Sankt-Peterbuqda yaşayan azərbaycanlı yazıçı: Onu mütləq oxuyun

Sankt-Peterbuqda yaşayan azərbaycanlı yazıçı:   Onu mütləq oxuyun

15 Aprelel 2023 15:15 941


Mənə qalsa, hamı yazmalıdır: çoban da, alim də, aktyor da, rəssam da, biznesmen də, musiqiçi də, mühəndis də...

Həm də janrlara fərq qoymadan: şeir, məqalə, esse, hekayə, memuar, gündəlik, məktub...

Amma sağlam iddia ilə, yaxud iddiasız. Əslində, yazmaq necəsə iddiadır, lakin biz bu iddianı mətnin öz içində göstərməliyik. Mətndən sonra, mətnətrafı iddialar adətən müəllifə də, yazı mühitinə də ziyan gətirir.

Yəqin ilk baxışdan düşünəcəksiniz ki, necə yəni hər kəs yazmalıdır? Bir az xırdalayım. Biz yazılı düşünə bilmirik. Yaxud fikirlərimizi yazılı ifadə edə bilmirik. Düzdür, ölkəmizdə də çox populyar olan feysbuk sosial şəbəkəsinin “nə düşünürsən” qrafasında hamı nələrsə yazır, özünü necəsə ifadə edir, lakin sosial şəbəkələrdəki yazıların özü də daha çox şifahi nitqin məhsuludur. Biz orda ya söhbət edir və ya nəsə danışırıq. Sadəcə bunu səsli yox, yazılı edirik. Yazı, şərti desək, varaqda, yaxud vörd səhifəsində yazılandır. Ağ bir vərəqi qarşına qoyursan, yaxud virtual vərəqi açırsan və yazı yazmaq niyyəti ilə başlayırsan yazmağa.

Şifahilik sənətəqədərki mərhələdir. Yazı artıq düşüncənin, fikrin, hissin sənət müstəvisinə adladığı, yaxud adlamaq istədiyi məqamdır. Ciddi mədəniyyət yazıdan başlayır. Ola bilsin, Qobustan qayalarında o cızıqları çəkənə qədər də böyük sivilizasiya vardı, lakin əsl mədəniyyət ilk daşa ilk cızığın çəkilməsi ilə başladı.

Biz azərbaycanlılar yaradılış etibarı ilə daha çox danışan millətik. İlin-günün bu vaxtında belə yazı mədəniyyətimiz axıracan formalaşmayıb. Bir soydaşımızı danışdıraq, o, olduqca gözəl söhbətlər edəcək, danışdıqlarını yazmasını istəyək, bacarmayacaq. Görünür, düşüncə və yaşantı ilə dil arasındakı məsafə, düşüncə və yaşantı ilə varaq arasındakı məsafədən daha yaxın olduğu üçün belədir. Həm də düşüncə və yaşantı da danışıq və səs qədər qeyri-maddidir, yazı isə düşüncənin və yaşantının materiya halıdır. Zamanları aşa bilməsi də buna görədir. Yazı min illərin ötəsində də ələgələndir və düşüncə və yaşantını öz içində daşımaq iqtidarındadır. Füzulinin təbirincə desək, yazı bədəndir, düşüncə və yaşantı isə ruh. O səbəbdəndir ki, düşüncə və yaşantısı olmayan yazılar ölüdür, yaşamaq iqtidarında deyil.

Görəsən, bizim yazı mədəniyyətimiz fransızlar, almanlar, ingilislər, hətta totalitarizmin quyunun dibinə yuvarladığı ruslar və ərəblər kimi daha yaxşı formalaşmış olsaydı, nə olardı? Deyim: qiymətli kitablarımızın sayı indikindən qat-qat artıq olardı; sənətin bütün sahələrində fəaliyyət göstərən insanlardan çoxlu memuar, gündəlik, məktub qalardı; şeirimiz, nəsrimiz indikindən qat-qat irəlidə olardı; kim bilir, bəlkə, ölkəmizə dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından on-on beşi gəlmiş olardı və biz indikindən qat-qat güclü, qat-qat məhsuldar yazardıq; yazı ənənəmiz daha çox qələm adamı yetişdirərdi.

