmayan yerlərindən yıxılıram, Şuşa!".



Bu yıxılma, bu itkinin izləri, özü də ağrılı izləri (yuxarıda qeyd edildiyi kimi, onun metaforası dərhal təmas hissini oyadır və belə olduğu üçün ağrı sözü dərhal qeyb olur, onun verdiyi hiss hər şeyi əvəz edir...) "Humay" parçasında da var. Bu şeirdə hər şey artefaktdır, müəllif onlardan gah keçmişin lövhəsində adları yazılır, özləri qeyb olmuş nəsnələr kimi bəhs edir, gah da canlı, diri varlıqlar kimi. Bu şeirdə misraların içindəki həssaslıq səsləndiyi an bütün mətnə sirayət edir, hər tərəfə yayılar, eyni zamanda həm poemadakı, filmdəki səhnələri, həm də müəllifin "başqa fikirlə yazdığı", yəni poema mətninə paralel "uydurduğu" mətndən süzülüb gələr.

Diqqət edin:

Tozlu yollar uzanıb gedər,
Qan Çanağı tərəfdən bir qaraltı keçər,
Divarda kölgələr böyüyər, kiçilər,
bayrağı ilk asanlar güllələnər...

Bu hiss mənə elə gəlir hər bir insanda ola bilər və təkcə məlum filmlə əlaqəli deyildir. Bayrağı ilk asan adam bayrağa çevrilmiş, bayrağa gömülmüş adamdır.

Bir də:

...Gəzdikcə ozanın əli sarı simi

Bir də düyünləndi,
çözülmədi keşişin tilsimi.

Barmaqlar, saz və pərdə
açılır güllə,
bir də, bir də
aşiqin bədəninə,
sevdaya qurşun işləməz bəy!

Açılır güllə,
ilk ayaqlar təslim olur ölümə
və sonuncu düymə,
gəl bax Cəlaldan keçən mərminin külünə.

Açılır güllə,
özü də bilmədən
komsomolun ürəyindəki
qızını öldürür əslində.
Atan səni güllələdi ey "tək ayaqlı qərinə!"

Təsvir edilən (şərti olaraq təsvir edilən-!) proses o qədər canlıdır ki, məsələn, "gəl bax Cəlaldan keçən mərminin külünə" misrasının hardan, hansı qədim mətnlərdən gəlib bu şeirdə məqamına "oturması" səni təəccübləndirmir, çünki bayaqdan mətndə məhz bu aura yaranıb-formalaşmaqdaydı... Yuxarıda vurğuladığımız təmas bu misrada artıq vizual şəkil alır, biz eyni anda həm bayrağı ilk asan adama dəyən güllənin içuşunu, həm də Şuşaya həsr edilən essedə yuvasız quşların qubarını görürük. Görmək bu mətndə əyani görməkdən artıqdır. Ondan daha diri, daha canlıdır. Bir sözlə, Ramilin şeirlərində, xüsusən "Humay"da vizuallıq yaratmaq şövqü ilk plandadır, əşya, hadisə elə bir diskurs daxilində incələnir ki, nəticədə, mərminin ürəkdən keçib külə dönməsi hadisənin, onu yaradan səbəblərin semiotik xəritəsini təqdim edir. Bu şeirdən Niyazi Mehdinin "Şuşanın semiotikası" mətninə də cığırlar keçir, bunu görür, hər ikisində bizi eyni zamanda yuxu aparır, ancaq gözəl Şuşanın dağlarından gələn suyun şırıltısına ayılırıq...

Ölümə gedərkən
"Atlar quşlardan iti qanadlı",
Atların ayaqları yolun əzbərini qanatdı.
Dağın dumanlı yaddaşı oyandı...

Ramil görüntünü bu qaydada yaradır: ona lazım olan, daha doğrusu, mətn üçün önəm daşıyan söz o qədər dolu, hissdən aşıb-daşar ki, bir sətirdə, bir misrada duruş gətirə bilməz, növbəti sətrə keçər, anjambman qurşağında oxucuya yeni ağ-qara, daha sonra rəngi atmış kadrlar təqdim edər, daha sonra bu söz və misrayla heç dəxli olmayan sözlər gələr, ilk misralardakı gizli qat - şüuraltından gələn xatirələr - ölmüş, itib-batmış əşyaların həniri onları bir daha ayrılmamaq ümidi ilə birləşdirər. Bu texnologiya Şuşaya həsr edilən essedə də var. O mətndə yuvası olmayan, yalnız göydə süzməyə məhkum edilmiş quş obrazı mahiyyətcə dinamikdir, mətndə şərti mənada qərar tutmur, dərhal başqa bir nəsnəyə çevrilir, quşun uçduğu səma mətnin səmasına, mətnin yer üzünə çevrilir.

Baxın: "O Şuşadan bu "Şuşa"ya (qəsəbə nəzərdə tutulur - C.Y.) gələn adamlardan soruşuram səni. Danışırlar və beləcə, çoxaldıram səni içimdə, içimdə sən olan yerlərdə çiçək açır elə bil. Bilirəm, təkcə bizə çətin deyildi, sən də əzab çəkirdin. Havanı başqası udur, suyunu başqası içir, üstündə başqaları gəzirdi. Bilirəm, Şuşam, o başqalarının atdığı hər addım, hər ayaq səsi sənin şüşə qəlbini incidirdi. Sənin bir addımlığında olan o adamlar səndən milyon il uzaq idilər! Bizimsə aramızdakı bir neçə yüz kilometrlik məsafə coğrafi bir uzaqlıq idi, sən bizdən bircə addım belə uzaq deyildin! Biz "Əziz Şuşa, sən azadsan!" sözləriylə açılacaq səhəri 10411 gündür gözləyirdik! 28 il idi "gələn il bu vaxtı Şuşada olaq" arzusu dilimizin əzbəriydi. Sənə azadlıq arzulayan dualarımız yuvasız quşlar kimi göy üzündə uçurdu. Günlər sənin yoxluğuna tərəf uzansa da zamana boyun əymirdik, sənsiz bir günün belə təsəvvürü yox idi. O gün gülüşlər, sevinclər fərdi deyildi. Bir xalq gülürdü və gülmək bir xalq gülürsə gülməkdir. Həmin gün sevinc gözyaşlarıyla min bir ilin doğması kimi qucaqlaşıb bir olduq, biz olduq! Başqa-başqa şəhərlərdə doğulsaq da ruhumuz səndə doğulmuşdu! Hamımız bir adam olmuşduq! Hamımız yenidən doğulmuşduq! Ürək də belə döyünərmiş? Elə bil bu qəfəs bədəni qırıb çıxmaq istəyirdi sol yanımdan. Əlimlə tutub saxlamışdım ki, çıxıb yerə düşməsin. Hələ qalsın yerində. Hələ Cıdırında qaçan atların ayaq səslərinin bəstələdiyi marşı eşitmədən, Xarıbülbülün ətrini içimizə çəkmədən, başı dumanlı zirvələrini görmədən ölüm yoxdur bizə! Topçuların gündüz dağıtdığı qalanı gecə yenidən hörən mübariz şəhərim!".

"Ədəbiyyat qəzeti"