Şərifin doğma hekayələri - Mətanət Vahid

Şərifin doğma hekayələri   - Mətanət Vahid

26 Fevral 2025 15:01 85


Çox vaxt deyirlər, Şərif Ağayar hekayələrində özünü, yaşadıqlarını, şahid olduğunu yazır deyə uğurludur. Mənə elə gəlir, onun mətnləri təkcə özünün yox, bütövlükdə Azərbaycanın “avtobioqrafiya”sıdır. Bu hekayələrin dəyəri ciddi ədəbiyyat faktı olmasındadırsa, geniş oxucu auditoriyası tərəfindən sevilməsinin səbəbi çağımızın vətəndaşının bu mətnlərdə öz dərdini oxuya bilməsidir.


Xüsusən əsərdə özünə həmdəm arayan oxucu üçün Şərifin hekayələri doğmadır, məhrəmdir – bəzən dilemmaları ilə çarpışan ruhundakı sirləri dilləndirən medium, bəzən keçmişinin ən dərində gizlədilib üstü möhkəmcə qapadılmış yaralarını eşib üzə çıxaran psixoterapevtdir… Bu mənada, çağdaş ədəbiyyatımızın ən gözəl mətnlərini yazanlardandır Şərif Ağayar.

Səhv etmirəmsə, hələ ki sonuncu olan “Arıların səssizliyi” kitabında (2020) müəllifin iyirmi hekayəsi toplanılıb. Hamımız geridə qalan otuz ilin ömrümüzdən aldıqları, izini qoyduqlarının yetişdirdiyi zərərdidələrik – müharibə insanıyıq. Mövzusu Qarabağdan olmayanda belə, bu hekayələrin hamısında müharibə insanı var, biz varıq.




Xalis ədəbiyyat olsa belə, mətn özümüzü nişan verməyəndə oxucu əsəri sevə, qəbullana, özününküləşdirə bilmir, “bunca dərd-sərin içində mifdən, kosmosdan, paralel həyatlardan niyə yazırsınız; uşaqpulundan yazın, qiymətlərin artımından, maaşların o artıma heç cür tən gələ bilməməsindən… yazın” – deyir oxucu və nə qədər sənət davası aparırıqsa aparaq, beynimizin bir küncündə oxucuya da bir az haqq veririk. İnsan ona xeyri olmayana, heç cür fayda götürə bilməyəcəyi şeylərə vaxt itirmək istəmir. Sənət onsuz da “ümid satmaq”dır bir az da. Barı bu ümid göylər qədər uzağımızda olmaya deyə düşünürlər. Şərif Ağayarın hekayələri zərif, poetik toxunuşlarla dərdli Azərbaycan vətəndaşının yaralarına toxunduqca oxucu onu özününkü bilir, doğmalaşır.

“Arıların səssizliyi” kitabındakı hekayələrin yarısı ilə əvvəldən tanış idim, yeri, məqamı gəldikcə bəziləri haqqında qeydlər də etmişdim. “Şəkil”, “Şeqlov üsulu”, “Qoluyox”, “Cəfər əmimin yolları” kimi məşhur hekayələrlə yanaşı, “Ay vətəndaşı”, “Balabəy”, “Hərbi-siyasi məsələ”, “Qonşu” və s. mətnlər yalnız oxucunu düşündürən, cavab arayışına sövq edən maraqlı əhvalatlar deyil, çağdaş nəsrimizin uğurlu bədii nümunələrindəndir. Ötən il kitabı oxuyanda ən çox yadımda qalan isə “Oğru Tanrı”dakı sonuncu cümlə olmuşdu: “Görəsən, Tanrı göy üzünə bu boyda iz sala-sala nə oğurlayıb bizdən?”

Kitabın şəklini qəsdən pianonun üstündə çəkdim. Bir dəfə hansısa müsahibəsində Şərif Ağayar kompüterdə yazmasını piano çalmaqla müqayisə edib yazı prosesində xüsusi ahəngə kökləndiyini qeyd etmişdi…

“Arıların səssizliyi” səssizliyin melodiyasını duya bilənlərin kitabıdır…