Salman Rüşdinın "Şeytan ayələri” kitabından sonra dünyanın növbəti "ən təhlükəli kitabı” adlanan əsəri çap olunub. ABŞ-da "Mühakimə” adıyla çap olunan kitabın müəllifi bilinmir, Şimali Koreyada yaşadığı üçün adı gizli saxlanılır ki, diktatura rejmi tutub yazarı yeməsin.
Oxucuların rəylərinə inansaq, kitab başdan-başa Kim Çe İnin adamlarının Şimali Koreya xalqına yoldurduğu "otlar" haqqındadır. Müəllif həm də diktaturanın qorxusu altında yaşaya-yaşaya insanların necə mükəmməl oyunçulara çevrildiyini də göstərir. Məncə, bizə də tanış mənzərədir; çünki bizə də sovet totalitarizmindən belə hiyləgər oyunçular yadigar qalıb.
Naməlum koreyalı müəllif deyir ki, totalitar rejimlərdə əxlaqını və mənəviyyatını itirmək xalqın və fərdin özünümüdafiə instinktidir.
Uşaq psixologiyası sübut edir ki, mütəmadi olaraq döyülmək uşaqları xaraktersizləşdirir və hər gün döyülərək sırtıqlaşdırılmış bu uşaqlar sonradan özlərini təsdiqləmək, şəxsiyyətlərini bərpa etmək üçün yalnız cinayət yolunu seçirlər, qısa və konkret olanı. Məncə, millətlər də belədir; totalitar basqı, kütləvi alçaldılma millətləri də xaraktersizləşdirir və onlar sonradan milli mənliklərini yalnız inqilablar, bu baş vermədikdə məişət cinayətkarlığı yolu ilə bərpa edə bilirlər; qısa və konkret olanla. Bu mənada inqilablar millətlərin törətdiyi bəşəri cinayət hadisələridir, yazılmamış qanunlara görə isə bu, şərəf və ləyaqətin təsdiqi hesab olunur.
Totalitar mühitlərin hamısımı belədir?
Qadağalar mühiti, qapalı həyat şərtləri insanların gündəlik gerçəkliklərə xərclədikləri enerjini onların xəyallarının, fantaziyalarının zənginləşməsinə yönəldir.
Bəlkə də, buna görə böyük əsərlər, böyük mədəniyyətlər, böyük fikirlər çox vaxt totalitarizmin bətnində, qadağalar mühitinin xəyallar aləmində yetişir.
Dünyanın ilk romanı "Don Kixot" həbsxanada yazıldı, müasir Avropa mədəniyyəti min illik xristian totalitarizminin "Qaranlıq çağı"dan parladı və s.
Sufilərin quyu, zahidlərin mağara, rahiblərin monastır təcrübələrini nəsildən-nəsilə ötürməsi də davamçılarını bütünlüklə gerçəkliklərdən uzaqlaşdırıb xəyallar aləminə həbs etməkdir ki, orada yaradıcı fantaziya üçün heç bir hüdud yoxdur.
Yəhudilərin daha zəki olmasının başlıca səbəbi də ta özlərini tanıyan gündən qadağalarla aşıb-daşan inancları ilə özlərinin milli-dini totalitarizmlərini yaratmalarıdır.
Özünü öz inancı ilə başqa xalqlardan təcrid edən, tənhalaşdıran yəhudinin zənginləşən xəyalları illər keçdikcə yerdə qalan xalqların gerçəkliyinə çevrildi.
Biz sayını xeyli artıra bilcəyimiz bu faktlara totalitarizmin başqa bir formasının uğurları ilə qarşırıq. Könüllü təcridolunma! Könüllü özünücəzalandırma! Fərdin və toplumun daxili ehtiyaclarından doğan totalitarizm mühiti. Hörümçəyin öz toruna məhkumluğu! Və bu məhkumluğun qazanc gözləntisi.
