Silim xəcalət tərini dünyanın üzündən - Pərvindən şeirlər

Silim xəcalət tərini dünyanın üzündən  - Pərvindən şeirlər

05 Dekabr 2022 00:50 1401

YeniYaz.az şair Pərvin Əliyevanın şeirlərini təqdim edir.

***

Savaşmaq ön cəbhədir,

Bütün cəbhələrdə savaş - yaşamaq!

Təpələnirsən bəzən, olsan da dağ,
Yarı yıxılmış ev kimi.

Ancaq heç nəyi saxlamır həyat
Öz rəngindən -
Cənnət və cəhənnəmdən başqa.

İlahi!
Mən necə də inanıram...
Bəzən tənhalıqdan da ucalmaq olur.
Bu səbr, bu səbat məni insan edəcək,
Göldə bir atəş səsitək itəcək.

Koviddən xəstələnən şəhər

Haradasa donmuş fikirlər
İsinib qəlb işığına əriyəcək.
Qəfil xəbər gələcək,
Dərc ediləcək bir məqalə:
"Koviddən xəstələnən şəhər".
Hər kəlməsi -
Ağrı,
Acı,
Kədər.

Mən yenə qış nağılına inanacağam,
Sən də yalan satacaqsan sözlərdən.

Dörd tərəfdən səslər gəlir! -
"Evdə qalın,
Əllərinizi yuyun,
Məsafə saxlayın,
Sağlam olun!".

Bu yalana inandınmı?
Qılıncdan iti "həqiqət"
Kəsəcək nəfəsləri,
Öldürəcək kəsləri.
Mən isə misralara ad verəcəyəm,
Hər sözdən bəxtəvər adamlar
Düzəldəcəyəm.

Ordu gücü var sözlərdə,
Döyüşür səngərdə,
Yad deyil, öz dilində.
Beləcə davam edən nağıl
Sözləri ustalıqla aşılayır;
Xəstəlik əleyhinə zərdab kimi
İmmunitet yaradır.
İnanırsan sən də, düşürsən sözlərin sehrinə.

Bir də eşidirsən,
2020-ci ilin sabahında
Pislər, yaxşılar,
Əfilər də ölür beləcə,
Ölürmüş demə.

Bir də, neçə əsrdir, zəncirli kəslər
Yarımyuxulu, qapalı qutu həyatı yaşayır,
Deyəsən, xəbərlər yalan yazır.

Əslində,
Kovid bəhanəsi ilə ölümə tələsən kəslər
Ən dəhşətli xəstəlikdən -
Cahillikdən qurtulur.

Uldumuz həqiqətlə heç barışmayır!

***

Gözlərimin tən yarısında səni gözlədiyim dəqiqdir,
Qəlbimin heyrət içində olmağı zərurət,
Ağrılı olmağı tale,
Sənin qızın kimi doğulmağım qədərdir ana!
Ancaq bu ağrını quru torpaq, su anlayırsa,
Sən anlamırsansa, səni başa düşürəm,
Daha səni qınamıram da.

Bu gerçəyin işığında sabahım qurulur,
Ümidin çiçəyi gah açır, gah solur,
Ürəyimdə yazdır, bayırda qış.
Soyuq adamların məni həyatdan soyutmaq cəhdi alınmır,
Antraktika kütlələri yaratsalar da.

Soyuq cəbhələrdə partlayış səsi eşidəndə
Məndə sənə meyl etmə kütləsi yaranır,
Sakitcə səni səsləyirəm,
Gözlərimin tən yarısında,
Qaşlarımın qarasında ünvanını axtarıram,
Dönüb sən kimi baxıram, o an sən oluram.

Sonra inamla, qətiyyətlə qaranlıqdan işığa gedirəm,
Sən varsansa, meydanların izdihamı məni qorxutmur,
Mütəfəkkir ədası ilə baxıram həyata.
Bu böyük hikmət tilsimi, ümidliyəm, qırılmayacaq,
İnandığım bütün əfsanələr yalan çıxsa da.

Belə tənha dünyada inanmaq istəyirəm,
Səntək şirin ada, bir də nağıllara;
Çünki bilirəm, bir də səntək şirin nağıl olmayacaq!

İndi həzin-həzin şərqi oxuyuram,
Sənin üçün darıxanda məni gözlərinə qapa,
Məni gözlərinə qapa!

Dünyanın acı, qəhvəyi dadını
Dünyanın insanları dost olana,
İnsanlığı qucaqlayana qədər unudum.
Silim xəcalət tərini dünyanın üzündən,
Sən ol yanımda,
Yaşamağa ən böyük səbəbim olsun!

***

Axşam düşdükcə adamı tanış bir hiss -
intəhasızlıq, tənhalıq hissi bürüyər.
Ayaqlarımız yox, yeriyər bu yer üzündə əzablar
Qayıtmaq ümidi ilə;
Qayıtmaq hansısa nağılın əvvəlinə,
Sehirli bir aləmə,
Qoşulub uşaqtək oxumaq, oxumaq, oxumaq.

Elə bilirəm, insanlıq ayrılığı nəğməkar kimi təsvir edir.
Ayrılıq özünü tanımaq üçün mizandır, tərəzidir,
Ayrılıq qayğısız xoşbəxtlik üçün ödək.
Beş günlük, bir aylıq ayrılığa döz!
Döz ki, möhkəm olmağı öyrənəsən,
Bütün əbədi ayrılıqlara dözə biləsən.
Baxma, baxma bir gözlə həyata,
"Gözün qəlbə hökmü çatar", deyənə də inanma!
İndi gecəmiz, o dünyadan gələn oynaq səslər
Nəhəng və qarışıq, titrək və yüngül.
Sonra yüz illərin ölü sakitliyi, qəribliyi,
Bir də uçub-dağılandan sonra
köhnə məskənləri xatırladan dinclik.

Metaforların da terapiyası var,
Bunları metafor xatirinə demirəm,
teşbehləmirəm də.
Ayaqlaşır ayrılıqla dincliyim,
bilirəm.
Keçdiyim təkamül mərhələsidir,
Nə gənclik deyil, nə də incikliyim.
Əsrlərdir, ayrılıq həmişə köhnə-təzə kimi.
Torpaq dinmir, sular susur, yel yellənir,
Vaxt ələnir, gələn gəlir, gedən gedir,
Süründükcə hicran dinir.
Nədir ömrün üç payı? -
Doğum, ölüm, ayrılıq.
Xatırladım dördüncünü;
Ömrün ən naxələf payı - adilik.