Şahmar kişi Astaf dağının başından Ağ Babanın göründüyünü eşidəndə gözgörəti havalandı. Daş atıb başını tutdu ki, bu saat məni ora qaldırmalısınız. Ancaq o, bir az əvvəl qəfil insult keçirmişdi. Əvvəlki kimi hərəkət edə bilmir, danışanda kəkələyir, sifətinin sol tərəfi səyriyirdi.
Yüksəklik olmazdı ona!
Kimə deyirsən?
Bu tərs, dəlisov kişini başa salmaq olardı?
Hansısa dili qurumuş oturduğumuz yerdə bizi işə salmışdı!
Ağ Baba biz tərəflərin ən hündür dağıydı. Şahmar kişi burda çox olmuş, çox gəzmiş, çox ov eləmişdi. İti gözü vardı. Kəklik, turac, qırqovul, cüyür, qaban onun gülləsindən yayına bilmirdi. Yüz ilin ovçuları yanına məsləhətə gəlir, o olan yerdə güllə atmağa çəkinirdilər.
Müharibədən bir-iki ay qabaq necə oldusa ovçuluğu biryolluq atdı. Başqa vaxt kimsənin toxunmağa qoymadığı tüfəngini dostuna bağışladı.
Sonra müharibə... Köçkünlük... Bir müddət çadır şəhərciyində yaşadı. İllər sonra daş qəsəbəyə köçdü. Heç sevinmirdi. Fikri-zikri dağlardaydı. Özü də etiraf edirdi. Deyirdi, xəyalım bağda qalan it kimi hələ də oralardadır.
Aradan otuz il keçsə də heç kimi, heç nəyi unutmur, hər şeyi ən xırda detallarınacan xatırlayırdı. Üstəlik, hər dəfə uzun-uzadı danışıb adamı yorurdu. Çox vaxt əlinə mən keçirdim, saatlarla çənəsinin altına salırdı. Bəzən arvadı - doğmaca bibim acıqlanırdı ərinə, deyirdi, imkan ver, o da ağzını açsın.
Şahmar kişiyə qulaq asmaq ayrıca peşə idi. Həm də çətin peşə. Məndən olsa, onu səbirlə dinləyən adamlara ağır şəraitdə işləyən fəhlələr kimi yüksək maaş kəsilərdi. Qohumlar, qonşular illər boyu susmayan, çox vaxt bir-birini təkrarlayan xatirələrə tab gətirmək üçün Şahmar kişiyə növbəylə qulaq asırdılar. Danışdıqca dincəlirdi. Onunku dərd bölmək deyildi, dərdini onun-bunun üstünə atmaq idi. Kim neçənci ildə hansı sözü demişdi, kimin maşını harda qəzaya düşmüşdü, kimin iti evin hansı tərəfində bağlıydı, kim yaxşı ayı, kim yaxşı dovşan, kim yaxşı cüyür ovlayırdı, haranın otu yağlı, haranın otu yavan idi, meşənin hansı tərəfində armud tez yetişirdi...
Balaca bir kənddə nə qədər əhvalat olarmış?
Bitib-tükənməyən dastanı varmış biz tərəflərin!
Mən özlüyümdə başımıza gələn bütün bədbəxt hadisələrin məntiqini tapmışdım, bircə Şahmar kişinin biz tərəflərdən ayrı düşməsinin izahı yox idi.
Astaf söhbəti çıxanda şəhərdə yaşayırdım, onlar qəsəbəyə yenicə köçmüşdülər. Bir-birimizdən uzaq düşsək də məni yenə tapdı. Bibim zəng vurub necə hay-həşir saldısa, elə bildim, ölüb-itən var.
Kişiyə bələd idim, Nuh dedi, qurtardı! Aləm yığışa, fikrindən dönməzdi. Eşitsə də məni eşidərdi. Xətrimi çox istəyirdi. Yadımdadır, uşaq vaxtı mənə cüyür başı hədiyyə eləmişdi, qurudub divardan asmışdıq.
Şahmar kişinin oğlu yox idi. Açıq deməsə də, bunu özünə dərd eləyirdi. Bibimin də altdan-altdan qüssələndiyini görürdüm. Deyəsən, onlar ailədəki bu boşluğu mənimlə doldurmaq istəyirdilər. Elə davranırdılar, özümü evin uşağı sanırdım.
Bibimin zəngi gələr-gəlməz iş-gücü atıb getdim. Şahmar kişinin öz yanındaca həkiminə zəng vurdum, Astaf dağına getməyə icazə istədim. Bu cür xəstələri meşə massivindən yuxarı qaldırmaq olmazmış! Dedim, çox candan olur, bizə iynə ucu boyda ümid ver. Dedi, müalicənin gedişinə baxaq, yaxşılaşsa, bir şey fikirləşərik.
