“Rus poeziyasının Gümüş dövrü” – bu qanadlı ifadənin müəllifi qismində üç nəfərin adı hallanır: filosof Nikolay Berdyayev, tənqidçi Nikolay Otsub və şair Vladimir Mayakovski.
XIX əsrin sonlarına XX əsrin əvvəllərinə aid edilən zəngin rus poeziyasının otuz illik dövrü (1890–1920) böyük bir ədəbi nəslin fəaliyyəti, eyni zamanda müxtəlif ədəbi cərəyanların meydana gəlməsi ilə əlamətdardır. Bəzi tədqiqatçılar Gümüş dövrün başlanğıcını on il qabağa – 1880-ci ilə çəkirlər və bununla razılaşmaq mümkündür. Lakin dövrün sonu ilə bağlı fikirlər bir qədər mübahisəlidir: belə ki, həmin dövrün Rusiyada vətəndaş müharibəsinin başlanması ilə sona çatdığını söyləyənlərlə yanaşı, bəzi araşdırmaçılar onun Alesandr Blokun vəfat etdiyi, Nikolay Qumilyovun güllələndiyi ildə (hər iki hadisə 1921-ci ilin avqustuna təsadüf edir) bitdiyini iddia edirlər. Hətta Gümüş dövrün ömrünü Mayakovskinin intihar etdiyi 1930-cu ilə qədər uzatmağa çalışan opponentlər də var. Əsassız olmayan bütün bu fikirləri ümumiləşdirəndə isə ortaya belə bir mənzərə çıxır: rus poeziyasının Gümüş dövrü bir variantda (1890-1920) otuz il, digər variantda (1880-1930) əlli il – yarım əsr təşkil edir.
Əlbəttə, ədəbiyyat tarixi üçün otuz ya əlli ilin elə də ciddi fərqi yoxdur, ədəbiy¬yatın özü üçünsə məhz bu yarım əsrlik müddətdə ortaya çıxmış parlaq imzaların – akmeizm, futurizm, kubofuturizm, eqofuturizm, imajinizm kimi ədəbi cərəyanların yaradıcısı olan sənətkarların böyük önəmi var. Geniş siyahıdakı adlar, sadəcə, göz oxşayır: Boris Pasternak, Anna Axmatova, Marina Svetayeva, Andrey Belıy, Sergey Yesenin, Osip Mandelştam, Valeri Bryusov, İqor Severyanin, Vladimir Narbut, Konstantin Balmont, İnnokenti Annenski, Zinaida Gippius, Maksimilian Voloişin, Velimir Xlebnikov, Vera İnber, Mirra Loxvitskaya, Saşa Çyornıy, Mixail Kuzmin, Sergey Qorodetski, Vladislav Xodaseviç, Dmitri Merejkovski, Nikolay Aseyev, Ryurik İvnev, Nadejda Teffi, Demyan Bednı, İlya Selvinski, Nikolay Klyuyev, Aleksandr Vvedenski, Anatoli Marienqof...
Rus poeziyasının Gümüş dövrünə aid poetik nümunələrdən bir neçəsini oxuculara təqdim edirəm.
Mahir N. Qarayev
Osip Mandelştam (1891–1938)
***
Nəhəng fil qulağında yaşayırıq sanki biz,
Onca addım o yanda eşidilmir səsimiz.
Qulaqları dəng edən o qaniçən, o alçaq
Kreml dağlısının səsi-sözüdür ancaq.
Soxulcantək yağlıdır qapqara barmaqları,
Qupquru kəlmələri pudluq çəki daşıdır.
Tarakan bığlarının hey qımışır ucları,
Par-par yanır, işarır çəkməsinin quncları.
Boynuyoğun, heyvərə bir yığın vəkil, vəzir
Gəzir həndəvərində hər əmrinə müntəzir.
Fərman dalınca fərman, yollayır sola-sağa –
Nallayır gah alına, gah gözə, gah qasığa.
Ürəyinə yağ kimi
yayılır edam səsi,
Və qabarır dağ kimi
gen osetin sinəsi.
***
Ölüm – alın yazım...
axı nə lazım
qədərlə bu qədər oyun oynamaq?!
Gizli saxladığım bir sirrim də yox
İlham pərisinin gözündən iraq.
Nəfəsim tıncıxır...
xoşdu, di gəl ki,
gözüm baxa-baxa boğulmaq mənə;
Ölmək – bir dumanlı-sirli gözəllik,
bir gözəl sirr imiş ölmək – sən demə.
