Şaiq Vəli orta əsr insanı kimidir, onu işarə aləmi yox, əyan – əlamət aləmi maraqlandırır. “Bu nədir?” semiotik sualını vermir, onu “bu hardandır?”, “niyə belə ol-du?”, “nədəndir?” düşündürür.
Şaiq Vəli xalq sufizminin obraz mifologiyasına dərindən inanan şairlərdən biri. O, şeirimizi ilahi eşqə, sevdaya döndərənlərdən, şeirimizi qeyb aləmi ilə bağlayanlardan biri. O, Çexov qəhrəmanı kimidir, içində yanğınlar daşısa da, susan kişilərdən və şairlərdən biri.
…Və görünür ki, öz inancında və poetik davranışında qətiyyətlidir.
Ş.Vəli türkülərini metafizik duyum tərziylə, gəraylı və bayatısını modern bir söyləmə tərziylə təqdim etməkdədir.
Şaiq Vəlinin türkülərində hüznlə yoğurulmuş nəfis bir lirizm var! Bu dün-yadan və yaşanılmış ömürdən yorulmuş bir kişinin müdrik payız kədəri var! Nəfəsi və sözü dərdin gəlişinə öyrəşmiş haldadır.
Hətta mən cəsarət edib deyərdim ki, onda ölümün dərki ömrün bərkindən qabaq başlayıb. Belə şairlər üçün Göy üzünün dərki Yer üzünün dərkindən öncədir və daha önəmlidir.
Şaiq Vəli üçün Yer üzü naməlum, qorxulu, yaşanılması müşkül olan bir mə-kandır: “Sürgün yeri Yer, sən sürgün”.
Göy üzü onun tanıdığı, tapındığı və inandığı doğma məkandır, qeyb aləmidir, çünki orda: “Haqqın dərgahı, taxtı…”
Onu da deyək ki, çağdaş şeirimizin Islam fəlsəfəsindən qaynaqlanması və klassik və xalq təsəvvüfünün obraz və motivlərindən yararlanması xüsusi araşdırma tələb edən maraqlı mövzudur. Bu yöndə çalışan bir neçə şairimiz var və düşünürəm ki, onların yaradıcılığı yeni dövr poetik sənətimizin üslub proqramını zənginləşdirir, həm də ən vacibi – fəlsəfi mücərrədliyin yeni etik-estetik dərəcəsini və simvolik dilə müraciətin yeni və maraqlı səviyyəsini, eləcə də sakit meditasiyaya məntiqi keçidini nümayiş etdirir.
Şaiq Vəli şeirlərində bir cənnət xiffəti, cənnət nisgili çəkən bir ruh halı cızar. Sirr, gizlilik dalınca düşməsi də, “poetik sərxoşluğu” da burdandır. Mey – şərab, ba-har mehi, “güzgü gözlü” sular kimi obrazlar həmin nisgilin fantazmıdır. Ola bilsin ki, gün-güzəran qayğılarına, bu yalançı dünyanın ilğımına başı qarışmış şairin bunlar-dan xəbəri yox…
Şaiq Vəlinin ömür və yazı fəlsəfəsində “sultan – gəda”, “var-yox” təsəvvüf qar-şıdurması önəmlidir. Bir şeirində sinekdoxa vasitəsiylə öz xamlığını – gəda-lığı-nı boynuna alır:
Görmür küllükdə gül bitirəni
Şaiq Vəli xam, xam!
Bir şeir bəndində bir “güllə” ilə bir necə ritorik fiqur (metafora, sinekdoxa, tək-rir) “vurulur”. “Çılpaq”, lakonik misralarda klassik mənanın təptəzə qatları açılır:
Könlü viran – Bağdad,
Qəm, qəm!
Haray, könlü Məkkə,
Dad, dad!
Ruhu Şam, şam!
Bu beytdə əski Xorasan türkman şairlərinin (Həsənoğlunun) nəfəsi olması gərək:
Nigaranam bu nə nigar ki?
Bilməz bu halı, halım ağlayır.
O, klassik şeirimizin obrazlı sisteminin (gül, qönçə, mey, meyxana, şərab, saqi, meh, bülbül, axan sular…) “ağzını geri qanırıb” özünün ezoterik sırasını yaradır. Mə-sə-lən: poetik yaddaşımızın bir küncündə “solub soluxan” gül obrazı Şaiqin şeırində (“Gül bitib ürək çatında”) yeni duyğusal yozumlar qazanır:
Budaqda gül – tac
Gül – ismət,
Gül – şan.
Bu nə gülüstan, bu nə gülşən?! –
Bülbül köksü qan…
gül gülür, gül şən…
Şərab süz, dostum, mənə şərab süz!
Şaiqin şeirləri o qədər şəxsi – intim hadisədir ki, bu şeirləri ancaq özü söylə-məlidir (Görəsən, başqaları onu necə əzbərləyib söyləyir? Bilmirəm…).