Xoşbəxtlikdən həkimin sözünə qulaq asdı, amma aradan bircə ay keçməmiş ikinci zəng gəldi. Bibim telefonda ağladı, dedi, ürəyimə damıb, gedib orda öləcək, indi xəstə də olsa, nəfəsi üstümüzdədir, ölsə, bu qərib-qürbət yerdə nə edəcəyik? Allahı sevərsən, yenə gəl, dəlinin başına ağıl qoy!
Bu dəfə noutbukumu da özümlə götürdüm. Dedim, gəl istədiyin yeri internetlə gəzək, indi hər yan peykdən aydınca görünür. Yorğun gözlərlə məni süzüb, üzünü necə kədərlə çevirdisə, internet sözünü bir də dilimə gətirmədim.
Üçüncü zəngi özü elədi:
“Elə bil ölmüşəm, yerdən götürürsən...”
Nitqim tutuldu, razılaşmaqdan başqa əlacım qalmadı. Məzuniyyətimin ilk həftəsi getdim. Çatan saat veş-vüşü yığdıq: çadır, yatacaq, balaca qaz sobası, neft, alışqan, kibrit, su, yemək, durbin...
“Silah da lazımdır! Qurd-quş olar.” – təklif etdim.
“Qonşuda təklülə var, istəyirsən götür.” – o dedi.
Silahı mən götürməli oldum.
Maşın tutub Astaf dağının ətəyindəki motelə yollandıq. Şahmar kişi yol boyu mənə Ağ Babadan danışdı.
Kəndimizdən ora atla dörd-beş saatlıq yoluydu. Zirvəyə dırmanan cığır palıd, vələs, cökə meşəliyindən keçir, xırda otları oynaşan yaşıl çəmənliyə çıxırdı. Uzaqdan baxanda ağaclarla çəmənliyin səliqəli sərhədi insan üzünü xatırladırdı; Ağ Baba meşədən saqqal saxlamışdı.
Çəmənlik tədricən nazik, sərt qaya otları ilə əvəzlənirdi. Qaya otlarının üstündəki xırlıqda kəklikotundan başqa heç nə bitmirdi. Şahmar kişinin dediyinə görə, orda kəklikotu o qədər çox idi, qoxusundan adam boğulurdu. Lap yuxarıda lüm-lüt yamaclar dikəlirdi. Dağın zirvəsindəki çılpaq daşlıq, qayalıq dağ keçilərinin məskəniydi. Acanda sərt yamacla yenib yağlı qaya otundan yeyir, təzədən yuxarı, təhlükəsiz yerə qalxıb yatışır, ya da daş çalalarında su axtarırdılar. Ovçular dağ keçilərini otluqda ovlayırdı. Qayalıq həm təhlükəliydi, həm də dağın o səmti müqəddəs sayılırdı, orda qan tökmək olmazdı.
Şahmar kişi deyirdi, kəklikotu qoxusu Ağ Babanın nəfəsidir.
Dağın başındakı böyük kahada vaxtıyla nəhəng div yaşayırmış. Gündüzlər çıxıb gah adam, gah mal-heyvan oğurlayır, gecələr geri qayıdıb kahada yatır, səhərə yaxın nərildəyib dərin dərələrə vəlvələ salırmış. Neçə igid silahlanıb getsə də, hamısını bir andaca udurdu. Bir gün kəndə cavan bir oğlan gəlir, günün günorta çağı yollanır Ağ Babaya. “Divin deşiyi”nə qalxıb başlayır Tanrıya dua etməyə. O gündən div kahaya yaxın düşmür.
Gənc oğlan dağda qalır, kahadaca tək-tənha yaşamağa başlayır. Kənd sakinləri gedib onu gətirmək istəyirlər, deyir, mən ölənəcən burda - Tanrının qulluğunda duracağam. Bu, mənim alın yazımdır, əgər belə etməsəm, div geri qayıdar. O, qocalıb əldən düşənəcən kahada yaşayır. Yaşlananda saç-saqqalı tamam ağardığı üçün ona Ağ Baba deyirlər. Öləndə də orda basdırırlar və dağa onun adını verirlər.
Hər dəfə “Ağ Baba” sözünü eşidən div onu kahadan perik salan adamın hələ də sağ olduğunu düşünüb bir daha o səmtə hərlənmir.
“Fikir vermisənsə, burda dağlar qəfil başlayır, biz tərəflərdə belə deyildi, dağla düzəngah arasında balaca təpələr, yastanalar vardı.” - Şahmar kişi altdan-yuxarı gözlənilməz sərtliklə dikəlib səmanın mavi dərinliyinə baş vuran Astaf dağının əzəmətinə baxıb xırıldadı. Düzü, fikir verməmişdim, biz tərəflərdən ayrılanda balaca idim, oraları doyunca gəzib tanımağa macalım olmadı.
