Evdə qışqıra-qışqıra danışan, bina evində bazar səhərləri perferator işlədən, arvadı döyən, yerə tüpürən bəzi həmvətənlilərim elə bilir ki, övladını rusdilli məktəbə qoyan kimi hər şey dəyişəcək, övladı atasına oxşamayacaq.
Avtomatik saçları saralıb bənizi bəyaza çalacaq, kəlbətinə onun kimi “plaskops” yox, “ploskaya quptsı” deyəcək – bir sözlə, olacaq filmlərdə gördüyü ağıllı rus balası.
Onlar elə düşünür ki, uşaq rus məktəbinə gedən kimi hər yerdə rusca danışacaq, dostları ilə çayxanada domino çırpmayacaq, “uskiy kruq”quracaq, kofe içib Triyerin filmlərini müzakirə edəcək.
Rus bölməsini bitirən yüzlərlə azərbaycanlı oğlan tanıyıram ki, onların qışqıra-qışqıra domino çırpan dostlarından fərqi yalnız rusdilli söyüşləri daha plastik tələffüz etmələridir. Uzaqbaşı dotlarının “tutduğu” “ruskiyyazıçnı” qızın mesajlarını tərcümə edirlər, bir az da irəli gedəndə, oktyabra “aktsyabr” deyirlər, vəssalam!
Nədənsə əksər azərbaycanlılarda sivil düşüncə anlayışı rusdilli məktəblə qiyaslanır. Tarixi mənbələrin bu qədər əlçatan olduğu vaxtda, nədənsə, sevimli yurddaşlarım ancaq nağıl dinləməyi üstün tutur, real mənbələri oxuyub əsl tarixlə üz-üzə qalmağa tənbəllik edirlər.
Əsl tarix isə bizə deyir ki, sivil düşüncəyə “rusdilli məktəblər” yox, Qərb mədəniyyəti deməliyik. Yəni bu düşüncə modeli ikicə əsr əvvəl Avropadan, Fransadan Rusiyaya ayaq açmağa başlayıb. Bircə əsr əvvələ qədər Rusiyada fransızca danışmaq kübarlıq sayılırdı, necə ki, indi bəzi azərbaycanlılar rusca danışmağı kübarlıq sayır.
Bir əsr əvəllin Rusiyasında fransız dilinin elit vasitə olduğunu rus ziyalıları da qəbul edirdi və hətta, Tolstoyun məşhur “Hərb və Sülh” romanın bəzi hissələri fransızca yazılıb. Dostoyevskinin yazıçı manevrlərinin təməli fransız yazıçı Stendaldan gəlir. Yəni, onlar özləri də illərlə qəbul və etiraf ediblər ki, slavyan mədəniyyəti suyunun suyudur, ən yaxşı halda hibriddir, keçid mozaykadır.
Xülasə, tarix onu da deyir ki, bu gün mədəniyyətində vəftiz olmaq istədiyimiz həmin toplum, çox da uzaq keçmişdə yox, X əsrdə Azərbaycan da daxil olmaqla Qafqazda yaşayan və dünya mədəniyyətində yuxu kimi gəlib gedən Xəzərlərin “anasını ağladıb”. Həmin illərdə Şərq İbn-Sinanı, Bəhmənyar əl-Azərbaycani kimi şəxsiyyətlər yaradanda, slavyanlar Bərdəyə basqın edir, qarşısına keçən maddi-mənəvi dəyərləri barbarcasına burunlayırdı.
Bunu nə mən deyirəm, nə yurddaşlarım, bunu elə Qərb tarixi deyir, qərb ziyalıları yazır.
Həmin tarixdən bəhs edən serb yazıçı Milorad Paviçin “Xəzər sözlüyü” lüğət-romanında qeyd olunur ki, slavyanlar Xəzər xaqanlığının binalarını uçurandan sonra dörd gün şəhərdən binaların kölgəsi çəkilmədi.
Paviç slavyan xalqlarının əlifbasını yaradan Kiril və Mefodi qardaşlarının cəhdlərindən söz açarkən deyir:
“Onlar düşünürdülər ki, bu vəhşi toplumun səslərini özündə saxlaya biləcək hərflər mütləq qəfəsə oxşamalıdır. Yoxsa, həmin səslər bir yerdə durmayacaq. Ona görə əlifbada çoxlu kvadrat, qəfəsəbənzər işarələrə üstünlük verdilər”.
Bu siyahını uzatdıqca uzatmaq olar. Ancaq fikrim nə slavyan mədəniyyətini aşağılamaq, nə də ölkəmizdə yaşayan rusdillilərə nifrət püskürməkdir.
Sözüm bəzi həmyerlilərimədir – hansı ki, onlar nə istədiklərini bilir, amma nə etdiklərini bilmir - balalarınızı sivil böyütmək istəyirsinizsə, işə özünüzdən başlayın. Davranışlarınızı qəfəsə sala bilmirsinizsə, sizə Kirilin məktəbi də kömək ola bilməyəcək.
“Qafqazinfo”