Sağsağanın quyruğundakı duz - İsveç xalq nağılı

Sağsağanın quyruğundakı duz     - İsveç xalq nağılı

17 Sentyabr 2024 15:52 13484


Bir vaxtlar İsveçdə Olle adlı kasıb oğlan yaşayırdı. Anasından başqa heç kimi yox idi. Balaca daxmaları soyuq, sobası odunsuz idi. Damı samanla örtülmüşdü və yağışda damırdı. Atası erkən vəfat etmişdi, anası isə dolanmaq üçün süpürgə satırdı. Olle çox tənbəl idi və vaxtının çoxunu xəyal qurmaqla keçirirdi. Özünə əl bıçağı, oyuncaqlar, araba, poni və gözəl, böyük ev arzu edirdi. Yazıq anasının isə çətinliklə qazandığı qəpik-quruşla oğlunun bu arzularını yerinə yetirməyə gücü çatmırdı.

Bir gün Olle parkda oturacaqda oturub ucadan öz arzularını sadalayırdı. Yanında oturan qoca kişi Ollenin öz-özünə danışdığını eşidib gülümsədi və əlini oğlanın çiyninə qoyub məsləhət gördü ki, meşəyə getsin və bir sağsağan tapıb onun quyruğunun üstünə duz töksün. Qoca Olleyə başa saldı ki, belə edəndə, adamın bütün arzuları həyata keçir. Amma gərək arzularını duz hələ sağsağanın quyruğunun üstündə olanda səsləndirəsən, yoxsa xeyri olmayacaq.

Oğlan varlanmağın belə asan yolu olduğunu eşidib çox sevindi və sağsağan tapmaq üçün meşəyə üz tutdu. Yolüstü evdən cibinə bir ovuc duz doldurub yoluna davam etdi.

Meşədə bir az gəzmişdi ki, qarşısına bir dəstə sağsağan çıxdı. Sağsağanlar Ollenin yaxınlaşdığını görüb, uçub uzaqlaşdılar. Oğlan məyus halda meşəni gəzməyə davam etdi. Bütün günü sağsağan axtarmaqdan yorğun düşən Olle oturub bir az dincini almaq istəyirdi ki, kolluğun arasından quş səs eşitdi:

– Olle, Olle.

– Sən danışa bilirsən? – Ollenin heyrətdən gözləri bərəldi.

– Hə, danışıram, – sağsağan cavab verdi. – Mən sağsağanların şahzadəsiyəm. Sən mənə kömək etsən, mən də sənin arzularını yerinə yetirərəm. Dimdiyimi və pəncələrimi təmizləmək üçün mənə çox gözəl bir bıçaq gətir. Sonra mən sakit oturacağam ki, sən mənim quyruğuma duz səpəsən, – deyib, kolluqda gözdən itdi.

Bu təklif oğlanın çox xoşuna gəldi və tez işə girişdi – moruq yığıb bazarda satmağa başladı. Bir neçə həftə sonra satdığı moruqların pulu ilə sağsağanın istədiyi kimi bıçaq aldı. Yenə cibinə duz doldurub, meşəyə qayıtdı.

Sağsağan hoppana-hoppana oğlana yaxınlaşdı. Bir gözü ilə bıçağa, o biri gözü ilə oğlana baxdı.

– Belə olmaz. Mənim kimi şahzadəyə qızıl saplı, paslanmaz poladdan bıçaq yaraşar, – deyib, uçub getdi.

Olle çox kədərləndi.

– Yaxşı, sənə yaraşan bir bıçaq gətirəcəyəm… – deyə sağsağanın arxasınca səsləndi, – narahat olma!

Sağsağan qışqıraraq ona cavab verdi:

– İndi çox gözəl bir araba istəyirəm. Əşyalarımı içinə yığmaq üçün mənə böyük araba lazımdır.