Biz tərəflər! Onun ifadəsiydi, həmişə belə deyirdi, mən də ağzından götürmüşdüm.
“Yenə deyirəm, qardaş, sizə maşın tutmaq sərf eləmir. Maşın dağın başına gedə bilmir, sizinsə yükünüz var, ən yaxşısı qatır kirayələməkdir.” - bayaqdan bizimlə çənə döyən bələdçi son məsləhətini verib susdu. Şahmar kişi burnunun dikiylə altdan-yuxarı qalxan, azca irəlidə burulub qalın meşəliyin içində itən yola baxa-baxa soruşdu:
“Bura niyə Astaf deyirlər?”
Bələdçi təəccüblə güldü:
“Bunun məsələyə dəxli var?”
Şahmar kişi üz-gözünü qırışdırıb kəkələdi:
“Vvvar! Hara getdiyimizi bbbilməliyik, ya yox?!”
“Bəlkə, yükü burda qoyaq, maşınla tez qalxıb enək?” – mübahisə düşməsin deyə araya söz atdım.
“Havaya etibar yoxdur – Şahmar kişi dağları qoxladı – Birdən duman tutar, heç yeri görmərik.”
“Onda moteldə qalaq, hava məlumatını izləyək, açıqlıq olanda qalxarıq.”
"Yağışı-yağmuru əvvəldən bilirlər, dumanı yox.” – əminliklə söylədi.
Səhər qatırı yükləyəndə ağzının bir yanı ilə güldü:
“Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa qatıra minərəm! Zəhləm gedir bu heyvandan!”
“Niyə elə deyirsən? Qoçaq heyvandır!” – əlimlə yalmanına toxundum.
Qatır ondan danışdığımızı anlayırmış kimi başını qaldırıb yuxarı baxdı, havanı qoxlayıb dərin bir iç çəkdi. O, qarşıda bizi hansı çətinliyin gözlədiyini bizdən yaxşı bilirdi.
Yolun xeyli hissəsini piyada getdik. Şahmar kişi, maşallah, qıvraq yeriyirdi. Meşədə çığırışan quşların səsi biz tərəfləri xatırladan ilk əlamət oldu. Şahmar kişi diksindi. Dayanıb ikinci çığırtını gözlədi. İkincisi gəlmədi. Zalım quş ikinci dəfə yenə heç gözləmədiyimiz anda çığırdı və Şahmar kişini yenə diksindirdi. O, nəyəsə təəssüflənib başını buladı.
Tanıdığı bütün ağaclarla salamlaşa-salamlaşa, bəzən əlini həssaslıqla gövdələrinə sürtə-sürtə, bəzən burnunun altında nəsə deyə-deyə addımlayırdı.
Üçüncü çığırtını yerişimizdən, söhbətimizdən ayrılmadan gözlədik. Daha doğrusu, Şahmar kişi gözləyirdi, mən ona diqqət kəsilirdim. Mən təbiətə elə də aludə deyildim. Şahmar kişinin dağ-dərə sevgisi məndə istehzaya bənzər hisslər doğururdu. O, təbiətdən zövq almaqdan çox onu özünə dərd eləyirdi.
Üçüncü çığırtını meşəni çıxanda eşitdik. Dönüb həsrətlə arxaya baxdı. Gözlədi. Vaxtında çığırmayan quşu ürəyində qınadı deyəsən.
Çəmənlik onu daha çox həyəcanlandırdı. Kəpənək kimi otdan-ota, çiçəkdən-çiçəyə uçurdu. Min-bir rəngə çalan bu bitkilərin çoxunun adını bilmirdi. Bildikləri və unutduqları da vardı. Öz-özünə deyinirdi, özünü qınayırdı. Deyirdi, otuz ildə bu qədər bitkinin varlığını necə unutmuşam?! Heç aranda bunlar xəyalıma da gəlmirdi. Nə qədər çox bitki tanıyırmışam? Bax bunu qırsam içindən süd çıxacaq. Eynən! Qaçıb qırır, süd rəngli maye damcılayır. Bax, bunu əlimdə əzib üfürsəm, qəribə səs verəcək.
Dəqiq! Bunu bıçaqla böyründən çərtib tütək kimi çalmaq olur. Busa bir əlini yumruq tutub o biri əlinlə bərkdən vuranda partlayış səsi çıxarır. Doğrudur!
Çox güman, Şahmar kişi əvvəlki həyatını böcək kimi otların içində keçirmişdi.
