Mehman Qaraxanoğlu
TÜPÜRÜM
Tüpürüm bütün janrlara,
Növlərə
Və formalara!
Əgər yazdığın
Özününifadə forması deyilsə -
Udduğun havanı,
Səni,
Vətənini
İfadə etmirsə,
Tüpürüm sənə də!
UYDURMALAR
Təşbehlər,
Epitetlər,
Metaforlar meşəsində
Azdırın,
Azdırın oxucuları!
Gedib yalandan
Ölkə uydurun,
Şəhər uydurun,
Kənd uydurun!
Obraz uydurun!
Axı,
Sizi də uydurublar...
EZOPA İFTİRA
Yetər,
Ezop dilində danışma!
Yetər!
Ezop o dili
Sənin kimi
Qorxaq,
Riyakar
Və satqınlar üçün deyil,
Həqiqəti üzə şax deyənlər üçün
Alternativ olaraq yaratdı,
Alternativ...
Yetər!
DƏLLAL
Ey ədəbiyyat dəllalı,
Sən niyyət eləmişdin ki,
Şuşa alınsa,
Şeir yazacaqsan...
Qafiyələrin “mübarək”:
Şuşa,
Şüşə
Qoşa,
Boşa
Şişə...
Lezvala,
Cır,
Dağıt özünü!
... Hələ gör bir
Şuşanın vecinədi?!
PROLETAR ŞAİRİ
Qulağının dibində toplar atılır (Sabir),
Özünü elə aparırsan ki, guya xəbərin yoxdu,
Guya bunlar sənə aid deyil,
Göylərdən gələn “vəhy”lə
Guya şeir yazırsan.
Ey “Proletar şairi” (Mirzə Cəlil),
Ey bədbəxt,
Hələ də anlamırsan ki,
Bütün bunlar
Rejimin təbliğatı idi...
Yəni, get “vəhy”inlə oyna -
“Şey”inlə...
O vaxtlar
Hər misraya görə pul ödəyirdilər
Və şairlər də daha çox “oynayırdılar”...
“ALİM XALQ”A DOĞRU
Ey “Şeir bülbülü” (Mirzə Cəlil),
Ey “Mirzə Səfər” (Ə.Haqverdiyev),
Sən hələ də
Gözünü tavana dikib
Qafiyə gəzirsən?!
Bəs “Mahiyyətin qafiyəsi?” (Kamal Abdulla)
Götür kürəyindəki
“Şair xalq” damğasını,
Götür!
Səni aldadıblar,
Götür!
Qoş,
Yürü “Alim xalq”a doğru,
Yürü...
SOS!!!
Dünyanın heç bir dilində
Görə bilməzsən bu ritorikanı:
- Səni “alim” edən mənəm!!!
Əli Mirəliyevin sözü olmasın,
Deməli, sən prodüsserin yatağından “uğurla” keçmisən...
Elm dəllalları var,
Onların işi,
Gücü,
Pul,
Korrupsiya,
Rüşvət gücünə,
Namussuzluq gücünə,
Onu, bunu “alim” eləməkdi!
Kim kəsəcək bunların kökünü,
Kim?!
ASIN MƏNİ
Məni asmaq üçün ilgək hazırlayın,
Otuz doqquz santimetrlik ilgək -
Boynum nazilib,
əvvəlki deyil.
Bir az da sabun vurarsınız...
Qoy sabun heç olmasa,
Bircə dəfə təyinatı üzrə işlənsin!
Heç olmasa,
Bircə dəfə...
VƏTƏNƏ MƏKTUB
Sən mənimsən!
Oğlumun,
Qızımın,
Nəvəminsən!
Səni gözdolusu,
Könüldolusu
Sevməyə də qoymurlar, Vətən!
Girib aramıza
Korrupsioner rusbaşlar,
İranbaşlar,
Milli murdar başlar...
Bilə-bilə,
Zorən
Elə murdalıqlar edirlər ki,
Gözdən düşəsən
Və durub səni özgələrlə müqayisə edim.
De,
Özün de
Atamı,
Anamı,
Babamı
Kimlə müqayisə edim mən?!
Kimlə?!
25-28 mart 2023