Elə bu səbəbdən tanıdığım, ünsiyyət qurduğum hər kəsi yazmağa, kitab buraxmağa həvəsləndirirəm. Sair sahələrin adamları bir yana, bəzən yazı-pozu əhlinin özü də passivlik göstərir. Misal üçün, 90-lardan tanıdığımız Etibar Cəbrayıloğlu və Səbuhi Məmmədli kimi onlarla qələm əhli var ki, vaxtı ilə çox dəyərli yazılar yazıblar, lakin gənc nəsil onları yetərincə tanımır. Bəs nə etməli? Mütləq həmin yazıları toplayıb balaca bir redaktə ilə kitab şəklində buraxmalı... Biz bununla bu imzaları təkcə gənclərə yox, həm də yazı tariximizə qazandırmış oluruq. Bu mənada Bahəddin Həzini nümunə göstərmək olar. O, eynən mən deyən kimi etdi və “Park-Bulvar”da son illərin ən yaxşı kitab təqdimatlarından birini keçirdi.

Təsəvvür edin, qəfil Mehdi Məmmədov, Adil İsgəndərov, Səməndər Rzayev, Siyavuş Aslan, Nəsibə Zeynalova, Emin Sabitoğlu, Tofiq Quliyev, Rasim Ocaqov kimi çox qiymətli sənətkarların gündəlikləri, yaxud memuarları ortaya çıxır. Yaşadıqları dövrü öyrənmək baxımından bunun nə qədər əhəmiyyətli ola biləcəyini təsəvvür etmək çətin deyil.

İndi haqqında söz açacağım adam da bu mənada, lakin tamam başqa rakursdan məni çox sevindirdi. Gəlin, söhbətə bir az ətraflı başlayaq.

Adi günlərin birində, “Qanun” Nəşrlər Evindəki iş otağıma tərcüməçi kimi tanıdığım və hörmət bəslədiyim Şövkət Səlimovla ciddi görkəmli bir adam gəldi. Onlar redaktor axtarırdılar. Tanışlıqdan sonra məlum oldu ki, Şöhlət müəllimlə gələn feysbuk şəbəkəsində virtual dost olduğum Tahir Dövlətoğludur. Ağzını açıb söhbətə başlayan kimi onun bizim yazı-pozu aləmini yaxşı tanıdığını gördüm. Hətta onun özünü də yazar zənn etdim.

Tahir bəy uzun müddətdir Sankt-Peterburqda yaşayan və Rusiya vətəndaşı olan Adil Quliyev adlı bir həmyerlimizdən danışdı. O, uğrulu bir iş adamıdır, eyni zamanda hekayə yazmaqla məşğuldur. Hətta bir povesti də var. Lakin rusca yazır. Sankt-Peterburqda “Köhnə fotoqraflar” adlı kitabı işıq üzü görüb. Şövkət Səlimov isə həmin kitabı bütövlükdə Azərbaycan dilinə çevirib. Əlbəttə, mən məmnuniyyətlə Şövkət müəllimin tərcümələrinə redaktor kimi baxa biləcəyimi söylədim. Çünki onunla əvvəldən də əməkdaşlığımız olmuşdu. Lakin Tahir müəllim tələsmirdi. İstəyirdi mən bu hekayələrin həm orijinal, həm də Azərbaycan dilindəki variantlarına baxım, yazıçı haqqında fikrimi bildirim.

Az keçməmiş mənə zəng gəldi. Tahir müəllim idi. Dedi, sabah Santkt-Peterburqa uçuram, istəyirəm, rahat bir yerdə görüşüb söhbətləşək. Açığı, mən hələ kitablara baxmağa imkan tapmamışdım, amma görüşdən imtina etmədim. İllah da, ən azı yaşca məndən böyük bir adam dəvət edirdisə...

Görüşdük. Mənə aydın oldu ki, Tahir Dövlətoğlu bu sözləri mənə elə-belə söyləməyib. Doğrudan da hər şey mənim rəyimdən asılı idi. Əgər bu kitab mənə görə ciddi deyildisə, buraxmayacaqdılar. Bəs tərcüməçinin əziyyəti? Onun qonorarını vermişdilər. Problem yox idi.

Düzü, belə böyük bir etimad altdan-altdan xoşuma gəlsə də, məsuliyyət hissi məni bir az çəkindirirdi. Tahir müəllim bir hekayəni printerdən çıxarılmış variantda mənə verdi, dedi, ilk olaraq bu hekayədən başlaya bilərsən.

