YeniYaz.Az Şərif Ağayarın “Balabəy” hekayəsini təqdim edir.
Ə kişi, yaxşı görək! Yaxşı! Yaxşı. Mən tanımıram Balabəyi? Qapıbir qonşu olmuşuq e… Böyük oğlu İlqar, ortancılı Səlimxan, balacası Hətəm… Üçünü də əsgərlikdən dəlilik adına qurtarıblar. Baxanda inanmazdın ki, bu pəzəvəng uşaqlar Balabəyindi. Amьa hardasa suları çəkirdi, yoxsa analarından şübhələnərdi adam.
Balabəy, nə Balabəy! Dişləri Qobustan qayalarına oxşayırdı. “Astra” siqaretindən o qədər çəkmişdi, zəfəran kimi sapsarı idi. Gözləri çökəyə düşmüşdü.
Dərnəgüldəki 12 saylı yataqxanada qalırdılar.
Birdən evlərində vay-şivən qopurdu:
«Öldü! Yenə öldü!!!»
Arvadı qışqırırdı:
«Səni qara yer yesin! Birdəfəlik öl, qurtarsın canımız!!! Səni heç qalxma bu yastıqdan!»
O saat bilirdin ki, yenə vurub Balabəy. Vurub və pis günə düşüb. Eyvandan boylanırdıq. Ağzına qoruyucu bağlamış ağ xələtlilər ambulansın xərəyində aparırdılar onu. O da heydən düşən qollarını sağa-sola ölçə-ölçə nəsə danışır, söyür, söyüşlər ağzında topuq vururdu.
Dabbağda gönünə bələdəm Balabəyin!
Rastlaşanda dil-ağız edərdik:
«Həmişə ayaq üstə!»
Qımışardı. Üçcə gün keçməmiş yenə həmən-həmən idi! Yenə arvadının səsi yataqxananı başına götürərdi:
«Ay Allah, necə ölmür e… bu qeyrətsiz!»
Uşaqları utanıb başını aşağı salırdı. Amma, eşitdiyimə görə, daldada anaları ilə əməlli başlı dava-dalaş salırdılar. Üçü də çox istəyirdi atasını. Balabəyin «ambulans macərasına» uşaqlarının göz yaşları da daxil idi.
Balabəyin arvadı Dərnəgül yolunun üstündə pal-paltar satırdı. Bir qolu şikəst idi yazığın, “qrad” qəlpəsi dəymişdi. Neyləyirsən, tək qoluyla bütün ailəni dolandırırdı. Oğlanlarının ikisini evləndirmişdi. Hərəsinə yataqxanadan bir otaq almışdı. Bu «evləşmə»lərin Balabəyə ağırlığı ondan ibarət oldu ki, ömrünün iki gecəsini də «Semaşko»da keçirdi. Səhərlər isə paxmelin üzücü əzabları… Bah-bah-bah!
«Allah var irəhimi var!»
Qonşumuz keçəl Siyatel yataqxana əhlindən fərqli olaraq Balabəyin aqibətindən xatircəm idi. «Bu düzələn deyil» kimi bədbin fikirlər ağlının həndəvərindən “dız” da eləmirdi.
Keçəl Siyatel necə demişdisə, elə də oldu. Günlərin bir günü, eynəkli bir doktor gəldi yataqxanaya. Balabəy yataqxana uşaqlarını ambulans səsinə öyrətmişdi. Hamı əyləncə kimi baxırdı eyni süjetlərə: Vıy… Vıy… Ağ xalatlılar… Xərək… Balabəyin ağarmış çöhrəsi… Söyüşləri… Bu dəfə məsələ ayrı cür idi. Eynəkli doktor əlində kubşəkilli çanta ümumi koridorda görünəndə uşaqlar qaçıb köhnə yataqxananın yırtıq-deşiyinə doluşdular.
«Ə, it oğlu it, o zəhrimar nədi ki, ata bilmirsən? Sən öl iynə vurub öldürəcəm səni! Eləməsəm, koppayoğluyam! Ağsaqqal yaşında biabır eləmisən bizi!».
Uşaqlıq dostu imişlər. Odur ki, doktor yaman düşdü Balabəyin üstünə, götürüb xəstəxanaya apardı. Təxminən üç ay bütün yataqxana «ambulans macərası»na həsrət qaldı.
Yelbeyin şəhər həyatı baş verənləri tezliklə unutdurdu.
Üç aydan sonra Balabəy gəldi. Özü də necə? Şıx geyimdə, gözündə eynək. Rəngi avazısa da, ovurdları dolmuş, gözləri çökəkdən çıxmışdı. Bircə dişləri həmənki idi: sapsarı və uçuq-sökük.