Olle kəndə qaçdı və həmin bıçaqdan istifadə edərək taxtadan oyuncaqlar yonub bazarda satmağa başladı. Vaxt keçdikcə o qədər ustalaşdı ki, insanlar onun oyuncaqlarını almaq üçün külli miqdarda pul ödəməyə başladılar. Nəhayət, Olle qazandığı pulla bir araba aldı və ona minib meşəyə yollandı. Araba da sağsağanın ürəyincə olmadı və dedi ki, o daha dəbdəbəli araba istəyir. Olle çox məyus olsa da, razılaşmaqdan başqa əlacı qalmadı:

– Yaxşı, sənin istədiyin kimi bir araba gətirəcəyəm, – deyə sağsağanın arxasınca qışqırdı.

Sağsan isə cavab verdi:

– Narahat olma. Mən indi poni istəyirəm! – dedi və sonra gözdən itdi.

Olle kəndə qayıdıb sağsağan üçün aldığı araba ilə kənddəki insanlara xidmət etməyə başladı – onları şəhərdən kəndə, kənddən şəhərə daşıyırdı. Vaxt keçdi, qazandığı pulla ağ yallı, parıltılı, gözəl bir qara poni aldı və onu sağsağana vemək üçün meşəyə üz tutdu. Sağsağan bunu da bəyənmədi:

– Qəhvəyi poni olsaydı, daha yaxşı olardı, – dedi.

Olle ağlamağa başlamışdı ki, sağsağan ona son şans vermək qərarına gəldi və dedi ki, o, bağçalı böyük bir ev istəyir. Olle dərhal pul yığmaq üçün kəndə qaçdı.

Olle bir il boyunca işlədi, işlədi, böyük bir ev aldı və sağsağanı tapmaq üçün meşəyə getdi. İkisi bir yerdə evə gəldilər. Sağsağan evin dörd tərəfinə dövrə vurdu, hər yerinə diqqətlə baxdı. Ev ürəyincə idi. Nəhayət, Ollenin arzusunu yerinə yetirməyə razılıq verdi: üzünü çevirdi və Olle onun quyruğuna duz tökdü.

– İndi arzunu de, amma tələs, çox vaxtım yoxdur!

Olle düşündü və düşündü, sağsağan saymağa başlayanda Olle arzularını heç cür yadına sala bilmədi.

– Beeeşşş… – sağsağan dedi.

– Mən bir əl bıçağı istəyirəm! Yox, dayan, mənim artıq bıçağım var axı… – Olle qışqırdı.

– Döööörd…

– Çoxlu oyuncaq istəyirəm! Lap çoxlu!.. Uf! Özüm nə qədər istəsəm oyuncaq düzəldə bilərəm...

– Üüüüç…

– Araba! Yox! Mənim arabam var!

– İiiikiiii…

– Poni! Yox, dayan, ponim məni evdə gözləyir!

– Biiirrr…

– Böyük bir ev! Mənim və anamın yaşayacağı böyük bir ev!

– Vaxt bitdi! Sıfır! – Sağsağan quğruğunu silkələyib bütün duzu yerə tökdü və qanad çalıb gülərək göyə uçdu.

Olle onun arxasıyca qəzəblə qışqırdı, lakin sonra sağsağanın dediyi sözlər ağlına batdı:

– Olle, həsrətini çəkdiyin bütün bu arzuların hamısına çata bilərdin! Sən başa düşməmişdin ki, o arzuları sehrli qüvvə olmadan da, sadəcə zəhmətlə əldə edə bilərsən! İndi əziyyətinin bəhrəsindən zövq al. Əlavə mükafat olaraq, bu evi özündə saxlaya bilərsən! – Sağsağan yenə ucadan gülərək, pəncərədən çıxıb meşəyə tərəf uçdu.

O gündən etibarən Olle diribaş bir gənc oldu. Əvvəlki tənbəlliyinin daşını çoxdan atmışdı. O, pul qazamaq üçün poni və arabası ilə insanlara daşıma xidməti göstərməyə davam edirdi. Öz zəhməti hesabına işlədi, tezliklə varlandı, anası ilə təzə evə köçüb birlikdə xoşbəxt ömür sürdülər.

Tərcümə etdi: Firuzə Mahmudova