Çəmənliyin bir ortasında uzanıb nəfəsimizi dərəndə də, qatır acgözlüklə otlamağa başlayanda da gözü orda-burda idi. Hər dəfə yeni bir bitki tapmağa və mənə tanıtmağa çalışırdı. Böyümüş gözləri elə hey axtarırdı. Arada yeməli otlar da tapır, əvvəl özü yeyir, sonra məcbur mənə də yedirir, biz tərəfdəki otların dadıyla müqayisə edib fərqi anlamağa çalışırdı. Üzünün səyriməsi ya azalmış, ya da keçib getmişdi. Bəlkə, bu ziyarətlə tamam sağalacaqdı?! Axı Astafın başı həm də inanılmış pirdir. Bələdçinin dediyinə görə, insanlar min-bir əziyyətlə ora qoyun-keçi, bəzənsə iribuynuzlu heyvanlar qaldırıb qurban kəsirdilər.
Dincimizi alıb qalxanda bir az ağırlaşmışdı. Ayaqlarını əvvəlki çevikliklə ata bilmirdi. Dağ getdikcə yüksəlmiş, hava seyrəlmişdi, bundan sonra nəfəs almaq çətinləşəcəkdi. Onu israrla qatıra mindirmək istədim, razılaşmadı.
Çəmənliyin içi ilə bir saatdan artıq addımladıq. Yolumuz dik yoxuş idi, dayana-dayana yeriyirdik. Başqa ziyarətçilər bir-bir, iki-bir gəlib yanımızdan keçirdilər. Xoşbəxtlikdən hava aydın idi. Biz yuxarı qalxdıqca ətrafdakı dağlar boyunu qısırdı. Şahmar kişi yan-yörəmizə baxıb ürək dolusu nəfəs aldı. Deyəsən, yenə nəyisə biz tərəflərə bənzətmişdi:
“Çəmənliyin dalınca kəklikotu yamacları gəlir. Orda fır kəkliklər yaşayır.” – təngnəfəs olmamaq üçün dayandı, mən də qatırın yedəyini çəkib saxladım.
“Fır” nə deməkdir?”
“Dəqiq bilmirəm. Adamın ayağının altından qəfil “pırr” eləyib uçurlar! Yəqin ordan yaranıb.”
İki-üç dəfə sinə dolusu nəfəs aldı:
“Nə qədər cəld ovçu olur-olsun fır kəkliyi vura bilmir. Çox bərk uçurlar.”
Əlini yerə atıb cığırın kənarında oturdu, sağa-sola boylandı:
“Daş-torpaq rəngindədir hamısı, uçmayınca görmək olmur. Həm də adam kimi fit çalırlar.”
Nəfəsini dərib ayağa qalxdı, şalvarının arxasını çırpa-çırpa cığırla dırmanmağa başladı. Onun qətiyyətli addımları məni ürəkləndirdi.
İlk çatdığımız zirvədə daha çox dincəldik. Artıq çəmənlik seyrəlməyə, ətli-qanlı otlar daha nazik və sərt otlarla əvəz olunmağa başlamışdı. Uzandığı yerdə nazik, sərt otlardan birini qırıb havaya qaldırdı:
“Biz tərəflərdə buna topal ot deyirlər. Balaca torpaq topalarının üstündə bitir.”
Ətrafa Şahmar kişinin gözüylə baxanda əsrarəngiz mənzərələr görürdüm. Uzaqda, dağların arasında balaca kənd vardı; kibrit qutuları yan-yana düzülmüş, aralarına yaşıl pambıq topaları qoyulmuşdu. Yollar boz rəngli sap idi, qıvrılıb uzanırdı. Hardasa balaca göl görünürdü. Göl deyəndə, bir qaşıq qurğuşun ərintisi! Nəfəs aldıqca bədənim yüngüllükdən az qala havaya qalxacaqdı. Başım hərlənirdi. Aşağı baxanda içimdən boğazıma xoş olmayan qımıltı qalxırdı. İndi daha az hərəkətlə daha çox təngnəfəs olurdum. Şahmar kişi də ağır-ağır nəfəs alırdı. Üzü davamlı səyriyirdi.
“Burdan o yana qatırı minəcəksən.”
Etiraz eləmədi. Gözləmədiyim cəldliklə heyvanın belinə aşırıldı.
Cilovun ucunu ona uzadanda qarşımızdakı geniş dərədən nəhəng vulkan kimi qaynayan dumanı gördüm, dilxor oldum.
İkinci zirvə kəklikotu çəmənliyi ilə çılpaq qayaların arasındaydı. Topal otları axıracan keçməmiş kəklikotunun qoxusu vurdu, Şahmar kişi burun pərələrini qaldırıb endirdi. Xırlığa çıxanda qatırdan düşdü, kəklikotu çəmənliyinin ortasına yüyürüb qollarını açdı, “İlahi!” deyib yerə yıxıldı. Yanına qaçdım. Huşunu itirmişdi. Sifəti elə səyriyirdi, deyirdin, bu saat ağzı boynunun arxasına qaçacaq. Çaşıb qalmışdım. Aşağıdan gəlib bizə yetişən ziyarətçilər onun üzünə su çiləyib ayıltdılar. Bibimin ehtiyat üçün verdiyi təzyiq və əsəb dərmanlarından hərəsindən birini içirtdim ona. Əlləri əsirdi. Dodaqlarının ətrafı göyərmişdi. Dərman gilələrinin üstündən su içəndə burnundan qəfil qan açıldı, başını sağa əyib qıp-qırmızı mayeni xırda daşlara damızdırdı. Qan bir az axıb öz-özünə kəsdi. Bundan sonra rəngi-rufu yerinə gəldi, ağzının əyrisi düzəldi, gözlərini geniş açıb ətrafa baxdı.
