Xalq artisti Rasim Balayev birləşmiş kinoittifaqın sədri seçildi. Mən qalsa təyin edildi. Amma bu o qədər də önəmli deyil. İllərdir yola getməyən, hətta qırğında olan bu qurumlar, Rüstəm İbrahimbəyovun ölümündən sonra yaxınlaşdı, yaxınlaşdı və nəhayət birləşdi. Hər şey "yuxarıdan" bircə tapşırıqla sahmana düşdü. Görünür dövlət kino adamlarının nazıyla, kapriziylə oynamaqdan bezdi. Etiraf edək ki, İbrahimbəyov hətta seçki şousuna qoşulanda da dövlətin, hakimiyyətin sevdiyi adam olaraq qalırdı. Ona görə də AKİ-nin fəaliyyət göstərməsinə şərait yaradırdılar. İbrahimbəyovdan sonra artıq eyni istiqamətdə fəliyyət göstərən iki təşkilata ehtiyac qalmadı. Hökumət təcili tapşırıqlarını verdi və proses başladı. Nəhayət ki, dünən söz-söhbətə xitam verildi.
Hətta barışmaz fikirləri ilə bir vaxtlar İbrahimbəyovu da yıxıb sürüyən Şəfiqə xanım geriyə addım atdı. Birləşmiş ittifaqın sədrliynə namizəd olmadı. Bütün bunlar kənardan çox mütərəqqi görünsə də, əslində ümidverici heç nə vəd eləmir. Rasim Balayev seçilməli idi və seçildi. Bəs Rasim Balayev kinomuz üçün nə qədər ciddi fiqurdur? Kinomuz üçün hansı işləri görüb və görə bilər? Mənə qalsa heç nə. Rasim Balayev sadəcə Sovet Azərbaycanında yaxşı aktyor kimi şöhrət qazanmışdı və onun kinomuzda aktyor kimi xidmətini dana bilmərik. Amma kino sənayesi üçün nələrsə etmək, - bax bu Rasim Balayevin işi deyil. Onun bu dəqiqə efirlərdə maraqlı xatirələr danışan çağıdır. Bütün sayğımla bildirirəm ki, Rasim Balayev kinomuz üçün heç nə edə bilməyəcək.
İki ittifaqdan yalnız bir vaxtlar Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi təşkilat kinomuz üçün işlər görürdü. Çünki ittifaq ətrafında ciddi şəxslər, kinonun taleyindən narahat olan adamlar toplaşmışdı. Qurultayın təşkilatçılığından, idarəçiliyindən də anlaşılırdı ki, kimlər iş görə bilirdi və hələ də görə bilər.
AKİ maraqlı qurum idi, diqqət mərkəzində idi və iş görməkdə maraqlı idi. Fəaliyyəti də göz qabağında. Ciddi qəbul edilirdi. Bura mərhum İbrahimbəyovun aristokratiyasının, intellektinin və dünyagörüşünün də rolunu əlavə etmək lazımdır. Rasim Balayev mərhum İbrahimbəyovla heç bir müstəvidə müqayisəyə gəlmir. Ona görə də birləşən İttifaqın gələcəyi parlaq görünmür.
Xülasə, bu hadisədən gözləntimiz olmadığı üçün çox da uzatmağa dəymir. Sadəcə mədəniyyətimiz adına uğurlar arzulayıram.
Mənim əsas diqqətimi çəkən Orxan Mərdanın yaratdığı qurumdur. Gözləntim də, inamım da var.
Elə yaşdayam ki, tam bədbin ola bilmirəm. Nikbin də deyiləm. Hər nə olur olsun, görə bilməsəm də gözəl günlər mütləq gələcək.