Cınqırım da çıxmır...
bu lal mürgüdən
bu rahat nənnidə ayılmaq çətin –
Duyuram qarşıda üzümə gülən
sonsuz ləzzətini əbədiyyətin!
***
İlahi, bu gecədən çıxart məni birtəhər:
Öz quluna rəhm elə – qoyma ölə, İlahi!
Peterburqda yaşamaq – ölümdən də betərdi!
Maksimilian Voloşin (1877-1932)
***
Köhnə məktubların, boyat sözlərin
Doymuram o yorğun hənirtisindən…
Solan çiçək ətri, gül ətri gəlir
Onların çarəsiz iniltisindən.
Bəzəkli hərflər, naxışlı xətlər
Qurumuş otların xışıltısıdır.
Tələsik yazılmış tanış sətirlər
Kədərli bir şeir pıçıltısıdır.
Yenə də qayıdar, duyular yenə
Solğun çiçəklərin xəfif varlığı;
Necə də doğmadır, yaxındır mənə
Onların bu yorğun füsunkarlığı…
***
Bu gecə o zərif əllərində mən
Bir titrək çırağa, oda dönəcəm...
Büdrəmə, yıxılma daş pillələrdə:
Yerə salsan – sınacam,
Nəfəs alsan – sönəcəm.
Məni öz qəsrinin toranlığından
Ovcunda ehmalca keçirib apar –
O yolun ən qatı qaranlığında
Bizim ürəyimiz şiddətlə çarpar…
Sənin ovucların mağara kimi –
İşartısı gələn mən də bir çıraq;
Yanacam ovcunda ikona kimi…
Bəlkə, məni elə sənsən yandıran?
Anna Axmatova (1889–1966)
***
Niyə murdarlayıb içdiyim suyu,
yediyim çörəyə ağu qatdınız?
Niyə azadlığın gözünü oyub,
ağzına bir yekə daş tıxatdınız?
Əzabla can verən dostun-sirdaşın
acı qismətinə gülmədim deyə?
Bu dərdli vətənə dönük çıxmadım,
dar gündə atmadım, getmədim deyə?
Neynək.
Bu dünyada şair olan kəs
cəlladsız, edamsız keçinə bilməz.
Alın yazımızdır – əlimizdə şam
zarımaq, ulamaq hər səhər-axşam.
***
Ayrıla bilmirik, bilmirik artıq,
ölçürük yolları çiyin-çiyinə.
Astaca-astaca çökür qaranlıq,
fikirli-fikirli durmuşuq yenə.
Kilsəyə girərik –
görərik uzanır ölü duası,
nikah mərasimi, xaç mərasimi...
Çıxarıq kilsədən,
kimsəyə baxmadan dönüb gedərik...
nədən özgə çürük axı, biz nədən?
Ya da köks ötürüb əyləşərik biz
bir köhnə, bir uçuq məzarın üstdə;
Qoşa qəbrimizi səssiz-səmirsiz
cızarsan ağacla boz qarın üstdə...
Marina Svetayeva (1892–1941)
***
Gedirsən, mənim oxşarım,
Gedirsən, gözünü yerə dikərək.
Mən də yeriyəndə yerə baxardım!
Sən ey yoldan ötən, bir əylən görək!
Bir az gül-çiçək yığ, nəfəs dər bir an,
Bir azca dinclik ver ayaqlarına;
Bu qara torpaqda kimdi gör yatan,
Nə qədər yaşadı bax ki Marina.
Qəbir torpağıdır – tutur adamı,
Unut qəbrimi də qəbir kimi sən...
Mən də çox sevərdim sükut məqamı
Açılam ürəkdən, güləm ürəkdən!
Gün vardı, hər günüm yüz ilə təndi,
Qıvırcıq tellərim düzlə, dağla bir...
Mən də vardım, mən də yoldan ötəndim!
Sən ey yoldan ötən, ayaq saxla, dur!
Qopar bu yerlərin gül-çiçəyindən,
Nə qədər istəsən moruq dər, apar –
Dünyada qəbristan çiyələyindən
İrisi, dadlısı çətin tapılar.
Amma qəbrim üstdə məhzun dayanıb,
Başını köksünə əyməyin hədər.