Ziyarətçilərdən biri:
“Bunu bu vəziyyətdə yuxarı qaldırma!”
O biri:
“Heç burda saxlamaq da düz deyil! Belə nasaz adamı nə ağılla dağa qaldırırsan?”
“Diləyi var!” – bilmədim nə deyəm.
Ziyarətçilərdən biri:
“Allah adamın diləyini hər yerdə qəbul edir. Dağa dırmaşmaq vacib deyil.”
O biri:
“Qatıra mindir, qaytar, aşağıdan duman qalxır, sizə çətin olar.”
Nə qədər israr etdimsə də yola gətirə bilmədim. Qatıra minib dağı bürüyən dumanı yara-yara üçüncü zirvəyə qalxan cığıra tərəf getdi, mən də ixtiyarsız ardınca düşdüm.
Zirvəyə çatanda ətraf görünmürdü. Duman hər yanı bürümüşdü. Bu dünyada bir Şahmar kişi vardı, bir mən, bir də qatır. Dağın başındaydıq, dərənin dibindəydik, bilmək olmurdu. Uzaqdan xəfif fit səsi eşidildi.
“Fır kəklikdir!” - səsi daha yaxşı eşitmək üçün başını dikəltdi.
Ayaq saxlayıb eynən insan kimi fit çalan kəkliyi dinlədik. Səs kəsilib dumanın bozluğuna gömüləndə yolumuza davam etdik. Növbəti yastanada yenə uzandıq. Əslində, bu uzanmaq yox, yerə sərilmək idi. Qatırı buraxdı.
“Qaçar” - narahat oldum.
“Qaçmaz!” – laqeydcə dilləndi.
Qatır doğrudan da orda-burda təkəmseyrək gözə dəyən otları qırpsa da bizdən aralanmırdı. Şahmar kişinin kefi açılmışdı. Görünür, ağır dozalı sakitləşdirici öz işini görmüşdü:
“Görəsən, Ağ Babanı tanıyacam?” – qayğıyla soruşdu.
“Niyə tanımırsan? Oraları qarış-qarış gəzmisən.”
“Dağlar uzaqdan bir-birinə bənzəyir. Həm də mən Ağ Babaya bu tərəfdən heç baxmamışam.” – fikrə getdi – “Elə ikinci dağ çətin olar. Mütləq tanıyacam!”
“Tanıyacaqsan.”
“Üstünə qar yağsın, Ağ Baba! – gülümsündü – Qocalar belə dua edirdi həmişə. Səncə, bu, nə deməkdir?”
“Qar yağsın” alqışdan çox qarğışa oxşayır.”
“Nə danışırsan?! – yerində dirsəklənib səsini qaldırdı – Qar bərəkətdir, nurdur!”
“Nur dedin, yadıma düşdü, mən hardansa dağ haqqında belə bir alqış oxumuşam: üstünə nur yağsın!”
Diqqətlə mənə baxdı, üzü səyridi, azca kəkələdi:
“Sssəncə niyə belə deyirlər?”
“Məncə, bu nur Musa peyğəmbərin Tur dağında gördüyü nurdur. Allah orda işıq şəklində görünüb.”
Gözləri böyüdü, üzü daha çox səyridi:
“İnanırsan, mən o nuru Ağ Babada görmüşdüm!”
“Sən görən adi işıqdır. Hamının gördüyündən.”
“Yox, adi deyildi. Hələ bir az qorxdum da! Ova gedib gecə qalmışdıq. Yatmışdım. Gecənin bir aləmi oyandım, gördüm, dağın başına işıq düşür. Yalnız ora düşürdü. Sanki böyük əl fənərini göydən “Divin deşiyi”nə tutmuşdular. Elə bildim, yuxu görürəm. Yoldaşları oyatmaq istəyəndə işıq itdi.”
“Elədirsə, gərək dalınca səs də eşidəydin. Eşitməmisənsə, demək, Musaya görünən işıqdan deyilmiş.”
“Kim bilir, yoldaşları oyatmasam, bəlkə səs də gələcəkdi? Səbirsizlik etdim.”
Yamacın sinəsindən qalxan cığırla yuxarı milləndik. Yaxınlıqdan iki kəklik “pırr” eləyib havaya qalxdı. Mən diksindim, Şahmar kişi qışqırdı:
“Gördün?!”