Mən “Suqsvanq” adlı bu hekayəni oxudum və şoka düşdüm. Bəlkə, o mətni Etimad Başkeçid, Məqsəd Nur, Mübariz Örən, Ataqam kimi tanıdığım bir imza yazmış olsaydı, belə heyrətlənməzdim. Düzü, heç gözləmirdim. Pul-para qazanıb həyatını ürəyi istəyən kimi qurandan sonra məzə üçün şeir, nəsr yazan çoxlu insan görmüşdüm. Adil Quliyevi də onlardan biri zənn etmişdim. Səmimi deyəcəm, buna görə məni işin yalnız maddi tərəfi maraqlandırırdı. Lakin Tahir Dövlətoğlu ilə ikinci görüşdən sonra ədəbiyyatın qoxusunu aldım və zənnim doğru çıxdı.

Hekayəni dərhal yeniyaz.az saytına qoydum və feysbukda paylaşdım. Gözlədiyim effekt orda da alındı. Adil müəllim təcrübəli bir yazıçı performansı göstərmişdi. Gözəl bir rus qızı ilə sevgi yaşayan azərbaycanlı oğlandan bəhs edən bu hekayə həm də günümüz üçün çox aktualdır. Siyasi vəziyyətlər, müharibələr insanı millətlər, siniflər, dinlər, hətta məzhəblər deyə çoxlu xırda hissəciklərə ayırır. Lakin sevgi, ağrı, həsrət kimi ülvi duyğular bütün bu şərti bölgülərin fövqünə qalxıb insanları birləşdirir. Və elə həmin nöqtədə də ədəbiyyatın materialına çevrilir. Adil Quliyev kameranı insanlığın birləşən nöqtəsinə yönəldərək, necə deyərlər, quşu gözündən vurmuşdu.

Təbii, o biri hekayələri də elə bu hava ilə oxumağa başladım. “Nənəm” hekayəsində yazıçının növbəti tryukunu gördüm. O, “Suqsvanq” kimi lirik notlara toxunmadan nənəsi ilə əhvalatını yumoristik bir dillə və yüksək koloritlə danışırdı. Əlbəttə, bu yumorun altında keçmişin incə bir nostaljisi də vardı. Adilin bütün kitablarında bunu hiss eləmək olur. Azərbaycana həzin bir həsrət... Və sən hiss edirsən ki, doğrudan da kimliyindən asılı olmayaraq qəlbi-ürəyi olan insan həsrət adlı bu intizardan yaxa qurtara bilmir. İnsan üçün daima nəsə əlçatmaz bir şey vardır. Ən azı itmiş zaman, illərin o üzündə qalan uşaqlıq, ilk sevgi, itirdiyin doğmalar...

Adil Quliyev Goranboydandır. Hekayələrində doğulduğu Xanqərvənd kəndinin təkcə insanlarını deyil, coğrafiyasını da duymaq olur. Atasının ona kəsdirdiyi, sonra özü əkdiyi ağac, kəndin üstündəki qaya, çəpərlərin dibi ilə sıralanan böyürtkən kolları – hər yer, hər şey canlı obraza çevrilir. Ancaq bəzi yazıçılar kimi Adildə baxış bucağı kəndlə yekunlaşmır. O istəyəndə kameranı Bakıdan, istəyəndə Moskvadan, istəyəndə, hətta Avropadan qoya bilir. Bu da təkcə mütaliədən deyil, həm də gəzməkdən, görməkdən asılı bir məslədir.

Kitabı oxuduqca müəllifin “dünyanın işlərindən” hali olduğunu hiss edirsən. O, həyatı həm oxuyaraq, həm gəzərək, həm də yaşayaraq dərindən öyrənib. Spirtli içki içməyə-içməyə dostlarını da götürüb Almaniyaya pivə festivalına gedən adamın həyatı da yazıqları kimi maraqlıdır. Və bütün bu avtobioqrafik nüanslar uğurlu ədəbiyyat materialına çevrilə bilir.

Yazdıqlarımı mən müəllifin hekayələrini və povestini redaktə edə-edə görürdüm. Redaktor kimdir? Yəqin ki, dünyanın ən dəqiq oxucusu. Və elə mənim təşəbbüsümlə adı “Neft, bulaq və keçə çəkmələr” qoyulan kitabı da hamının bu maraqlı dünyadan xəbər tutması həvəsi ilə çap etdirdik. Bu Adil müəllimin bir hekayəsinin adıdır. Hekayə qəhrəmanın Sibirdə keçirdiyi hərbi xidmət zamanı başına gələn komik hadisələrdən bəhs edir. Sevindirici bir məqam da budur ki, Adil müəllim ruslarla da, postsovet məkanında yaşayan digər xalqlarla da nənəsi qədər sərbəst rəftar edə, onları da o cür koloritli təsvir edə bilir.