İçkini tamam atmışdı, siqareti tərgidə bilmirdi amma. Bir dəqiqə dayan! Necə yəni düz bilmirsən?! Bəli, Zəngilandan idi! Zəngilanın orta göbəyindən. Yox, “yeraz”larla ana tərəfdən qohumluğu vardı. Ona görə, oğlanlarını yaxşı işə düzəltdi. Biri bp-də işləyir indi, biri mühafizədə. Balaca da “Gənclik” metrosunun yaxınlığında internet-klub açıb. Nə isə. Qoy sözümü deyim.
İçkini atmaq düşdü Balabəyə. Komendant onu yataqxanaya qarovulçu qoydu. Binanın girişində kiçik bir otaq düzəltdilər. İçində balaca ağ-qara televizor, maqnitofon, elektrik çaydanı, bir çarpayı, bir tumbuçka. Hərdən, gecələr arvadı özünü təpirdi Balabəyin yanına. Təkcə bu fakt kifayət idi ki, kişinin əməlli-başlı düzəldiyinə əmin olasan.
Balabəy yataqxananın birinci mərtəbəsindəki foyeni çayxanaya çevirdi. Nərdli, daminolu çayxanaya. Özü almışdı hamısını. Bütün xidmətlər kimi çay da pulsuz idi. Hətta, azyaşlı uşaqları çaysız yola salmırdı. Bir yandan da musiqi xidməti… Sazdan, estradadan tutmuş “Bulaq” verilişinəcən. Nüşabə Əsgərlinin pərəstişkarı idi. Balaca otağının uçuq-sökük yerlərini onun şəkilləri ilə örtmüşdü. Nüşabə barədə xüsusi pornoqənaətləri vardı Balabəyin: «Bu cür arvadlarda nə bilim nə necə olur. Xi-xi-xi-xi…»
Ardınca da:
«Öxxxö, öxxö! Səsim dalımdan çıxır, iştahıma bax! Xi-xi-xi!»
Qaçqın şəhərciyinin nərd üzrə çempionuna dalbadal bir neçə mars verəndən sonra Balabəyin həyatının yeni, ekzotik səhifələri açıldı bizimçün. Sən demə, möhkəm nərd atırmış. İndiyəcən Bakıda oynamağa layiq bircə nəfər tapa bilib. Onun da aşının suyunu verdi. Özü də məzələnə-məzələnə: «Dümbüşünü oyna ə…», «Duduşdar», yaxud, «Dürtüşdür», yəni, dubarələr, «Şoqqulu» - şeş qoşa, «Çıxart dürt»- çahar du, «Çıxart sər» - çahar sə, «Pencək» - pənc yek, «Yıx sürü» - yığdılar və s. və i a. Ən maraqlı və mürəkkəb təyinat isə «Boz qurd» idi. «Boz qurd»! Dörd çahara belə deyirdi. Nə biləsən niyə? Bunu çox sonralar öyrəndik. Dörd cahara cayıllar adətən «Canavar» deyir. Balabəy daha avanqard yozum verib dördlərə: canavar – qurd eyni şeydi. Qurdun da ən güclüsü boz qurddu. Bununla təkcə bozqurdçulara rəğbətini nümayiş etdirmir, həm də oyunu hökmən qələbə ilə başa çatdıracağına işarə vururdu. Dörd çaharı rəqib atanda heç vaxt «Boz qurd» ifadəsini işlətmirdi. Sadəcə deyirdi: «Dördəmlə görək!»
Nərdi harda öyrənsə yaxşıdı? Türmədə.
«Mən ölüm, nə üstə yatmısan, Balabəy!» – keçəl Siyatelin oğlu zarafatlaşmaq istədi bir dəfə.
«Ə, bir arvada sataşmışdım dana! Hayasız elə şivən qopartdı elə bil ömründə kişi görmüyüf.»
«Bir şey eləyə bildin, mən ölüm?»
Zəri ovcunda qarışdıra-qarışdıra yanpörtü keçəl Siyatelin oğluna baxdı:
«Elədim»
«Deynən sən öl!»
«Mameyin başı haqqı, elədim»
Hamı güldü. Balabəy də bir anlıq «Qobustan qayaları»nın «füsunkarlığını» nümayiş etdirib ağzını yumdu. Tütün qoxusu bir az azaldı və o hülqumlu boğazını uzadıb atdığı zərə baxdı:
«Genə də duduşdar…»
***
Deyirsən, tanımazsan, lovğalıq olmasın, Balabəy də məni tanıyır. Soruşsan bəlkə xatırlayar. Bir dəfə məni «prikol»a da tutub:
«Şair, bu qədər yazırsız, bir dolanışıx-zad var yanı?»
«Var.»
