Sevinc Elsevər
Sevgililərin fotosu
Parkdan ötürdüm
Kəsdi önümü sevgililər
Fotolarını çəkməyimi istədilər
Razılaşdım həvəslə
Tələssəm də
Sevgi anlarını əbədiləşdirdim
Həyəcanla
Sanki rəssam idim...
Fırçamın ucunda yaratdım onları
Bu kövrək sevgini
Titrəyərək birləşən əlləri
Bu baharı
Çəmənləri, çiçəkləri
Başları üstündəki buludları
Günəşin işığını
Kölgənin sirliliyini mən yaratdım...
Gözüm qaldı fotoda
Baş-başa verib fotoya baxdıqları anda
Razı qalmışdılar
Sevincli, mutluydular.
Görəsən həmişə birlikdəmi olacaqlar?
Ömrü nə qədər olar mən çəkdiyim fotonun?!
Sevgilərin ömrü qədərdir
Fotoların ömrü.
Ürəyimdən keçirtdim:
“ömrü uzun ola çəkdiyim bu fotonun”.
Dönüb baxdım sevgililərə bir də
Çoxdan unutmuşdular məni
Anasının yanında o yan-bu yana qaçan
Uşağa baxıb dalmışdılar
Zaman ötəcək
Çəkdiyim fotoya baxacaqlar
Onda
Mutluluq, ya kədər duymaqlarından
Asılı olmadan
Heç xatırlamayacaqlar məni
O anlarda küçədən ötən
Təsadüfi birini...
Ancaq təsadüfmüydü görəsən
O an ordan ötməyim
Tanrıdan sevgililərin qovuşmalarını diləməyim
Bütün qəlbimlə?!
Papaqatdı
Boş idi süfrəsi
Yaşlı və xəstə qadının
Bayramda gücü səməni göyərtməyə çatdı
Göyərən səməninin ətəyindən yapışdı
Ümidlə:
“Səməni, saxla məni,
İldə cücərdərəm səni”...
Qarının qapısına papaq atdı
Xəbərsiz uşaqlar
Qadın hər papağa
Bir məktub yazıb qoydu:
“Nə bəxtəvərsiz, uşaqlar!
Öz içinizdədir bahar
İtirməyəsiz onu
Nə ki ömrünüz var!”
Evdə yoxduq!
Atama hirslənəndə
“Qarnıma şiş bataydı
Səni doğduğum yerdə”- qarğıyan nənəmin
Qarnını doğrayıb
Çıxardılar bətnini
Atamın doqquz ay yatıb
Böyüdüyü vətəni yox idi artıq
Daha nənəm də qarğımırdı özünü
Atama hirslənəndə
Bibim atama
Sonbeşik qardaşına
Hücum çəkdi nənəm öləndə
“Anamı sən öldürdün”- deyə...
Onda atamın arxasında gizlənib
Qorxuyla baxırdım
Və bibimə qışqırırdım çarəsizcə:
“Yalan deyirsən! Heç birimiz evdə yoxduq
nənəm öləndə!”
İllər ötür
Hirsim soyumur o uşağa!..