Əlini dumanın dərinliyinə uzatdı. Kəkliklərin təxmini qaraltısını görmüşdüm. Şahmar kişi təəssüfləndi:
“Heyf! Duman olmasa aydın görərdik!”
Qatırı minib qabağa düşmüşdü. Qatır inadla və usta yeriyirdi. O, hər daşı, hər çınqılı dırnağının ucuyla tanıyırdı. Mən ayağımı rahat ata bilmirdim. Ayağım o boyda dağın döşündə özünə yer tapmırdı. Gah sürüşür, gah burxulur, gah da çalaya düşüb içalatımı tökürdü. Xeyli dala qalmışdım. Qatırın dumanda itəcəyindən qorxub çağırmaq istədim, özü dayandı. Şahmar kişi qatırın üstündə əvvəl irəli-geri, sonra sağa-sola yelləndi. Elə bil onun içində nəyisə fırladırdılar. Fırlandı-fırlandı və gözlənilmədən kəlləsi üstə xırlığa düşdü. Qatır ürküb kənara tullandı, ayağını yerə vurub fınxırdı. Qaranəfəs qaçdım. Huşunu itirməsə də dodaqları qurumuşdu. Çətin nəfəs alırdı. Alnının sol yanı çapılıb qanamışdı. İxtiyarsız ətrafa boylanıb kimisə axtardım. Yiyəsizlik idi. Qatırın belindən suyu götürüb dodaqlarını islatdım. Bir az içdi, bir az uddu, bir az tamsındı. Dəsmalla alnının qanını sildim. Gözlərini ağır-ağır açıb gülümsəməyə çalışdı:
“Qorxma... Keçəcək...” – udqundu.
“Şahmar dayı, gəl qayıdaq, yaxşı deyilsən.” – qorxurdum.
“Dəlisən? Çatmışıq e!”
Özünü cəmləyib irəli çıxdı, iməkləyə-iməkləyə yuxarı dırmanmağa başladı. Hərəkət etdikcə qolları, dizləri titrəyirdi.
“Şahmar dayı, səni and verirəm Allaha, gəl qayıdaq!”
Məni eşitmirdi. Qatırı yedəkləyib ardınca getdim, çatıb qolundan yapışdım, qaldırmaq istədim, “Dəymə” deyib iməkləməyə davam etdi. Arada qolları heydən düşür, bədəni torpağa yıxılır, yerdə ağır-ağır nəfəs alıb özünə gəlincə təkrar irəliləyirdi. Bibimin sözü yadıma düşdü. Onun buralarda öləcəyinə zərrəcə şübhəm qalmamışdı.
Hərdən özünü xırlığa buraxıb dincələ-dincələ dağın başına qədər iməklədi. Şabalıdı daşlarla hasara alınmış ziyarətgahın üç-dörd addımlığına çatanda tamam heydən düşüb yerə yastılandı. Öldüyünü düşündüm, lakin o, güclə sezilən hərəkətlə pirə tərəf sürünürdü.
Süründü-dayandı, dayandı-süründü, axırı balaca-palıdı daşlarla hasara alınmış pirin qapısının ağzına çatdı, son gücünü, son iradəsini toplayıb özünü içəri atdı. Düşdüyü yerdə bir neçə dəqiqə tərpənməz qaldı. Yaxınlaşıb Şahmar kişinin son nəfəsinə, pirlə son görüşünə mane olmaq istəmirdim. Onsuz da heç nəyi dəyişə bilmirdim, heç olmasa son dəqiqələrini ürəyi istəyən kimi keçirməsinə imkan verməliydim. Ölüb-ölmədiyinə əmin olmaq üçün bir az yaxınlaşdım. Sağ-salamat idi. Əlini asta-asta pirin ortasına qalaqlanmış şabalıdı daşların üzündə gəzdirirdi. Arada ovcuna sığan daşları bir-bir ağzına aparıb öpür, sonra ehtiyatla qaytarıb yerinə qoyurdu. Sanki salıb sındıracaqdı.
Şahmar kişi daşlardan öpə-öpə toxtadı, qalxıb oturdu, qollarını dizlərinin üstündə çarpazlayıb dumanın dərinliyinə baxdı.
Pirdəki şabalıdı daşların altına cürbəcür yaylıqlar, rəngbərəng əski parçaları, dəmir pullar qoyulmuşdu. Bir kənarda üçayaqlı vışka vardı. Ayaqların birləşən yerindən heyvan asmaq üçün yoğun qarmaq sallanırdı. Ətrafda çoxlu ocaq yerləri qaralırdı.
Burda hər şey şabalıdı rəngdəydi. Nadir hallarda xına daşları və bu daşların arasında zəif mehdən titrəyən qom-qom qaya otları gözə dəyirdi.
Dünyanın sonundaydıq.
