Şərqdən üzr istəyən filosof - Polemika

 Şərqdən üzr istəyən filosof   - Polemika

27 İyun 2022 08:47 420


Qəfəsdə ədəbiyyat və fəlsəfə

Rəşad Səfər

Odlar yurdunun “Formula” həngaməsinə hazırlaşdığı ərəfədə İçərişəhərdə Təbriz Nəsirlinin rəsm sərgisi keçirilirdi. Sərgiyə getmək üçün xeyli maneələr aşmalıydın: şəhərin mərkəzinə qədər tıxaclardan keçməli, sonra da dəmir qəfəslərin arası ilə özünə yol tapıb qurtulmalıydın. Neçə müddətdi Bakının mərkəzini bürümüş qəfəslər. Sözün hərfi mənasında. Cürbəcür dəmir lövhələrlə əhatələnmiş labirint kimi qəfəslər. Bu labirintin içərisində, qəfəsin divarları arasında hərəkət etməlisən. Ya da oturmalısan evində. Vacib işlər olanda da oturmaq olmur. Məcburən bu barmaqlıqların arasında “var-gəl” eləməlisən. Bəzən sevinirsən ki, artıq çıxışa yetişmisən. Qəfil yol bitir, çıxış da yox. Qarşında başqa bir dəmir lövhə peyda olur. Geri qayıdıb başqa çıxış axtarmalısan. Beləcə, olan-qalan ləyaqətin də təhqir oluna-oluna, təcrübə heyvanı kimi fır-fır fırlanırsan.

Labirintin yollarından biri Ədəbiyyat Muzeyinin qarşısındakı meydançaya aparırdı. Meydançada dayanıb başını yuxarı qaldırırsan, dahiləri görürsən. Arxandan da başqa dahi – Nizami boylanır. Hamısının dörd bir tərəfi dəmir qəfəsdir. Simvolik mənzərədir. Ədəbiyyatımızın, mədəniyyətimizin simvolları dəmir qəfəsdə səssiz-səmirsiz dayanıb, məlul-müşkül baxırlar. Digər simvolik mənzərə də bir az kənarda idi: Konstitusiya Məhkəməsi və ətrafını dövrələyən dəmir qəfəs. Hüququmuzun da simvol qurumu dəmir barmaqlıqlar arasında. Bunların üzdə görünən səbəbi beş-on bahalı avtomobilin uğultuyla və bol-bol qarğış və söyüşlərin müşayiəti ilə bir-birini ötüb keçməsi üçün şərait yaratmaq, bununla da ulu şəhərimizi və millətimizi dünyada tanıtdırmaqdır. Amma bu, görünən və dilə gətirilən səbəbdir. Qəfəsimizin kökləri dərinə gedir. Bir neçə gün öncə bu dəmir qəfəslər söküldü, Ədəbiyyat Muzeyinin önündəki simvolik mənzərə aradan qalxdı, amma ədəbiyyatımızın salındığı gerçək qəfəs də yoxa çıxdımı? Təbii ki, yox. Son yüz ildə gördüyümüz yeganə azad mədəni düşüncə ikimininci illərin əvvəlindən faktiki 2013-cü ilə qədər davam edən, AYO-nun və onun təsiri ilə yazı-pozuya qurşanmış insanların yaratdığı (yaratmaq istədiyi) ədəbiyyat idi. Bu istisna həm də ümumi mədəniyyətimizə aiddir. Yəni, mədəniyyətimizin başqa qollarında da bu azad düşüncə olmadı. Azad düşüncənin tərifini söyləməyə ehtiyac yoxdur. Azad düşüncə azad düşüncədir. Mədəni dünyanın qəbul etdiyi şərtlər çərçivəsində, yazmaq istədiyini yazmaq, çəkmək istədiyini çəkmək. Mədəni olmayan dünyanın şərtlərində bunları edəndən sonra çıxdaş edilirsən. Çıxdaş edilməmək üçün yazmaq istədiyini yazmamaq, çəkmək istədiyini çəkməmək, bunların yerini lazımsız şeylərlə əvəz etmək artıq azad düşüncə deyil. Bu cür ədəbiyyat da qəfəs ədəbiyyatıdır. Hər kəs nələrin təhlükəsiz deyiləcəyini bilir və bunları deyir. Qəfəsdə sərhədlər bəllidir. Hərəkət üçün bir az geniş məkanın verilməsi səni qəfəsə qoyanın lütfüdür.

