Təsəvvür edin, günlərin bir günü Şeytan özü sizə zəng edir və… əməkdaşlığa dəvət edir. Əlbəttə, o bunu durub dururkən etmir, səndəki hansısa boşluqların fərqindədir, bəlkə də elə bu boşluqları yaratmaqdan ötrü elə onun özü əvvəlcədən zəmin hazırlayıb.
Bir anlıq düşünürsünüz, qısa yoldan gedib “hə” demək bir səs daha uzun olan “yox”dan daha asan görünür sizə. Ən pisi, bəlkə də ən faciəlisi daxilinizdəki ikinci səsin xainliyidir – bu səs get-gedə artan bir tonla bunları deyir sizə: Xeyirin naminə Şərlə əməkdaşlıq etmək olar! Bu bir qırılma nöqtəsidir. Xeyirin naminə şərlə əməkdaşlıq edəcəyinə inanan insan Şeytanın mübarək qurbanıdır artıq, elə o andaca əlahəzrət Şeytanın gözlərində məşum bir parıltı közərib yox olur, artıq vəzifə yerinə yetirilib, yerdə qalanlar texniki məsələlərdir.
Başlanğıc nöqtədə siz Şərlə Xeyir arasında əlli-əlliyəsiz, hələ ki iradə silahını yerə qoymamısınız və vəziyyəti hər an Xeyirin xeyrinə dəyişə biləcəyinizə inanırsınız. Zatən Şeytan özü sizi bu fikrə gətirib, Şeytanın qucağında tam əsaslarla oturanda belə Xeyirin tərəfində olduğunuz düşüncəsi sizi tərk etmir. Çünki Şeytanın öz həyatında belə bir qayəsi var: Tanrıya bənzəmək. Halbuki Tanrının belə bir qayəsi yoxdur, öz sifətində olmaq onun üçün adi haldır.
Uzatmağa nə verirlər? Dolayısıyla, siz Şeytanın idarəsində işə düzəlmisiniz. İsti kabinet, yüksək maaş. Dünənə qədər qıllı görünən bu varlıq indi gözünüzdə ən mülayim, ən tikansız və ən əndir. Ver desən verəcək kimi görünür. Aradabir görünən quyruğu sizi şübhələndirsə də, artıq özünüzün də balaca bir quyruğunuz olduğuna görə bunu xor görməyi ağlınıza gətirmirsiniz. Zatən siz Xeyirin naminə buradasınız və kiçik təfərrüatlara önəm verməmək lazım olduğunu bilirsiniz.
Girdiyiniz qəlibə uyğun fəlsəfəniz də əlüstü hazırdır: Həqiqət çoxparametrlidir. Ancaq bu çoxparametrliliyin dinamikası Xeyirə yoxsa Şərə tərəfdir, burasıyla heç işiniz yoxdur. Şeytanın, şizin prinsipləriniz hesabına öz meydanını genişləndirməkdə olduğunun fərqində olmamağa başlamısınız. Çünki Sizə görə Xeyirdə bir az Şər, Şərdə də bir az Xeyir var, mütləq Xeyir olmadığı üçün mütləq Şər də yoxdur və mütləq olan tək bir şey varsa, o da əbədi olan Xaosdur, heç zaman tənzimə keçməyəcək olan Böyük Xaos.
Şeytan sizi böyük həqiqətlərə doğru yüksəltməkdədir. Bir müddətdən sonra Xeyirin naminə Şərlə əməkdaşlıq etmək olar! – şüarı sizə köhnəlmiş görünməyə başlayır. Sizə görə Şər özü ən böyük Xeyirdir, çünki Şərə xidmət edərkən insan elə Xeyirə xidmət göstərmiş olur. Nəticədə gəlinən həqiqət sizin şəxsiyyət dəyərlərinizi sıfıra endirir, dünyanın bütün mikroblarına açıq olan bir varlığa çevrilirsiniz və bu sizin xoşbəxt yaşamanıza əsla mane olmur.
Lakin bir şeyi unudursunuz. Siz artıq mikrob yuvasına çevrilmisiniz. Özünüz üçün zərərli olmaya bilərsiniz, ancaq başqaları üçün zərərlisiniz. Hər şeyi həzm edə bilən mədənizlə sadə insanların arasında yaşamaq haqqınız yoxdur, toxunduğunuz hər şey ölüm qədər qorxuncdur. Çünki siz Xeyirin naminə Şərlə əməkdaşlıq edənlərsiniz!
literaz.com