Ziyarətə gələn adamlar yoxa çıxmışdı.
Qatır havasızlığı hiss edib, tez-tez əsnəyir, sağa-sola döyükürdü. Rahat bir yer tapıb yükünü açdım, çadırı yerə sərdim, ayın-oyunu səliqə ilə bir tərəfinə topladım.
Dumanın tünd bozluğu seyrəlmək bilmirdi. Deyirdin, elə bu cür qatı məhlul kimi min illərlə Astafın başında qalacaq.
Qatır tək-tük gözə dəyən balaca torpaq topalarının üstündə kirpi tikanlarını xatırladan topal otlardan yeyəndə bizim də yadımıza yemək düşdü. Soyutma kartof, pomidor-soğan, pendir-çörək çıxartdım, hərəmiz bir-iki loxma yeyib uzandıq. Məni yuxu apardı. Oyananda Şahmar kişi pirdə dizini yerə qoyub, əllərini göyə açıb dua edirdi. Yəqin, dumanın çəkilməsi üçün Allaha yalvarırdı. Dumansa çəkilmək bilmir, əksinə, daha da tündləşir, yavaş-yavaş qaralmağa başlayırdı.
Gətirdiyimiz alışqan və kibritlərin heç biri yanmadı. Görəsən, canavar hücum etsə, heç olmasa tüfəngimiz açılardımı?
“Nə çox nəmişlik var burda?” – mən dedim.
“Nəmişlik deyil, havasızlıqdı.” – o, izah etdi.
“Nə fərqi var? Nəticəsi eynidir. Ocağımız yanmır. Qar yağsa, donacağıq.”
“Yağmaz! Qarla dumanın nə işi?.”
Qatır da dumanlı gecənin vahiməsindən ürpərib yatağımızın lap yanına gəlmişdi. İmkanı ola, palanını soyunub çadırın altına dürtülərdi.
Arxası üstə uzanıb görünməyən göylərə baxır, dumanın o üzündəki ulduzları təsəvvür eləməyə çalışırdım. İndi Ağ Babada olsaq yəqin eyni göy üzünü görərdik. Kim bilir, bəlkə ora da beləcə duman idi. İçimi nisgil bürümüşdü. Qatır fınxırıb ayağını yerə vurmasa uşaq kimi hönkürüb ağlaya bilərdim.
Şahmar kişi qatırın narahatlığını görüb ayağa durdu:
“Hey! Kafir!” - qaranlığa acıqlandı, ora-bura daş atdı, sonra mənə tərəf çevrildi - “Tüfəngi çıxart, bir güllə at!”
“Ata bilmirəm.”
“Ata bilmirdin, nəyə gətirirdin?”
“Sizə görə!”
Dinmədi. Yanıma qayıda-qayıda söyləndi:
“Canavardır. Qatırın iyini alıb. Sərvaxt yatmasaq ürküdüb yarğana uçurar.”
Qatırı lap yaxında daşa bağlayıb oturdu. Bayaqkı nisgil hələ də içimdən çəkilib getməmişdi. Bilmədim niyə, bütün ömrüm boyu soruşmağa çəkindiyim sözü məhz burda, gecənin bu vaxtı belə asanca soruşdum ondan:
“Şahmar dayı, ovçuluğu niyə atdın?”
“Günah eləmişdim” - yavaşca dedi.
“Nə günahı?”
“Müqəddəs yerdə qan tökmüşdüm!”
“Kimin qanını?”
“Ağ Babanın yamacında bir cüt fır kəklik vardı. Bizim uşaqların heç biri yaxınına gedə bilmirdi. Üç-dörd dəfə mən də getdim, vura bilmədim. Axırı hiylə işlətdim: İri ağın üstünə al-əlvan parçalar tikib yollandım Ağ Babaya. Payız düşürdü, dağlar tamam saralmışdı. Parçanı açdım, özüm də qıraqda uzanıb kəklik kimi fit çalmağa başladım. Kəkliklər parçanı görüb gül-çiçək zənn etdilər, oxuya-oxuya yaxınlaşdılar. Çox ehtiyatla gəlirdilər. Hər dəfə daha yaxın daşlara qonub baxır, gözləyir, gördüklərini anlamağa çalışırdılar. Axı ilin bu vədəsi Ağ Babada gül-çiçək olmurdu. Güllə mənzilinə çatanda xoruzu nişan aldım, atdım, uçurum yenişə yumalandı, fərə çığırıb havaya qalxdı. Dedim, yəqin, uçub gedəcək, getmədi, qanadını çalıb çığıra-
çığıra yerdə yumalanan xoruzun üstünə şığıdı, özünü ona çırpıb bir də yuxarı dikəldi. Elə bilirdi, belə etsə xoruz da onunla birlikdə havaya qalxacaq. Bir dəfə... İki dəfə... Əl çəkmirdi...”
