Seymur Baycanın səviyyəsiz hekayələri - Yusif Yusifzadə

Seymur Baycanın səviyyəsiz hekayələri   - Yusif Yusifzadə

07 Noyabr 2023 16:49 585


Sadəliyin təntənsi
Seymur Baycan və səviyyəsiz hekayələr

Seymur Baycanın yeni “Səviyyəsiz hekayələr” kitabının çap olunduğu xəbərini oxuyanda həyəcanlandım. Həyəcanlanmaya bilmezdim, iki üç ildi ki məni dərindən düşündürən suallardan biri, məhz Seymurun Gürcüstanda nə yazmasıdır. Doğrudur, Seymur mütəmadi olaraq, mətbuatda çap olunur, oxunur, müzakirə edilir və özü öz başına ədəbi polemikalar yaradır. Qısacası, Seymurun könüllü mühacirəti sadəcə, fiziki xarakter daşıyır. Lakin, həm də Seymur uzun müddəttdir ki, mətbuatda bədii yazılar dərc etdirmir yalnız məqalə, esse və s bu qəbildən olan yazıları yayımlanır.

Seymurun publisistikası elə bir zirvədədir ki, onları oxuyub Seymurun nə yaşadığını orada- öz aləmində nələr duyub hiss etdiyini bilmək olmur. Seymur məqalə və esselərində insanlığının fövqünə çatıb. Sənətkar kimi yox tanrı ədası ilə yazdığından əsl müəllifi, yəni Gürcüstanda yaşayan tərki dünya Seymuru görə bilmirik. Mən o Seymurun intizarında idim. Yeni kitabının çap olunması həsrətində olduğum Gürcüstanda yaşayan tərki dünya Seymuru mütaliə etmək şansı idi, inanclı, səmimi, fani insanlar tanrıları ilə görüşə necə həvəs göstərirlərsə, mən də tamamilə eyni vəziyyətdə idim.

Kitabın çap olunması xəbərini bu gün oxudum, sabah isə Qanun nəşriyyata gedib kitabı hədiyyə kimi aldım. Kitabı Şahbaz Xuduoğlu mənə hədiyyə elədi. Deyəsən, tanrı inanclı və səmimi bəndəsini artıq mükafatlandırmağa başlayıb. Minnətdaram.

Kitabı əlimə alıb nəşriyyatdan çıxdım. Vərəqlədim, dərhal içindəki hekayələrin siyahısını axtarmağa başladım. Kitabxana oxucusu olduğuma görə əvvəlcə son səhifəyə baxdım, mündəricat orda yox idi, daha sonra təzə nəşriyyat tendensiyalarına uyğun ilk səhifəyə baxdım orda da yoxdu. Deməli, kitabda mündəricat yazılmıyıb. Çox ümid edirəm ki, Seymur şəxsən özü belə bir göstəriş verib. İnanmaq istəmirəm ki, nəşriyyat mündəricatı kitaba əlavə etməyi unudacaq qədər səhlənkar yanaşıb prosesə. Bəlkə də tanrı qüsursuz deyil, ola bilər.

İstinad edəcəyim bir mündəricat olmasa da, kitabdakı hekayələrin adını və sayını öz əziyyətimin hesabına tapdım. Budur onlar:

“Qoca iydə ağacının altında”
“Çağırış”
“Mətbəxdə”
“Ülkər xəyallar aləmində”
“Gözlənilən bir toyun xülasəsi”
“Göylə yer arasında”
“Böcək effekti”
“Kamança”
“Yaşamaq”
“Ölüm palatasında”
“Bobikin ölümü”
“Qətiyyət və əbədi raqhatlıq”
“Kağız quş”
“Tamerlan müəllimin son yazı”
“Uzaqlarda ulaşan çaqqallar”

Hekayələrin sayı çox olsa da, kitab cəmi 95 səhifədən ibarətdi. Hekayələrin həcmi 4 ya 5 səhifə civarındadır. Üz qabığında Gündüz Ağayev tərəfindən çəkilmiş illüstrasiya “Tamerlan müəllimin son yazı” adlı hekayəni təsvir edir. Kitabın qiyməti 6 manatdır. Kitabın tərtibatı və içindəkilər barəsində bu qədər.

***

Kitabı aldığım günün gecəsi oxumağa başladım. Böyük gözləntilər qarşılığında dəfələrlə məyus olan milyonlarla Yerlidən biri kimi qəlbimin dərinliyində tanış qorxu da mənlə birgə vərəqləri çevirirdi. Dayanmadan, hekayələr arasında fasilə vermədən, süjətə və fabulaya diqqət yetirmədən oxuyur, oxuyurdum. Mən ədəbiyyatın sehrinə qapılmışdım. Sonuncu dəfə bu qorxunc illiuziya məni İsi Məlikzadənın “Dədə palıd” povesitində cənginə almışdı.

