Kişi öz öz Bətnini axtarır...
Hədiyyə Şəfaqət
Mehman Qaraxanoğlu
Bu yazını yazmaqda hansı məqsədi hədəflədiyimi irəlicədən deyə bilmirəm, amma cümlələr öz yerini tuta-tuta onların əmələ gətirdiyi sıx meşədən məqsədimin də əks-səda verəcəyinə əminəm.
Ədəbiyyatda: - “İlk dəfə bunu mən demişəm, mən yazmışam, babam deyib, nənəm deyib, filan nəsnənin banisi mənəm” – deyənlərin səfeh boşboğazlıqları və primitiv hoqqabazlıqları həmişə gülüş doğurub. “Bani” sözündən də binayi-qədimdən zəhləm gedib. Yəni, sənin burada inşa elədiyini bir başqası, bəlkə də fərqli bir məkanda yüzil, minil bundan əvvəl edib. Əsas məsələ zaman məsələsidir! Yoxdur “bani!” Bir bani var, o da Yaradandır. Və indi haqqında danışdığım Zaman da heç “O”-nun vecinə deyil...
Həqiqi incəsənət mükəmməl özünüifadədən başqa bir şey deyildir. Forma – janr bir az da geyimə oxşayır. Bəlkə daha çox. Tutaq ki, sən toya ayrı paltarda, yasa ayrısında gedirsən. Mahiyyət hər ikisində eynidir: Gediş... Qısası, forma gedişdi, sənin şahmat taxtasında gedişin. Vay o yazarın halına ki, özünüifadə xammalının (diskursun) hələ rüşeymləri doğulmamış onun janrını, formasını düşünür...
Hədiyyə Şəfaqət çox maraqlı bir qadın tipi, yazarıdır. Onu xeyli vaxtdır izləyirəm. Rastıma çıxanda kommetlərini də oxuyuram. “Azza” hekayəsi haqqında bir-iki cümlə də yazmışam. Həmişə düşünmüşəm ki, görəsən, Freydin sualı olmasın, incəsənət tarlasına qadınların kütləvi yürüş elədiyi bir sürədə məhz bu Qadın nə istəyir?
Onların çoxu həyatda bədbəxt etdiyi kişiləri sənətdə də təkrarən bədbəxt eləməyə gəlirlər...
Və incəsənətimiz belə bədbəxt kişilərlə doludur...
Freyd sualın qoyuluşunda yanılıb. Qadının nə istədiyini özündən başqa heç kəs bilə bilməz. Bütün qadınlar yox, məhz bəsirətli, özünü dərk edən qadın nə istədiyini əla bilir. Hədiyyənin “Bətn” essesi də bunu deyir. Hədiyyə xeyli zamandır ki, “pəri kimi, cin kimi insanlardan qaçıb” (Nizami) öz dünyasına yığışıb. Ona görə “yığışıb” deyirəm ki, o, tək deyildir, mələk də, iblis də, insan da onunladır.
Tarkovskinin haqlı olduğuna yüz faiz əminəm; incəsənətin başlıca məqsədi insanı ölümə (Hədiyyə də öz “Ölüm”ünü yazıb) hazırlamaqdı, vəssalam... Yerdə qalanlar təfərrüatdır. Yerdə bir şey qaldı ki? Ölüm hər şeyi özüylə aparır, özü də çox gözəl aparır – qıcıq verə-verə, yançalarını burcuda-burcuda, naz-qəmzə ilə.
Sükutlar səltənətinə. Dil burada da bizə badalaq gəlib. Orada sükutdan söz gedə bilməz. Kainatda nə sükut?
Tarkovski o “sükut”u görmüşdü.
Hədiyyə də görür.
Şeir, hekayə, esseləri və çəkdiyi fotolarla...
Sıranı bir qədər də uzatmaq olar.
Amma dedim axı, forma (janr) gedişdi...
“Ədəbiyyat qəzeti”inin 12.02.2020-ci il sayında nəşr olunan
“Bətn” essesi “Yeniyaz.az”- da diqqətimi yenidən çəkdi. Niyə?
1. Yaradılışın ən möhtəşəm sirlərindən birinin qırxıncı qapısı ağzına Hədiyyənin də gəlib çıxması əsl möcüzədir.
2. Məhz Qadının həmin sirri faş etməsi. Bu, taixi andır.
3. “Sənin əfsanən elə sənin əfsanəndir”. Hədiyyənin sirr əfsanəsi təkcə onunmu? Yox, o demək istəyir ki, Kişidəki bətni talayıb özüylə aparan Qadın haqlı sayıla bilməz. Gec-tez hər kəs öz əfsanəsinə gəlib yetməlidir, Yetməyənin həyatı cəhənnəm olacaq.
Vaxtilə özüm də o yerə gəlib çıxmışdım. Onda mənə elə gəlirdi ki, Yer üzündə bütün predmetlərin bətni vardır. Təkcə Qadın və Kişi yox, bütün nəsnələr bir-birindən qopub gəliblər. Fərqli adlarla: “Yolun əvvəli Bətn// Bətndir sonu da// Qəbir adında”//
Və ya:
//Ağac olardıq, analarımız doğmasaydı// Bəlkə də Ağacıq?// Torpaqdan çıxarırlarmış kimi// Ana bətnindən çəkib çıxarırlar bizi// Göbəyimiz kəsilmir, budanır kökümüz// Bəlkə də Ağacıq?//
Və yaxud:
“Ey Həvva adıyla doğulan Qadın// Bətndən yenicə çıxmısan bəlkə?// Gözlərin gör necə nəmdi, suludu// Sən öz yatağını yıxmısan, bəlkə?// Bədənin hayqıran bir su yoludu”//
Essenin başlığı da şeirimin bir misrasıdır.
Hədiyyənin mətnində qəribə bir narahatlıq da ifadə olunur: “Bununla nə etmək istəyirsən, Kişilərə haqq verirsən?”
Narahatçılığa heç bir əsas yoxdu, əziz Hədiyyə xanım. Onsuz da heç nə dəyişilməyəcək. Həmişə olduğu kimi, qadınlar yenə də haqlıdırlar. Amma ən əsası odur ki, sizin etirafınız tamdır, bütövdür:
Mən çoxdan çilik-çiliyəm,
Güzgülər bütöv göstərir.