Postsovet dedim, yadıma düşdü, bu hekayələrdə həm də həzin bir sovet nostalgiyası hiss olunur. Axı müəllifin gəncliyinin ən şaqraq illəri o dövrə düşüb. Adam darıxır istər-istəməz. Əlbəttə, bu nostaljini sovetlərin xiffətini eləmək və onu arzulamaq kimi anlamaq olmaz. Dediyim kimi, söhbət zamanın əbədi olaraq insanın əlindən sivişib çıxmasından gedir.

Kitabın nəşri ərəfəsində Adil müəllim Bakıya gəldi və biz şəxsən tanış olduq. Gözlədiyimin əksinə olaraq qaradinməz, yüz sözün birini danışan sakit təbiətli biri imiş. Bu tanışlıqdan sonra onun daha bir keyfiyyəti də açıldı mənim üçün. Sən demə, Sankt-Peterburqun biznes dünyasında kifayət qədər nüfuzu varmış və orda yaşayan azərbaycanlılara çox yaxından kömək edirmiş. Hekayələrdəki insanlıq amili praktiki bir detalla da tamamlandı mənim üçün.

“Neft, bulaq və keçə çəkmələr” kitabının “Misra” kitab kafesində təqdimatını da keçirdik. Həmin vaxt artıq ikinci kitabın üzərində iş gedirdi. Həm Sankt-Peterburqda, həm Azərbaycanda. Bu dəfə kitabların ikisinin də adı eyni oldu: “Qırmızı başmaqlar”.

Bu kitabı tərcümə üçün müəllifin də öz razılığı ilə tanınmış yazıçı Elçin Hüseynbəyliyə verdik. Elçin əsl peşəkar kimi davrandı. Mənə yazdı ki, mətnə baxmadan bir söz deyə bilməyəcək. Mətnə baxandan sonra isə mənə yazdı ki, adam əməlli-başlı yazıçıdır. Və Elçin müəllim tərcümə qərarını verəndə, biz onunla heç bir qiymət danışmamışdıq. Çünki doğrudan da burada əsas məslə pul deyildi.

Məncə, xeyli uğurlu iş alındı. Tərcümən redaktordan soruşarlar! Redaktor təkcə yazıçını yox, həm də tərcüməçini “ən yaxşı oxuyan” adamdır.

Adil Quliyevin birinci kitabına 21 hekayə 1 povest, ikinci kitabına isə 8 hekayə 1 irihəcmli povest (hətta yığcam roman da saymaq olar) daxil edilib. Mən bu nümunələrin bir çoxu haqqında ayrıca təhlili yazı da yaza bilərdim, lakin indilikdə təhlildən daha çox təqdimat xarakterli məqaləyə ehtiyac duydum.

Lakin iki povesti haqda qısa bir arayış vermək istərdim. “Neft, bulaq və keçə çəkmələr” kitabına daxil edilən “Mələklərin lənəti” povestinin amansız bir süjeti vardır. Qonşunun gözəl qızını hamamda çimərkən görən Kamal ona dəlicəsinə vurulur, lakin qəfil şəhərdə yaşayan qardaşı kəndə gəlir və elə həmin qıza elçi düşür. Qızı ona verirlər. Toy olur. Yəqin siz də mərhum Əlibala Hacızadənin “İtkin gəlin” romanını və roman əsasında çəkilmiş teleserialı xatırladınız. Amma tələsməyin. Burda gəlin yox, oğlan baş alıb gedir. Ancaq bir gün Kamalın qardaşını müharibəyə aparırlar və çox keçmədən onun ölüm xəbəri gəlir. Beləliklə, sevgililərin qarşısındakı maneə aradan qalxır və onlar bir yerdə yaşamağa başlayırlar. Və... Gözlənilmədən Kamalın qardaşı müharibədən sağ qayıdır... Əsl serial mövzusu... Kitabda sakit-səssiz durub rejissorunu gözləyir.

