Saxta reallıqlar - Qismət

Saxta reallıqlar   - Qismət

19 Avqust 2024 12:45 263


Amerikalı fantast-yazıçı Robert Şeklinin "Aləmlər dükanı" adlı bir hekayəsi var, burada Balzakın "Şaqren dərisi"ni xatırladan bir əhvalat nəql olunur. Hekayənin qəhrəmanı Ueyn şəhərin tərk edilmiş, adamsız bölgəsində yaşayan, sirli, əsrarəngiz qoca Tompkinsin yanına gedir.

Ueynin bu qəribə qocanı ziyarət etməyinin maraqlı səbəbi var. Deyilənə görə, Tompkins sirli bir iksir vasitəsilə insanları paralel aləmə sala bilir, elə bir aləmə ki, burada bütün arzular reallaşır. Qayda isə belədir: paralel aləmə can atan, arzularının reallaşmasını istəyən hər adam Tompkinsə özünün ən dəyərli əşyalarından birini verməlidir. Ueyn sirli qocayla görüşür. Yaşlı kişi ona deyir: “Mənim bütün müştərilərim xidmətimdən razı qalırlar, heç kim özünü aldadılmış hiss etmir.” Ueyn tərəddüd edir, qoca ona tələsməməyi, yaxşı-yaxşı düşünməyi məsləhət görür.

Ueyn evə qayıdarkən yolboyu bu qəribə təcrübəyə razılıq verib-verməməyi düşünür. Geri qayıdandan sonra, başı ailə qayğılarına o qədər qarışır ki, Tompkinsin təklifini unudur, amma arada ağlından yenidən qocanı ziyarət etmək keçir, amma həmişə nəsə bir işi çıxır: gah arvadı ilə qonaqlığa gedəsi olur, gah oğlunun məktəbdəki problemlərini həll etməli olur. Bütün bu problemlərlə əlləşə-əlləşə həmişə beyninin bir tərəfində düşünür ki, qocanı ziyarət edəcək. Günlər belə keçərkən... birdən Ueyn gözlərini açıb özünü qocanın daxmasında görür. Tompkins gülümsəyib deyir: “Hə, necəydi, bəyəndin?” Ueyn çaşqın halda, pəltəkləyə-pəltəkləyə dillənir: “hə, deyəsən yaxşıydı...”

Sonra cibindən ən dəyərli əşyalarını çıxarıb (paslı bir bıçaq, köhnə konserv qutusu və s.) qocaya verir. Tələsik qocanın daxmasından çıxır, hava tam qaralmamış, nüvə radiasiyasından mutasiyaya uğramış azman siçovullar şəhərə çıxmamış evinə tərəf qaçmağa başlayır.

Bu hekayə nüvə silahlarından sonra dünyanın düşə biləcəyi vəziyyəti ifadə edən mənim oxuduğum ən yaxşı fantastik hekayələrdən biridir. Lakin məni bu hekayədə özünə cəlb edən, yazıçının oxucunu çaşdıran fəndindən, yaxud ideyasının bəşəriliyindən çox, Ueynin reallıqla virtuallıq arasında vurnuxmasıdır. Ueyn qocanın fəndi ilə yuxuya, gerçək olmayan bir həyata qədəm qoyur. Onun gördüyü yalançı gerçəklik, görmək istədiyi həyatdır. Aldanmasının, çaşmasının da səbəbi budur.

Çağdaş dünyada biz Şeklinin təsvir etdiyi dünyanın vətəndaşlarıyıq. Hamımız ən dəyərli şeylərimizi - həqiqi ünsiyyəti, daha yaşıl ətraf mühiti, sağlam qidaları... verib, əvəzinə saxta reallıqlar qazanmışıq. Oyana bilmirik, siçovullarsa yoldadır...