Mənim xatirəmi yüngülcə anıb,
Elə yüngülcə də unutsan, yetər.
Şəfəqlər üzündə oynaşır sənin!
Çıxmısan elə bil qızıl küpündən...
- Səni titrətməsin qoy mənim səsim
Lap elə gəlsə də yerin dibindən.
***
Nəyim var, ayrılıb hər birisindən
Könülsüz-könülsüz gedirəm, ancaq
Bu xəz kürküm mənim qurd dərisindən
Heç bilmirəm kimə qismət olacaq.
Kimi kövrəldəcək isti yun şalım,
Kim mənim itimə sahib çıxacaq?
Üstü firuzəli gümüş qolbağım
Kimin biləyində parıldayacaq?
Kimin olasıdır, gözümü yumsam,
Bu məktublar kimin, çiçəklər kimin...
İçimdən sürüşən sonuncu misram,
Bir də sən, bir də sən, son gecəm mənim!
Sergey Yesenin (1895–1925)
ANAMA MƏKTUB
Canım-gözüm ana, salamatmısan?
Mən də salamatam. Salamlar sənə!
Qoy axsın axşamın sirli işığı,
O yastı daxmana süzülsün yenə.
Yazırlar, gizlicə dolub dərd-sərə
Yanırsan həsrətdən korun-korun sən;
Nimdaş sırıxlında gündə yüz kərə
Yoluna çıxırsan mən nankorun sən.
Şər vaxtı gözlərin dolur təlaşla,
Axşamın toranı durur qəsdinə;
Guya meyxanada, dava-dalaşda
Saplayır bıçağı kimsə köksümə.
Yox-yox, canım-gözüm! Xatircəm ol sən,
Acı xəyallarla üzmə özünü.
O qədər də əyyaş deyiləm ki, mən
Səni görməyincə yumum gözümü.
Mən dəyişməmişəm heç bir tikə də,
Elə həminkiyəm – mehriban, həlim.
Tək bircə arzum var: bitsin bu kədər,
Yenə evimizə qayıdım, gəlim.
Gələrəm, bağımız baharsayağı
Ağappaq gül açıb çiçəkləyincə.
Amma oyatma ha məni sübh çağı
Oyatdığın kimi səkkiz il öncə.
Ölən arzuları təkrar oyatma,
Ölən ümidləri gətirmə dilə;
Çox... çox itirmişəm mən bu həyatda,
Başım az çəkməyib yaşıma görə.
Öyrətməzsən məni heç duaya da,
Dönmərəm keçmişə bir anlıq belə;
Sevincim, təsəllim sənsən dünyada,
Tək sənsən bir dünya aydınlıq mənə.
Di bəsdi bu qədər gizli darıxdın,
Yandın həsrətimdən korun-korun sən.
Əynində o köhnə, nimdaş sırıxlın
Az dayan yolunda mən nankorun sən.
***
Əlvida, əziz dost, əlvida,
Biz yenə bir qəlbdə bir canıq.
Görüş də vəd edir qarşıda
Qismətə yazılmış ayrılıq.
Əlvida, ey dostum, nə gərək –
nə söz de, nə qəm ye, əlvida;
Təzə şey deyildir nə ölmək,
nə də ki, yaşamaq dünyada.
Boris Pasternak (1890–1960)
QIŞ GECƏSİ
(Yuri Jivaqonun şeirlərindən)
Külək sovururdu, şırımlayırdı
Qarı bu axşam.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Yay günü mığmığa, hünü topası
Oda cumantək,
Sovurub çırpırdı qar lopasını
Şüşəyə külək.
Ox-ürək rəsmiylə naxışlanırdı
Şüşə durmadan.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Tavanda kölgələr solğun təlaşla
Titrəşirdilər,
Qol, qıç və talelər çarpazlaşıb da
Cütləşirdilər.
Və bir cüt başmaq da necə düşdüsə
Taqqadan yerə,
Damdı göz yaşıtək paltarın üstə
Mumdan bir gilə.
Sovrulub gedirdi hər nə ki vardı
Bu qarda tamam.
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Və ehtiras odu, bucaqdan şamı
Vurduqca külək
Sanki xaçabənzər qoşa qanadı
Gərdi mələk tək.
Keçdi bütün fevral qarlı-boranlı,
Tam bir ay müdam
Masanın üstündə bir şam yanırdı,
Yanırdı bir şam.
Çevirəni Mahir N. Qarayev