Mayın 14-15-də Sumqayıtda Kimyaçılar sarayının qarşısında Milli Kitab Sərgisi keçiriləcək.
“Qanun” Nəşrlər Evindən YeniYaz.az-a verilən xəbərə görə, sərgidə nəşriyyatın ən yeni və maraqlı kitabları xüsusi endirimlərlə oxuculara təqdim olunacaq.
“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu sərgi barədə bunları deyir: “İki gün möhtəşəm sərgi olacaq. Məqsəd Sumqayıtın yaradıcı mühitini kəşf etmək, kitabı sumqayıtlılar üçün əlçatan, yaxın etməkdir. Həmişə Sumqayıtdan Bakıya gəlirlər, bu dəfə növbə bizimdir. Zəngin çeşid və böyük endirimlərlə Sumqayıt sakinləri üçün Kitab bayramı təşkil edirik. Kimyaçılar meydanında əl işləri, rəsm əsərləri də sərgilənəcək. İki gün ərzində Sumqayıtın rəqs və musiqi kollektivlərinin təqdimatlarını izləyəcək, oranın yaradıcı insanlarını dinləyəcəyik. Sumqayıt kitaba münasibəti ilə Bakıya nümunə göstərir!”
Xatırladaq ki, sərgidə 70 faizədək endirimlər nəzərdə tutulur.