Şahmar kişinin səsi tutuldu, alnını ovuşdurdu, mən də həyəcanlandım, ürəyim bərkdən döyünməyə başladı.
“Xoruzu aldadıb vurdum, ha çalışdım, fərəni də vuram, bacarmadım, eləcə çığıra-çığıra qaldı.”
Gözlərini qıyıb biz tərəflərə baxdı. Elə bil dumanın bu üzündən Ağ Babanı görürdü.
“O çığırtı hələ də qulaqlarımdadır!”
Araya düşən sükutu mən pozdum:
“Bura tövbə eləməyə gəlmisən?”
“Bilmirəm.” - Başını aşağı saldı.
Biz tərəflərin acılı-şirinli xatirələri ilə yuxuya getdim, Şahmar kişi səhərəcən yatmadı. Gah onun öskürəyinə, asqırağına, gah “Ay kafir!” nidasına oyanır, gah da qatırın həyəcanlı fınxırtısına diksinirdim.
İkinci gün heç nə danışmadıq. Qəribə bir qaradinməzliyin içinə çəkilmişdi. Mən onun xasiyyətinə yad olan bu susqunluğun səbəbini anlayırdım.
Həmin gün axır ki, xoş xəbər eşitdik; Astafın başına yenicə gələn ziyarətçilər aşağıların yavaş-yavaş açıldığını söyləyirdilər.
“İlmə düşüb! Duman sökülür!” - Pirin adamla dolub-daşdığını görən Şahmar kişi məndən də, qatırdan da arxayın bütün günü çadıra bükülüb yatsa da dumanın aşağıdan seyrəlməsi xəbərini eşitməyə və ona belə nikbin bir yozum verməyə imkan tapdı.
Ziyarətçilərin köməyi ilə qaz sobamızı alışdırdıq. Ölə-ölə də olsa yandı. Çır-çırpı toplayıb ocaq qaladıq, çay qaynatdıq. Ziyarətə gələnlər çox səxavətli idilər, pirdən geriyə nə su qaytarırdılar, nə ərzaq. Bizə iki-üç kilo qurban əti, bir qucaq odun da vermişdilər.
Axşama doğru bir az çisəkləyib kəsdi. Soyuq idi. Gecəni çadırın altında qıvrılıb yatdıq. Bizimlə birgə pirin yanında daha iki dəstə gecələyirdi deyə nə mən qorxdum, nə qatırımız, nə də Şahmar kişi bizdən ötrü qayğılandı. Oyananda onu yenə pirdə dua edən gördüm.
Günortaya doğru duman seyrəlməyə başladı, az keçməmiş qarşımızda geniş mənzərə açıldı. Göz işlədikcə hər yer görünürdü. Bəlkə, başqa ölkələr, başqa materiklər, başqa planetlər... Ard-arda düzülən yastı-yapalaq dağlar səcdəyə gedən adamları xatırladırdı.
İri durbini alıb gözümə qaldırdım, dağları lap yaxınıma gətirdi. Sevindiyimdən Şahmar kişinin yanına qaçdım:
“Görünür! Görünür! Hər yan görünür!”
Şahmar kişi ayağa qalxıb yorğun gözlərini uzaqlara zillədi. Üzündə heç bir ifadə yox idi, yalnız ağzının sol yanı azca səyriyirdi.
“Al, durbinlə bax! Ağ Babanı mütləq tanıyacaqsan! Dağları lap burnunun ucuna gətirir.”
Durbini gözünə yaxınlaşdırdı, o tərəfə-bu tərəfə hərlədi, ortasındakı təkərciyi fırladıb görüntünü tənzimləməyə çalışdı, bir şey çıxmadı, həvəssiz geri qaytardı:
“Aşağılar dumandır!”
Alıb təkrar baxdım, dağlar əvvəlkindən də aydın görünürdü:
“Nə duman? Nə danışırsan? Bəlkə düz baxmırsan?”
Durbini bir də ona uzatdım, almadı, astadan “Heç nə görmürəm” söylədi.
Mən nə baş verdiyini anlamamış durbini təkrar gözümə qaldırdım. Dağlar bir-birinin arxasında dikələrək sonsuzluğacan uzanırdı. Şahmar kişinin bu aydınlıqda heç nə görmədiyinə inana bilmirdim. Çevrilib “Bəlkə, Ağ Babanı köməkli tapaq” demək istədim, altımızdakı uçurumdan gələn fit səsi məni danışmağa qoymadı. Şahmar kişi heç nə eşitmirdi. Donuq, ifadəsiz gözlərini geniş açıb, qarşısındakı məchulluğa baxırdı. Onun rəngi boğulmuş, sifəti sallanmış, alnının yarasından axan qan gicgahındakı ağ tüklərin üstündə qaysaq bağlamışdı.
Son
22.09.2020