“Qırmızı başmaqlar” kitabında gedən eyni adlı povest də birinci povest kimi daha çox əhvalatçılıq üzərində qurulub. 230 səhifəlik kitabın üçdə ikisini təşkil edən əsəri, əslində, müasir ölçülərlə roman da adlandırmaq olar. Əsər anadan yüngül əqli və fiziki qüsurla doğulan Saranın məşəqqətli, sözün həqiqi mənasında məşəqqətli həyatından bəhs edir. Hadisələr yaxın tarixə – ağa-bəy dövrünə ekskurs etsə də, insanlıq, qadın, ailə məsələlərində toxunduğu həssas məqamlara görə çox aktualdır. Məncə, bu povestdən də çox maraqlı, statistik tamaşaçını ekranın qarşısında kilidləyən ekran əsəri yaratmaq olar.

Şübhəsiz, Adil müəllim hekayələrində yazıçılıq məharətini daha çox göstərir. Lakin bu, povestlərin bədii baxımdan zəifliyi demək deyil. O burda sadəcə daha çox danışır, nəql edir. Hekayələrdə isə danışmaqla yanaşı həm də göstərə bilir. Gördünüzmü, mən hekayələrlə bağlı hər hansı film və ya serial çəkilməsindən danışmadım. Çünki onların əksərinin görüntüsü öz içindədir. Yəni bütün yaxşı hekayələr kimi həm də vizual effektlidir.

Deyilənə görə, Rusiyada milyonlarla azərbaycanlı yaşayır. Bu qədər insanın nəhəng dünyası, yaşadğı hiss və həyəcan, qayğı və problem, demək olar ki, ədəbiyyatımıza gəlməyib. İndi bu haqda düşünürəm, yalnız Aslan Quliyevin, Mübariz Örənin, İlham Əzizin bir-iki hekayəsi, yaxud müxtəlif hekayələrindəki bəzi nüanslar yadıma düşür. Halbuki çox maraqlı və orijinal mövzudur. Təbii, bunu yalnız Rusiyada yaşamış və ya yaşayan, oranın istisini-soyuğunu hiss edən, rusları və burda yaşayan digər millətləri və xalqları yaxından tanıyan qələm adamları yaza bilər. Adil Quliyev bu mənada əvəzsizdir. Rusiyada uğurlu iş adamlarımız çoxdur, lakin onların içərisində bu qədər ciddi yazıçılıq qabiliyyəti olan, yəqin ki, yoxdur. Bu səbəbdən Adil müəllimin daima yazmasını arzu edirəm. Hətta hamıya yazmağı bir dəfə arzu edirəmsə, Adil müəllimə iki dəfə arzu edirəm. Çünki o, doğrudan da yaza bilir. Və Adil müəllim təkcə Rusiyadakı azərbaycanlını, Rusiyadakı azərbaycanlının gözündən görünən Rusiyanı və dünyanı yox, oradan görünən Azərbaycanı da çox gözəl yaza bilir. Çünki onun ürəyində Azərbaycanla bağlı çağlayan nəğmələrin səsini hər bir cümlədən eşitmək olur.

Adil müəllimin yaradıcılığı bir başqa rakursdan da məni çox sevindirir. Bir neçə il öncə Moskvada azərbaycanlı iş adamları ilə ruslar arasında əlbəyaxa dava düşmüş, hadisə mətbuatda xeyli şişirdilmişdi. Hətta bəzi rus şovinistləri bir az da qabağa gedib azərbaycanlıların şəhərdən deportasiyasından danışırdılar. Məni ağrıdan nə oldu? Məsələ ilə bağlı danışanların çoxu azərbaycanlıları yalnız xırda alverçi kimi tanıyırdılar. Sovet vaxtı Qara Qarayevi, Müslüm Maqomayevi, Rəşid Behbudovu ilə tanınan respublika indi yalnız məcburiyyətdən vətənini tərk edib ticarətlə məşğul olan insanlarla tanınırdı. Adil Quliyevin rus dilində yayımlanan hər iki kitabı ermənilərin də körüklədiyi bu yanlış iddianı qaldıranların ağzına daş basır.

Adil müəllimi tanıdığım üçün, oxuduğum üçün, onunla dost olduğum üçün taleyimə minnətdaram. Amma bu məqamda bir minnətdarlıq da Tahir Dövlətoğluna düşür: tanışlığımıza vəsilə olduğu üçün.

Şərif Ağayar