Sevgi çıraq imiş, nə cin, nə arzu / içindən darıxan Ələddin çıxır - Eminqueydən şeirlər

Sevgi çıraq imiş, nə cin, nə arzu / içindən darıxan Ələddin çıxır   - Eminqueydən şeirlər

05 Avqust 2022 12:13 472


məni yarsan, görərsən ki,
içimdə milyon ölü var - hamısı mənəm.
birində sinəm göyərib,
birində qolum keyiyib,
birində çənəm.

məni yarsan, görərsən ki,
içimdə milyon ilim var - əlimdən çıxan.
birində xoşbəxt olmadım,
birində azad olmadım,
birində yoxam...

məni yarsan, görərsən ki,
içimdə milyon dilim var - anlaşılmayan...
birində sözü kəsilən.
birində deyə bilməyən,
birində susan...

məni yarsan, görərsən ki,
içimdə milyon əlim var - hamısı bağlı,
birinə doğmam zəncir vurub,
birinə dostum qıfıl vurub,

birinə ağlım...

məni yarsan, görərsən ki,
içimdə milyon ölüm var,
sağam hələ ki.
biri ürəyimi yeyir,
biri ümidlərimi,
biri Günəşi...

***

başqa nə var, başqa nə yox, soruşma,
köhnə təklik, köhnə darıxmaqdı bu.
gəl, bir gün özün bax qadın gözüylə
gör nə təklik, gör nə darıxmaqdı bu.

boğazım sıxılır qəhər əliylə,
üzülmür ayağım yerdən hələ ki.
arabir yadımdan çıxır gedənlər,
yəni dincəlirəm hərdən hələ ki.

yuxum da yozulur darıxmağa, qız,
tərslikdən hamısı hələ çin çıxır.

sevgi çıraq imiş, nə cin, nə arzu
içindən darıxan Ələddin çıxır.

gərək qulağını burum bu ömrün,
bəlkə bir gün gələ ağıl başına.
bir adam verirsən, darıxmaq düşür,
kül olur bu ömrün nağıl başına.

gəlir, xoşbəxtliyim tıkkatık, gəlir,
keçir düz yanımdan görməmiş kimi.
tənhalıq elə bir divdi ki, ömrü,
yeyir harda tutdu görməmiş kimi.

de görün bu necə ömürdü axı,
hamıya bir nağıl yazısı düşür.
çıxıb gedənlər də demir bu ömrə
neçə il darıxmaq cəzası düşür.

başqa nə var, başqa nə yox soruşma,
hələ ki, birtəhər darıxıram da.

İnsan olmuşam uşaqlıq çağımda

mən dəli olmuşam uşaqlıq çağımda,
heç kimin duymadığı musiqilərə oynayanda,
saçlarını yolanda anamın,
danışanda oyuncağımla.

mən ahıl olmuşam uşaqlıq çağımda,
yıxıla-yıxıla gəzəndə,
divardan yapışıb ayağa qalxanda,
altımı batıranda,
inciyəndə,
küsəndə.

mən qatil olmuşam uşaqlıq çağımda
oyuncaqlarımın qollarını qıranda,
mən manyak olmuşam uşaqlıq çağımda,
"Barbi" gəlinciyini soyunduranda,

mən oğru olmuşam uşaqlıq çağımda,
anamın qəpik yığdığı dovşan kassanı sındıranda,

atam at olurdu hərdən,
gəzirdim belində,

atam it olurdu hərdən
qışqıranda anamın üstünə,
ağlamışam,
qaçıb anamı bərk-bərk qucaqlamışam,
mən insan olmuşam uşaqlıq çağımda,
insan...

Üç min

o adamın qürurunda qəlpə var,
o adamın sevincindən qan damır.
ovucları diz çırpmaqdan yaradı,
falçı baxır, baxır, baxır...

sayı üç min deyil, üç min görünür,
biri dərddən üç min yerə bölünür,
ha başını dik tutsa da, bilinir,
öz içinə yağır, yağır...

abırından, həyasından dil udmuş,
ümidini külək udmuş, yel udmuş,

bir el boyda oğul vermiş, el udmuş,
əzab... zülm... çətin... ağır...

bomboş qalan cibdən qaçır bu adam,
qoyun olub divdən qaçır bu adam,
Vətənindən - evdən qaçır bu adam,
axır... axır... axır... axır...

Güzgünün buxarı

Tez qaçdım hamama... xeyli ağladım,
ürəyim boşaldı, dincəldi bir az.
Qazın xorultusu kiridi bir az,
suyun qalınlığı incəldi bir az.

Susdum bir anlığa, təşvişə düşdüm,
görəsən, səsimi eşitmədilər?
Əşşi, cəhənnəmə, onlar mənimtək
bu isti hamamda üşütmədilər.

Dünya dağılmayıb, keçəcək bu da,
bundan da ağırı başına gəldi.
Qalxdım ki, güzgüdə özümə baxım,
məni bu halımla məndən gizlədən
güzgünün buxarı xoşuma gəldi.