Sevinc Elsevərin küncdəki uşaqları

Sevinc Elsevərin küncdəki uşaqları

10 Aprelel 2025 15:10 90


Uşaqların tərəfində olan şair Sevinc ən çox da küncdəki incidilmiş uşaqların dostudur: onların bütün uşaq yalanlarını, dəcəlliklərini dəstəkləyir. Müasir uşaq şairləri əksərən uşaqları öyrədirsə, Sevinc uşaqların dili ilə böyükləri də öyrədir.

...cizgi filmlərinin sonunda
dostlaşır itlə pişik
ilanla insan
uşaqların dünyası nə gözəldir, İlahi
böyüklərin də dünyasını o cür elə.

Böyüklər üçün adi görünən bir mənzərə, ya hadisə uşaqlar üçün qorxulu ola bilər: uşağın hissləri xamdır, dərinləşməyib, oyuncaq itini zivədə görən uşaq anidən duyğulanacaq, çünki onun gerçək dünyasında ağappaq yox, büzüşmüş it var. Bu təzadlı ( bir az da kədərli) həyat hadisəsinə “ Oyuncaq it “ şeirində baxaq:

Asılmışdı zivədən
İtim bir qulağından
Su damlayırdı ondan
Ağlayırdı deyəsən.
Büzüşmüşdü bir az da
Titrəyirdi tükləri
İtim balacalaşıb
Lap pişiyə dönmüşdü
Anam sevinirdi:
“Bax,
İtin olub ağappaq”.

Nümunəni beşinci və altıncı siniflərdə tədris etmək olar.

Şairin uşaq şeirlərindəki vintaj mənzərələr həmin dünyanın zamansız nostalgiyasını yaşadır. Elə bil qatarda gedirsən, uşaqlıq xatirələrin bir- bir göz önündən keçir. Məsələn, bir yelləncəyin tut ağacına bağlanması saf bir dövrün simvoludur.

“Nəğmə” şeirini oxuyan bütün uşaqlar evrənsəl bir dünyaya girəcəklər. Günəş , ulduz, ay olub kainatın kəhkəşanına qarışacaqlar və sonda Yer üzünə qayıdacaqlar. Belə mediativ şeirlər dərsliklərimizdə yoxdur. Ancaq müəllimlik təcrübəm və intuisiyam deyir ki, uşaqların zövqüncədir bu cür şeirlər; Sübut üçün deyirəm ki, mən bu şeiri sinifdəxaric oxu kimi 7-ci sinif şagirdlərinə vermişdim. Onlar “Şeir məndə hansı hiss və düşüncələri oyatdı?” başlığı altında esse tapşırığını yerinə yetirmişdilər. Uşaqların əksəriyyəti ilk dəfə idi ki, “Vətən haqqında“ qeyri-adi şeir oxuduqlarını söylədilər. Onlar bu şeirdə azadlığın əsl dadını hiss etmişdilər. Uğur adlı şagirdim, “bu şeiri oxuduğum üçün çox şanslıyam”,-yazmışdı.

“Nəğmə” təkcə şeir deyil, uşaqlıq manifestindən bir hissədir sanki. Yelləncəkdə yellənən uşaq təkcə Vətən sevgisini duymur, onu iliklərinə kimi hiss edir. Şairlərin böyüklüyü də ondadır ki, onlar öyüd-nəsihət verməkdən çox, bu hissləri yaşada bilir:

Yelləncəyim, yellə məni
Bayrağımı dalğalandıran
O küləyi öpəcəm.
Daha, daha hündürə qalx
Yağışları yağdıran
O buludu öpəcəm.

Gözəl bir günəşin
Taxacam saçlarına
Əlimdəki çiçəyi
Baxım, yaraşır ona?

Yelləncəyim, yellə məni
Mən qorxmuram
Sən də qorxma
Bərk bağlayıb iplərini
Atam tut ağacına.

Yellə məni, qanadlanım
Bahardan xəbər verən
Qaranquşu öpəcəm.
Dimdiyində çöp aparan
Bax, o quşu öpəcəm.

Möhkəm dayan, tut ağacım
Tut məni
Yıxılmağa qoyma məni
Yellənim qoy göylərəcən
Əlim çatan budağını öpəcəm.
Yelləncəkdən düşüm gəlim
Torpağını öpəcəm.

Yeddinci sinifə qədəm qoyanlar həm də yeniyetməlik çağının ortalarında olurlar: bu uşaqlar nə tam yerə bağlıdırlar, nə göyə. Şeirdə uşaqların Göylə Yer arasında qurduğu bağ o qədər poetik ifadə olunub ki, hər misrada uşaq böyüyür, bir az da İnsan olur. Sevinc Elsevər bu tip şeirlərində bizə bir daha göstərir ki, uşaqların dünyası tərbiyə olunmalı deyil, eşidilməlidir.

Bəli, Sevincin uşaqları qorxur, utanır, çaşır, sevir...ancaq duyaraq yaşayırlar.

Nurlana İşıq