Şaiq Vəlinin şeirləri magik poeziyanın nümunəsidir. Təkrirlər, alliterasiyalar və söz-lərin səsə görə birləşməsi effektli ovsun priyomlarıdır.
Derdim: verəcəyim, alacağım var,
Şəbnəm tacına əncə, dərdim.
Dərdim incə,
İncə dərdim.
Dərdim, yox, yox!
Bu şeirlər əslində şaman mətnləridir. Onun söyləmələrində bir şaman ov-sun-larının dramaturgiyası var. Şamanizmin bir səciyyəvi nümunəsinə – “yerində fır-lan-ma”ya çox yer verir:
Yer alıcdır dağlar – göy dəlir…
Dünya bir atlıdır – gör dəmir…
Minillər dənidir göyəri,
Mən göyərən dəndən sərxoş!
yaxud:
Axıb gedər sular
Sular güzgü gözlü…
Ovsun mətnlərində olduğu kimi, şair özündə şaman gücünü artırmaq üçün şeir-lərinin müxtəlif yerlərində “Şaiq Vəli” adına dönə-dönə müraciət edir, söz və ad hadısələrin səbəbkarı və ünvanı olur.
Yurdun dərdləri çin-çin, Şaiq Vəli
Ərləri, ərənləri min-min, Şaiq Vəli
Qiyamət günüdür! Qələmin,
Şaiq Vəli,
Çarmıx, ən uca dar ağacın!
Təkririn anafora növü şeirin magik effektini gücləndirməsi gümanındayam:
Taleyin, qismətin yolları
Ah, dolam-dolam.
Boynumda həsrətin qolları –
Taleyin, qismətin yolları
Ah, dolam-dolam.
Yaxud şəxs əvəzliyinin anaforası ritorik sualları necə nizamlayır:
Mən bu çağın nəyiylə yarışım?
Mən bu torpağın nəyiylə qarışım?
Mən bu dünyanın nəyilə barışım?
Puç, puç, meyxanəçi!
Şaiq Vəlidə səs və söz təkrirlərinin mənayaradıcı imkanları o qədər genişdir ki, sözün magik sehrini şərtləndirir. Əslində səs instrumentovkası (ritm, temp, pauza, alliterasiya) bütün əsas obrazların tonal – melodik təşkilini və vəhdətini yapır:
Yanaqlar qonça-qonça,
Xatirələr xonça-xonça,
Ürəyim sanca-sanca,
Sızlaram qanca-qanca.
Bu yerdə nədənsə yadıma bir hana nəğməsi düşür:
Oxu, hanam, Qonça güllər,
Oxu, hanam. Toxu, hanam.
Xonça güllər, Toxu, hanam.
Şaiq Vəli təkrarların semantik və vəzn-ritm səviyyəsində fəal oyununu ustalıqla təmin edir, təkrarın elementar fiquruna – anakolona (mübarək… mübarək, sağ ol… sağ ol…) müraciət edir. Bu fiqur şükranlıq və öymə obyektinin vəhdətini yaradır. Və bu cür təkrarların mahiyyətini fransız filosofu Jil Delez dürüst açıqlayır: “Təkrarlama özlüyündə zamanın sintezidir – zamanın “transendental” sintezidir”.
Təkrar zamanüstü sferaya semiotik daxilolma forması kimi Şaiq Vəlinin bütün poetik sistemini müəyyənləşdirir və şeirlərinə bir sakrallıq (qutsallıq) gətirir.
Tənha dərd qoşalaşdı,
Mübarək, mübarək!
Fikir vermişəm: Şaiq Vəli içinin səs obrazı daha çox “ç/c” alliterasiyası üzərində qururlar. Şaiqin omonim fəhmi güclüdür. Məsələn: “Ömür qarayazı kimi” (örnəklərin sayı çox). “Yaza payız sarılır” deyimində “yaz” sözünün oxucu iki mənada anlaya bilər: ilin fəsli və çöl; hər iki məna ağlabatandır.
Onun söyləmələrində magik elementi pauzadır. Pauza kişi hıçqırtısı kimidir: təsirli və gözəgörünməz. Bu pauzalar sadəcə şeirin ritmik təşkili deyil, həm də semantik bütövlüyüdür, müəllifin bir obraz təqdimidir. Şaiqdə saxta pauzalar mümkünsüzdür. Məhz “pauza azadlığı” ona vəzni, bəndi – sətri istədiyi yerdə qırmağa (və ye-nidən qurmağa!) imkan verir.
Şeirlər – ovsunlar Şaiq Vəlinin ömür rəvayətinin (ömür mifinin) qısaldılmış əlavəsidir. Bu ovsunlardır ona göylərə baxmağa vadar edən!
Yoxsa ona çoox çətin olardı…