İyirmi il qabaq yaranmış ədəbi dalğanın getdikcə qəfəsə girməsi 2011-ci ildə Rafiq Tağının qətli ilə sürətlənməyə başladı. Xeyli adam bu hadisədən sonra özünə “çəki-düzən” verdi. Xatırlayırsınızsa, Rafiq Tağının ölümündən sonra bir qrup intellektual yığışıb bir bəyanat imzaladılar. Ondan sonra həmin bəyanata görə dindarlardan gələ biləcək təhlükəni də səbəb göstərib mühacirətə getdilər. Daha sonra siyasi-iqtisadi səbəblərdən xeyli qələm əhlinin ölkədən çıxıb getməsi, geridəqalanların başlarının işə-ailəyə qarışması, bəzilərinin yorulub sakitləşməsi, yeni başlayanların da artıq daxili senzura ilə davam etməsi ədəbiyyatı qəfəsə saldı. Labirintli qəfəsdə vurnuxduqca bunları düşündüm...

Sonra bir yolunu tapıb İçərişəhərə girə bildim. Bu dəfə də İçərişəhərin labirintində azdım. Aqşin Yenisey terminologiyası və Həmid Herisçi üslubuilə desək, Qoca Şərq məni öz qoynunda azdırıb Qərbin cazibəlitələsi olan rəsm sərgisinə getməyə qoymurdu. Amma, nəhayət, mənzil başına yetişdim...Nə yaxşı ki, Təbrizin dünyası bizimkindən fərqli olaraq qəfəssizdir, sərhədsizdir, qadağasızdır. Həmin dünyada fizika qanunları da Təbrizin fantaziyasına təslim olur.

***

Qəfəslərin içində vurnuxduğumuz o günlərdə Ağalar Məmmədovun dörd saatlıq müsahibəsi yayınlandı. Ağalar Məmmədov bir zamanlar fərqli düşüncələri ilə bilgiyə susamış insanlarda həqiqi maraq yaratmışdı. Ümumiyyətlə, ikimininci illərin şoran torpaqlarında cücərən hər bitki bizə oksigen mənbəyi kimi gəlirdi. Sonradan çoxunun gərəksiz kol-kosdan başqa bir şey olmadığını anladıq.

Yanlış xatırlamıramsa, Ağalar Məmmədov da Rafiq Tağını öldürən təfəkkürə qarşı çıxdığına görə təhlükələrə məruz qaldığını hiss etmiş və bu səbəbdən ölkəni tərk edib Qərb ölkələrindən birinə köçmüşdü. Təhlükə oldu-olmadı, hər kəsin istədiyi yerdə yaşamaq haqqı var. Buna deyiləcək bir söz yoxdur. Nə hikmətdirsə, Ağalar Məmmədov Qərbdəki inzivasından Şərq aşiqi olaraq çıxdı. Əcəb elədi. Buna da deyiləcək söz yoxdur. Dəyişmək də hər kəsin haqqıdır. Amma Ağalar müəllimin uzun illərdir yaşamadığı Azərbaycanda da insanlar xeyli dəyişib. Daha onun əcaib-qəraib jestlərlə, guya dəhşətli dərəcədə yeni kəşfmiş kimi söylədiyi səfsətələri gözüyumulu yedizdirə bilməyəcəyi insanların da sayı xeyli artıb.

İndi öz tutarsız düşüncələrinə dəstək axtaran bir qrup insan onun söylədiklərini bəh-bəhlə qəbul edə bilər, amma xeyli adama da düşüncə tarazlığı pozulmuş, iki can arasında avara qalıb nə demək istədiyini izah edə bilməyən bir insan təsiri bağışladı. Hörməti olanlar isə sadəcə təəssüf etdi.