Sodom, Qomora, Babil, Pompey fəlakətləri bizə bu mesajı verir ki, özü öz totalitarzmini yarada bilməyən, ifrat azadlıqlar arxasınca qaçan xalqlar məhv olur.
Jak Derrida, bəlkə də, buna görə "Marksın ruhları” kitabında yazır ki, dünyada heç vaxt liberalizm dövründə olduğu qədər çox sayda varlı və azad kölə olmayıb. Yəni ifrat azadlığa can atan liberalizm özünün rifah içində yaşayan növbəti Sodomlarını, Qomoralarını, Babillərini yaradıb. İnsanları öz azadlıqlarının köləsi halına salıb. Və bu azad köləliyin bir fəlakəti olmalı.
Xalq və fərd üzərində başqalarının yaratdığı totalitarizmin nəticələri də ifrat azadlıqların nəticələri kimi acınacaqlı olur.
Məsələn, rus xalqının içkiyə münasibəti başqa xalqlarınkına bənzəmir. Meşə, qəbilə camaatı olduqları üçün tarix rusları bütün dövrlərdə avtoritar, totalitar sistemlərlə cəzalandırıb, yəni başqaları olmayanda belə özləri-özlərini itaətdə, əsarətdə saxlayıblar.
Ruslar şimalda yaşayan ərəblərdir!
Sadə rusun taleyi heç vaxt öz qərarlarından asılı olmayıb. Ona görə də rusların içməyində bir üsyan, bir aksiya niyyəti var. Ruslar nəyisə dəyişmək üçün içirlər, dəyişə bilməyəndə isə içki üsyankarlığı içki düşkünlüyünə çevrilir. Üsyankarlıqla başlayan aksiya düşkünlüklə başa çatır.
Uzun illər rusların müstəmləkəsi olduğumuz üçün rusların içkiyə olan bu tarixi münasibəti biz də keçib. Müstəmləkə illərində bizim də taleyimizin sahibi başqaları olub, bizdə də içki eynən ruslarda olduğu kimi "adam yerinə qoyulmadığımız" tarixə, sistemə qarşı məxməri bir üsyan, aksiya xarakteri daşıyıb və məişətimizə, gündəlik həyatımıza hopub. Ruslarda olduğu kimi, bizdə də içki üsyankarlıqla başlayıb düşkünlüklə başa çatır.
İlk və uğursuz "Leş Əli" romanımda müstəmləkə azərbaycanlısının üsyankarlığını və düşkünlüyünü içkiyə münasibtədə açmaq üçün qəhrəmanlarımı gecə-gündüz içən yerdə təsvir etmişdim. İçki, həyatlarını dəyişmək üçün vurnuxan bu adamların gizli üsyanını, aksiyasını, eyni zamanda gücsüzlüyünü, düşkünlüyünü rəmzləşdirirdi. Kitabda əsarətin səfaləti, səfalətin əsarətinə çevrilirdi.
Ancaq bir xeyli oxumuş adam irad tutdu ki, bu nədi yazıbsan, bütün xalqı alkaş kimi göstəribsən. Bu adamlar müstəmləkə insanı olduqlarını unutmuş, müstəmləkəçilik siyasətinin, naməlim koryealı müəllifin sözləri ilə desəm, mükəmməl oyunçulara çevirdi, əsarət mühitindən kənarda başqa bir həyat təsəvvürü olmayan totalitarizm elitasının təmsiliçiləri idilər. Onlar təhlil yox, nəzarət edirdilər.
Və fərqində deyildilər ki, romandakı "alkaş xalq” obrazının müəllifi mən deyildim, onların bu xalqa tətbiq etdikləri nəzarət sistemi və bu sistemin əzabları idi.
Bir də var Buddanın özünün özünə nəzarəti, özünün özünə verdiyi əzab, özünün özünə yaratdığı fərdi totalitarizm. Nifrəti və qorxunu yaradıcı sevgiyə çevirən totalitarizm...
Qaynar İnfo