“Səviyyəsiz hekayələr”-i bitirdikdən sonra qəlbimin dərinliyindəki tanış qorxu da yoxa çıxdı. Gözləntim özünü doğrultdu. Həsrətində olduğum Seymuru eləcə də həqiqi ədəbiyyatı 95 səhifəlik bu yığcam kitabda tapa bildim. Kitabı bağlayıb atamın köhnə mebel qalıqlarından hazırladığı rəfimə qoydum. Düşünməyə başladım. Bu 15 hekayəni Seymur Baycan necə yazıb? Hansı şəraitdə bunları düşünüb? Belə bir ədəbi sirri - sadəliyin möhtəşəmliyini necə kəşf edib? Necə bunları çap edəcək qədər səxavətli ola bilib? Başının içi “səviyyəsiz hekayələr” ilə dolu olan adam nədən güc alaraq yazıb?

Həm insani münasibətin dərinliyini həm də insanın özünün subyekt kimi dayazlığını ədəbiyyata eyni anda gətirə bilmək, yəqin ki, mənim üçün uzun müddət əlçatmaz olaraq qalacaq. Mən bu səviyyədə ustalığıa yalnız qibtə edə bilərəm. Seymur bunu bacarıb.

Hekayələrin hər birinin öz bədii çəkisi var. Kitabdakı hər hekayə müəllifin dərin həyat təcrübələrinin bariz nümunələridir. Məsələn, “Çağırış” ləyaqətli həyat, “Kağız quş” uşaqlığa qayıdış, “Uzaqlarda ulaşan çaqqallar” qorxaqlıq, “Ülkər xəyallar aləmində” qondarma tale, “Böcək effekti” isə insanlıq haqqında Seymurun nəsillərə xəbərdarlığıdır. Aşağıdakı bir neçə sətri diqqətlə oxuyaq, haqqında heç olmasa 10 saniyə düşünək. Bu sətirlər Seymur Baycanın "Səviyyəsiz hekayələr" kitabındandır.

“Rəhmətlik babam həmişə deyərdi ki, soğan çörək ye amma qoy vicdanın təmiz olsun. Heç vaxt dilinə haram tikə vurma. Əvvəllər babamın sözləri mənə çox adı hətta bir az bayağı görsənərdi. İllər keçdikcə həyat təcrübəsi artdıqca, ətrafdakı adamları diqqətlə müşahidə etdikcə,bu sözlərdə nə qədər böyük hikmət olduğunu başa düşürəm. Bəli, dünən bizə adi görünən sözlər bu gün bizə həddən ziyadə mənalı görünür”

“Öldürüm yoxsa öldürməyim. Yəqin ki, öldürməyəcəm. İstəmirəm ki, azərbaycanlı ürəyim kövrək şair ürəyimə qalib gəlsin. Hər şeydən əvvəl bu mənim bir insan kimi mənəvi tənəzzülüm olar. Mənəvi tənəzzülü əvvəli var sonu yoxdur.”

“Mən insanların işinə qarışmağı sevmirəm amma sənin kimi gözəl qadının tək yaşaması.... necə deyim həyat çox qısadı. Günləri tutub saxlamaq mümkün deyil. Heç vaxt həyatdan küsmə”

“Səviyyəsiz hekayələr”də bütün hekayələr balaca adamlarla doldur. Seymur yenə də balaca adamları öz çiynində böyük ədəbiyyata gətirib, insan içinə çıxarır, olduğu kimi bizə göstərir. Seymurun balaca adamaları gah optimist, nikbin insanlarla rastlaşıb düşünməyə məcbur olur, gah da hər şeyə tüpürüb intihar edir ya da adam öldürür amma əsasən, Seymurun balaca adamları bədbəxt adamlardır. Elə bil onları tanrı yaradıb, səhvləri və düzləri ilə. Bir sözlə, olduğu kimi. Qüsursuz yaradılışdan söhbət gedə bilməz.

Mənim inandığım daha doğrusu özüm üçün yaratdığım bir reallıq var. Seymur sovet dövrünü yazır, sıxılmadan, usanmadan sovet abu havasını hekayələrinə həvəslə, zəhmətlə bir qram da sünilik və yamsılama olmadan köçürür. 30 ildi Seymurun başında vətənsiz yaşayan balaca sovet adamları, onun hekayəri sayəsində ədəbiyyatda məskən salır.

Seymurun yaratdığı bu balaca adamlar dünyasına səyahət eləmək mənə hər dəfə eyni həzzi yaşadır. Mən həm oxucu həm də yazıçı kimi özümü təpədən dırnağa o adamların dünyasına aid hiss edir, özümü onlarla bir tuturam. Bu balaca adamların çətin vəziyyətlərdə soyuqqanlılığı, taleyüklü məsələlərdə vecsizliyi mənə doğmadı. Mən onların hamısını yaxşı tanıyıram.

Seymurun başındakı balaca adamların ədəbiyyatda belə böyük yer tuta bilməsi mənə ədəbiyyatın sərhədlərinin genişliyini xatırladır, yazıçının o sərhədləri hara qədər fəth edə biləciyini göstərir, yazmağın möcüzə olduğunu sübut edir. Sonda isə Seymurun başında yaşayan həmin balaca adamlar mənə hər hekayənin sonunda bir cümləni pıçıldayır.

Yaxşı yaza bilmək böyük imtinalar hesabına mümkündür.