Bakılılar gününə ithaf olunur
Ədəbiyyatımızda Bakıya qarşı həmişə bir nankorluq görmüşəm və bundan rəncidə olmuşam.
Görəsən, niyə belədir, deyə uzun-uzun və qara-qara düşünmüşəm...
Bildiyiniz kimi, sovet dövründən ədəbiyyatımızda kənd kultu yaranmışdı. Fəhlə-kəndli dostluğu proqramının tərkib hissəsi olaraq birdən-birə kəndə böyük sevgi aşılanırdı. Üstəlik, ən istedadlı yazıçılarımız rayondan, əyalətdən gələnlər idi deyə, azsaylı şəhər yazıçıları onların qarşısında duruş gətirə bilmirdilər.
Həm də, yalanı yoxdur, ölkəmiz həmişə aqrar ölkə olub və elə indi də o cürdür.
Kənddən gələn yazıçıların da öz faciəsi vardı.
Çoxunun geniş mütaliəsi və dünyagörüşü yox idi. Şəhərdə gördüyü əyrilikləri, pislikləri öz uşaqlığının keçdiyi kəndlə sadəlövhcəsinə müqayisə edib üstünlüyü ora verirdilər.
Anlamırdılar ki, əslində, kənd üçün deyil, hər şeyi saf gözlə görən uşaqlıq üçün darıxırlar. Pis hər yerdə pis, yaxşı hər yerdə yaxşıdır. Ümumiyyətlə, yaxşı və pis yoxdur, nisbətən yaxşı və nisbətən pis var. Yaxşı da bir az pis, pis də bir az yaxşıdır.
Şairlər bar-bar bağırıb buz bulaqlardan, şaqqıldayıb axan çaylardan, pıçıldayan meşələrdən yazırdılar.
Bu, bir növ dövrün konyunkturası idi. Yazmaq da, sevilmək də, yadda qalmaq da bu yolla daha asan idi. Yazırdılar, kənddən ötrü darıxırdılar, az qala can verirdilər, amma heç vaxt şəhərdən çıxıb getmirdilər. Çünki, rahat yaşayış da, qazanc da, şöhrət də, əyləncəli həyat da şəhərdə idi.
Bakı adamlara hər şeyi verir, əvəzində söyüş yiyəsi olurdu. Alçaldırdılar, təhqir edirdilər, aşağılayırdılar. Bu boyda şəhər özünü şairliyə, yazıçılığa vuran, urbanistik mədəniyyətdən xəbərsiz “istedadlı çuşkalar”ın əlində qalmışdı.
Təəssüf ki, kənd eyforiyasından ayılmayan “aqrar yazıçılar”a bu gün də gen-bol rast gəlinir. Dəfələrlə şahidi olmuşam, fəxrlə deyirlər ki, filankəs, otuz ildir şəhərdədir, bir damcı da dəyişməyib. Gəldiyi bölgənin ləhcəsini və dialektini qoruyub-saxlamaq şücaət sayılır.
Bu isə fəxr olunası yox, utanılası haldır. Ayının velosiped sürdüyü, meymunun eynək taxıb tum çırtladığı zamanda otuz il Bakıda yaşayıb dəyişməmək üçün adam gərək lom olsun. Daş olsa yonular, taxta olsa çürüyər.
Özümdən götürürəm: Nazim Hikməti, Danteni, Nizamini, Şekspiri, Ekonu, Bekketi, Şamil Mahmudbəyovu, Səttar Bəhlulzadəni, Vaiqflərin İbrahimoğlusunu, Cəbrayılzadəsini, Səmədoğlusunu, Mustafazadəsini, Mustafayevini, Ramizlərin Rövşənini, Həsənoğlusunu, Mirişlisini, Rasimlərin Ocaqovunu, İsmayılovunu, Qaracasını, Quluların Xəlilovunu, Əsgərovunu, Məhərrəmlisini bu şəhərdə tanımışam.
Operanı dram teatrından, dram teatrını musiqili komediyadan, musiqili komediyanı kameradan, kameranı pantomimdən, pantomimi yuğdan ayırmışam.
Canlı simfonik musiqi, opera, orqan musiqisi dinləmişəm, baletə baxmışam.
Filmlərin qalasında yaradıcı heyətlə birlikdə iştirak etmişəm.
Pavilyon görmüşəm, studiya görmüşəm, çəkilişdə olmuşam.
Memarlığın nə olduğunu anlamışam, rəssam emalatxanalarının sehrinə düşmüşəm.
Və sair və sair...
Və bütün bunlardan sonra dəyişmirəmsə, demək, ölüyəm. Özüm ölü olduğum halda durub yazıram ki, bu şəhər belə mənasızıdır, elə maraqsızdır, belə bozdur, elə vızdır. Heyif deyil kəndimizin buz bulaqları, xınalı inəkləri, milçəklənən səkil atları...
Buranın adamları da pisdir, oranınkı yaxşıdır. Burda yeməklər də o dadı vermir, yağışlar da nəsə alayı cür yağır.
Bütün bunlar ədəbiyyatın heç vaxt yaxına buraxmadığı əyalətçi düşüncənin ta kəndisidir!
Bakı Azərbaycan insanının özünü dünya vətəndaşı kimi hiss edə bildiyi yeganə məkandır. Məcazi desək, cibində xarici pasportu olan yeganə şəhərimizdir.
İstəsək də belədir, istəməsək də.
Sevsək də belədir, sevməsək də.
Olanımız budur və məncə buna da şükür.
Dəyərini bilib, qorumalıyıq.
Bakı dünyanın təkcə sənaye və mədəniyyət deyil, həm də mənəviyyat mərkəzlərindəndir.
Bakı olmasa rayonda doğulan böyük bəstəkarımız əyalət toylarında qarmon çalardı.
Böyük şairlərimiz-yazıçılarımız tamadalıq edərdi.
Böyük alimlərimiz uzağı sinif rəhbəri olardı.
Böyük memarlarımız varlı əyalət “moşennik”lərinin həyət evlərində toyuq hini tikərdi.
Hamımız az-çox qazandığımız uğur üçün Bakıya borcluyuq və haqqını qaytarmaq əvəzinə söyürük, yamanlayırıq, danlayırıq.
Bunun bircə adı var: nankoruq!
Və bu nankorluğu əlinə qələm götürən yazıçı və şairlər edirsə, ikiqat ağırdır.
Unutmayın, siz Bakını sevmədikcə, seçmədikcə, o da sizi sevib-seçməyəcək və axırda uduzan siz olacaqsınız.