Ağalar Məmmədovun indi çıxıb dəhşətli yenilikmiş kimi söylədiyi şeylərin içərisində bir dənə də olsun yeni, fərqli fikir və ya hər hansı bir fikrin fərqli yozumu yox idi. Hamısı kvazi-fəlsəfə həvəskarlarının çeynənmiş söhbətləridir. Onun söylədiklərini Türkiyənin ən qeyri-ciddi kanallarındakı ən qeyri-ciddi “filosoflar” belə daha yaxşı, daha aydın formada izah edirlər. Dörd saatlıq müsahibədə fərqli olan bircə şey vardı: Ağalar Məmmədov on bir il qabaq şiddətlə qarşı çıxdığı, Rafiq Tağını öldürən həmin təfəkkürdən indi sanki üzr istəyirdi. Dörd saatlıq müsahibənin əsas məğzi sanki bir zamanlar ətrafa yaymağa çalışdığı işığa görə əfv diləməkdi. Sanki bir zamanlar azad düşüncəyə dəvət etdiyi üçün peşman olub, indi qəfəsin məziyyətləri haqqında insanlara moizə oxuyurdu.

Tək Ağalar Məmmədov deyil, başqa bir çox insan var, davamlı olaraq Şərqə dönüşə səsləyirlər. Şərqə dönüşə səsləyənlər, hikməti, həqiqəti Şərqdə axtaranlar çox vaxt elə Qərbdə yaşayanlar, yaxud Qərb üsulu yaşayanlar, ya da Qərb dəyərlərindən istifadə edə bilənlərdir. Bu həm də elə qərblinin özünə aiddir. Herman Hesse həyatının bir dövründə həqiqət axtarışı ilə Şərqə üz tutur. Gedərkən Şərqdə hüzur və həqiqət tapacağına inanırdı. Amma bir müddət sonra geri dönür və Şərqlə bağlı düşüncələrini yazır. Deyir, "hələ də inanıram ki, kökümüz oradan gəlir. Amma orada yaşayanda artıq ora aid olmadığımızı anladım. Şərq bizimçün itirilmiş cənnətdir." Bəzən aşırı rasionallığın, texnologiyanın, qəribliyin və qərbliliyin gətirdiyi yorğunluq bezdirir. Hüzurun və həqiqətin şərq müdriklərinin dediyi nəsnələrdə və yaşadığı yerlərdə olduğunu düşünürük. Amma arzuladığımız hüzur artıq itirilmiş cənnətdir. Şərqin toxuna bilmədiyimiz xəyalı gözəl ola bilər. Amma toxunduğumuz anda sehr itir. Nə dövr o müdriklərin dövrüdür, nə biz o dövrün insanları.

Şərqdə, xüsusilə islam coğrafiyasında arzuladığımız qızıl dövrün yaşandığı zamanlar da olub. Bunu inkar etmək bilgisizlik olardı. Mərkəzi Asiyada aydınlanmanın yaşandığı təqribən VIII-XII əsrlərdə heyrətamiz ideyalar, elmi-fəlsəfi müzakirələr, mədəni yeniliklər gündəlik həyat tərzinə çevrilmişdi. Bununla bağlı R. Frederik Starrın “İtirilmiş aydınlanma” (“Lost Enlightenment”) adlı mükəmməl bir kitabı var. Mövzu haqqında dərin və xeyli obyektiv bir araşdırmadır. Amma Şərq, İslam, din, Allah və irrasionallıq haqqında Ağalar Məmmədov kimi yersiz emosiyalarla, beş-altı termin və ifadələrlə, dağınıq, sistemsiz, həm də guya ciddi söhbət edirmişcəsinə danışmaq yas mərasimlərindəki mollaların söhbətlərini xatırladır. “Molla” sözünü məxsusi işlədirəm. Ağalar Məmmədov bir zamanlar bəyənmədiyi hər düşüncəyə “mollalıq”, bəyənmədiyi hər həmsöhbətinə “molla” deyirdi. Hər bir halda, bu müsahibənin yayınlanmağı yaxşı oldu. Bəzi fikirlərinboş olduğunu anlamaq üçün bəzən onları oxumaqla yanaşı söyləyəni və necə söylənməsini gözlə görmək də lazımdır.

Anadil.az