«İnanmıram, əmə höjət də eləmirəm. Mənim oxumaxnan-yazmaxnan aram olmuyuf heç vax. Bir il birə, iki il ikiyə, üç il üçə getmişəm. Hərəsinə də, ildə cəmi bir dəfə. Hər dəfə də eyni həftədə, bəlkə, eyni gündə. Ona görə, dərsimiz eyni şey olub: «Qıratın tərifi»
Çənlibeldən səni deyif gəlmişəm
Nə bilim nə, Qırat gəl…
Elə bil arvad-zaddı Qırat. Xı-xı-xı-xı-xı… Öxxxxxö… Ööööxxxx… xxxtfu!» – başını stolun altına əydi. Əlindəki damino daşlarını rahatlayıb kiməsə (bəlkə də mənə) qışqırdı:
«Aha! Tayını gəldim.»
Altının qoşasını stola çırpıb yerinə dolayladı və üzünü yenə mənə çevirdi:
«Hə, şair, bu üç-dörd ildə, axır ki, əzbərlədim «Qıratın tərifi»ni. Ömrü boyu kitablardan öyrəndiyim bircə budu. Amma yaman şeirdi, hə? Kopooğlu Qıratı elə tərifliyir, elə bil ballistik raketdi.»
***
Balabəy arağı tərgidəndən urufu mənə keçdi. İçib saat üçdə, dörddə qapını döyürdüm. Gözlərini ovuşdura-ovuşdura tumançaq çıxırdı otaqdan: «Kimdi?» Hər dəfə üzr istəyib içəri keçirdim.
Bir belə, iki belə, beş belə, iyirmi beş belə… Day «kimsən» demir, qapını açıb dinməzcə hücrəsinə çəkilirdi.
Bir dəfə məni adsız barmağının işarəsi ilə çağırdı:
«Ey, sluşi, ayağını bəri qoy».
Yaxınlaşdım. Çöldən, dəmir qapının çərçivəsinə vurulmuş zəng düyməsini göstərdi:
«Bu, bilirsən də nədi?»
«Bilirəm».
«İndən belə, nə qapını döyürsən, nə də qorxa-qorxa «ay Balabəy dayı» deyib kefini pozursan, eləcə barmağını bura toxundurursan, vəssalam! Bax belə…»
Düyməni basdı, ördək balasının ritmik səsi eşidildi:
«Gördün?!»
«Eşitdim».
«Malades! Di get, əmə, axşam çalış az içəsən».
***
Bir gecə otaq yoldaşımla dalaşmışdım, küsüb gedirdim. Saat hardasa üç-dörd olardı. Kefli idim. Birinci mərtəbəyə düşəndə otaq yoldaşım məni arxadan qucaqladı. Qulağının dibinə bir şillə! Səndələdi. Qapıya tərəf cumdum. Qışqırdı:
«Balabəy!»
Balabəy hövlnak qalxıb otağından çıxdı. Yenə də tumançaq və ayaqyalın idi. Otaq yoldaşım haray saldı:
«Qoyma getsin, piyandı, maşının altında qalacaq. Qoyma…»
Mən Balabəyi də basdalayıb keçmək istədim.
«Olmaz» – dedi – «Get yat, sabah hara istəsən gedərsən.»
İrəli cumdum. Balabəy əlinin arxası ilə sifətimə qapaz qarışıq bir şillə ilişdirdi. Etiraf edim, əli çox ağır idi. Arxaya iki addım atıb dayandım. Balabəy əlavə etdi:
«Nəsil-nəcabətini söydürmə mənə. Komendantdan tutmuş keçəl Siyateləcən o kəsin var-yoxunu beləliyərəm ki, mənim qabağımda lotuluq eləsin! Eşitdin?»
Dinmədim, əsəbi halda xeyli mənə baxdı, «Qobustan qayaları»nı biri-birinə sıxdı. Gicgahlarındakı əzələlər oynadı. Az keçməmiş yumşaldı, boynumu qucaqlayıb, məni sinəsinə sıxdı və yumşaq səslə dedi:
«Get yat, sabah danışarıq.»
Sabah heç nə danışmadıq, təbii. Amma otaq yoldaşımı çağırıb əməlli-başlı hədələmişdi:
«Bir də onun xətrinə dəysən, səni iti qovan kimi qovaram!»
***
Tezdən harasa gedirdim, gördüm otağından saz səsi gəlir. Kimsə radioda qaytanlı səslə oxuyurdu:
«Dünya sənin cəlalında başa varan görmədim…»
Azca aralanmış qapıdan içəri baxdım, əllərini başının altında çarpazlayıb mürgüləyirdi.
Sən də deyirsən tanımırsan Balabəyi! Özü də mübahisə eləyirsən. Nə? Bu o adam deyil? Məzələnmə. Məzələnmə dedim! Dəqiq bilirsən? Nə təhər o adam deyil? Bəs bu, o Balabəy deyilsə, hansı Balabəydi?
2011