Anamgil olan kənddə təxminən 40 yaşlarında ağlı qüsurlu bir oğlan var. Adı Rəfayıldır. On beş-on altı yaşlarından tanıyıram. Qəribə adəti vardı o vaxtlar, bütün dünya ölkələrinin prezidentlərinin adını bilirdi. Atası öyrətmişdi. Prezidentlər dəyişən kimi təzələrini öyrədirdi. Kənddə heç kim Rəfayılı qabaqlaya bilməzdi. Nə qədər tez sual versən, görürdün, bilir.
Axşam seçkilərin nəticələri açıqlanır, səhər Rəfayıl kəndin aralığına çıxır, adamlar da onun səhvini tutmaq üçün yarışa girirdi.
Ailənin tək oğlu olduğuna görə atası Rəfayılı lap çox istəyirdi.
Yaxınlarda kəndə gedəndə bizə gəldi, görüşdük, həyətdə xeyli söhbətləşdik. Qocalmış, üz-gözü qırışmış, saçları xeyli ağarmışdı. Onun bu halı məni çox mütəəssir elədi. Qəfil ağlıma nə verdisə soruşdum:
"Ameriakanın prezidenti kimdir?"
Cavab qəribə oldu:
"Corc Buş"
İçəridə iş görən anama tərəf qışqırdım:
"Ana, Rəfayılın atası ölüb?"
Anamın səsi arxa otaqdan güclə eşidildi:
“Hə. Çoxdan. Nə bildin?”