Yalnızlıq
Qoca fəhlə nahar zamanı kiçik bankəyə yığılmış balaca tənək dolmalarını bir-bir dişsiz ağzına atıb sağa-sola gəvələdi, üstündən bir çappa ayran içdi, arıq əlləri ilə dodaqlarını silib gəyirdi.
Sonra siqaret yandırdı və tüstüdən acışan gözlərini qıyaraq düşündü:
"Cavandım. Araz aşığımdandı, Kür topuğumdan. Qəfil ömrümə mələk misallı bir qadın təşrif gətirdi. Xumar gözlərini qüssəylə süzdürüb pıçıldadı: "Yalnızam!"
"Artıq, deyilsən!" - söylədim əminliklə və titrəyən əllərindən bərk-bərk yapışdım!"
Alma
Həyat yoldaşım həmişə mənə işə alma qoyur. Adətən cibimdə aparıram.
Bu günlərdə aramızda balaca bir söz-söhbət oldu.
Səhəri qadın məni oyatmamış işə getmişdi. Amma stolun üstündəki əşyalarımın yanına iri bir alma qoymuşdu. Onu cibimə yerləşdirə bilmədim. Əlimdə götürdüm və metroya keçmək istəyəndə polis saxladı, sehrli çubuğu almanın o tərəf-bu tərəfində gəzdirərək heyrətlə dedi:
- Bu nədir, almanın içindən qadın səsi gəlir!
Rəngli karandaşlar
Cəmal Sürəyaya ithaf edirəm
Qadının evlilikdən yorulduğu, kişinin ailəsindən ayrıldığı vaxt təsadüfən sosial şəbəkədə tanış oldular. Qadın bu il məktəbə gedən oğlundan, kişi skripka çalan qızından danışdı, bir-birinə uşaqların fotolarını atdılar. Darıxdılar bir-birindən ötrü, aydan-ulduzdan, dağdan-dərədən, ən çox da uşaqlarından danışmağa ehtiyac duydular.
Günlərin birində görüşmək qərarına gəldilər.
Budur, axşamın alatoranında sakit parkların birində yanaşı oturublar. Göz-gözə gəlməkdən utanırlar. Danışmağa söz tapmırlar. Kişi nəhayət boğazını arıtlayır:
- Oğlun necədir?
Qadının üzündə xoşbəxt təbəssüm dolaşır, gözləri gecə fənərlərini həyat eşqiylə əks etdirir:
- Ona çoxlu karandaşlar almışam...
Əlini irəli uzadıb barmaqlarını havada oynadır:
- Naxışlı... Uzun... Rəngbərəng...
Udqunub duruxur, gözləri xəfifcə yaşarır, səsi titrəyir:
- Heyif, bu gün birini məktəbdə itirib.
Araya yenə sükut düşür. Bütün bildikləri sözləri unudurlar. Uzun səssizliyin ardınca kişi özündən asılı olmadan soruşur:
- Hansı rəngi itirib?..
Taksi sürücüsü
Axşam taksiylə Müşfiqəki qaçqın qəsəbəsinə gəlirdim. Müştərilərin hamısı yolda düşdü. Qəsəbəyə çataçatda sürücü qəfil şirin Qarabağ ləhcəsində soruşdu:
- Siz qırxbuğum görmüsüz?
Özümü təmkinli apardım, amma orucluq xatirinə yalan da demədim. Dedim, hə, uşaqlığım keçən yerlərdə çox olurdu.
Birdən qayıtdı:
- Dəlisi, ya ağıllısı?
Xəyal məni uzaqlara apardı:
- İkisi də!
- Burda qırxbuğum var, olar, gedək baxasız, görəsiz, ağıllsıdır, ya dəlisi?
- Əlbəttə, göstərsəz, baxaram, deyərəm. Niyə də yox? - zarafata yozdum
Adam yolu döndü. Cibimdə pulu düşündüm. Elədiyim bütün əclaflıqlar yadıma düşdü. Əcəba, bu məni hansı iş üstündə qətlə yetirər deyə qayğılandım. Səbəblər də tərs kimi yox deyil. Bu aralar da Behzat Ç-yə baxıram...
Döndük... Adam maşından atılıb alışqanın arxasındakı dəxlsiz gur işıqla nəsə axtaranda çiyinlərimi iki dəfə atıb-tutub bədənimə güvəndim. Oyan-buyan eləsə sözü kəndçi əllərimə verərəm deyə düşündüm. Amma sürücüm ciddi idi. Qırxbuğuma heç dəxli olmayan balaca, yaşıl bir kol gətirdi, dirəşdi ki, odu, qırxbuğumdu! Yalandan deyirlər, guya, xarıbülbül də heç yerdə bitmir, bitir, bax, qırxbuğum da bitir!
Adamın üzündəki səmimi həyəcana baxanda dediklərini təsdiq eləməkdən başqa yolum qalmadı...
Amma onun göstərdiyi qırxbuğumun nəinki dəlisi, ya ağıllısı, heç axmağı da deyildi.
Salamatçılqıdı...
Hekayəni evdən yazıram və doğruluğunu imzamla təsdiq edirəm.
Yelçəkən
Atamın gözləri də, qulaqları da tutulur, məndən yavaş-yavaş uzaqlaşıb səssiz-səmirsiz zülmətinə çəkilir, oğlum qulağında qulaqlıq baxışlarını smartfondan ayırmır, mən bu iki dünya arasında – ömrün yelçəkənində canımdakı yalquzaq üşütməsini dinləyə-dinləyə saç-saqqalımı ağartmaqla məşğulam.